Misir Mərdanova qarşı əməliyyat?!

Təhsil Nazirliyində tələbə köçürmə əməliyyatlarından hər il nə qədər pul yığılır?..

İyunun 6-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Təhsil Nazirliyinin işçisi Orxan Kərimovu həbs etdi. Mətbuatda həbs barədə detallı məlumatlar yayıldı. Rəsmi açıqlamada bildirilirdi ki, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində saxlanan şəxs – Rafiq Hüseynov özünü Təhsil Nazirliyinin əməkdaşı, Bakı Dövlət və Dövlət İqtisad Universitetlərinin müəllimi kimi təqdim edərək, Azərbaycan vətəndaşı S.Yusubovaya onu 2010-2011-ci tədris illəri üzrə Moskva Humanitar Universitetinin maliyyə-kredit fakültəsinə qanuni yolla tələbə kimi qəbul etdirdiyini bildirib. 2011-ci ildən onu Azərbaycan Dövlət İqtisad Universitetinin eyniadlı fakültəsinə köçürəcəyinə vəd verməklə ondan 5 min manat pul alıb. O, S.Yusubovaya Moskva Humanitar Universitetinin 1-ci kurs tələbəsi olması barədə rus dilində saxta arayış və tələbə bileti təqdim edib. Bundan başqa, adı çəkilən şəxsdən təhsil haqqı üçün əlavə olaraq 1300 manat pul da alıb.

Maraqlıdır ki, əməliyyatla bağlı həbs edilənlərin sayı barədə hələlik konkret bilgilər verilmir. Lakin bütün hallarda bu əməliyyat ali təhsil ocaqlarından köçürmələrlə bağlıdır. Bu məsələ artıq ölkənin ən yüksək dairələrində müzakirə edilməkdədir.

Ekspertlərin fikirincə, mövcud qanunvericiliyə əsasən, Təhsil Nazirliyi ali məktəblərdə tələbələrin yerldəşdirilməsinə, onların ali məktəblərə daxil olmasına heç bir müdaxilə edə bilmir. Həmçinin təhsil qanunlarına görə, nazirliyin faktiki olaraq yoxlama aparmaq istisna edilməklə, ali məktəblərə hansısa nəzarət və təsir imkanları yoxdur. Lakin tək bir yol var ki, o da bir ali məktəbdən başqa bir ali məktəbə köçürməylə bağlıdır. Məsələn, kimsə rüşvət hesabına hansısa özəl ali təhsil müəssisəsinə daxil olur. Tələbələrin qeydiyyatı isə nazirlikdə aparılır. Nazirlik daxil olan tələbələrlə bağlı rəsmi məlumatları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından alır. Sonradan isə bu məlumatlar hər il incələnir. Nazirlik bu statistikaya əsasən, ali məktəblərə diplom kvotası da ayırır. Bu kvotaya uyğun olaraq 4 illik bakalavr, 6 illik magistr pilləsi üzrə diplomlar verilir. Əldə etdiyimiz məlumatlara əsasən, hər il bu diplom kvotasında artım müşahidə edilir. Yəni 4 il əvvəl TQDK-nın açıqladığı statistik məlumatlarda göstərilən tələbə sayı üzrə sonda diplom alan tələbələrin sayında ciddi artım müşahidə edilir. Bu isə TQDK-nın xəttiylə ali məktəblərə daxil olmayan tələbələrin sonradan hansısa özəl ali məktəbdən dövlət ali məktəblərinə köçürülməsi zamanı baş verir. Bu işdə qeyri-rəsmi məqam ondan ibarətdir ki, məhz TQDK-nın xəttiylə ali məktəblərə daxil olmayan, sonradan müxtəlif yollarla Rusiyanın və MDB dövlətlərinin ali məktəblərinə daxil olaraq Azərbaycanın ali məktəblərinə köçürmələr baş verir. Köçürmə əməliyyatları isə bir qayda olaraq nazir Misir Mərdanovun  Azərbaycanın dövlət ali məktəb rektorlarına ünvanladığı müraciətlər əsasında həyata keçirilir. M.Mərdanovun adına müraciət edən və qeydiyyatı olmayan ali məktəbdə təhsil alan tələbənin müraciətinin üstünə «Köçürməyə etiraz etmirəm» , «Müstəsna hal kimi nəzərə alın» dərkənarı yazılır. Bu dərkənarla da tələbə dövlət ali məktəbinə köçürülür. Köçürmə prosesi barədə isə ali məktəbdə qərar verilir. Lakin bu iş Təhsil Nazirliyinin xəttiylə həyata keçirilirsə, o zaman ali məktəb rəhbərliyi tədris proqramına uyğun olaraq fərq imtahanlarını təyin edir. Bəzən tələbə qeyri-rəsmi ali məktəbdə 3-cü kursda oxuyursa, dövlət ali məktəbinə köçürüləndən sonra mütləq ödənişli və bir kurs aşağı qəbul edilir. Bütün sənədləşmələr isə sonda TN-də aparılır və tələbə ali məktəbi bitirəndən sonra nazirlikdən rəsmən diplom alır.

