Mühacirlər “Xural”ın müdafiəsinə qalxdı

“Xural” qəzetinin əmlakının müsadirə edilməsi və çapına qadağa qoyulması siyasi mühacirlərin də narazılığına səbəb olub. Mərkəzi ofisi Hollandiyada yerləşən Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov qəzetə edilən basqılarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı olaraq “Xural” qəzetinə məxsus əmlakın heç bir hüquqi əsası olmadan müsadirə edilməsini qətiyyətlə pisləyirik və Azərbaycan hökumətindən bu qərarın tezliklə ləğv etməsini tələb edirik. Azərbaycan hakimiyyəti tərəfindən verilmiş siyasi qərarla Azərbaycanda obyektiv, tərəfsiz, hakimiyyətin təsirindən kənar “Xural” qəzetinin fəaliyyətinə qarşı qeyri-qanuni, plüralizm və söz azadlığına qarşı bu növbəti hücumu Azərbaycanın Milli maraqlarına zidd addım kimi qiymətləndiririk.
Hakimiyyətin əsas məqsədi Azərbaycanda alternativ informasiyanın müstəqil mənbələrindən olan “Xural” qəzetinin nəşrinə maneələr yaratmaqla Azərbaycan cəmiyyətini alternativ informasiyadan məhrum etməkdir. Vətəndaş cəmiyyətinin qurulmasında azad mətbuatın, söz azadlığının, plüralizmin önəmini birmənalı qarşılamayan Azərbaycan iqtidarı beynəlxalq təşkilatların irad və tənqidlərinə məhəl qoymadan hakimiyyətin bütün strukturlarından istifadə edərək azad, müstəqil mətbuatı susdurmağa yönəlik addımlar atmaqda davam edir. Müasir dünyada azad mətbuat, azad söz – azad cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Nüfuzlu dünya təşkilatlarına üzv olarkən üzərinə mətbuat azadlığını təmin edəcəyi ilə bağlı öhdəlik götürmüş Azərbaycan hakimiyyətinin bu öhdəliklərə sayğısızlıq nümayiş etdirərək ölkəni üzləşdirəcəyi aqibəti nəzərə almadan demokratiyaya zidd atdığı addımlar Azərbaycanın beynəlxalq imicinə kifayət qədər mənfi göstərir. Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı olaraq, Azərbaycan iqtidarından bu yanlış və qanunsuz qərarı dərhal ləğv etməyi və “Xural” qəzetinin fəaliyyətinə normal şərait yaratmasını tələb edirik”.

XuralTAC

24/10/2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button