Müsavat partiyası 2017-cı ili avtoritarizmə qarşı mübarizə ili elan etdi-PROQRAM

Hakimiyyətin uğursuz daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövləti bir tərəfdən beynəlxalq aləmdən, mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirilib, digər tərəfdən isə dərin iqtisadi böhranla üzləşib. Ölkədə vətəndaş qarşıdurması artıb, təbəqələşmə dərinləşib. Bu cür siyasətin məntiqi nəticəsi olaraq Əliyev rejimi həm beynəlxalq birliyin, həm də ölkə ictimaiyyətinin etimadını itirib. İki ildir ki, davam edən və getdikcə daha da dərinləşən iqtisadi böhran hakimiyyətin ölkəni bu ağır vəziyyətdən çıxarmaq gücündə olmadığını aşkara çıxarıb. Hadisələrin inkişafı göstərir ki, Azərbaycanda vəziyyətin dəyişməsi həm ölkənin, cəmiyyətin maraqları, həm də yetişən ictimai-siyasi şərtlər baxımından zəruridir. Müsavat Partiyası gözlənilən dəyişikliklərin dövlətimizin və cəmiyyətimizin mənafeyinə uyğun olması üçün bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayır və 2017-cı ili avtoritarizmə qarşı mühüm mübarizə ili elan edir.

MÜSAVAT PARTİYASININ 2017-Cİ İL ÜÇÜN FƏALİYYƏT PLANI

1. Siyasi strategiyanın hazırlanması

Partiyanın yaxın dövrə aid “2018: Cümhuriyyətin 100 illiyinə demokratik Azərbaycanın bərqərar olunması, III Respublikaya doğru” siyasi strategiyasının hazırlanması;
Dərinləşən siyasi-iqtisadi böhran dövrünün əhatəli təhlili;
Gözlənilən siyasi dəyişikliklərin mümkün inkişaf istiqamətlərinin təhlili, yeni şəraitdə demokratiya uğrunda mübarizə vizyonunun dəqiqləşdirilməsi;
Dinc mübarizənin sistemləşdirilməsi istiqamətində elektoral resursun səfərbər edilməsi məqsədilə yerli strukturların möhkəmləndirilməsi;
Demokratik təşkilatların vahid hədəf uğrunda konsolidasiyasına nail olmaq üçün səylərin davam etdirilməsi;
Regionda və dünyada gedən proseslərin Azərbaycanın maraqlarına faydalı və zərərli nəticələrinin analizi və müxtəlif güc mərkəzlərinin hədəflərinin proqnozlaşdırılması;
24 illik avtoritar idarəetmənin fəsadları kimi suverenlik, dünyəvilik və cümhuriyyətçilik baxımından Azərbaycanı gözləyən siyasi-ideoloji, regional-geopolitik təhlükələrin geniş analizinin aparılması və baş verəcək siyasi dəyişikliklərdə prosesin Azərbaycanın maraqları baxımından müsavatçılıq prinsiplərinin dominantlığında cərayan etməsinin təminatlı əsaslarına nail olmaq.
2. İnsan haqlarının və Siyasi azadlıqların təmin edilməsi sahəsində

Bərabərhüquqlu siyasi rəqabət şəraitinin yaradılması üçün davamlı mübarizənin təşkil edilməsi;
Seçki qanunvericiliyinin demokratikləşdirilməsi məqsədilə müvafiq sənədlərin hazırlanması və bu dəyişikliklərə nail olmaq üçün mübarizənin təşkili;
Sərbəst toplaşmaq azadlığı hüququnun, söz və ifadə azadlığının təmin edilməsi üçün müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi;
Ölkədə demokratik şəraitin yaradılması istiqamətində mübarizənin davam etdirilməsi;

İqtidarın ölkə Konstitusiyasına və qanunlarına zidd fəaliyyəti barədə faktların toplanılması, qiymətləndirilməsi, ictimailəşdirilməsi;
Hakimiyyətin insan hüquq və azadlıqlarına qarşı basqısı, müxalifət nümayəndələrinə, jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi repressiya siyasəti haqda hesabatların hazırlanması;
Siyasi və vicdan məhbuslarının azadlığa çıxması uğrunda mübarizənin gücləndirilməsi;
Ölkəmizdə insan haqlarınının acınaqcaqlı vəziyyətinin aradan qaldırılması uğrunda aparılan ardıcıl mübarizənin daha da gücləndirilməsi və mübarizənin uğur qazanması üçün yeni siyasi üsulların tətbiq edilməsi. İnsan haqları ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi.

3. Hakimiyyətin iqtisadi siyasətinin iflasına dair faktların toplanılması, tədqiq edilməsi, qiymətləndirilməsi
Hakimiyyətin korrupsiya siyasətinin girovuna çevrilmiş ölkə iqtisadiyyatını yaxalayan və hər gün bir az daha çox dərinləşməkdə olan iqtisadi böhranın təsirlərinin azaldılması üçün böhrandan çıxış yollarının araşdırılması;
Zəruri siyasi-iqtisadi islahatlar barədə təkliflərin hazırlanıb cəmiyyətə təqdim edilməsi;
Bu təkliflərin həyata keçirilməsinə höküməti vadar etmək üçün təsirli mexanizmlərin hazırlanıb tətbiq edilməsi;
“2018-ci il üçün Müsavat Hökümətinin iqtisadi inkişaf konsepsiyası” sənədinin hazırlanması;
Müsavat Partiyasının İqtisadiyyata və siyasi fəaliyyətə aid proqramlarının təkmilləşdirilməsi;
Azərbaycanın uğurlu inkişaf modelinin, firavan cəmiyyətin yaradılması məqsədilə yeni proqramların, təkmil idəriçilik, struktural və institutsional islahatlar paketinin hazırlanması.

