MTN işi Elmar Hüseynovun qətlini yenidən gündəmə gətirdi

eyyub_kerim

Əyyub Kərimov: «Yaranmış şəraitdən hüquq-mühafizə orqanları yararlanmalı və Elmar Hüseynovun qətli açılmalıdır»

Akif Çovdarov ciddi istintaq altına alınmalıdır. O dindirilməlidir

MTN-də baş verənlər, həbslər dalğası 2005-ci il martın 2-də Bakıda yaşadığı binanın girişində öldürülən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini bir daha diqqətə gətirib.

E.Hüseynovun qətlindən sonra qətlin icraçıları və təşkilatçısı haqda mediada dərc olunan  yazılarda qətlin təşkilatçısı kimi bir neçə gün əvvəl işdən çıxarılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun adı hallanıb. A.Çovdarovun bu qətlin təşkilatçısı olduğunu 2010-cu ilin yayında həbsdə olan jurnalist Eynulla Fətullayev gündəmə gətirib. O, media orqanlarına müraciətində qətlin A.Çovdarov tərəfindən təşkil olunduğunu bildirmişdi.

Xatırladaq ki, jurnalistin həbsxanadan media orqanlarına göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub. “Çovdarov uzun müddət qətlin icraçılarını axtarıb. Hələ 2004-cü ilin sonlarında o, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanan ”kriminal avtoritet”ə müraciət edib. Ona pul mükafatı əvəzində Elmar Hüseynovun qətlini təşkil etmək təklif olunub, lakin avtoritet bundan imtina edib. Bundan sonra polkovnik bu qətli həmyerlisi Gürcüstan vətəndaşı Serko Darvişevə tapşırıb. Teymuraz Əliyev və Tahir Xubanovun da daxil olduğu cinayətkar qrup 2 mart 2005-ci ildə jurnalisti qətlə yetirib” deyə, E.Fətullayev məktubunda qeyd edirdi.

Hazırda yaranan situasiya, A.Çovdarovun vəzifəsindən uzaqlaşdırılması E.Hüseynovun qəlinin açılmasına kömək edə bilərmi?

Hüquqşünas Əyyub Kərimovun fikrincə, yaranmış şəraitdən hüquq-mühafizə orqanları yararlanmalıdır. Ə.Kərimovun sözlərinə görə, bunun üçün ölkə rəhbərliyi bu məsələdə siyasi iradə göstərməlidir. E.Hüseynovun qətlinin açılmamış qalmasının Azərbaycana baş ucalığı gətirmədiyini deyən Ə.Kərimov vurğuladı ki, MTN rəhbəri vəzifədən uzaqlaşdırıldıqdan sonra, orada xeyli nöqsanlar üzə çıxırsa, həmin məsələyə hökmən aydınlıq gətirməlidir: “Çünki Elmar Hüseynov qətlə yetirildikdən 10 gün sonra ”qara kəmər” əməliyyatı həyata keçirildi. Hətta “qara kəmər” əməliyyatı həyata keçiriləndə türklər də Elmar Hüseynovun qətli ilə bağlı öz fikirlərini söyləmişdilər. “Qara kəmər” əməliyyatı Elmar Hüseynovun qətli ilə bağlı məsələləri bir qədər arxa plana keçirdi. Amma hazırda ələ fürsət düşüb. Bu fürsətdən həm prokurorluq, həm hakimiyyət istifadə etməlidir. Məlum olmalıdır ki, Elmar Hüseynovun qətlinin sifarişçisi kim olub. İndiki şəraitdən istifadə edilərək həmin qətl açılarsa, bu qətlin arxasında hakimiyyətin durmaması da çözülə bilər”.

Ə.Kərimovun fikrincə, əgər E.Hüseynovun qətli çözülərsə, bu hakimiyyətə divident gətirə bilər. Amma yox bu fürsətdən istifadə olunmazsa, bu qətlin gələcəkdə açılması çətin ki, mümkün olsun. “Düşünürəm ki, bu məsələ ilə bağlı Akif Çovdarov ciddi istintaq altına alınmalıdır. O dindirilməlidir. Bütün araşdırmaların nəticəsi barədə də ictimaiyyətə məlumat verilməlidir”, deyə Ə.Kərimov vurğuladı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button