Nədən «Azerfon»?

«Azərcell»in, onunla dabandabana gələn «Bakcell»in Azərbaycanın mobil rabitə bazarında onillik təcrübəsinin olmasına baxmayaraq, 3Gdən istifadə üçün razılıq «Azerfon»a, onun əli ilə isə yeni fəaliyyətə başlamış «NARMobile» verildi. Məhz bu faktın özü Azərbaycanın mobil rabitə bazarında hər şeyin qaydasında olmadığını bir daha üzə çıxardı.

II yazı

Səbəb kimi «Azercell Telekom» MMC-nin daha hazırlıqlı olduğu göstərilir. «Bakcell» MMC-nin və «Azerfon»un isə bütün qoyulan sərmayələrə baxmayaraq, müasir texnologiyalara tam hazır olmadıqları bildirilir. Bu baxımdan ehtimal var ki, 3G və daha bu kimi üstün xidmət növləri «Azercell»dən əvvəl sonuncu iki operatora verilməli idi. Görünür, yaxın günlərdə «Bakcell»in də bu xidmətdən yararlanması üçün lisenziyanın təsdiqlənəcəyini ehtimal etmək olar.

Bir qədər əvvəl informasiya agentliklərinin yaydığı məlumatlara əsasən, «Bakcell» Rabitə və İnformasiya Nazirliyinə 3G standartında xidmətlərin göstərilməsi üzrə lisenziyanın alınması üçün müraciət etmişdi. «Bakcell» səlahiyyətlilərinin sözlərinə görə, şirkət nazirlikdən müsbət cavab gözləyib.

Amma hər bir halda hər iki şirkətdən əvvəl lisenziya almaq üçün ilk müraciəti də «Azercell» etmişdi. “Azercell Telekom”un prezidenti Əli Agan isə jurnalistlərə bildirmişdi ki, 3G-yə onlar iki ildən artıqdır ki, hazırdırlar. Lakin lisenziyalaşdırma rəsmi qurumlara aid olduğundan, seçimi də onlar edəcəklər. Əli Ağan mobil operatorlar arasındakı rəqabətin sağlam olmasından heç kəsin narahat olmamasına da işarə vuraraq demişdi; «Mən əminliklə söyləyə bilərəm ki, 3G lisenziyasının eyni vaxtda bir neçə operatora verilməsi ölkənin bu texnologiyadan faydalanmasını artıracaq. Nə qədər az operator 3G xidməti göstərəcəksə, o qədər az insan bundan yararlanacaq. Beləcə, bu texnologiyanı istədiyimiz qədər yaya bilməyəcəyik”.

Hadisələrin gedişatından da görünür ki, şirkətlər arasındakı narazılıq tək 3G məsələsinin üzərində dayanmır. Cəmi 2 il bundan əvvəl də «Azercell Telekom» MMC ilə «Azerfon» MMC arasında ciddi narazılıq yaranmış və bu narazılıq məhkəmə çəkişməsinə qədər davam etmişdi. “Azercell Telekom” MMC açıqlama yayaraq “Azerfon” MMC-nin onlara 11.000.000 manata yaxın məbləğdə ara bağlantı borcu yarandığını elan etmişdi. “Azerfon” MMC isə “Azercell Telekom” MMC qarşısında iddia qaldırıraraq, onlardan «Azerfon»a “dəymiş zərəri” ödəməyi tələb etmişdi. Şirkət qarşı tərəfdən 7.708.240 manat vəsait və məhkəməyə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəmişdi. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi də öz növbəsində “Azerfon” MMC-nin iddiasının təmini barədə qərarı ləğv etmişdi. Həmin vaxtlarda ekspertlər diqqətə alınmayan çox incə məqamı gündəmə gətirmişdilər. «Azercell» «Azerfon»un təsisçisi olduğu «NARMobile» ilə arabağlantısı üçün 11 milyon manatı ödəməyənə qədər Nar istifadəçilərinin «Azercell» abonentləri ilə bağlantısını kəsmişdi. Bundan dərhal sonra şəhər telefonlarından «Azercell» nömrələrinə zəng vuran insanlar da bu bağlantıdan məhrum olmuşdular. Hər bir halda bu cür açıq-aşkar dəstəyin özü də mobil rabitə operatorlarına qəribə görünmüşdü.

