NƏHAYƏT BAŞ REDAKTOR VƏKILLƏRILƏ GÖRÜŞƏ BILDI

evez14.06.2013 

Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vəkilləri Elçin Sadıqov və Rəşid Hacılı ilə görüşüb. Bundan əvvəl vəkillərin Ə.Zeynallı ilə görüşməsinə müəssisə rəhbərliyi icazə verməmiş, buna səbəb kimi vəkillərin etdikləri rəsmi müraciətdə Əvəz Zeynallını “siyasi məhbus” olaraq təqdim etməsi olub.

Vəkillər Ə.Zeynallının saxlanma şəraiti və səhhətilə maraqlanıblar. Baş redaktor saxlanma şəraitindən narazı qalmadığını, lakin gündəlik mətbuatla tanış olmaq üçün ona imkan yaradılmadığını bildirib: “Qəzetlər gündəlik olaraq mənə verilmir. Bunun üçün abunə olmaq məsləhət edilir. Halbuki müxalif qəzetlərin də abunəsinə dolayısı ilə razılıq verilmir. Yaxınlarla, doğmalarla görüşmək üçün məhdudiyyətlər var. Müəssisə rəhbərliyi bütün etirazlarıma, “qanundan danışırsınızsa, bütün qaydalar qanunlarla tənzimlənir” deyir. Halbuki başqa məhkumlara bu qaydalar tətbiq edilmir. İstər “karantin” müddətini tam gününə qədər başa vurmağım, istərsə də telefon əlaqələrimin qurulması rəhbərliyin göstərişilə məxsusi olaraq mənə qoyulan qaydalar əsasında tətbiq olunur. İstənilən məhkumun əldə etdiyi sərbəstlikdən məhrum olmağım bir yana həm də yaxınlarımla görüşdə qaydaları bəhanə gətirərək, bilərəkdən görüşlərin müddəti uzadılır. Bu cür yanaşmanın rəhbərliyin göstərişi əsasında həyata keçirildiyinə şübhəm yoxdur.” Ə.Zeynallı bu cür münasibətin də xüsusi göstərişlər əsasında həyata keçirildiyini istisna etmir. “Əvəz Zeynallıyla əsasən müdafiəsi ilə bağlı məsələləri müzakirə etdik və görüləcək işləri planlaşdırdıq” – deyən  Vəkil Elçin Sadıqov onu da əlavə edib ki, Əvəz Zeynallının apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərardan kassasiya şikayəti hazırlanıb və növbəti həftə Ali Məhkəməyə təqdim ediləcək. Kassasiya şikayəti cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədədir.

Hazırda nəşri dayandırılmış “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin sürdüyü 11 ay müddətində onun günahını sübut edəcək heç bir dəlil ortaya qoyulmayıb və baş redaktora qarşı irəli sürülən ittihamlar təsdiq olunmayıb. Buna baxmayaraq, 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi də qeyd olunur. Yuxarı instansiya məhkəməsi baş redaktorun apellyasiya şikayətini təmin etməyib.

Əvəz Zeynallı həbsinin siyasi sifariş olduğunu və jurnalist fəaliyyətilə bağlı olduğunu dəfələrlə məhkəmədə bəyan edib. Hazırda bir çox beynəlxalq və yerli jurnalist və hüquq müdafiə təşkilatları ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu və hökmün tənqidi yahzılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button