Nadir Şah, yoxsa Şah İsmayıl?!-TARİXƏ YENİ BAXIŞ

guntay7

ABŞ sünni İslam Dünyasında İran şiə xofu yaratdı – İŞİD necə yarandı?

Güntay Gəncalp: “Nadir yolu davam etsəydi, indi İranda milli türk dövləti var idi – sırf bu üzdən keçən əsrin əvvəllərində M.Ə.Sabir, N.Nərimanov kimi ziyalılar birləşdirici tarixi şəxsiyyət kimi, Şah İsmayılı deyil, Nadir şahı öz əsərlərində önə çıxarırdılar – sovet vaxtında bilincli olaraq Nadirin yerinə, sovet ideologiyasına xidmət edən Şah İsmayılı soxdular”

Qaçaq yolla gedib İranda təhsil almış, İrançı kimlik zəminində kadrlaşmış adamlar indi müxalifət düşərgəsində siyasi liderlərlə bir yerdə “plan” hazırlayırlar, çünki Azərbaycanın dini kadrlar yetişdirmə ocaqları yoxdur

Strateq.az-ın “16-1” layihəsində Güntay Gəncalpla İran-Azərbaycan, bölgə və dünya ölkələri ilişkiləri üzərinə daha bir çoxyönlü söhbət etdik. Günümüzün əhəmiyyətli strateji məsələlərinə işıq salan Güntay bəyin yeni və maraqlı yanaşması hər zamankı kimi diqqətimizi çəkdi. Üzərində düşünüləsi və araşdırılası məqamlara toxunur gənc tarixçimiz. O, indiyə qədər olanları və yazılanları sadə bir formulla – “Bakının yalanları” deyə rədd edir. Maraqlı orasıdır ki, yerinə də təkliflərini irəli sürür. Bir daha onu dinləmək və üzərində fikirləşmək üçün suallarımızı ünvanladıq. Tam da İranda başlayan hərəkətlənmələrlə üst-üstə düşdü bu sual-cavab. O zaman İrandakı indi baş verən hadisələrin necə nəticələnəcəyini də təxmin etmək olar. Güntay Gəncalpı oxusaq…

“16-1”-də qonağımız Güntay Gəncalpdır…

 

 

“Məni həqiqətlə incit, yalanla rahatlatma!”

 

– Güntay bəy, Azərbaycan-İran münasibətlərinin tarixi və gələcəyi haqda nə deyə bilərsiniz?

 

– Bu suala ayrıntılı cavab vermədən əvvəl İranın son 50 illik tarixinə bir göz atmaq gərəkəcək. Ancaq daha öncə böyük Fransız yazarı Romain Rolanddan bir cümlə söyləmək istərdim. Roland “məni həqiqətlə incit, yalanla rahatlatma!” deyir. Mən də həqiqətləri söyləməyə çalışacağam. Bu üzdən də indiki İran gerçəklərini bilmək üçün indiki dövlətdən daha öncəki duruma da qısaca baxmaq lazım.

– Yəni Pəhləvilər dönəmi ilə indiki dönəmimi nəzərdə tutursunuz?

– İndiki rejim qurulmadan ən az 10 il daha geriyə gedərək ölkə içi və qlobal siyasi durumu, neftin qıymətini göz önündə bulunduraraq mövzuya girmək istərdim…

 

