Müstəqil mətbuatın ölüm aktı…

Konstitusiya

Əvəz Zeynallı

Konstitusiyaya mətbuatla bağlı təklif edilən dəyişikliklərin başqa bir adı da budur…

Referenduma çıxarılan maddələrin arasında mətbuat azadlığını ortadan qaldıran və ya ortadan qaldıracaq mahiyyətli maddələr yer alır. Bunlardan biri Konstitusiyanın 32-ci maddəsində yer alan dəyişikliklərdir. 32-ci maddənin II hissəsinin ikinci cümləsində “şəxsi həyata” sözləri “şəxsi və ailə həyatına” sözləri ilə əvəz edildikdən sonra maddəyə aşağıdakı məzmunda cümlə əlavə edilib: “Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.”

Əslində, təklif olunan bu dəyişiklikdə qeyri-adi heç nə yoxdur. Bütün zamanlarda peşəkar jurnalistika zatən bu müddəanı olduğu kimi yerinə yetirib. Bu qanun maddəsinin heç xüsusi qeyd olunmasına ehtiyac da olmayıb. Məsələ bir az əvvəl toxunduğumuz ikinci cümləyə olunan əlavələrdədir. Burada “şəxsi həyata” sözləri “şəxsi və ailə həyatına” sözləri ilə əvəz olunub ki, bu da mütləq irəlidəki günlərdə fəsadlarını göstərəcək. Bir az sonra qeyd edəcəyimiz bir neçə nümunə bu söz oyununun nə demək olduğunu əslində, tam çılpaqlığı ilə ortaya çıxaracaq.
32-ci maddənin III hissəsinə aşağıdakı məzmunda bir cümlə əlavə edilib: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.” Zənnimizcə, Konstitusiya dəyişikliklərinin ən kilid məqamı bu müddəada düyümlənir. Onsuz da Azərbaycanın Heydər Əliyevlə başlayan dövlətçilik tarixində mətbuatın taleyinə zülüm və basqıdan başqa bir şey düşməyib. Hər zaman mərhum Heydər Əliyev “fikir verməyin, qoy nə yazırlar yazsınlar, görürsünüz, heç mən də qəzet oxumuram” deyə-deyə müstəqil Azərbaycanın məmur şəbəkəsini mətbuatdan ayırdı və bu ayrılma çox təəssüflər ki, sonradan qarşılıqlı nifrət və kinə çevrildi. Bu kin və nifrətin ən bariz nümunəsi cənab İlham Əliyevin baş nazir təyin olunanda “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini qəsd edərək, “mən onlara nifrət edirəm” sözləri ilə özünü göstərdi və çox keçmədi ki, prezidentin mətbuata münasibəti kütləvi həbs dalğaları və qoyulan cərimələrlə sürətləndi. O sözlərin nəticəsidir ki, bu gün “Azadlıq” qəzetinin iki qardaş əməkdaşı həbsxanada, “Yeni Müsavat” isə aramsız və aralıqsız qıvırmaqdadır.

Dediyimiz odur ki, əlavə olunması nəzərdə tutulan 32-ci maddənin III hissəsi onsuz da azad olmayan mətbuatın belini tam qırmaqdadır. Bu dəyişikliyin qəbul olunacağı təqdirdə mətbuat təxminən həmişə haqsız duruma düşəcək və həmən-həmən heç bir addım ata bilməyəcək. Mətbuatdan qorxan, ona düşməncəsinə yanaşan, nifrət edən hakim zümrə və məmur təbəqəsi hansısa sahədə izlənməsinə, barəsində video və foto çəkilişləri aparılmasına, səsinin yazılmasına və digər hərəkətlərə razılıqmı verəcək? Heç bir halda nə icazə verməyəcək, nə də razılıq! Bu məmur təbəqəsi buraxın icazəni, haqqında nə düşündüyünü öyrənsə, xəbər tutsa səni o dünyaya göndərər, nəinki onu izləməyə razılıq verər. Özünün razılığını bildirərək onu videoçəkilişlər yolu ilə izləməyə bircə bu ölkənin şou-biznes əhli etiraz etməz ki, o da yalnız çəkilişlər müsbət istiqamətdə öz əksini taparsa…

