MTN və Eldar Mahmudov şoku…

MTN generallarına qarşı əməliyyat? Eldar Mahmudov niyə çıxarılıb? - Ölkədə nə baş verir? - MANŞET

Şayiələr respublikanı və medianı başına götürüb – lakin rəsmi qurumlar susur; ölkənin milli təhlükəsizliyi etibar olunan generalın taleyi haqda heç bir açıqlama yoxdur…

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ölkədə şok effekti yaradıb. Eyni zamanda, həmişə bu cür situasiyada olduğu kimi, xəbər pintiliyinə də səbəb olub. Çoxsaylı versiyalar, şayiə və mülahizələr ölkə mediasını başına götürüb. 
Eldar Mahmudovun baş nazir olacağı söyləntilərindən tutmuş, onun artıq saxlanılması məlumatınacan, bir-biri ilə diametral ziddiyyət təşkil edən məlumatlar ortalıqda uçuşur. Və həmişə olduğu kimi, bu dəfə də rəsmi qurumlardan heç bir izahat, bilgi və açıqlama almaq mümkün deyil.
Gəlin iki xəbər mənbəyinin yaydığı aşağıdakı iki məlumata göz ataq və oradakı iddiaları təhlil etməyə çalışaq.
Strateq.az saytının bu gün paylaşdığı məlumatın başlığına görə, Antiterror Mərkəzinin məşhur rəis müavini İlqar Əliyev və general Teymur Quliyev xüsusi əməliyyatla saxlanılıblar.
Daha sonra: “Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə start verilib.
Strateq.az-ın əldə etdiyi məlumata görə, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.
İlkin informasiyalara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.
Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir…”
Dünənsə virtualaz.org saytı manşetdən belə bir xəbər yayıb:
“Prezidentin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudov  yoxa çıxıb. Onun harada olması barədə heç bir məlumat yoxdur.
Məlumatlı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, nazir vəzifədən azad ediləndən sonra MTN-in bir neçə əməkdaşı həbs olunub. Onlar telefon danışıqlarını izləməklə məşğul imiş.
Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmiş.
Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, keçmiş nazirin özü də qulluq səlahiyyətlərini aşdığı üçün hazırda saxlanılıb”.
Bütün bunlar ölkənin önəmli media quruluşlarında yayılır, tirajlanır, lakin dövlətin müvafiq qurumları susur, izahatlar vermir. Belə məqamlarda da ortalıq –  xəbər məkanı daha da çirklənir. 
Musavat.com bu xəbərlərin aydınlaşdırılması üçün dünəndən hər hansı bir rəsmi açıqlama, izahat üçün ciddi cəhdlər göstərib. Lakin heç nə əldə etmək mümkün olmayıb. Həftə sonu olması da xəbərləşmə imkanlarını minimuma endirir – lakin əsas olan budur ki, əlimiz çatan dövlət rəsmilərinin heç biri nə baş verdiyini və prosesin haraya aparıldığını bilmirlər! Bir ölkənin milli təhlükəsizliyinə cavabdeh olan nazir qəfildən işdən çıxarılıb, lakin ortalıqda heç bir izahat yoxdur. Ölkə insanını, mediasını umursamamağın (vecinə almamağın) bundan da bariz nümunəsi ola bilərmi? İndi jurnalistlər nə etsinlər? Oxucularına xəbər xidmətini necə keyfiyyətli şəkildə göstərə bilsinlər?
İstənilən halda, yalnız bir məsələ aydındır – nazir postundan çıxarılmaqla, Eldar Mahmudov mükafatlandırılmayıb və onun daha yüksək posta – baş nazir təyinatı gözlənilmir. Onu cəzalandırıblar. E.Mahmudovla bağlı bir neçə aydır ortalıqda gəzən şayiələr –  cəzalandırılacaq iddiası doğrulub. Həmin iddiada motiv bu idi – nazirin qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev, bir qrup məmurla  əlbir olaraq, ölkənin bank və maliyyə sektorunu çökdürəcək cinayətə yol veriblər, bankları, sözün həqiqi mənasında xortumlayıblar! Bir neçə bankın içini boşaldan dəstənin Azərbaycan dövlətinə vurduğu zərbə 8 milyard dollar rəqəmi ilə ölçülür. Hər halda, belə bir iddia ortaya atılıb və hələ də təkzibini tapmayıb. İşi məhz bu cür məsələləri önləmək olan Milli Təhlükəsizlik Nazirliyi və nazir isə bu məsələ ilə bağlı heç bir fəaliyyət göstərməyib; prezidenti xəbərdar etməyib, prosesin qarşısını almayıb. Tam tərsinə, yenə də təsdiq olunmayan (həm də təkzib olunmayan) iddialara gərə, bu prosesdə bu və ya başqa şəkildə iştirak edib! Bu da sözün bitdiyi yerdir!
İndi burada başqa bir gerçək də var. “Bank xortumlanması işi”nə görə xeyli adam həbs olunsa da, cinayət dəstəsinin rəhbəri Cahangir Hacıyev hələ də azadlıqdadır. Çoxları iddia edirdi ki, buna səbəb onun MTN şefi ilə qohumluğudur. Artıq onun bütün qoruyucu qalxanları söküldü. Cahangir Hacıyevə də həbsxananın yolu göründü –  güman ki, ən qısa zamanda onu qandallayacaqlar.
Eldar Mahmudova gəlincə… İki ay öncə belə bir cəzanın ola biləcəyini bizə anons edən ölkənin tanınmış politoloqlarından biri demişdi ki, çox şey bilən adamları yalnız vəzifəsindən çıxarmırlar, onları, bu bilgilərin çıxmaması üçün daha “təhlükəsiz məkanlara” ezamiyyə edirlər…
Yəni, Azərbaycanda ən məlumatlı şəxs hesab olunan Eldar Mahmudov ya gerçəkdən də daha yüksək posta təyin olunmalıdır; bu halda yenə də komandanın üzvüdür və “gəmini” batırmaz; ya da onu saxlayacaqlar…
Hazırda isə onun həbs olunması xəbərləri həqiqətə uyğun kimi görünmür.
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button