Murad Ədilova 6 il həbs cəzası verildi

Daha bir AXCP fəalı sifarişlə həbsə göndərildi; Əli Kərimli bunu “İkiqat vicdansızlıq” adlandırdı

«Mən bəşəriyyəti zülm və ədalətsizlikdən xilas edən bir məfkurə ordusunun əsgəriyəm.  Mən də, qardaşım Natiq də Xalq Cəbhəsinin əsgərləriyik…»

AXCP fəalı haqq-ədalət uğrunda mübarizədən geri çəkilməyəcəyini bəyan etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şərlənərək həbs olunan daha bir fəalı Murad Ədilovun məhkəməsi yekunlaşıb. Dünən  Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən,  Murad Ədilov 6 il azadlıqdan məhrum edilib. Amma hökm elan olunmamışdan əvvəl məhkəmə iclasında bir sıra məsələlər baş verib.
Hakim Elşad Əliyev əvvəlcə Baş Narkotiklə Mübarizə Idarəsinə göndərilmiş sorğulara verilən cavabları elan edib. Məsələn, guya, Murad Ədilovdan tapıldığı iddia edilən narkotikin mənbəyilə bağlı sorğuya cavabda bildirilib ki,  15 fevral 2015-ci ildə narkotikin mənbəyilə bağlı cinayət işinin icraatı dayandırılıb.

Bundan başqa, Murad Ədilovun vəkilləri onun həbsinin ilk günlərində müdafiəçi kimi bir sıra sənədlərə imza atmış Səxavət Məmmədlinin dindirilməsini istəyirdilər. Çünki dövlət tərəfindən ayrılmış bu vəkil əslində müdafiəçi qismində iştirak etməyib, əksinə, polislərin mənafeyinə uyğun addımlar atıb, sənədlər imzalayıb. O,  11 avqust 2014-cü ildə Murad Ədilovun üzərinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə əməliyyat tədbirində iştirak etmədiyi halda, bu haqda protokola imza atıb. Murad Ədilovun müdafiəçiləri də onun iştirak etmədiyi əməliyyat tədbirinin protokoluna hansı səbəbdən imza atmasını dəqiqləşdirmək üçün məhkmədə dindirilməsinə dair vəsatət vermişdilər.

Lakin Səxavət Məmmədli bu dəfə də məhkəməyə gəlməyib. Onun, eləcə də Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin məhkəməyə göndərdiyi məktubda bildirilir ki, vəkilin dindirilməsi qanunla qadağandır.

Vəkil bildirib ki,  hal şahidinin narkoman kimi qeydiyyatda olması faktı onun polislə qeyri-rəsmi əməkdaşlıq etməsinin və ondan asılı olmasının təsdiqidir.
Bundan sonra iş materiallarındakı sənədlərin tədqiqi mərhələsi başlanıb, hakim onları elan edib.

Ardınca da iş üzrə məhkəmə istintaqının yekunlaşdığı bilrilib və çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında ittihamın məhkəmədə də sübuta yetirildiyini elan edərək, Murad Ədilovun 7 il azadlıqdam məhrum edilməsini istəyib.

Dövlət ittihamçısının çıxışında yalnız polis ifadələrinə istinad etməsi müdafiə tərəfinin narazılığına səbəb olub. Vəkil Yalçın Imanov bildirib ki, bu iş üzrə məhkəməyə qədər də çoxsaylı qanun pozuntularına yol verilib. Vəkil ibtidai istintaq zamanı yol verilən həmin qanunsuzluqların nədən ibarət olduğunu da açıqlayıb, o haqda ətraflı məlumat verib. Murad Ədilova qarşı irəli sürülmüş ittihamın məhkəmədə təsdiqini tapmadığını, onun əməlində cinayət tərkibi olmadığını deyən Yalçın Imanov müvəkkilinə bəraət verilməsini istəyib.
Vəkil onu da qeyd edib ki, Murad Ədilov işgəncəyə, qeyri-insani rəftara məruz qalıb, məhkəmə ona münasibətdə bu hüquq pozuntusunu tanımalı, onun cibinə və evinə narkotik vasitəni atmış, həmçinin Sabirabad Rayon Polis Şöbəsində onu bir saat müddətində dayanmadan döymüş, həyat yoldaşı və anası – Tahirə Ədilova və Təravət Ədilovaya hədə-qorxu və təhdid altında izahat, ərizə yazdırmış polis əməkdaşları barəsində xüsusi qərar çıxarılmasını xahiş edib.