Əlbəttə ki, bu barədə məlumat verən mənbəmiz bu işin birbaşa nazir tərəfindən təşkil edildiyini iddia etmir. Məlumata əsasən, köçürmə əməliyyatı ilə bağlı olaraq aparılan bütün işlərin arxasında birbaşa nazir dayanmır və heç də köçürmə ilə bağlı müraciətlərin hamısına görə rüşvət faktoru rol oynamır. Lakin ortada kifayət qədər sadə olan bir riyazi məntiq var ki, 4 il əvvəl TQDK-nın dövlət ali məktəblərinə daxil olan tələbələrin statistikasıyla bağlı 4 ildən sonra diplom alan tələbələr arasında böyük fərq yaranır.

Bu araşdırmanı aparan zaman «bu tədris ilində nə qədər dövlət ali məktəbinin bakalavr pilləsini bitirən tələbəyə diplom veriləcək» sualımıza cavab tapa bilmədik. Nə nazirliyin rəsmi saytında bu barədə məlumat verilir, nə də rəsmi olaraq qurumdan hansısa bilgi əldə etmək mümkündür.

Bununla belə, köçürmə əməliyyatları ilə bağlı danışan və adının çəkilməsini istəməyən rəsmi şəxs deyir ki, daxil olan tələbələrlə diplom alan tələbələrin sayı arasında azalma müşahidə edilə bilər. Artım isə mümkünsüzdür. Yəni tələbə ali məktəbdən qovula, bu və ya digər səbəblərdən təhsilini dayandıra bilər. O cümlədən də dünyasını dəyişən, ölkədən köçən tələbələr ola bilər ki, bu da sonda diplom alacaq tələbələrin sayını azaldar. Lakin əksinə, təkzib edilməyən statistik məlumatlar göstərir ki, diplom alan tələbələrin sayı ildən-ilə artır.

Maraqlıdır ki, ekspertlər Təhsil Nazirliyinin işçisi olaraq sənədlərin saxtalaşdırılmasında Orxan Kərimov kimi ikinci, üçüncü dərəcəli adamların dayanmadığı qənaətindədirlər. Onlar hesab edirlər ki, bu, Təhsil Nazirliyindəki daha yüksək vəzifəli şəxslərə bir siqnaldır. Bu əməliyyatların həyata keçirilməsi bir qədər də inkişaf etdirilsə, nazirlikdə köçürmə əməliyyatlarına nəzarət edən daha yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilməsi baş verə bilər.

Bundan başqa, bir qrup müşahidəçilər də var ki, aparılan əməliyyatların görüntü xarakterli olduğu qənaətindədirlər. Onların fikirincə, son vaxtlar QHT və müstəqil ekspertlər çıxış etdilər ki, təhsil sahəsində korrupsiya ilə heç bir mübarizə aparılmır. Ola bilər ki, buna görə orada kimsə həbs olunmalı idi, kimsə çıxarılmalı idi və bu kombinasiya belə bir insanın üzərində quruldu.

Qeyd edilir ki, Orxan Kərimovun nazirlikdə tutduğu vəzifə 4-cü dərəcəlidir, o, heç vaxt sənədin birinci nüsxəsinə qol çəkmir. Bütün köçürmələr nazirin imzası ilə baş verir. Misir Mərdanov təhsil naziri təyin ediləndən bu yana 10 minlərlə adam ixtisasını dəyişib, ali məktəblərə köçürülüb. Bu isə neçə yüz milyon vəsait edir.

Maraqlıdır ki, bu epizodla bağlı olaraq Təhsil Nazirliyindən gələn reaksiya özünü çox gözlətməyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə hesab edir ki, bu işin istintaqı başa çatmamış kimisə ittiham etmək olmaz. Əlbəttə ki, ekspertlərin və müşahidəçilərin açıqlamaları bu gün Azərbaycan təhsili ilə maraqlanan şəxslərə heç də qaranlıq deyil. Hər halda bunu sadə vətəndaşlar da dərk edirlər.

Mövzuya qayıdacağıq.

E.Kərimzadə

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button