«Azerfon» MMC-nin yeni direktoru Yurgen Pitz uzun illər telekommunikasiya sahəsində çalışmış təcrübəli mütəxəssisdir. Pitz bir neçə Avropa və Afrika ölkəsinin mobil rabitə sektorunda rəhbər vəzifələrdə zəngin iş təcrübəsinə malikdir. “Nokia” və Avstriyanın “Orange” şirkətlərin rəhbərliyində olub və “Comium Mobile” şirkətlər qrupunun baş direktoru vəzifəsində çalışıb. O, bu vəzifəyə təyin olunan zaman deyib: “Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Ölkədə İKT sferası iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sahəsidir. Ən sürətli inkişaf templərini nümayiş etdirən “Azerfon” MMC-nin də, sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı var. “Azerfon” şirkətinin rəhbəri vəzifəsində çalışmağımdan çox məmnunam və mövcud bazarda ən yüksək keyfiyyətli və yeni məhsulları təqdim edərək şirkətin inkişafı üçün əlimdən gələni edəcəyəm. Bütün ölkə əhalisi üçün faydalı mobil xidmət və məhsullar təqdim etməklə abunəçilərin istək və tələblərinə uyğun strategiya ilə fəaliyyət göstərəcəyik”. Rəsmi açıqlamalarda Yurgen Pitzin milli mənsubiyyəti haqda əlavə məlumat verilmir.

Bilməyənlər üçün:

 

3G üçüncü nəsil rabitə texnologiyası deməkdir. 3G-dəki G (generation) hərfinin ingilis dilindən dilimizə anlamı da “nəsil” deməkdir. Bu sistem yalnız sürətli internet şəraitində işlədiyindən internet sürətinin dəfələrlə artırılmasını və yaxşılaşdırılmasını tələb edir. 3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir. Sürətdəki bu artım xüsusilə internetə daxilolmanı asanlaşdırır. 3G vasitəsilə həm də telefondan görüntülü danışıq artıq Azərbaycanda da həqiqətə çevriləcək. Bu sistem mobil internet sürətinin azı 70 qat artması deməkdir. Bu isə həm də mobil telefondan modem kimi istifadə edilməsi imkanını əldə edilməsi deməkdir. Bu yenilik cib telefonundan televiziyaya baxmaq imkanı yaratmaqla yanaşı səhiyyə xidmətlərində də inqilab sayıla biləcək yeniliklər gətirə bilər. Səhiyyə xidmətləri ən ucqar kəndlərə qədər gedib çata bilər. Bu texnologiyanın dəstəyi ilə birlikdə həkim xəstənin cib telefonundan onu rentgen edə, qeydə alınmış görüntüləri birbaşa təhlil edərək nəticələr haqqında o andaca xəstəyə məlumat verə bilər. Bu isə öz növbəsində səhiyyəmizdə inqilabi dəyişiklik olardı.

4 G «4-cü Nəsil Xidmətləri” 4N və ya 4G, dördüncü nəsil kabelsiz telefon texnologiyasıdır. Digər GSM standartları kimi hücrəvi bir şəbəkə sistemi istifadə etməyi və üçüncü nəsildə ortaya çıxan əhatə dairəsi problemi başda olmaq üzrə bəzi problemləri həll etməyi gözlənilməkdədir. Əlaqə sürəti mobil telefonlarda 100mps , wi-fi şəbəkələrdə 1Gbpsdir. Eyni zamanda wimax bant genişliyi ilə eyni boydadır. 2009-cu ildə dünyanın qabaqcıl telekommunikasiya şirkətlərindən olan “Verizon Vireless” 4G-ni sınaqdan keçirib. Şirkət ABŞ-ın BostonSietl şəhərləri arasında keçirdiyi testləri uğurla tamamlayıb. Test mərhələsində video, fayl endirmə və yükləmə, internetdə gəzinti ilə yanaşı, səs transferi 4G üzərindən sınanıb. Bu sayədə gerçək mənada mobil telefondan yüksək keyfiyyətli video izləmək və gerçək oyunlar oynamaq mümkün olacaq. Verizon-un şərhinə görə, 4G ilə, mobil internet əlaqələri 3G-yə nisbətən 5-10 qat daha sürətli olacaq. Verizon 2009-cu il üçün yalnız 2 şəhəri pilot bölgə olaraq seçib və burada 4G xidmətinin testlərini edəcək. Qeyd edək ki, “Verizon Vireless” ilk 4G şəbəkəsini 2010-cu ilin əvvəllərində 100 milyon abunəçisinə açmağı hədəfləyir. Xidmətin bütün ABŞ-a yayılması isə 2013-cü ilə qədər çəkəcək. Dünyanın qabaqcıl telekommunikasiya şirkətlərindən olan “Verizon Vireless” 4G-ni sınaqdan keçirib. Şirkət ABŞ-ın Boston və Seatle şəhərləri arasında keçirdiyi testlər uğurla tamamlayıb. Test mərhələsində video, fayl endirmə və yükləmə, internetdə gəzinti ilə yanaşı, səs transferi 4G üzərindən sınanıb. Bu sayədə gerçək mənada cibdən yüksək keyfiyyətli video izləmək və gerçək oyunlar oynamaq mümkün olacaq.

