Möhtəşəm yüz il

Razi Abasbəyli

 Aradan illər keçəcək, amma Azərbaycan hələ də ən kiçik insan haqlarının tapdandığı bir ölkə olacaqdı… Yüz il keçəndən sonra yenə saray hökmdarlarının xalqa zülm etdiyindən hər kəs şikayətlənəcəkdi.

Amma Azərbaycan türkləri daha dövlət ola bildiklərini, hər şeyə rəğmən, dünyaya bir dövlət qura bildiklərini sübut etdilər.

100 illik tarix boyu biz iki dəfə dövlət qurduq. Əsrin əvvəllərində qurulan dövlət, heç bir zaman inzibati vahidliyini itirmədi. İşğal edildi, parçalandı, peşkəş olundu, amma xəritədən silinmədi. Azərbaycan Respublikası yenidən əsrin sonunda müstəqil bir dövlət olaraq dünyanın siyasi xəritəsinə gayıtdı.

Amma hər zaman olduğu kimi Azərbaycanın bir prezident problemi oldu. Demokrat olanı idarə edə bilmədi, idarə edən biləni isə demokrat olmadı. Azərbaycanlıların «padişah» məsələsində bəxtləri heç gətirmədi. Amma nə qədər ədalətsiz, nə qədər korrupsiyalaşmış iqtidar oldusa da, üçrəngli bayrağın qarşısında diz çökdü, baş əydi. Əyildi.

Azərbaycanın yeraltı, yerüstü sərvətləri son yüz ildə durmadan talan edildi. Və indi də talan edilirsə də, yenə də Azərbaycan Respublikası mövcuddur.

Bu 100 ildə Azərbaycanın Orta Asiya kimi feodalizmə qayıtmasına imkan verməyənlər ayaqda oldular. Sovetlərin qılıncının dalı da, qabağı da kəsəndə dissidentlərimiz oldular.

Müstəqillikdən cəmi 2 il sonra demokratiya istəməyən iqtidara qarşı vuruşanlar oldular. Bu gün də onlara təşəkkürlər düşür.

Bu möhtəşəm yüz ilin ən parlaq adamları Azərbaycanı istila edib də, demokratiyaya həsrət qoymaq istəyənlərlə mübarizə aparanlardır. İndi onların bir qismi həbsdədir. Azadlıqda qalıb mübarizə aparanlar da var.

Neçə illərdir ki, bəlkə də yüz ilin başlanğıcından bu günə qədər «Azərbaycan inqilaba hamilədir» deyirlər. Amma doğuş olmur. Azərbaycanın ana müxalifəti elə hər dəfəsində ölü doğur. Doğulmur.

Hə, bu möhtəşəm yüz il də hamilə anaların qarnını yarıb uşaqları süngüyə keçirib tonqalda yandırırlar. Amma usanmadan, yorulmadan fəryadlar, qisas acıları ərşə dirəkdir.

Yüz ildir ki, Azərbaycan sözün bütün mənalarında bir dövlət qurmaq üçün savaşır. Millətlər var ki, onlar min illərdir dövlət ola bilmirlər. Amma Azərbaycan türkləri bu möhtəşəm yüz ilin ən gözəl günlərini yaşayırlar.

Müsavat Partiyasının da yaranmasından yüz il keçir. Manna dövlətindən, Midiyadan, Atropatenadan 20-ci yüzilliyə qədər Azərbaycan adlı bir dövlət olmadı tarixdə. Amma müsavatçıların əsrin əvvəlində başladıqları savaş, dövlət qurmaq mücadiləsi əsrin sonunda qələbəylə sonuclandı.

İndi böyük Sovet İmperiyasının sonuna çıxa bilmədiyi müsavatçılıq, müsavatçılar indiki iqtidarla demokratiya mücadiləsi aparır. Sovetləri məğlub edən, 70 il ruhuyla azərbaycanlıları savaşa hazırlayan müsavatçılıq bunu da edəcək. Bu hakimiyyəti də yıxacaq.

Arif Hacılı məhkəmədə «Ölsəm, ruhum sizinlə vuruşacaq» deyirdi. Əlbət ki, müsavatçılığın ruhu savaşar. Ölməz bir sevgi, tükənməz bir cəsarət bu millətin geninə hopmuş.

Demokratiya bir hadisə deyil, bir prosesdir. Bu prosesin yüksəldiyi zamanlar da, azaldığı zamanlar da olacaq. Enişi, yoxuşu olacaq. Amma mütləq sonunda qalibiyyət var. Demokratiya bir hadisə olsaydı, bir gündə indiki Azərbaycan iqtidarı sözün hər iki mənasında dəyişərdi. Amma bu prosesin təmamilə məhv olmaması üçün ortada olan, zaman-zaman azalan və artan insanlar var.

Amma bu ruh ölmədi. Bu gün Azərbaycan iqtidarı ilə problemlər mövcud olduğu qədər, müxalifətin daxilində də var. Bəzən bunu faciə kimi dəyərləndirənlər də tapılır. Lakin düşünmürəm ki, bu ölkədə hətta liderlərin belə aralarında soyuqluq olsa, aşağılarda bir amal uğrunda həyatını qurban vermiş insanların arasında kardinal fikir ayrılığı olsun. Aşağılar bir gün yuxarıları məcbur edəcək. Amma hələ ki, hamımız yaxşı partiya təəssübkeşiyik. Azərbaycan dövləti söz konusu olanda, hamımız müsavatçılıq edə bilirik. Partiya deyil, dövlətçilik anlamında müsavatçılıq… Bizim yaşadığımız, qazandığımız bu möhtəşəm yüz il bizimdir. Hamımızın!

Bütün Azərbaycan türklərinin!

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button