Müstəmləkə siyasəti

daxili

Siyasəti kənardan izləyən toplum təhlükəsiz yaşaya bilməz!

Ölkədəki real sosial-iqtisadi böhranın toplumun siyasətə münasibətinə necə və nə zaman təsir edəcəyi mütəxəssislər tərəfindən təhlil edilməkdədir. Yaranmış durumdan çıxış yolları ətrafında müzakirələr intensivləşsə də, xalqın siyasi fəallığı istiqamətində geniş təşəbbüslər hələ ki, müşahidə edilmir. Fərdlərin siyasətə münasibəti ilə toplumun inkişafı arasında birbaşa əlaqə olduğunu nəzərə alaraq, bu barədə müzakirələrin faydalı olduğu qənaətindəyik.

Siyasət kimin silahı, kimin zirehidir?

Siyasətə geniş tərif verib onun tarixini və mahiyyətini yenidən izah etməyə yəqin ki, lüzum yoxdur. Sosial şəbəkələrdən və digər internet resurslarından istifadə edən oxucu auditoriyası üçün bu kifayət qədər tanış terminologiyadır.

Tarixə nəzər saldıqda adətən işğalçı dövlətlərin öz müstəmləkələrində yaşayan xalqlara siyasi fəaliyyətin qapılarını bağladıqlarını görərik. Hətta, əksər zamanlarda yerli əlaltıları vasitəsilə bu məhdudiyyətlərə uzun müddətli nail də olublar. Siyasi proseslərdən uzaq tutulan xalqların üzərində hər cür eybəcər ekspermentlər çox asanlıqla həyata keçirilib. Tarixdə buna aid onlarla misal gətirmək mümkündür. Sadə xalqın siyasətə qoşulmasının qarşısı daim müstəmləkəçilər tərəfindən planlı şəkildə alınıb, onlara siyasətin “çirkin peşə” olması aşılanıb, siyasətdən uzaq durmaq alqışlanan davranış olubdur. Müstəmləkəçilər tərəfindən müxtəlif üsullarla toplumu siyasətdən uzaq tutmağa şirnikləndirmək ənənəsi də kifayət qədər sınaqdan keçmiş metoddur. Siyasətə etinasız qalan toplum müstəmləkəçiliyin parlaq qələbəsinin təzahürüdür. Sosioloji tədqiqatlar göstərir ki, təkcə müstəmləkəçilər deyil, avtoritar rejimlər də öz xalqını siyasətdən uzaq tutmaqla idarə etməyə üstünlük verir. Əksər diktatorlar üçün öz xalqının dəyəri mal-mülkün dəyərindən aşağıdır. Onunla necə gəldi davranır. Toplum anlamalıdır ki, siyasət imtiyazlı kəsimin silahı və zirehi olamaqdan daha çox, ləyaqəti alçaldılmış insanların azadlığını, hüquq və təhlükəsizliyini qoruyan silahı və zirehidir.

Siyasətə alət olmaqla, siyasətə resurs olmağı qarışdırmaq olmaz

Ölkəmizin real sosial-siyasi mənzərəsinə nəzər salsaq qarşımıza çıxan durum çox acınacaqlıdır. Tətbiq edilən məqsədyönlü siyasətin nəticəsində vətəndaşların siyasi qurumlara inamının sarsılması, hüquq və azadlıqlarına, firavan və təhlükəsiz yaşamalarına biganəliyi adi həyat normasına çevrilib. Ölkənin şüurlu insanları unutmamalıdır ki, toplumun bu durumundan qazananlar ölkənin yüksəlişinə düşmən kəsilən çevrələr olacaq.

20% torpağı işğalda olan, əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayan, ədalətli məhkəmə və hüquq mühafizə sistemindən məhrum edilmiş, sərvətləri israfçılıqla talan edilən bir toplumun siyasətə qarışmamağı fəlakətdir. Belə bir durumda olan ölkənin vətəndaşları siyasətə qarışmamağı yüksək səslə və bəzən hətta qürrələnərək deməsi acı istehza doğurur. Narkotik istifadəçilərinin uyuşdurucu təsir altında yaşadığı müvəqqəti “xoşbəxtlik” sindromunu təəssüf ki toplumda izləməkdəyik.

Siyasətdən uzaq durmalarına açıq və gizli bəraət qazandıranlar üçün ən böyük bəhanə budur ki, siyasi partiyalara və siyasətçilərə güvənmirlər. Siyasətəçilərə alət olmaqdan, aldanmaqdan özlərini qoruyurlar. Əslində bu tezislərin səmimi müəllifləri özləri də bilmədən irticaya xidmət edirlər. Unutmamalıyıq ki, insan psixologiyasında sübut olunub ki, özlərinə güvəni olmayan insanlar bir qayda olaraq başqalarına güvənə bilmir və ictimai fəallığa tərəddüd edirlər. Aparılan təhlillər onu göstərir ki, bu tezislərin müəllifləri geriçi siyasətin senaristləridir. Bir qism siyasi hazırlıqlı şəxslər bu tezislərin məqsədyönlü yayıcıları olduğu halda, digər qisim də onların səmimi olaraq toruna düşən vətəndaşlarımızdır.