– Buyurun, davam edin

– 1970-ci illərdə İkinci Pəhləvi iş başında idi. Bu zaman neftin qiyməti dünyada çox yüksəldi. İranın dövlət xəzanəsinə o qədər dollar axdı ki, dövlət məktəblərdə pulsuz yemək dağıtmağa başladı. O zaman mən ibtidai sinifdə idim. Dağ kəndlərin məktəblərinə də dövlət atla, dəvəylə və qatırla qida gətirirdi. Ömründə evlərində doğru-dürüst yemək görməyən yoxsul ailələrin uşaqları məktəbdə qarınlarını doydururdular. Sırf bu üzdən kənd kişiləri uşaqlarını qoyun otarmaqdan gətirib məktəbə buraxırdılar. İnqilab nemətdir deyən mollalar bu neməti də xalqın əlindən aldılar! Pəhləvilər dönəmində ölkə çox sürətlə inkişaf edirdi. Lakin neftin qiymətinin yüksəlməsi Qərbi rahatsız etmişdi. Çünki dünyaya ən çox neft satan Sovetlər İttifaqı baha netf satışı ilə iqtisadi problemlərini çözərək Qərb qarşısında bəzi fürsətlər və imtiyazlar əldə edirdi. Bu üzdən də Qərb OPEK-ə neftin qiymətinin aşağı düşməsi üçün basqı göstərməyə başladı. Neftin qiymətinin birdən düşməsi ilə Sovetlər İttifaqını dağıtmaq istəyirdilər. Neftin qiymətinin düşməsi üçün ən çox neft satan ölkələrdən biri olan İran şahına basqı göstərməyə başladılar. Lakin xəzinəsinə durub durduğu yerdə milyardlarla dollar para axan şah buna təslim olmadı. Şah Qərbin planlarından xəbərsiz idi. Bu üzdən də Şaha qarşı Qərb Xomeynini reklam etməyə başladı.

Tarixdə heç bir inqilab İrandakı sözdə inqilab kimi mənasız olmamışdır

 

– Yəni deyirsiniz ki, Xomeyni rəhbərliyindəki inqilab Qərbin planı idi?

– Xomeynini heç tanıyan yox idi. Qərb ölkələri, məsələn BBC-nin, Fransa radiosunun və ABŞ-ın fars dilində radioları eyni zamanda Xomeynini qısa sürədə əhaliyə tanıtdılar. Xomeyninin mesajlarını radiolarda oxudular. Fransada Xomeyninin hesabına milyonlarca dollar məbləğində para yatırıldı. Bu paralar hesabına Xomeyni ilə irtibatda olma asanlaşdırıldı. Çox qısa bir sürədə İran qarışmağa başladı. Əslində isə gerçək bir inqilab üçün heç bir nəzəri, fikri, iqtisadi zəmin yox idi. Ölkə sürətlə inkişaf edirdi. Tək söyləm qadınların TV-lərdə başı açıq mahnı oxuduqları üçün dinin əldən getməsi idi! Tarixdə heç bir inqilab İrandakı sözdə inqilab kimi mənasız olmamışdır. Çünkü heç bir kitabı yox idi bu inqilabın. Sadəcə, çoxu şiə olan əhalinin məzhəbi hissiyatını imperyalist güclər təhrik etmişdi, bu qədər. İslamda isə inqilab deyə bir şey yoxdur, olmamışdır. Bir dəfə tarixdə İslam inqilabı olmuş. Onun da kitabı Quran və rəhbəri də Hz. Muhəmməd idi. O da hər şeyi söküb atmadı, kimsəni hətta müşrik olduğu üçün İrandakı kimi edam etmədilər. Peyğəmbər rəhbərliyindəki inqilabda İslam öncəsi bir çox dəyərlər və törələr də saxlanıldı. Məsələn həcc, qurban, namaz kimi törələri İslam icad etməmişdir. İslamdan öncə də var idi. İslam əsasən əxlaqi ölçülər və ədalət anlayışını təsis etdi. İran şiə inqilabı bunun tərsinə davranaraq hər şeyi, hətta faydalı olanları da “tağut” məhsuludur deyə tarixdən sildi.

Xomeyninin hakimiyyətə gəlməsi SSRİ-ni dağıtmaq planına daxil idi

– Qərbin amacı sadəcə şahı devirib Xomeynini onun yerinə gətirmək idi?

– Yox, Qərbin amacı bu deyildi. Qərbin amacı İranda höküməti dəyişdirməklə sovetləri dağıtmaq idi və bu plan da olduğu kimi başarıyla həyata keçdi. Yoxsa Qərb üçün İranda kimin iqtidarda olmasının heç bir önəmi olmamışdır. Qərbin amacı böyük hədəfə yaxınlaşmaq üçün İran kimi kiçik ünsürlərdən yararlanmaq idi. İrandakı radikal şiə psixologiyası Qərbin uzun vədəli strateji hədəflərinə faydalı olaraq görünürdü.

– Necə?