«Avroviziya-2012»də «NARMobile» nə edəcək?

Mütəxəssislər hesab edirələr ki, hələlik Azərbaycan mobil rabitə istifadəçiləri üçün çox yeni olan 3 G-nin realizə olunması əslində bir neçə milyon abonenti olan mobil operatorlara deyil, yeni yaranmış NAR üçün daha sərfəlidir. NAR abonentlərinin sayı digər mobil operator abunəçilərinin sayından az olduğu üçün texniki baxımdan ötürücülük qabiliyyəti o qədər də yüksək olmayan «NARMobile» bu xidmətdən daha əlverişli istifadə edə bilərdi. Ancaq vəziyyət öz axarı ilə davam etsəydi. Çünki gələn il Azərbaycana əlavə olaraq 100 mindən çox insanın «Avrovizion-2011» yarışmasına qatılacağı və məhz bu xidmətdən istifadə edəcəyi gözlənilir. Əslində problem də bundadır. İri mobil operatorları «Azerfon»un, «NARMobile»nin bu funksiyanı həyata keçirmək iqtidarında olmadığını iddia edirlər. O baxımdan da «Azercell» və «Bakcell»i tamamilə bu xidmətdən kənarlaşdırmaq və üstünlüyü bir operatora vermək nə iqtisadi, nə də siyasi baxımdan Azərbaycana başucalığı gətirmir. Ekspertlərin fikrincə, bu məsələnin beynəlxalq rezonansı qaçılmazdır. Çünki hər şeydən əvvəl “Azercell” beynəlxalq əhəmiyyətli, dünyada dayağı olan bir şirkətdir və şirkətin Avropadakı dayaqlarından biri olan Telyo Sonera prezident İlham Əliyevlə də görüşəndən sonra Azərbaycan rəsmilərinin şirkətə qarşı münasibət dəyişmişdi.

 

Redaksiyadan:

“Xural” qəzeti mövzuya münasibətini bildirmək üçün «Azerfon-NARMobile»nin mətbuatla əlaqələndiricisi Fərid Məmmədovla əlaqə saxladı. Fərid bəy öncəki yazılarımızdan narazılığını bildirdi və ona müraciət edəcəyimiz təqdirdə cavab alacağımızı dedi. Razılaşdıq və suallarımızı Fərid Məmmədovun verdiyi ünvana göndərdik. Ötən həftə cavablandırmadığı suallara isə həftənin çərşənbə günü göndərdiyi cavablar aşağıdakılardır:

 

– Bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azerfon” şirkətinə 3G texnologiyasından istifadə üçün lisenziya verdi. Tezlik şirkətə əsl dəyərindən qat-qat ucuz – cəmi 11 min dollara satıldı. Bunu “Azerfon” şirkətinin və «NARMobile»in prezidentin ailəsinə yaxın olması ilə əlaqələndirirlər. Çünki tezlik mobil rabitə şirkətləri arasında heç bir tender və müsabiqə keçirilmədən «Azerfon»a satıldı. Bu məsələyə münasıbətiniz…

– Lisenziya dövlətin təyin etdiyi qiymətə əsasən alınmışdır. Sualda qeyd edilən digər fikir və şaiyələrin heç bir əsası yoxdur.