Əlləri qoynunda hökumətin atacağı addımları izləyən, fərdi qaydada öz problemlərini çözmək üçün ora-bura vurnuxan, intihara, cinayətə daha çox meyl edən toplumun hələ də siyasətə biganə qalması geriçi siyasətin “uğuru” sayıla bilər. İqtidar öz siyasi maraqlarının təminatı yolunda insanları bir alət kimi istifadə etməkdən qətiyyən çəkinmir. Əmindir ki, siyasi yetkinliyi olmayan toplum bundan fərqli münasibətə layiq deyil. Siyasətə alət olmaq yox, resurs olmaq üçün insanlar ya müstəqil ictimai-siyasi fəallıq göstərməli, ya da kütləvi şəkildə müxalif siyasi partiyalarda birləşərək mübarizə aparmalıdır.

Dəyişmək üçün inam təşkilatlanmadan keçir

 

Yaranmış aporia vəziyyətində müxalifəti qınayanların da az olmadığını nəzərə alaraq bu məsələyə də səthi fikir ifadə emək istərdik. Müxalifət demokratik toplumun siyasi institutunun bir həlqəsidir. Real stüasiyanın yaranmasında müxalifətin həddindən artıq qınanmasını haqlı hesab etmədiyimizdən bu istiqamətdə sərt tənqidi tezisləri də ədalətli hesab etmirik. Demokratik siyasət müstəvisinin olmadığı və geniş xalq kütlələrinin siyasətdən uzaq durduğu bir ortamda qanunları rəhbər tutan və demokratik mübarizə metodlarını mənimsəmiş müxalif partiyalar topluma bundan artıq töhfə verə bilməz.

İddialı, real gücü, strukturları olan müxalifət indiki durumda ictimai qınaqdan çəkinmədən zəiflədiyini xalqa bəyan etməli, özünün güclü olması ilə bağlı iddialı tezisləri dəyişməlidir. Güclüyük deməklə, güc qazanılmır. Onsuz da narazı xalq müxalifətin real vəziyyətini bildiyi halda, real olmayan bəyanatları anlamağa çətinlik çəkir. Əksinə, xalqa zəifləməklə bağlı səmimi müraciət edilərsə, bu zəifləmənin müxalifətdən daha çox əhaliyə mənfi təsirləri izah olunarsa daha yaxşı effekt əldə etmək olar. Müxalifət hər bir insana səmimi müraciət ünvanlamalı, onlardan fərdi kömək istəməli, siyasətə qoşulması üçün yeni diqqətçəkən addımlar atmalıdır.

Mövcud şəraitə uyğun yeni təbliğati-təşkilari konsepsiya hazırlanmalı, hər bir vətəndaşa rahat və təhlükəsiz çatım imkanları nəzərdən keçirilməlidir. Siyasi fəaliyyətin ən əsas resursu insandır. Odur ki, siyasi fəaliyyətin yeni müstəvisini yaratmaq üçün xalqın yenidən kütləvi təşkilatlandırılması istiqamətində konseptual yanaşma olmalıdır. Biz böyük potensialı olan toplumuq. Ən ağır şərtlər altında təşkilatlanıb, hərəkətə keçmək nümunəsini həm özümüz yaratmışıq, həm də ətraf qonşularımızda onlarla belə müsbət nümunələr var. Xalq hər zaman siyasətin hazır komponentidir, onu hərəkətə gətirəcək ideya, siyasi tezislər və təşkilatçılar olmalıdır. Müstəqil və cəsarətli ziyalılar, sosioloqlar, politoloqlar, siyasətçilər yeni bir ictimai-siyasi “yol xəritəsi” hazırlamalıdırlar. Hal-hazırda yeni innovasiyalardan maksimum yararlanmaqla xalqa sərbəst və keyfiyyətli çatım imkanları xeyli çoxdur. Həm də əlverişli sosial-siyasi şərait yetişib. Toplumu arxasınca aparmağa qadir olan müxalif qurumlar yalnız öz hədəfinə baxmalı, hər sözləri və davranışları ilə üzvlərinə, tərəfdarlarına mübarizə əzmi verməli, dəqiq ünvan göstərməlidirlər. Qənaətimiz bundan ibarətdir ki, sadə əhaliyə yönəlik səmimi və intensiv əlaqələr olduqca müsbət nəticə verə bilər.

Nəsimi Məmmədli

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button