Müsavat AKM-dən sərt bəyanat

Almaniyada rəsmi qeydiyyatdan keçmiş Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) rəyi alınması üçün Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, referendum aktında göstərilən təkliflər Azərbaycan Respublikasının insan haqları və azadlıqlarına dair imzaladığı beynəlxalq normalara ziddir:

“Konstitusiya Məhkəməsinə göndərilən referendum aktında, qeyd olunduğu kimi təkcə dəyişiklik yox, həm də bir sıra əlavələr nəzərdə tutulur. Bunlardan biri də prezidentin səlahiyyətinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Həm bu, həm də təklif olunan digər əlavə və dəyişikliklərin əksəriyyəti Azərbaycan vətəndaşlarınln insan haqları və azadlıqları ilə bağlı təməl hüquqlarını məhdudlaşdırır. Nəzərdə tutulan bu dəyişiklər Azərbaycanın Avropa, eləcə də dünya birliyi qarşısında götürdüyü beynəxalq hüquq öhdəliklərinə ziddir. Bununla yanaşı, bu əlavələr Azərbaycan Konstitusiyasının müvafiq maddələri ilə də qadağan edilir (155-ci maddə). Azərbaycan prezidentli respublika üsuluna malikdir. Lakin prezidentin səlahiyyətlərinin bu dərəcədə artırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentlik üçün yaş məhdudiyyətinin ləğv edilməsi və digər təkliflər monarxiya sisteminə yol açır. Bu dəyişikliklərin qəbul edilməsi prezident İlham Əliyevə hakimiyyəti ailə üzvləri arasında bölüşdürməsi, gələcəkdə prezidentliyi istədiyi şəxsə ötürməsi üçün hüquqi zəmin yaratmış olur”.

Müsavat AKM təklif edilən əlavə və dəyişikliklər layihəsinin Konstitusiya Məhkəməsi tərəfindən müsbət rəy verilərək referenduma çıxarılmasını qanuna zidd sayır:

“Təklif edilən layihə 1918-ci ildə qəbul olunmuş Azərbaycanın Müstəqillliyi Haqqında İstiqlal Bəyannaməsinin cümhuriyyətçilik dəyərlərinə, Azərbaycan Respublikasının “Konstitusiya Aktı”nın təməl prinsiplərinə, eləcə də Azərbaycanın qəbul etdiyi beynəlxalq öhdəliklərə ziddir. Bütün sadalananları nəzərə alaraq, Konstitusiya Məhkəməsindən təklif olunan bu referendum aktı layihəsinə müsbət rəy verməməyi tələb edirik”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button