– Ölkənin ən nüfuzlu mobil operatorlarından olan “Azercell” və Bakcell” rəsmiləri müxtəlif KİV-lərdə bəyanatlarla çıxış edərək, təmsil etdikləri şirkətin 3G texnologiyasını istifadəyə vermək üçün texniki baxımdan 2 il öncə hazır olduğunu və bu lisenziyanın ilkin olaraq onlara verilməsinin labüdlüyünü bildirdilər. Qeyri-rəsmi çıxışlarında isə şirkət əməkdaşları bunun, «NARMobile»nin mobil rabitə bazarında qeyri-şərtsiz “Azercell” və Bakcell”dən üstün tutulmasına xidmət etdiyini söyləyiblər. Onların fikrincə, bu addım uzun illər Azərbaycanın dövlət büdcəsinə milyonlarla manat gəlir gətirən hər iki şirkəti yüksək texnoloji üstünlüklərdən məhrum etməklə bu bazarda da monopolya yaratmaq məqsədini güdür.

Bu məsələyə münasıbətiniz…

– Bu mövzuda istinad etdiyiniz insanlar əsaslı və əsassız bir çox fikirlər söyləyə bilərlər. Ancaq Azerfon şirkəti 3G texnologiyasını tətbiq etməyə tam hazır olduğunu digərlərindən öncə sübut etdi və 3G xidmətini uğurla tətbiq etməkdədir.

– Siz necə hesab edirsiniz, 1 operatorun bu sahədə monopoliya siyasəti aparması, rəqabətin olmaması bu xidmətin qiymət artımına gətirib çıxarmır ki?

– Əslində, Azerfon şirkətinin mobil bazara daxil olması rəqabətin artmasına xidmət edir. Biz sağlam rəqabət aparırıq.

– Ekspertlərin fikrincə, Azərbaycanda 3-cü nəsil rabitə texnologiyası normal standartlar çərçivəsində inkişaf etdirilmədiyi üçün, ən əsası yeganə operatorun bunu həyata keçirməsi həm də 3G-nin keyfiyyətinin aşağı düşməsində özünü göstərəcək. Bu fikrə münasıbətiniz…

– Bu fikirlər əsassızdır, çünki 3G xidməti durmadan inkişaf edir. Azerfonun 3G şəbəkəsi 15-dən artıq şəhəri əhatə edir, yüksək sürətli məlumat ötürülməsi (7.2 mb/s) mümkündür, qiymətlər sərfəlidir, 3G xidmətlərinin çeşidi artmaqdadır.

– “Avroviziya-2012”-nin keçirildiyi müddətdə 3G xidmətindən tək azmüddətli videogörüntü və internet vasıtəsi kimi istıfadə olunmayacaq, həm də dünya mətbuatı canlı olaraq uzunmüddətli xəbərləri yaymaq üçün bu xidmətə müraciət edəcək. O baxımdan, artıq dünya sürəti daha da artırmaq məqsədilə 4G-ni sınaqdan keçirir. Bəs «Azerfon» 3G ilə belə bir məsuliyyəti öz üzərinə götürə biləcəkmi? «NARMobile» buna hazırdırmı?

– Azerfon  “Avrovizion-2012” müsabiqəsi zamanı yüksək keyfiyyətli 3G xidmətlərini təqdim etməyə artıq hazırdır.

– Nəhayət, qeydiyyatsız «NARMobile» nömrələrinin satışına münasıbətiniz necədir? Şirkət heç bir qeydiyyatı olmayan telefon nömrələrini bazara nə məqsədlə buraxıb və qarşısını niyə almır?

– Nar Mobile-da qeydiyyatsız nömrələrin satışı mümkün deyil və bu, yol verilməzdir! Qeyd edilən 2 faktı araşdırmaq üçün bizə təqdim edin.

 

Fərid Məmmədovun cavabları göründüyü kimi başdansovdu hazırlanıb və əslində, bunları cavab kimi qəbul etmək düzgün də deyil. Nədənsə, cəmi 10 dəqiqə içində veriləcək bu cavablara 10 gün vaxt ayırmağın mənasızlığını başa düşə bilmədik. Biz «NARMobile» haqqında araşdırmalarımızı davam etdirəcəyik. Verilməyən bu sualın cavabından başlayaraq:

«NARMobile»nin neçə 3G abonenti var?

Əgər həqiqətən də «NARMobile» 3G-ni işlədə bilirsə, o zaman niyə 3G üçün başqa bir xətt – 070 yox, 077 xətti ayrılıb?

«X» Analitik Qrupu

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button