Müfəttiş WikiLeaks

Sabutay

Dostoyevski yazırdı “biz hamımız Qoqolun şinelindən çıxmışıq”.

Amma bu gün dünyanın sirlərini və əslində qapalı olmuş jurnalistikanı şineldən çıxaran müfəttiş WikiLeaks dünyanı titrətməkdədir.
Qoqolu və WikiLeaksı qarşılaşdırmağım heç də təsadüfi deyil. Qoqolun “Müfəttiş” əsərinin məzmunu, daha doğtusu, əsərin sonunda oxunan məktub mənə WikiLeaks saytını xatırladır…

Əsərdə qüsurlarını bilən və örtməyə çalışan kiçik şəhərin bürokratik elitasının komedik durumu təsvir edilir. Öz cinayətlərini ört-basdır edən bürokratik qrup müfəttişə yarınmaqla, ona rüşvətin müxtəlif qılıqlarında hədiyyələr təqdim etməklə cinayətlərini gizlətmək istəyir. Yetər ki, onlara kimsə mane olmasın, insanları qoyun kimi idarə etsinlər, var-dövlətlərini artırsınlar. Onlar bunu bacardıqlarını düşünürkən sadəcə təsadüfi bir adamı müfəttiş saydıqları üzə çıxır. Ən sonda isə yalançı müfəttişin yazdığı məktub oxunur. Bu məktub isə məhz bu bürokratik elitanı ifşa edir. Hər kəsin, belə demək mümkünsə zibili üzə çıxır. Bax elə belə…

….
Səudiyyə Ərəbistanının kralı ABŞ nümayəndələri ilə söhbətlərində İranın nüvə proqramını dayandırmaq üçün ABŞ-ı bu ölkəyə hüçum etməyə təhrik edib.

«Gürcüstanın Romadakı səfiri bizə deyib ki, Gürcüstan hökuməti inanır ki, Putin Berluskoniyə «Qazprom»la «ENI»nin idarə etdiyi istənilən kəmərdən gəlir faizi söz verib. Onun əsas arzusu Putinə bənzəməkdir. O, tez-tez Putin tərəfindən ötürülmüş fikirləri səsləndirib. Gürcüstan böhranı vaxtı Berluskoni təkid edirdi ki, Gürcüstan işğalçıdır”.

2009-cu il martın 6-da isə səfir Dersin (DERSE) imzası ilə MƏXFİ qrifi altında göndərilən məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilir (Azərbaycan sizin üçün yalnız İranı öyrənmə məntəqəsidir?).

Hillari Klinton bu ölkədəki Amerika səfirliyinə göstəriş verib ki, öyrənsinlər-görsünlər, Argentina prezidenti Kristina Fernandezin ağlı başındadır, yoxsa yox? Klinton diplomatlardan xahiş edib ki, prezidentin həkimə gedib-getməməsini araşdırsınlar.
Və sair….

Əsərdə məktubla ifşa olunanlar böyük vəzifə sahibləridir, WikiLeaks saytıyla ifşa olunan, bank hesabları daşan dövlət məmurları…

“Müfəttiş”də də açıqlanan məktubda elita üzvlərinin bir-birini kütbeyin adlandırdıqları, satqınlığa hazır olduqları, sarsaqlıqları və bütün mənfiliklərə rəvac verdikləri üzə çıxır.

Qoqol bu əsəri ilə Rusiyanın çürüdüyünü göstərirdi. WikiLeaks isə açıqladığı sənədlərlə dünyanın siyasi idarəedilməsinin çürüdüyünü göstərir. Əsərdə oxunan məktubu hər kəs öz adına çatdıqda dayandırmaq istəyir, bu mənə saytın qarşısının alınmasını xatırladır. Əyriliyi görüb güzgünü sındırmaq istəyi…

Qoqol, “”Müfəttiş”i pis və ədalətsiz hər şeyi göstərmək və bir anda hamısına gülmək üçün yazdım” deyir.

