Nə etməli?!

Əvəz Zeynallı

Ziya Məmmədov gündəmi dəyişir…

Seçkilərin fırtınası arxada qaldı. Siyasi partiyalar bəzi yerlərdə bəzi toplantılar keçirdilər və məsələ bununla da qapandı. Önümüzdəki günlərdə gündəm tamamilə dəyişəcək. Ziya Məmmədovun gül balası Anar Məmmədov «Yeni Müsavat» və «Azadlıq» qəzetlərini məhkəməyə verib və bu qəzetlərdən 250 min manat istəyir. Nə «Yeni Müsavat», nə də «Azadlıq» qəzetləri Anar Məmmədova 1 qəpik verəsi deyillər. Buraxın, Anar Məmmədovu, heç Anar Məmmədovun atasına da bu qəzetlərdən 1 manat gedəsi deyil, amma maraqlıdır ki, gündəm dəyişir. Seçkilərin sonunda qızğın başların istiqamətini mətbuatın sıxışdırılmasına doğru dəyişirlər. Kim qalıb ki? Elə Anarın məhkəməyə verdiyi və hərəsindən 250 min manat tələb etdiyi qəzetlər, bir də 1-2 müstəqil qəzet… İndən sonrakı günlərdə adı çəkilən qəzetlərin Anar Məmmədovla böyük döyüşü olacaq. Qəzetlər də artıq müdafiə taktikası müəyyənləşdiriblər. Döyüşün qızğın olacağı indidən məlumdur – çünki vəkil keçmiş millət vəkili Pənah Hüseyndir. Müxalifətin ən çılğın adamı özünü mətbu döyüşə atacaq. Onun başqa bir işi də yoxdur zatən.

Az müddət sonra isə «Xural»ın başında fırtına qopacaq. Biz artıq hörmətli Ramiz Mehdiyevin 10.000 manatlıq cəriməsindən Ali Məhkəməyə şikayət vermişik. Nəticələri təxminən bilirəm. Eynilə Nərimanov Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qorxusundan nəfəs belə almayan hakimləri kimi Ali Məhkəmənin hakimləri də gözləniləni edəcək və 10.000 manatı qüvvədə saxlayacaqlar. Axı bu ölkədə hansı hakim Ramiz Ənvəroğlunun dediyinin qarşısında söz deyər ki?! Ali Məhkəmənin qüvvədə saxlama qərarından sonra 10.000 manatı dərhal icraya yönəldəcəklər. Xüsusilə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin dərc etdiyim müsahibəsindən sonra Aparatda bizə qəzəbin dozasının artdığı da gələn xəbərlər arasındadır. Təbii ki, mənim və «Xural» qəzetinin Ramiz Mehdiyevə verəcək 1 manatımız belə yoxdur. Deməli, döyüş olacaq. Gündəm dəyişdimi?! Ən azından seçkilərdən sonra seçki məsələlərini gündəmdə saxlayan və onu prioritet məsələ elan edən daha bir qəzetin gündəmi dəyişdimi? Kim qaldı ki? Beləcə, seçkilər gündəmdən çıxarılır və yerini mətbuat-dövlət məmuru çəkişməsinə tərk edir…

Amma düşünürəm ki, bütün hallarda indən sonra üzərinə gediləcək və gələcək seçkilərə qədər ölkənin gündəmini ayağa qaldıracaq bu 3 məsələyə diqqət edilməlidir…

Səsvermə məcburi olmalıdır!..

