Nadir Əzməmmədov: Elektrik qatarları işləyəcək

Nadir Əzməmmədov Yayda paytaxt sakinləri rahat şəkildə elektrik qatarları ilə bağa və çimərliklərə gedə biləcəklər. 
Bu barədə xural.com anspress-ə istinadən xəbər verir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, uzağı 5 günə Bakıdan Yevlax, İmişli və Hacıqabula elektrik qatarları işləyəcək.
“Bu istiqamətdə işləmək üçün əsaslı təmir olunmuş 2 qatar gətirilib. Həmin qatarlar Riqada əsaslı təmir olunub və sərnişinlərin rahatlığını təmin etmək üçün yenilənib. İki günə də əlavə 3 qatar gətirilcək. Həmin istiqamət açıldıqdan qatarlar Bakı ətrafı qəsəbələrdən keçməklə mənzilbaşına gedəcək. Bununla da, bağlara və çimərliyə getmək istəyənlər həmin qatarlardan istifadə edə biləcəklər”, – deyə Nadir Əzməmmədov bildirib.
Qurum rəsmisi bildirib ki, hazırda sərnişinlər Bakı-Sumqayıt elektrik qatarından da istifadə edə bilərlər. Həmin qatarlardan əsasən Novxanı, Zabrat, Pirşağı bağları ərazisinə gedənlər istifadə edə bilər.
Nadir Əzməmmədov həmçinin bildirib ki, yaxın gələcəkdə bütün ətraf kəndlərəelektrik qatarları işləyəcək: “Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42, ikinci – Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. İndiyədək 95 min kubmetr torpaq işləri görülüb, 28 dəst yoldəyişən qurğular yeniləri ilə əvəzlənib. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulur. Yenidənqurma işləri başa çatdıqdan sonra yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində 3 – Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə 5 – “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur”.
Nadir Əzməmmədov onu da vurğulayıb ki, yeni alınan “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır. İkimərtəbəli elektrik qatarları birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə metronun “Koroğlu” stansiyası arasında fəaliyyət göstərəcək, sonralar isə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadəyə buraxılacaq. Yeni dəmir yolu xəttində dayanacaqlar nəzərə alınmaqla qatarların orta sürəti saatda 63 kilometr təşkil edəcək.
Qeyd edək ki, Bakıda ilk elektrik dəmir yolu xətti 1926-cı ildə 13 kilometrlik Bakı-Sabunçu ərazisində fəaliyyətə başlayıb. Bakının Sabunçu vağzalı işə salınanda nə Moskva, nə də Leninqrad bu nəqliyyat vasitəsinə hələ qovuşmamışdı. 1936-39-cu illərdə isə Sabunçu-Maştağa-Buzovna xətti tikilib. 1950-ci ildə isə Suraxanı-Qala-Buzovna dəmir yolu təhvil verilib. 1959-cu ildə isə həm keçmiş Artyomdakı neftçilərin, həm də Zirə, Dübəndi və s. yerlərin sakinlərinin, bağ sahiblərinin karına gələn 30 kilometrlik Qala-Pirallahı dəmir yolu fəaliyyətə başlayıb. Sovet dövrü dağılandan sonra isə elektrik qatarları ləğv edildi. İndi bu nəqliyyatın bərpası ekoloji baxımdan da çox faydalıdır. Elektrik qatarlarının bərpası payatxt sakinləri üçün böyük əhəmiyyət kəsb edir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button