MTN- nin son 10 ildə həyata keçirdiyi qanunsuz həbslər…

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

Təhlükəsizlik təşkilatının uydurğu təhlükəli nağıllar…

Və ya “Səid Dadaşbəyli dəstəsi”nin başına gətirilən sərgüzəştlər

(2- ci yazı)

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) son 10 ildə həyata keçirdiyi həbslər içində masştabına, amansızlığına və yaratdığı ajiotaja görə “Səid Dadaşbəyli dəstəsi”nin üzləşdiyi repressiyalar, qanunsuzluqlar xüsusi qeyd olunmalıdır.

13-18 yanvar 2007-ci il tarixlərində “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs edilib. Bir müddət sonra həbs edilənlərin bəziləri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə azadlığa buraxılıb. MTN-nin öncədən planlaşdıraraq həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən 1974-83-cü illərdə doğulan Səid Dadaşbəyli, Mikayıl İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbaliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274-ci maddəsi (dövlətə xəyanət), 28.2-ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1-ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228-ci maddəsi (qanunsuz odlu silah saxlama), 204-ci maddəsi (saxta pul və qiymətli kağızlar hazırlama və ya satma), 234-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) və s. maddələrlə ittiham olunublar.

Həbslərin ilkin mərhələsindən etibarən ciddi qanun pozuntularına yol verilib. İttiham olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə qərarları olmadan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları güc tətbiq edərək mənzillərə daxil olublar. Qanunsuz müsadirələr həyata keçirilib, qızıl, zinyət əşyaları, pul, kompüter, noutbuk, hətta bəzilərinin evlərindən maşın aparılıb və sonra geri qaytarılmayıb. Həbs edilənlərin valideynləri və qohumlarının etirazlarına baxmayaraq, MTN əməkdaşları nümayişkaranə şəkildə həbsi əsaslandırmaq üçün silah və lazım olan digər “maddi sübut”ları mənzillərə qoyublar. Baş verən hərəkətlər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Bununla yanaşı, həbsin ilk günlərində saxlanılanlara vəkilləri ilə əlaqə yaratmaq imkanı verilməyib.

İstintaqın ilk yeddi ayı ərzində ittiham olunanlardan heç biri məhkəmə önünə çıxarılmayıb. Onların istintaq dövründə həbs edilmələri barədə məhkəmə qərarları qəbul edilməyib və həbslər qanuni şəkildə rəsmiləşdirilməyib. İttiham olunan şəxslər həbsdən 8 ay sonra, 17 sentyabr 2007-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər – 13 yanvar 2007-ci il tarixindən 11 dekabr 2007-ci il tarixinədək Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında tək adamlıq kameralarda saxlanılıblar. Onlar mütəmadi olaraq döyülüb, yatmaqdan, yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda həbs edilənlərə psixotrop maddələr verilib. Həbs edilənləri istintaqa lazım olan etiraf izahatları verməyəcəkləri təqdirdə azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə hədələyiblər.

Hakim Ənvər Seyidovun Eldar Mahmudova “şanlı” məktubu…

Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı. 8 ay MTN-də işgəncələr altında saxlandıqdan sonra məhkəmə prosesi 2 ay bağlı qapılar arxasında keçirilib. Hakim Ənvər Seyidovun sədrlik etdiyi məhkəmə heyəti 13 gəncin hər birinə ağır cəza verib, onları 12-14 il arası müddətə azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi 2 saat ərzində şahidsiz, sübutsuz, bağlı qapı arxasında birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Ənvər Seyidov birtərəfli, qərəzli və ədalət prinsiplərini kobudcasına pozaraq, araşdırma aparmamış ittihamı təsdiq edib. Hətta məhkəmədən sonra keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adına hüquqi çərçivəyə sığışmayan təbrik məktubu göndərir və xahiş edir ki, dəstə üzvlərinin həbsi ilə bağlı ugurlu əməliyyat həyata keçirən və bu işin istintaqını aparan MTN-nin və xüsusən qurumun Anti Terror Mərkəzinin əməkdaşları mükafatlandırılsınlar. İş materiallarına əlavə edilmiş bu məktub həmin işin sifarişli və saxta olduğunun açıq sübutudur.

  

Biri- birini tanımayanların “mütəşəkkil” dəstəsi

Dinə etiqad edən, içki içməyən, siqaret çəkməyən şəxslər narkotiklə ittiham edilib. Əlinə bir dəfə də olsun gerçək silah almayan şəxslər qanunsuz hərbi birləşmələr yaradıb dövlət çevrilişi cəhdində ittiham olunub. Fakt kimi onların Daxili İşlər Nazirliyinin nəzdində olan tirə güllə atmağa getmələri əsas götürülüb (!?). İttiham aktında qeyd olunur ki, onlar dünyada yayılmış bir-birinə zidd olan “Hizbullah”, “Hizbutəhrir”, “Həmas” təşkilatlarının ideyalarını, İslama dəxli olmayan “masonluğu” təbliğ edirmiş. Maraqlıdır, bir-birinə zidd olan təriqətlərin ideyalarını bir yerdə necə təbliğ etmək olar? İş materiallarına, təqsirləndirilən şəxslərin özlərinin, şahidlərin və valideynlərin bildirdiyinə görə Said Dadaşbəyli başda olmaqla “dəstə”nin bəzi üzvlərinin İran yönümlü islamçılara qarşı fikri müsbət olmayıb.

