Mübariz Mənsimov Azərbaycan oliqarxlarını hədələdi

”Unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm”

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ANS-ə müsahibəsində bir çox tənqidi fikirlər səsləndirib. O, qeyd edib ki, indi dünyanın hər bir yerində qlobal kriz var və bu, “Palmali”-dən də yan keçməyib: “Lakin bu, o demək deyil ki, biz iflasa uğramışıq! Palmali bu gün də dünyada ən böyük dənizçi şirkətlərindən biridir. Sadəcə olaraq biz fəaliyyətimizin istiqamətini dəyişərək, kənarda olan digər fəaliyyət növlərimizə və yan şirkətlərimizə yox, əsas işimiz olan gəmiçiliyə önəm verməyə başlamışıq”.

M. Mənsimov deyib ki, bir sıra insanların içində qısqanclıq var: “Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanları sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətə zidd hərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır.
Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdi… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyin də bir həddi var. Mənim 4 uşağım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz!
Belə qara piardan axı Azərbaycan nə udacaq? Yazırlar ki, mən iflasa uğramışam – axı Azərbaycanın dünyamiqyaslı, adlı-sanlı iş adamları olan Mübariz, İskəndər, Telman, Ağalarov və s. iflasa uğrasa, Azərbaycan bundan nə qazanacaq? Bunu yazanlar və ya sifariş edənlər bir dəfə olsa belə güzgü qarşısında durub özlərinə sual versinlər: “Mən Azərbaycan üçün nə etmişəm? Mənim Vətənim Azərbaycan üçün onlar nə ediblər? Təəssüf ki, belələri yalnız dağıda bilirlər…”

“Yazdırırlar ki, Palmali İŞİD-lə əməkdaşlıq edir. Bu, nə cəfəngiyyatdı? Nə İŞİD, nə Kürd, nə də ki, digər siyasi qüvvələrlə mənim əlaqəm olmayıb və olmayacaq. Mənim balalarım var və sözsüz ki, mən də bütün normal insanlar kimi terrorizmə nifrət edirəm. Adam necə də cahil ola bilər. Axı bugünkü şəffaf dünyada ən ciddi biznes sferası olan neft daşıyan gəmilər beynəlxalq nəzarət altındadır. Onlara tövsiyəm budur – internetdə Ship History şəbəkələrini tapsınlar və dəqiqəsinə qədər görsünlər ki, bizim gəmilər hansı dənizlərdə üzür və kimin neftini daşıyır. Axı “Swiss Bank”, “Deutsche Bank”, “European Bank for Reconstruction and Development”, “BNP Paribas Bank” və digər beynəlxalq maliyyə institutları “Palmali” ilə necə əməkdaşlıq edir, bizə bugünə qədər necə kreditlər verillər. Bu savadsız insanlara mənim sadəcə yazıqım gəlir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button