Müstəqil Vətəndaş Cəmiyyəti təmsilçiləri hökumətə müraciət etdilər

xural.com-a Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin müraciəti daxil olub. Müraciətdə deyilir:


Biz – bu müraciəti imzalayan müstəqil sivil toplum quruluşları və nümayəndələri Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Vətəndaş Cəmiyyəti təmsilçilərinin geniş qatılımı ilə Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesinin sürətləndirilməsinin zəruriliyini bəyan edirik.

Azərbaycan – əsası 2011-ci ildə qoyulan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub, təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. Həmin Bəyannaməyə imza atan 70-dən artıq ölkə daha açıq və effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahiblənmək, vətəndaş iştirakçılığını genişləndirmək, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəklərini və öhdəliklərini ifadə ediblər.

AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir.

Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərindən biri isə hökümət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

Azərbaycan hökuməti AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” kimi mühüm sənədləri qəbul edib. 2016-cı ildə daha bir mühüm sənəd – “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub.

Təəssüf ki, belə mühüm sənədlərin hazırlanması və icrası prosesinə ictimai nəzarət funksiyası daşıyan müstəqil sivil toplum quruluşları aktiv və sistematik cəlb edilməyib, əksinə, onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Bütün bunlar təbii olaraq, Azərbaycanın AHT-dakı statusunun pisləşməsini şərtləndirib. Nəticədə, 2016-cı ilin mayında AHT-nin Rəhbər Komitəsi Azərbaycanın üzvlük statusunu 1 il müddətinə aktiv üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Bu qərar bilavasitə Azərbaycanda sivil toplum quruluşlarının fəaliyyətinə yaradılmış hüquqi və praktiki məhdudiyyətlərlə əsaslandırılıb. Rəhbər Komitə sivil toplum quruluşlarının fəaliyyəti üçün məkanın qapadılmasının AHT-nin prinsip və dəyərlərini sarsıtdığını vurğulayıb.

Hazırda hökumətin AHT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün 1 ildən də az zamanı var. Təqdirəlayiq haldır ki, hökumət “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda AHT ilə bağlı vətəndaş cəmiyyəti platformasının yaradılmasına və fəaliyyətinə dəstək verəcəyini bəyan edib. Hökumətin bundan sonrakı müddət ərzində əsas səyləri də məhz sivil toplum quruluşlarına yaradılan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına, müstəqil vətəndaş cəmiyyəti ilə dialoqun və məsləhətləşmə mexanizmlərinin qurulmasına yönəldilməlidir. Çünki müstəqil sivil toplum quruluşları üçün əlverişli fəaliyyət mühiti formalaşdırmadan AHT üzvlüyü ilə bağlı hər hansı tərəqqinin əldə olunması mümkün deyil.

Yuxarida qeyd olunanlarla əlaqədar, bildiririk ki, bu müraciəti imzalamaqda başlıca məqsədimiz AHT üçün zəruri olan Açiq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesini sürətləndirmək, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında tam hüquqlu üzvlük statusunun bərpasına yardımçı olmaq, AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasını dəstəkləmək və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən konsultativ mexanizmlərin qurulmasına töhfə verməkdir.

Biz bu Müraciəti imzalayan müstəqil vətəndaş cəmiyyəti qurumları, vətəndaş cəmiyyəti aktivləri Açiq Hökumət Tərəfdaşlığı Platformasının formalaşması və fəaliyyəti prosesində iştirak etmək niyyətimizi bəyan etməklə, hökumətin AHTP-nın yaradılması prosesini sürətləndirməyə, bütün maraqlı tərəfləri prosesə cəlb etməyə, prosesi açıq və şəffaf aparmağa çağırırıq.

İmzalar:

 

  1. Asabali Müstafayev – Demokratiya və insan hüquqları resurs mərkəzi
  2. Akif Qurbanov – Demokratik Təşəbbüslər İnstitutu
  3. Anar Məmmədli – Hüquq Müdafiəçisi
  4. Aynur İmranova – “Media və Demokratiyanın inkişafına dəstək” İB 
  5. Azər Mehtiyev – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
  6. Bəşir Süleymanlı – SMDT
  7. Ələsgər Məmmədli – Hüquqşünas, hüquq müdafiəçisi
  8. Əvəz Zeynallı – “Xural” qəzeti
  9. Xalid Ağaliyev – Media Hüququ İnstitutu
  10. Xalid Bağırov – Hüquq müdafiəçisi
  11. Qalib Toğrul – İqtasadi Araşdırmalar Mərkəzi
  12. Qubad İbadoğlu – İqtisadi Araşdırmalar Mərkəzi    
  13. Mehman Əliyev – Turan İnformasiya Agentliyi
  14. Nəsimi Məmmədli – Yayımların Monitorinq Mərkəzi İB
  15. Oqtay Gülalıyev – Demokratik İslahatlar Ugrunda İB
  16. Rəsul Cəfərov – İnsan Huquqlari Klubu
  17. Rövşən Hacıbəyli – Demokratik Jurnalistika Məktəbi
  18. Samir Əliyev – Media və İctimai Təşəbbüslər Mərkəzi İB
  19. Şəhla İsmayıl- Rasional İnkişaf Uğrunda Qadınlar Assosiasiyası
  20. Samir Kazımlı – hüquq müdafiəçisi
  21. Zöhrab İsmayıl – Azad İqtisadiyyata Yardım İctimai Birliyi
  22. Ziya Quliyev – Hüquq Təşəbbüsləri Mərkəzi
  23. Bəkir Nərimanoğlu – Müstəqil jurnalist

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button