Səid Dadaşbəylinin atası gənclərlə bağlı ittihamları “MTN-in uydurduğu nağıl” adlandırır: “Bunlar hamısı Eldar Mahmudovun əli ilə olub. Allahın işidir, biz ibadət əhliyik, namaz qılırıq, dua edirik, Allah da bizi eşitdi. Bu qədər adamın bir yerdə ifşa olunması ağıla gələn şey deyildi (Eldar Mahmudov və digərləri nəzərdə tutulur – red.). Həbs olunan gənclərin bəziləri bir-birini tanımır. Bir-birini tanımayan insanlar necə mütəşəkkil dəstə yaradıb dövlət çevrilişi edə bilərdi?”

Doğrudan da MTN-in həbs etdiyi gənclərin çoxu bir-birini tanımırdı. Məsələn, dəstənin rəhbəri kimi təqdim edilən Səid Dadaşbəyli Rəşad və Faiq İsmayılov qardaşlarını, Mübariz Süleymanovu tanımırdı. Ümumiyyətlə, bu işdə elə gənclərin adına rast gəlinir ki, təəccüblənməyə bilmirsən. Məsələn, tanınmış iş adamı İsgəndər Xəlilovun bacısı oğlu Samir Aslanov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin 3 işçisi və digərləri… Adları qeyd olunan sonuncular da S.Dadaşbəylini tanımırdılar.

“Səid Dadaşbəyli və digərlərinin işi” üzrə ittiham aktında və məhkəmə hökmündə çoxlu sayda qanunsuzluqlar və əssassız ittihamlar yer alıb. Çünki MTN tərəfindən xüsusi maraq və sifariş əsasında həyata keçirilən bu səs-küylü həbsin özü qanunsuz olub.

MTN-də ölüm hadisəsi…

2007-ci ilin mart ayında vəhşicəsinə edilən işgəncə zamanı Emin Məmmədov adlı məhbus dünyasını dəyişib. Emin Məmmədovun ölümünün səbəbləri barədə tibbi arayış var. Bir neçə ay ərzində Emin Məmmədovun ölümü valideynlərindən və ictimaiyyətdən gizlədilib. Onun ailəsi hüquq müdafiəçilərinə Emin Məmmədovun ölümü ilə bağlı müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi ilə bağlı məsələ qaldıracaqları təqdirdə yeni repressiyalara məruz qalacaqları ilə hədələnib. Vəkilin məhbus E.Məmmədovun saxlandığı yer barədə verdiyi sorğusuna cavab verən MTN-dən bildiriblər ki, bu adam haqqında heç bir məlumata malik deyillər və guya E.Məmmədov MTN-də heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə məruz qalaraq həyatını itirən E.Məmmədov məhkəmə prosesləri zamanı xatırlanmayıb. E.Məmmədov məhkəmə və ictimaiyyət üçün izsiz olaraq yoxa çıxıb.

“Səid Dadaşbəyli dəstəsi” ilə bağlı məhkəmə prosesləri qapalı keçirilib və həbs edilənlərin ailə üzvləri proseslərə buraxılmayıb. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 200-cü maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı bir qeyd yoxdur və CPM-in 200-cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin qapalı keçirilməsi əsaslandırılmayıb. Bu cinayət işi üzrə məhkəmə proseslərinin qapalı keçirilməsi qanuna zidd idi. Məhkəmə prosesi zamanı ittiham edilənlər, onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər. Eyni zamanda həbs müddətində işgəncələrə və digər qanuna zidd hərəkətlərə məruz qaldıqlarını bəyan ediblər. Məhkəmə prosesi zamanı məlum olub ki, terror təşkilatı yaratmaqda günahlandırılanların əksəriyyəti həbsə qədər bir-birilərini tanımayıblar. Eyni zamanda irəli sürülən ittihamların heç birini məhkəmə zamanı sübuta yetirmək mümkün olmayıb. Məhkəmə prosesi ittiham tərəfinin istəyinə uyğun şəkildə yekunlaşıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “Səid Dadaşbəyli dəstəsi”nin üzvlərini siyasi məhbus kimi tanıyıblar. Onların işi ilə bağlı şikayət Avropa İnsan Haqları Məhkəməsində icraata götürülüb.

Övladlarının qanunsuz həbs edilərək uzun müddətə azadlıqdan məhrum edilməsinə etiraz edən və bu haqsızlığa dözməyən bəzi valideynlər müxtəlif xəstəliklər tapdılar. Bəzi valideynlər, məsələn, Səid Dadaşbəylinin anası Qətibə Dadaşbəyli dünyasını dəyişdi.

“Səid Dadaşbəyli dəstəsi”nin üzvlərinin həbsini həyata keçirən keçmiş MTN-nin rəhbərliyi, sabiq nazir Eldar Mahmudov başda olmaqla qurumun məsul şəxsləri ifşa olunub qismən cəzalandırılsalar da, onların qanunsuz əməllərindən zərər çəkənlər, eyni zamanda haqqında danışılan gənclər layiq olduqları haqqı ala bilməyiblər. Əksinə, azadlıqlarını itirərək hazırda məhbus həyatı yaşayırlar. Bir çox yerli və beynəlxalq təşkilatlar onların işinə yenidən baxlmasını və ədalətli qərar çıxarılmasını tələb edirlər…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button