Müsavat Partiyası Əvəz Zeynallının həbsinə etiraz edib

13.03.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin noyabrında sabiq deputat və hazırda dələduzluqda ittiham olunaraq 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib və barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. Baş redaktor həbs olunandan sonra “Xural” qəzetinin dərc olunmasına qeyri rəsmi qadağa qoyulub. Rəsmi dövlət mətbəəsi olan “Azərbaycan” nəşriyyatı və bir sıra özəl şirkətlər “Xural” qəzetinin nəşr etməkdən imtina edib.

Ə. Zeynallının həbsindən sonra “Xural” qəzetinin əməkdaşları, yüksək vəzifəli şəxslər tərəfindən nümayişkaranə şəkildə təhdid edilib. “Xural” qəzetinin redaktoru Anar Mahmudoğlunun mobil telefonuna zəng edən şəxs onu ailəsi ilə təhdid edib.

Həbsdən sonra Ə.Zeynallı barəsində bir-birinin ardınca Cinayət Məcəlləsinin 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə cinayət işləri açılıb. 16 ay həbsdə saxlanılandan sonra – martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi baş redaktor barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Qərara əsasən Ə.Zeynallıya həbsdən azad edildikdən sonra 1 il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib, baş redaktorun vurduğu zərərə görə xəzinəyə 4076 manat köçürməli olduğu bildirilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, “Azərbaycan”  nəşriyyatının direktoru Ağabəy Əsgərov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və digər yüksək rütbəli məmurlar müxtəlif məhkəmələrdə baş redaktora qarşı iddialar qaldırıb.

Bütün bunları nəzərə alaraq baş redaktor həbs olunandan bəri məhkəmə prosesini diqqətlə izləyən Müsavat Partiyası hesab edir ki, Ə.Zeynallı ali icra hakimiyyətinin birbaşa sifarişi əsasında həbs olunub. Müsavat Partiyası baş redaktor barəsində çıxarılan qərarın Azərbaycan adına ləkə olduğu bəyan edir. Əvəz Zeynallı barəsində çıxarılan qərar müstəqil medianın susdurulması, tənqidi jurnalistikanın sıradan çıxarılmasına xidmət edir.

Müsavat Partiyası bəyan edir ki, Ə.Zeynallının işi  üzrə məhkəmə istintaqı ədalətlə aparılmayıb. Bu səbəbdən də baş redaktor barəsində çıxarılan məhkəmə qərarı ləğv edilməli, baş redaktor isə azadlığa buraxılmalıdır.

Leyla İLQAR

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button