Yəni anlaşılan odur ki, qanunun 32-ci maddəsinə əlavə olunması nəzərdə tutulan dəyişikliklər olduqca mürtəce, despotik və avtoritar xarakterlidir. Bu dəyişiklik mətbuat azadlığını ortadan qaldırmağın xəbərçisidir və qəbul olunacağı təqdirdə təxminən heç bir məmur və dövlət yetkilisi haqqında yazı yazmaq mümkün olmayacaq. Çünki hər şeyin sığortası əvvəlcədən müəyyənləşdirilib. Yuxarıda qeyd etdiyimiz kimi, II hissənin ikinci cümləsinə “şəxsi həyata” sözlərinin əvəzinə “şəxsi və ailə həyatına” sözləri əlavə edilib. Bu, o deməkdir ki, hər hansı bir məmur istənilən hadisəni daha da genişləndirib, təkcə “şəxsi” məsələ kimi yox, həm də “ailə həyatı” məsələsi kimi qəbul edə bilər. Buna tipik bir nümunə göstərmək lazım gələrsə, illər əvvəl Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının Antaliyada bir rəqqasənin göbəyinə pul taxması səhnəsi göstərilə bilər. Bu dəyişikliklərdən sonra Fəzail Ağamalının qeyd olunan şəklini dərc edə bilərikmi? Artıq yox! Baxmayaraq ki, haqqında danışdığımız şəkli “Yeni Müsavat” qəzeti bir bazar günü dərc edib Fəzail Ağamalının ovqatını təlx etmişdi, ancaq dövr o dövr deyil. İndi Fəzail Ağamalı məsələni “ailə həyatı”nı müdaxilə kimi qiymətləndirib, rahatlıqla mətbu orqanı məhkəməyə verə bilər və verəcək. Artıq evdə xanımının narahatçılığı və ya hansı xəstəlikdən əziyyət çəkməsi belə “ailə həyatı”na müdaxilə hesab olunacaq.

Ya da götürək Faiq Ağayevi. Onun haqqında çəkilən videoklip yəqin ki, diqqətli Oxucunun yadındadır. İndən sonra biz nə edəcəyik? Bu tip bir hadisə təkrarlansa, o zaman Faiq Ağayev hamını topdan məhkəməyə verə və hamını cəzalandıra bilər. Xatırladaq ki, Faiq Ağayev daha amansız və zalımdır. O, hətta öz keçmiş həyat yoldaşı və qayınanasını qaynı ilə birlikdə “Banditizm”in zirzəmisinə qədər apartdırmış və onları polis zoru ilə “üzr istəməyə” məcbur etdirmişdi. İndi təsəvvür edin, Faiq Ağayevin bütöv nazirliklər arxasında olduğu kimi, Konstitusiya da arxasında olacaq və əlimizə düşən kaseti belə yayınlaya bilməyəcəyik. Qanunun maddəsi açıq-aşkar ortadadır…

Misalları Fəzail və Faiqdən çıxarıb başqa nümunələrin üzərində də dayanmaq olar. Məsələn, xalq artisti İlhamə Quliyevanın hər zaman yayınlanan uyğunsuz bir fotosu var. Ya da Röyanın maşallah, gündə bir tərbiyədənkənar videoklipi yayınlanır internetdə. Eləcə də digərlərinin. Biz əmin olun ki, hətta İlhamə xanımın öz şəkli olsa da, Röyanın özü öz evində həmin çarxları əl telefonu ilə çəkdirsə də, bu dəyişikliklərlə onlar bizə meydan oxuyacaqlar – “mənim iradəmin əleyhinədir” deyə.

