“MTN kimi strateji qurum OBXSS-xanaya, narkobazara çevrilmişdi” – Şərhlər

mtn

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən götürülməsi ilə bağlı reaksiyalar davam edir. Zamanında MTN və Antiterror idarəsi haqqında silsilə yazıların və araşdırmaların müəllifi Fərəməz Novruzoğlu facebook səhifəsində maraqlı şərh paylaşıb. Onun şərhini dərc edirik: “Nə qədər təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, Azərbaycanın müstəqillik əldə etməsində az da olsa payım var. Müstəqillik günüylə əlaqədar mənə ən böyük hədiyyəni cənab prezident verdi – Eldar Mahmudov adlı bisavad və qeyri-peşəkar birisini tutduğu mühüm görəvdən uzaqlaşdırmaqla…
Eldar Mahmudov MTN kimi strateji qurumu əvvəlcə OBXSSxanaya, daha sonra da narkobazara çevirmişdi – DİN-dən uzaqlaşdırılan nə qədər yararsız kadrlar vardısa, hamısını bu mühüm dövlət orqanına yığmışdı. Məsələn, Hilal Əsədov, Akif Çovdarov kimi yararsız adamlar MTN-də yüksək vəzifələrə gətirilməklə dövlətin bel sütunu olan orqanın beli sındırılmışdı. Elə bu səbəbdən idi ki, Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlik əsas funksiyasını bir tərəfə buraxıb, narkomanları “ovlamaqla” məşğuluydu (bu işin arxasında pul və “polis çekistlər”in maddi marağı dururdu). Halbuki MTN kimi mühüm dövlət orqanının əsas fəaliyyət yönü 3-5 qram narkotikin dalıyca qaçmaq yox (bu işi polis “uçastkovıy”ları da görə bilər), dövlət və millətin milli təhlükəsizliyi məsələsidir. Elə götürək manatın devalvasiyası zamanı ölkədən qaçırılan milyardlarla dollar məsələsini. Görəsən, Eldar Mahmudov və ekipi bu işlər çevirilən zaman hara baxırdı? Məncə, onun vəzifədən uzaqlaşdırılmasının arxasında məhz bu məsələ durur. Səbəb hər nədirsə, belə bir bisavad və qeyri-peşəkarın mühüm postdan uzaqlaşdırılması təqdirəlayiq və alqışlanası hadisədir.
Mən bir vətəndaş olaraq prezidentin bütün müsbət addımlarını təqdirlə qarşılayıram. Eldar Mahmudovun MTN kimi mühüm dövlət orqanından uzaqlaşdırılması heçə sayılacaq bir hadisə deyil və alqışlanmalıdır.”

Tanınmış ekspertlərdən Ərəstun Oruclu da maraqlı status yazıb: “Hal-hazırda xəbər portallarında ən önəmli yer tutan Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasıdır. Xəbər yayılan andan müxtəlif media və saytlarda bununla bağlı ən fantastik versiyalar hallandırılır, ən ağlasığmaz fantaziyalar öz əksini tapır. Təbii ki, xəbərin gözlənilməzliyinin də burada öz təsiri var. Amma bu tip məlumatların Eldar Mahmudovun hələ MTN-də qalan komandası tərəfindən dövriyyəyə buraxılması da istisna deyil. Səbəb də bəllidir – indi hər kəs bu illər ərzində törətdiyi əməllərini xatırlayıb, özünü, müqəddəratını düşünür və ona görə də həmin müddətdə cəmiyyətdə yaradılmış “MTN xofunu” maksimum yaşatmaq kimi bir “saman çöpündən” yapışır. Burada bir haşiyəyə də çıxım ki, Eldar Mahmudovun vəzifədən çıxarılması bizim üçün sürpriz olmadı, bizim mərkəzdə bu barədə məlumatlar və ehtimallar hələ 2 ay əvvəl vardı və bir xeyli jurnalist, redaktor dostlarımızla da bunu bölüşmüşdük.
Amma hətta ən fantastik versiyalar belə reallaşsa və birdən Eldar Mahmudov Azərbaycan Respublikasının növbəti Baş naziri olsa (bu versiyanı biz tam olaraq istisna edirik), o, istənilən halda əvvəlki səlahiyyətlərə və imkanlara malik olmayacaq. Amma təəssüflə bunu da qeyd etməliyəm ki, nazir olduğu müddətdə E.Mahmudov və onun əsasən polis orqanlarından gətirilmiş komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu. Dünyanın aparıcı ölkələrində antiterror, mütəşəkkil cinayətkarlığın müxtəlif formaları ilə mübarizə sahəsində qabaqcıl təcrübələrə yiyələnmiş yüzlərlə peşəkar MTN əməkdaşı təhlükəsizlik orqanlarından kənarlaşdrıldı, onların yerini isə polis orqanlarından gətirilmiş, tapşırıqla, xahişlə və digər vasitələrlə işə qəbul olunmuş yeni əməkdaşlar ordusu tutdu. Belə praktika milli təhlükəsizlik orqanlarının peşəkarlıq və mənəvi səviyyəsinin sürətlə aşağı düşməsinə gətirib çıxardı ki, bu da ölkənin mühüm dayaqlarından olan bir qurum üçün yolverilməz hal idi. Amma bunlar baş verdi və ümid edək ki, indi keçmiş nazirin 11 illik fəaliyyətinin acınacaqlı nəticələrinin aradan qaldırılması üçün zəruri addımlar atılacaq və bu addımların da ən təxirəsalınmazı MTN-nin ona yad olan zümrələrdən təmizlənməsi olacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button