 

– İranda hökümət dəyişdikdən sonra neftin qiyməti sürətlə enməyə başladı. O qədər ki, dünyada birinci neft satan ölkə olan SSRİ-də iqtisadi kriz ortaya çıxdı. Bir yandan da Əfqanıstandakı müxalifəti sovet işğalına qarşı gücləndirdilər. Elə bir durum yarandı ki, sovetlər Əfqanıstanda ordusunu tuta bilmək üçün iqtisadi imkanlarını itirməyə başladı.

– O boyda imperiyamı?

 

– Çünki sovetləri və dünyada Varşava blokunu dağıtmaq üçün planın başqa bölümü həyata keçmişdi. Qərb Xomeyninin ağlına şiə inqilabını bölgə ölkələrinə ixrac etmə ideyasını da soxmuşdu. Xomeyni də bütün nitqlərində inqilabı bütün İslam Ölkələrinə ixrac edəcəyini deyirdi. İnqilabı ixrac etmə bölgə ölkələri üçün, özəlliklə neft yatağı ilə zəngin olan İraq, Ərəbistan və körfəz ölkələri üçün böyük təhlükə idi. Bu üzdən Xomeyninin bu söyləmini önləmək üçün Səddam İrana hücum etdi. İran-İraq savaşı başladı. Bir tərəfdən neftin qiyməti çox aşağı idi, digər tərəfdən də İranın savaş təhdidlərinə qarşı neftlə zəngin olan bölgə ölkələri daha çox ucuz qiymətə neft sataraq İrana qarşı silahlanırdılar. İran özü də gizlin yollarla ucuz qiymətə İsrailə və digər ölkələrə neft satırdı. Sonra bunların çoxu ifşa edildi. Bütün körfəz ölkələri ucuz qiymətə lazım olandan artıq neft satır və bu da sovetlərin neftinə ehtiyac buraxmırdı. Beləcə, neftə bağlı olan sovet iqtisadiyatı çökdü. Sovetlər Birliyi müttəfiq sosialist ölkələrə Qərbin qarşısında yardım edə bilmədi. Çünkü bir yandan da Qərbdəki demokratiya Sovetlər və sosialist ölkələr üçün model olaraq göstərilirdi. Çin bunun fərqinə vardığı üçün bazar iqtisadiyatına keçişə izin verdi və Sovetlər kimi dağılmaqdan yaxasını bəlli sürəliyinə qurtardı. Anlaşıldığı kimi İrandakı şiə üsyanı böyük Qərb planının kiçik bir parçası idi. Şiə üsyanından sonra da heç vaxt İran-Amerika-İsrail ilişkiləri pozulmadı. Zahirdə pozulsa da, indinin özündə olduğu kimi arxada silah alış-verişləri davam edirdi. Yəhudi silah tüccarları İrana satdıqları silah həcmini və aldıqları milyard dollarlıq məbləğindəki petrolu gizlin kameraya almışdılar. Amerika ilə də anlaşmışdılar. Mən savaş zamanı əsgər idim. Bütün silahlarımız İsrail məhsulu idi. Təptəzə silahlar gəlirdi və üzərinə İsrail düzəltməsi yazılıydı. İndinin özündə də İran rejimini devirmək Qərb üçün çətin iş deyil. Lakin İran Şiə Cümhuriyyəti ABŞ-ın Böyük Orta Doğu projesi üçün hava və su kimi lazımdı.

ABŞ sünni İslam Dünyasında İran şiə xofu yaratdı – İŞİD necə yarandı?

– Böyük Orta Doğu Projesinin İran rejimi ilə nə əlaqəsi?

– İran bölgədə şiə geopolitikası üzərinə xarici siyasət yürütməkdədir. İraqı Amerika işğal etdikdən sonra boşuna İrana buraxmadı. ABŞ sünni İslam Dünyasında İran şiə xofu yaratdı və İran da şiə xofu yaratmaqda ABŞ-ın bu planına yardımçı oldu. İraqda sünniləri aşağılama, dövlət və digər sosial işlərdən uzaqlaşdırma sürəci başladı. İraqın başbaxanları (baş nazir – Red.) Allahşükür Paşazadə kimi Xamnəiyi təqlid edirdilər. Bunun üzərinə sünni ərəb dünyasında arxasında İran duran şiələrə qarşı qorxunc nifrət ortaya çıxdı. Bu nifrət ideologiyası ətrafında təşkilatlanma İŞİD-i doğurdu. Yəni Qərbin planı ilə həyata keçən İran şiə üsyanının birinci amacı dünyanın super gücü olan sovetləri dağıtma, ikinci hədəfi isə İŞİD kimi təşkilatlar qurub onları ən qorxunc silahlarla təchiz edərək Orta Doğunu qan gölünə dönüşdürüb bölgə ölkələrinin neftini, qazını, dəyərli yeraltı qiymətli mədənlərini yağmalamaq olmuşdur.