Sadaladıqlarımız bir şərtlə olmaya bilər, ölkədə müstəqil məhkəmə orqanları və ədalətli mühakimə prinsipləri olarsa. Onlar da bizim ölkədə hələlik olmadığı üçün qəbul olunacaq bu dəyişiklik azad mətbuatı mümkün olduğunca məhdudlaşdıracaq. Bu mürtəce və ədalətsiz dəyişikliklər bununla yekunlaşmır. Bundan daha ağır, daha bərbad və daha fəlakətli bir əlavə də nəzərdə tutulur. Konstitusiyanın 32-ci maddəsinə aşağıdakı məzmunda V hissənin əlavə edilməsi nəzərdə tutulub. Əlavə belədir:

“V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.”

Xoruzun quyruğu burada tam görünüb və həddindən çox özünü büruzə verib. Təsəvvür edin ki, II hissənin ikinci cümləsinə olunan “şəxsi həyata” sözlərinin “şəxsi və ailə həyatına” sözləri ilə əvəzlənməsi ilə III hissəyə əlavə olunan “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” müəddəası, yeni tərtib olunan V hissə üçün önayaqdır. Kəsəsi, biz heç kim haqqında məlumat əldə edə bilməyəcəyik. Bütün məlumatları “qanunla müəyyən edilmiş hallar istisna olunmaqla” əldə etməli olduğumuzdan, deməli, heç bir şey əldə etməyəcəyik. Məmur, oliqarx, iş adamı və s. zümrə də bizə özünü izlətmək icazəsi verməyəcəyindən – qalır bizə təqdim olunan məlumat-material-sənəd üzərində işləmək. Yəni tutaq ki, nə Fəzail Ağamalı, nə də Faiq Ağayevin məlum foto-videolarını biz istehsal etməmişik. Nə icazə alıb onlarla bir yerdə olmamışıq, nə də foto və videoçəkiliş aparmamışıq, sadəcə bu video, foto və ya başqa bir materialı gətirib bizə təqdim ediblər. Bax, bu yeni tərtib olunmuş V müddəa ondan ötəridir. Ki, biz belə olduğu təqdirdə də Fəzaillə və ya Faiqlə əlaqə yaratmalıyıq ki, bəs sizin haqqınızda məlumat, foto, video və ya hansısa bir xəbər daxil olub, münasibət bildirin. Çünki qanun burada da açıqca “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” şərtini gətirib. Heç bir qanunda bu “istisnai hallar” öz əksini tapmayıb. Tapmayacaq da. Tapsa da, əmin olun ki, bu, mətbuatın əleyhinə olacaq. Çünki rejimin xarakteri, qanun dəyişikliyinin istiqaməti totalitardır. Heç bir halda mətbuata azadlıq, müstəqillik tanımır və bu minvalla da Konstitusiyaqoyucu yasaqlamalar gətirir. Hər şey azad mətbuatın əleyhinədir.

Aydın olur ki, V müddəanın gətirilməsindən sonra əlaqə saxladığımız məsələn, Fəzail və ya Faiq materialla tanış olmalı olacaq və!!! təbii ki, həm Fəzail, həm də Faiq “barələrində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələblərini pozmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını” tələb edəcəklər. Biz də onların bu tələblərinə uyğun davranmalıyıq. Qanunqoyucunun ürəyi bununla da soyumayıb, “düzəldilmə” və ya “çıxarılma” sözləri ilə fikrini izah etmək onun nifrətini azaltmayıb, əksinə, “ləğv edilməsini” də mötərizədə artırmaqla niyyətini bildirib. Deməli, misalımıza uyğun olaraq bizə müraciət edən Fəzail və ya Faiq bizdən nəinki məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb edə bilər, tam tərsinə, onlar bu materialların hətta ləğvini, tamamilə ortadan qaldırılmasını da istəyə bilərlər.

Zənnimcə, 50-ci maddəyə əlavə olunan III hissədə elə bir təhlükə yoxdur. Qanuna olunacaq əlavədə deyilir:
“III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.” Biz bu müddəanı bütün peşə fəaliyyətimiz boyu yerinə yetirmişik, bundan sonra da yerinə yetirəcəyik. Qanunda yer alsın-almasın, fərq etməz.