4. Partiya quruculuğu

Partiyanın siyasi təsir imkanlarının gücləndirilməsi, cəmiyyətin siyasi fəallığının artırılmasına nail olmağın yeni üsulların araşdırılması və tətbiq edilməsi;
Bu məqsədlə tədbirlər planı hazırlamaq və həyata keçirmək;
Yerli strukturların möhkəmləndirməsi, yeni üzvlərin qəbulu, gənclərin və qadınların partiya sıralarına cəlb edilməsi işinin yaxşılaşdırılması;
Partiyanın rayon-şəhər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün tədbirlər planınının hazırlanıb həyata keçirilməsi;
Rayon təşkilatları fəallarının iştirakı ilə Ümumrespublika müşavirələrinin keçirilməsi;
Yerli təşkilatların dinamik fəaliyyətini təmin etmək məqsədilə respublikanın bütün regionlarında zona müşavirələrinin keçirilməsi;
Ölkə həyatının aktual problemləri ilə əlaqədar konfransların, dəyirmi masaların, dinləmələrin və müzakirələrin təşkil edilməsi.
5. Siyasi əlaqələrin genişləndirilməsi

Ölkədə fəaliyyət göstərən müxalifət partiyaları, ictimai təşkilatlar, birliklər, gənclər, ziyalılar və digər qurumlarla yaradılmış səmərəli əməkdaşlıq mühitinin inkişaf etdirilməsi;
İctimaiyyətlə, o cümlədən vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı sosial təbəqələrin və qrupların nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların siyasi proseslərdə iştirakının artırılması yönündə fəaliyyətin gücləndirilməsi.

6. Funksional Əməkdaşlıq və Müttəfiqlik münasibətlərinə dair partiyanın siyasəti ümummilli məsələlərə aid olan başlıca problemlərlə bağlı bütün siyasi qüvvələrlə funksional əməkdaşlığa açıq olmaq

Azərbaycanın demokratik inkişafı, demokratiya və insan haqları məsələlərində siyasəti Müsavat Partiyasının siyasəti ilə əsasən üst-üstə düşən siyasi qüvvələrlə hərtərəfli əməkdaşlığa nail olmaq;
Avtoritarizmdən demokratiyaya keçid siyasətində strateji hədəfləri Müsavat Partiyasının strateji hədəfləriylə tam üst-üstə düşən siyasi qüvvələrlə bərabərhüquqlu müttəfiqlik münasibətlərini inkişaf etdirmək.

7. Media və Sosial şəbəkələr

Yerli və beynəlxalq KİV-lərlə əlaqələrinin genişləndirilməsi, Müsavat ideologiyasının, milli məfkurə və liberal demokratik siyasi xəttin geniş təqdimatı və təbliği;
Avtoritar hakimiyyətin xalqa zidd siyasətinin hərtərəfli və əsaslı təhlilinin geniş kütlələrə çatdırılması və xalqla ünsiyyətin daha geniş şəkildə qurulmasına nail olmaq;
Müsavat Partiyasına informasiya dəstəyi verən saytların gücləndirilməsinə, yeni mətbuat qurumlarının yaradılmasına səy göstərilməsi.

8. Beynəlxalq münasibətlər və xarici əlaqələr

Partiyanın xarici əlaqələrinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin gücləndirilməsi, xarici ölkələrdə, o cümlədən postsovet respublikalarında, eyni zamanda Türkiyədə və Avropa ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi;
Xaricdə yaşayan müsavatçıların təşkilatlanmaları işinin davam etdirilməsi;
Müsavat Partiyasının daxil olduğu ALDE-nin imkanlarından Azərbaycanın milli maraqları, o cümlədən ölkəmizdə demokratik dəyərlərin müdafiəsi və inkişafı üçün istifadə edilməsi, həmin quruma daxil olan siyasi partiyalarla əlaqələrin daha da inkişaf etdirilməsi;
Postsovet məkanı ölkələri xalqlarının Avroatlantik məkana inteqrasiya istiqamətində apardıqları mübarizəyə dəstək verilməsi;
Qafqazın demokratikləşdirilməsi uğrunda “Potsdam prosesi”nin davam etdirilməsi;
Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun olaraq həlli prosesinə dəstək verilməsi, münaqişənin həlli üçün aparılan danışıqların milli maraqlarımıza və beynəlxalq hüquq normalarına zidd istiqamətdə getdiyi halda isə ictimai-siyasi müqavimətin təşkil edilməsi;
Azadlıq və demokratiyaya real beynəlxalq ictimai dəstəyin təmin olunması üçün demokratiyanın inkişafına dəstək verən beynəlxalq qurumlarla əlaqələrin inkişaf etdirilməsi;
Güney Azərbaycanda milli hüquqlar və insan haqları uğrunda mübarizə aparan ictimai fəallara dəstək verilməsi;
Xarici siyasət sahəsində fundamental hüquq və azadlıqların təmin edilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə dünya ictimaiyyətinin diqqətinin artırılması kimi vacib məqamların prioritet olması;
Beynəlxalq təhlükəsizlik sisteminin yeni şərtlərinin və movcud geosiyasi vəziyyətin analizi əsasında partiyanın xarici siyasət programının təkmilləşdirilməsi;
Regionun geosiyasi təhlili, Azərbaycan üçün geostrateji imkan və təhdidlərin analizi və buna uyğun avrointeqrasiya istiqamətli iqtisadi-siyasət konsepsiyasının hazırlanması.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button