Bundan sonra Murad Ədilov özü məhkəmədə son sözünü deyib. Ilk növbədə o, özünün və ailəsinin heç zaman narkotiklə əlaqəsi olmadığını vurğulayıb. Başına gətirilənlərin isə həm özünün siyasi fəaliyyəti, həm də qardaşı Natiq Ədilovun “Azadlıq” qəzetində və “Azərbaycan Saatı” proqramındakı tənqidi çıxışları ilə bağlı olduğunu bildirib. Buna baxmayaraq, Murad Ədilov özünün və ailəsinin haqq-ədalət uğrunda mübarizədən geri çəkilməyəcəyini dilə gətirib.

Murad Ədilov eyni zamanda, hakimləri ədalətli qərar çıxarmağa çağırıb: “Mənim üç övladım var, böyük övladım bu il birinci sinfə gedəcək. Mən atamı vaxtsız itirmişəm. Istəmirəm ki, övladlarım ata nəvazişindən kənar qalsın. Türk yazarı Rəşad Nuri Güntəkinin “Damğa” əsərində belə bir epizod var:  “Mən bəşəriyyəti zülm və ədalətsizlikdən xilas edən bir məfkurə ordusunun əsgəriyəm.  Mən də, qardaşım Natiq də Xalq Cəbhəsinin əsgərləriyik. Xahiş edirəm, mənə damğa vurmayasınız, barəmdə ədalətli qərar qəbul edəsiniz. Unutmayın, axirətdə birinci hakimlər sorğu-suala cəlb olunur. Çalışın, yaddaşlarda ədalət və humanizmi üstün tutan bir hakim kimi qalasınız”.
Murad Ədilovun son sözündən sonra müşavirəyə gedən hakimlər isə qayıdıb gözlənilən ədalətsiz hokum elan ediblər

***

Murad Ədilov haqqında çıxrılan sifarişli məhkəmə qərarına AXCP sədri Əli Kərimli də münasibət bildirib:

“Vicdanlı adamları böhtanla şərləyib həbs etmək, etdirmək hər zaman vicdansızlıqdır. Amma o hallarda ki, günahsız, vicdanlı adam yalnız kiminsə qohumu olduğu üçün şərlənib həbs etdirilir, onda ikiqat vicdansızlıq baş verir. 3 azyaşlı uşağın atası olan Murad Әdilov ona görə narkotiklə şərlənib həbs edilmişdi ki, qardaşı AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovu susdursunlar. Natiq bəy susmadı, mübarizəsindən imtina etmədi, bu kəmfürsətlər də qardaşı Murad bəyi 6 il müddətinə azadlıqdan məhrum etdilər. Hər bir normal insanın vicdanını sızladacaq bir haqsızlıqdır. Xüsusilə Murad bəyin uşaqlarına edilən haqsızlıq heç bir ölçüyə sığmır.
Amma bir məsəldə dedyidiyi kimi, elə pis hadisə yoxdur ki, onun yaxşı tərəfi olmasın. Әdilovlar ailəsinin yaşadığı bu dəhşətli məhrumiyyətlərin də içində bir müsbət məqam var. Repressiyaya məruz qalmış bu qardaşların hər biri digər qardaşla fəxr edir. Murad bəy fəxr edir ki, Natiq bəy kimi vətəninə, millətinə, əqidəsinə sadiq, mübariz, qabiliyyətli, istedadlı, dönməz qardaşı var. Bu boyda hakimiyyət onunla bacara bilmir. Natiq bəy də fəxr edir ki, qardaşı Murad qarşılaşdığı məhrumiyyətlərə əsl kişi kimi sinə gərir. Nəinki sınmır, heç sızıldamır da. Həyatın sınaqlarını mərdliklə dəf edir. Sadə, lakin mərd azərbaycanlının necə olduğunu əyani nümayiş etdirir. Biz isə bu qardaşların hər ikisi ilə fəxr edirik! Allah Murad bəyin və digər təqsirsiz tutulmuşların qapısını açsın”.
Azadlıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button