Güman etmək olardı ki, Mətbuat Şurası bu istiqamətdə əlindən gələni edəcək və etiraz bayrağını ilk qaldıranlardan biri olacaq. Ancaq heyhat, gözlənilən olmadı və illərdir MŞ haqqında yazdıqlarımız özünü doğrultdu. Mətbuat Şurası bütün gücünü qəzetlərin hansının “reket” olması üzərində yoğunlaşdırdı ki, bu işin altından qalxmaq Azərbaycan mətbuatı üçün mümkün olmayacaq. Əvvəla, ona görə ki, MŞ-nın siyahısında “reket” kimi təqdim olunan qəzetlərin hamısı daha artıq və daha həvəslə fəaliyyətlərinə davam etdirirlər. İndi bu adla müəssisələrə daxil olmaq onlara daha asandır, çünki hər vəzifəli məmurun qarşısında onların adları çox əvvəldən reklam olunmuş halda və dərc olunmuş formada durur. Bu haqda silsilə yazılarımız olacağından, mövzuya daha ətraflı nüfuz etmədən gözlənilən fəlakət haqqında münasibətimi bildirmək istədim. MŞ bütün gücü ilə mətbuatı gözləyən bu dəyişikliyin əleyhinə çıxmalıdır. Heç olmasa və… əgər gedən bu karvanı dayandırmaq mümkün deyilsə, gələcək üçün presedentlər yaratmaq, məmurların fəaliyyətlərini məlumat vermə həddinə yaxınlaşdırmaq yolunda çalışmalar başlanmalıdır.

İqtidara yaxın ekspertlər guya ki, hər şeyin normal olacağını bildirirlər. Heç nə normal olmayacaq. Sən bu məmurlarla normal çəkdirdiyin şəklini belə versən, bunlar məhkəmədə deyəcəklər ki, “məni məcbur edib.”

Haşiyə:

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi rəhmətlik Aydın Muradovla sözləşməmizdən sonra mənə bir neçə dəfə telefon açıb barışıq təklif etsə də, qəbul etmədim və iş məhkəməyə gedəsi oldu. Mən bütün məhkəmə iclaslarında rahatlıq və əminlik içərisində “Aydın gəlsin bura, dediklərini inkar etsin, hansı qərarı istəyirsiniz verin” deyirdim. Zatən hər şey Aydın Muradovun işlətdiyi bir neçə uyğunsuz ifadənin üstündə başlamışdı və mən əmin idim ki, Aydın Muradov sözlərinin arxasından qaçmaz. …Amma məhkəmə iclaslarının birində Aydın Muradov kişi kimi vəkili vasitəsilə “mən o sözləri söyləməmişəm” dedi və 15 kişinin arasında söylədiyi sözlərin arxasından qaçdı. Məhkəmə də istədiyi qərarı verdi.

Demək istədiyim odur ki, qoca dövlət məmurlarının boynuna bir şey qoymaq, onların başqa-başqa əməlləri haqqında yazmaq, qoşa çəkdirdikləri fotoları yayınlamaq… mümkün olmayacaq. Konstitusiyada olan bu dəyişikliklərlə Azərbaycan mətbuatının olan-qalan müstəqil hissəsi də yavaş-yavaş sıradan çıxarılacaq. Hədəf də qənaətimcə budur.

Odur ki, ağlı-səlim mətbuat və mətbuat nümayəndələri var qüvvələri ilə təklif olunan Konstitusiya dəyişikliklərinin əleyhinə çıxmalı, Konstitusiyaqoyucu ilə mübarizə aparmalıdır. Biz bilmirik, amma hər şey Konstitusiyaqoyucunun iradəsinin arxasında gizlidir…

Bu Konstitusiya dəyişiklikləri Fəzail Ağamalıya, Faiq Ağayevə, İlhamə Quliyevaya, Röyaya və digərlərinə yarayır…

Bu Kostitusiya dəyişiklikləri hər şey etmək istəyən, ancaq eyni zamanda heç bir xüsusiyyəti haqqında yazılmasını istəməyən ictimai-siyasi xadimlərin işinə yarayır…

VƏSSALAM!

“Xural” qəzeti, il: 7, sayı: 007(319), 22-28 fevral 2009-cu il, 5-ci səhifə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button