Puşkin isə bu əsəri oxuyarkən “aman Allahım” demişdi. Biz isə ən azı WikiLeaks saytını oxuduqca sarsılırıq və… deyəsən, hələ çox “aman Allahım” deyəcəyik. Çünki ən azı Azərbaycanla bağlı hissələr komediyanın, bilmirəm, yəqin ki, daha yeni bir cərəyanıdır.

Yəqin ki, yeni-yeni məlumatların üzə çıxması davam edəcək. Amma çox maraqlıdır. Uzun illər qərb dairələri Azərbaycanda demokraya istəyini lazımınca dəyərləndirməyiblər. Daim iqtisadi yüksəliş və sairədən dəm vurublar. Gizli məktubları isə başqa şey deyir. Bu kursu nəyə əsaslanıb aparırdılar? Eskuderonun hərəkətlərindən tutmuş hər şeyə qədər ABŞ-n tutduğu səssizlik nəyə əsaslanırdı? Uzun illər aparılan repressiyalara ABŞ-ı sadəcə seyrçi saxlayan nə idi? Axı, onların diplomatlarının gizli məktublarından da görünür ki, az qala Murad Köhnəqalanın hansı kafeyə borclu qaldıqlarını da yaxşı bilirlər. Zira, 2005-də 40-50 minlik mitinqçilərə dəstək verməyib bunu kiçik qüvvə sayırlar, amma 200 nəfərlik Saakaşviliyə hər cür yardım edirlər. Doğrudan da, biz gürcülər qədər də demokratik cəmiyyətə hazır deyilik? Nədən Azərbaycanın demokratik cəmiyyət istəyinə bu cür biganədirlər? İstəmirlər? Nədən kor-kor, gör-gör, Ermənistanı işğalçı kimi tanımırlar? Axı, Qafqazın demokratikliyinin məhv edilməsində bu münaqişələrin böyüməsi böyük rol oynadı. Qafqazlarda boğulan demokratiya Asiyada da demokratik addımları zəiflətdi. Qarabağ münaqişəsi qaldıqca, hələ Gürcüstan demokratiyası da təhlükədə olacaq. Kim bilir Azərbaycan müxalifətinin planları hansı səfirlik tərəfindən, nəyin müqabilində satılır? Və ya narazı elektorat bir tərəfdən də Qərb təmsilçilərinin əliylə necə sakitləşdirilir? Oliqarxların gizli bank hesabları əldə edilməklə, ara-sıra müxalif qüvvələri kiçik silsiləli mitinqlərə həvəsləndirməklə sonda istənilən bir paymı alınır? Zira, xalqın marginallaşmasında və durğunluğunda bu şouların rolu olmadımı?

WikiLeaks saytı bəlkə bunları da açıqlayacaq.

ABŞ diplomatlarının gizli məktubları mənə yalançı müfəttişin məktublarını xatırladır. O, hər şeyi bilmiş, lakin özü bir avara Xlestakovdur. Hər şeyi bitdə-bitdə bilən, amma bunları dəyişmək missiyası olmayan Xlestakov obrazıdır.

Müfəttiş əsərinin sonluğunda əsil müfəttişin gəldiyi xəbəri yayılır. Əsərdə bu yeni müfəttişin adı çəkilmir. Budur, bəlkə də yeni müfəttişin adı WikiLeaksdır, hansı ölkənin domenində olmasından asılı olmayaraq, o, bütün dünya üçün gəlib.

İ.S. WikiLeaksın yaradıcısı Assancı həmişə “mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz” sualları maraqlandırır. Onun bu prinsipi dünya mediasında yeni bir mərhələnin başlanğıcını qoyur. Bu, daha açıq cəmiyyət yarada, dövlət, şirkət, korporasiya sirləri deyilən bir bataqlığı yox edə bilər. Məhz bu bataqlıq dünyanın çürük idarəedilməsinə gətirib çıxarıb…

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button