Seçkilərdə qələbə qazanmaq istəyən qüvvələr bu məsələni ölkənin gündəminə daşımalıdır- seçkilərdə səsvermə məcburi hala gətirilməli və bunun üçün qanun qəbul edilməlidir. Yəni hər hansı səsvermə günü hamı bir nəfər kimi səsverməyə gəlməli və səsini verməlidir. Sovetin xarabalıqlarından Heydər Əliyevin qurduğu rejimə qədər gələn yolda Azərbaycan xalqı səsverməyə gəlmənin və sandığın əhəmiyyətini o qədər qavramadı. İndi başa düşmüşük. Başa düşmüşük ki, səsverməyə gəlməməyi təşviq etmək saxtalaşdırmaları artırmaq və kütləviləşdirmək üçünmüş. Yəni indiki hakimiyyət insanları seçkilərdən ona görə perik saldı ki, bütün əngəlləri ona görə qaldırdı ki, bütün kvorumları ona görə silib atdı ki, insanların seçkilərə gəlməsi məcburi olmasın. İnsanlar seçkilərə gəlməyəndə seçkiləri saxtalaşdırmaq asan olur. Lap asan olur və hakim rejim istədiyi insanı – Turqut Özal belələrinə kötük deyirdi – qutudan birinci çıxarır. Deməli, qarşıda duran əsas vəzifyə bu olmalıdır. İnsanların seçkiyə gəlməsi və səs verməsi məcburi olmalıdır. Seçkilərə gəlməyən və seçkilərdə səs verməyən vətəndaş cərimələnməlidir. Qeyd edim ki, hazırda qardaş Türkiyədə bu sistem var və seçkilərə qatılmayan və səs verməyən vətəndaşlar cərimələnirlər.

Seçkilərə gəlmək məcburi olsa, hamı seçkilərə gələcək və səs verəcək. Hamının gələcəyi və səs verəcəyi səsvermədə isə saxtalaşdırma çox çətin, əslində isə mümkünsüz olacaq…

İkinci əsas məsələ;

Bir müddət mitinq və nümayişlər olmamalıdır!

İndiki halda əsla və əsla mitinq və nümayiş həvəsinə düşmək yanlışdır. Nədən ki, bu haqda illərin təcrübəsi bizə yetərli dərs verib. Bütün seçkilərdən sonra mitinqlər və nümayişlər baş verib və millətin toplanmış enerjisi dağıdılaraq boşa xərclənib. Müxalifət zəifdir və demək olar ki, yoxdur. Zəif olan və əslində yox olan müxalifətin – belədə bir qrup adamın mitinqlər təşkil etməsi və bu mitinqləri uğursuzluğa düçar etməsi millətin mübarizə əzmini sındırır. Əvvəlki illərdə də belə olub. Mübarizə millətin geniş çevrələrinə yayılmayıb. Qoy özünə müxalifət deyən qüvvələr yenə mübarizələrini aparsınlar. Dəyirmi masaların ardı-arası kəsilməsin, bütün siyasi partiyalarda yenidən təşkilatlanmağa start verilsin, idarəetmədə iddialı gənclər irəli postlara çəkilsin – son zamanlar bu proses AXCP-də gedir – amma milləti mitinq və nümayişlərə çıxarıb toplanan enerjisi boşaldılmasın. İmkan verilməlidir ki, millətin təşkilatlanması eninə və dərininə inkişaf eləsin. İlk seçkidir ki, millət çox qırılmış və incimiş halda çıxıb. Qoy hərtərəfli inkişaf başlasın. Meydanlarda əzilməyib, başına budinka endirilməyib, qorxudulmayıb. İlk dəfədir ki, bu qırılmış və incidilmiş millətdə görkəmli toparlanma müşahidə olunur. Yeni gənclər çıxır, yeni qüvvələrin əlamətləri görünür, sosial şəbəkələrdə hiss olunacaq inkişaf var. Bunun nəyi pisdir ki?! Bir şey etmədən ortaya çıxıb millətin enerjisini boşuna xərcləməkdənsə, milləti boş buraxmaq daha yaxşıdır. Özü təşkilatlanacaq, özü çıxış yolunu tapacaq… Əsas odur ki, millətin enerjisini qoruyaq və bir müddət onun özünə gəlməsinə imkan verək… Bu müddət çox da çəkməməlidir… 1-2 il, bəlkə də bir az çox, bəlkə də bir az az…

Üçüncü məsələ daha vacib və daha önəmlidir…

Canlı efir uğrunda mübarizə başlamalıdır!

