Müsavat repressiyaların yeni dalğasını pisləyir

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə iclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə məlumat verilib.

İcra Aparatının rəhbəri Gülağa Aslanlının 26 sentyabra təyin olunan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar yaradılan “Respublika” təşəbbüs qrupunun qeydiyyatdan keçirilməsi üçün imzatoplama kampaniyası, Qazax və Cəlilabad rayonlarında imzatoplayanlara edilən təzyiqlər, digər rayonlarda imza toplanmasına yaradılan maneələr barədə ümumi məlumat verib.

Divan üzvləri kurasiyalarında olan rayon təşkilatlarında imzatoplama işi haqqında bir daha hesabat veriblər.

Divan ümumilikdə imzatoplama kampaniyasının gedişatını yüksək qiymətləndirib. Kampaniyada bu günə qədər yaxından iştirak edənlərə təşəkkür elan olunub.

Müsavat başqanı Arif Hacılı Nardaran işi ilə bağlı iştirak etdiyi məhkəmə prosesi barədə təəssüratlarını Divan üzvləri ilə paylaşıb.

Daha sonra başqanın xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ilə birlikdə Britaniya səfirliyinin siyasi məsələlər üzrə katibi Ceyms Holderlə keçirilən görüş haqqında məlumat verib.

İctimai-siyasi vəziyyətin müzakirəsi zamanı son günlər AXCP üzvü Məsud Rzalının şərlənərək 30 sutka azadlıqdan məhrum edilməsi, “REAL” Vətəndaş Hərəkatının rəhbərlərindən olan Natiq Cəfərlinin həbs olunması, “NİDA”çı gənc Elgiz Qəhrəmanlının saxlanılması Divan tərəfindən siyasi repressiya faktları kimi qiymətləndirərək qətiyyətlə pislənilib.

“Azadlıq” radiosunun Türksat-dan yayımının dayandırılması, söz və mətbuat azadlığı sahəsində onsuz da pis olan vəziyyətin daha da pisləşməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilib. Ölkədə vətəndaş cəmiyyətinə, mətbuata, siyasi institutlara qarşı aparılan bütün repressiyanın durdurulması, siyasi məhbusların azad olunması, referendumla əlaqədar imza toplayan şəxslərə qarşı təzyiqlərə son qoyulması tələb olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button