Moskvada “Pokrovka Məhərrəm”i ev dustağı etdilər

Bir neçə gün əvvəl Moskvda SOBR xüsusi təyinatlıları tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, “Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Və Moskva vilayətinin İstra rayon məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Virtualaz.org xəbər verir ki, “Pokrovka Məhərrəm” hələlik dələduzluqa ittiham olunur, ancaq “Rosbalt”a hüquq-mühafizə orqanlarından verilən məlumatlara görə istintaq dövründə ona çoxlu suallar ünvanlana bilər.

Çünki “Pokrovka Məhərrəm” Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun “AzFruit” şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları “Food City” topdansatış meyvə-tərəvəz bazasını idarə edir.

Əslən Şəmkir rayonundan olan Quliyev “Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur “Pokrovsk” bazarını işlədərkən alıb.

“Rosbalt”ın məlumatına görə, ötən əsrin 90-cı illərində Məhərrəm və kiçik qardaşı Rövşən Moskva metropoliteninin “Tyoplıy stan” stansiyası yaxınlığında meyvə-tərəvəz alverilə məşğul olublar. Bundan sonra onlar Rusiya paytaxtında daha uğurlu yer seçirlər: “Şeremetyevo” aeroportunda məskunlaşırlar. Həmin ərəfədə isə “Ağbaş Çingiz” və “Sabirabadlı Hikmət” kimi nüfuzlu “qanuni oğru”larla əlaqə yarada bilib.

Daha sonra isə “Rövşən Lənkəranski ilə münasibət yaradıb. 2006 və 2007-ci illərdə Hikmət və Çingiz Moskvada qətlə yetiriləndən sonra Məhərrəm Rövşənin patronajlığı altına keçdi. “Rosbalt”ın yazdığına görə, məhz Məhərrəm kriminal generallara Pokrov bazasının yaratmağı təklif edir və onlardan dəstək istəyir. Və o dəstəyi alır. Bundan sonra Pokrov bazasının yerləşəcəyi ərazi İqor İsayev və Əlisahab Hacıyev adlı iş adamlarından icarəyə götürülür.

Qısa zamanda Pokrovka bazası Moskvanın ən böyük meyvə-tərəvəz bazarına çevrilir. Və uzun illər belə davam edir. Amma hər şey məlum olaydan sonra dəyişir. Bazanın yerləşdiyi qərbi Bryulovo rayonunda Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsindən sonra başlayan qalmaqal o qədər böyüyür ki, Pokrovka bazarı bağlanır. Pokrov bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları “Food City”nin əsasını qoyaraq, azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz “Food City”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan “Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, Pokrovsk bazasını işlədən Məhərrəmin və onun şəriki Nuruşun məhz bu bazanı seçməsi idi.

Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın “krışalığını” məhz Rövşən edirdi. Təkcə Pokrov bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. “Food City”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

Məlumatda deyilir ki, “Çetıre sezona”nın qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş “Food City” rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edildilər. “Food City”də, necə-deyərlər, əmin-amanlığı Rövşənin yaxın qohumu Zaur qoruyur. Məhz bu səbəbdən Moskvadakı heç bir kriminal qruplaşma bu bazara girə bilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button