İllərdir özümü öldürürəm, yazıram, pozuram – baxan, fikir verən yoxdur. Canlı efir uğrunda mübarizə başlamasa və canlı efirlə birlikdə müstəqil mətbuatın imkanları genişləndirilməsə, bütün mübarizələr məhvə məhkumdur. Müxalifətin və millətin bir tələbi və bir istəyi olmalıdır – mənə fikirlərimi ifadə etmək üçün sərbəst şərait və mühit ver. Sənin canlı yayınla millətə xitab etmək imkanların yoxdursa, necə mübarizə apara bilərsən? O baxımdan, bütün gücü və tələbi canlı yayınların təmin olunmasının üzərinə qoymaq lazımdır. Canlı yayın millətin maraqlarının tam ifadəçisi olan insanların millətə onu gözləyən təhlükələr haqqında ən etibarlı məlumatları çatdırması üçün indiki məqamda ən böyük vasitədir. Böyük bir milləti manıslara təslim etmək olmaz. Ki, bu Azərbaycanda baş verib. İndi milləti bu manısların əlindən alıb ciddi dövlətə çevirmək və bunun üçün telekanalların efirini millətin üzünə açmaq lazımdır.

Bunun üçün ən müxtəlif kampaniya və layihələr həyata keçirilməlidir. Yemək, içmək, çörək yox – canlı yayın! Mitinq, nümayiş yox – canlı yayın! Bütün hüquqlar canlı yayın tələbindən sonra gəlməlidir. Həqiqətən də elədir. İndiki dünyamızda və Azərbaycanımızda canlı yayın olmadan heç bir tələb irəli sürülməməlidir. Bir başımızı çevirib yan-yörəmizə baxmaq lazımdır. Hər yerdə elədir. Rusiyaya baxın, Türkiyəyə baxın, hələ Avropanı demirəm. Seçkilərdən əvvəl, seçkilərdən sonra, hər hansı önəmli bir hadisə olanda dünya qopur, adamlar 24 saat danışır, dartışır, qovğa edir, dalaşır, barışırlar– biz sanki qəfəsdəyik. Sanki böyük bir həbsxanadır Azərbaycan. Bu həbsxanadan qurtarmaq üçün millətə televiziya, canlı efir lazımdır. Orada biz hər şeyi müzakirə edə və çıxış yolları tapa bilməliyik. İnanın, canlı efir məsələsini həll edəndən sonra bu ölkənin bütün problemlərinin həlli çox asandır. Canlı yayın hər şeyi həll edir…

«Millətimiz hələ buna hazır deyil» arqumentləri səmimi deyil. Təbii ki, yanlışlıqlar da olacaq, natarazlıqlar da. Canlı yayından öz maraqları üçün istifadəyə cəhd edənlər də olacaq, orada özünü apara bilməyənlər də. Amma əmin olun ki, elə bir proqramdaca hamı gərəkən cəzasını tamaşaçının nəzdində alacaq və bir də yalvarsan belə canlı yayına yaxın gəlməyəcək. Canlı yayın ər, kişi, savadlı, cəsarətli, qüdrətli, bilgili, məlumatlı və böyük vətəndaşların dartışacağı bir arenadır, Orada zəiflərə və savadsızlara, qorxaqlara və pısırıqlara yer yoxdur və olmayacaq.

Nəticə

Biz səsvermənin məcburi olması üçün var gücümüzlə çalışmalara başlamalı, millətimizi bir müddət mitinq və nümayişlərdən uzaq tutmalı və mübarizənin effekt verməsi üçün canlı efir uğrunda mübarizəyə qalxmalıyıq!..

GERİSİ ASANDIR!!!
SİZ GÜNDƏMİN DƏYİŞMƏSİNƏ BAXMAYIN, HƏDƏF DƏYİŞMƏMƏLİDİR!!!

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button