– O zaman İranın özünə qarşı niyə bu planı tətbiq etmirlər, niyə İranda hələ də stabillik var?

– Qərb strateji mərkəzlərinin əlində ölkələrin bütün iqtisadi qaynaqlarının həddi-hüdüdü bəllidir. Sıra İranın özünə də gəlmək üzrədir.

Allahın Quranda dilə gətirdiyi “dabbə” İran üçün gerçəkləşməkdədir

– İrana necə sıra gələcək?

 

– İran öz iqtisadi-ticari imkanlarını inkişaf etdirmək, xalqın rifahını gəlişdirmək və ölkənin doğal qaynaqlarını elmi şəkildə istifadə etmək yerinə, Suriya, Azərbaycan, Yəmən kimi şiə ölkələrində təxribat törətməyə başı qarışıb. Bu üzdən, sadəcə ölkənin iqtisadiyatı məhv olmamaqdadır, ölkə iqlimi də ölümlə qarşı-qarşıyadır. İran nə qədər para xərcləsə də, Qərb qədər başarılı ola bilməz. Qərb İran iqlimində nələr baş verdiyini çox yaxşı bilir. Ölkənin İsfahan, Xuzistan, Tehran, Təbriz, Urmu kimi böyük şəhərləri və bu şəhərlərə bağlı bölgələr susuzluqdan əziyyət çəkirlər. Rejimin ölkə sorunlarını diqqətə almaması üzündən sadəcə Urmu gölü qurumamışdır. İsfahanda, Xuzistanda, Xorasanda susuzluq üzündən əhali yeraltı suları istifadə edir. Əhalinin, su istifadə edən heyvanların artması və tarım işlərində qullanıldığından yeraltı sular azalmış və azaldıqca da torpaq ölməyə başlayaraq duzlaşmış və tozlaşmışdır. Allahın Quranda dilə gətirdiyi “dabbə” İran üçün gerçəkləşməkdədir. Dabbə, yəni yerdən çıxan qorxunc təhlükə, yəni ekologiyaya qarşı ölçüsüz və elmsiz davranmanın sonucu olaraq coğrafiyanın intiqam alması. İqlimə, ekologiyaya qarşı sayqısız və sorumsuz davranmanın cəzası. İnsanlığa qarşı suç işləyənlər üçün Allah yerdən dabbə çıxaracağını söylər. Bu, dini söyləmdir. Bunun sosioloji qarşılığı budur ki, ağlını qullanmayan millətləri coğrafiya özü cəzalandırar. İndi İranın bir çox bölgələrində asidli yağmurlar yağır və bu üzdən minlərlə insan zərər görmüş, tarlaları asid yağmurları məhv etmiş. Bütün bunlar Səfəvi və xomeynizm deyilən böyük günahın cəzalarıdır. İmperialist güclərin OrtaDoğu Projesinin gerçəkləşməsi üçün usanmadan ön ayaq olan İranı təbiət cəzalandıracaq. Dövlət insanlara ixtisaslarına görə deyil, saqqalının uzunluğuna görə sorumluluq verəndə nəticə bundan başqa bir şey ola bilməz. Digər yandan, ölkədən beyin qaçışı da davam edir. Lakin nə yazıq ki, ekologiyanın bu cəzalandırmasının zərərini molla-seyyid-kapitalist sinfi deyil, orada yaşayan xalqlar görəcək. Coğrafi basqıların üzündən İranın suriyalaşmasına az qalır. Milyonlarla ailə su arxasınca başqa ölkələrə qaçacaq. Səfəviliyin gətirdiyi faciə Xomeyni rejimi timsalında zirvəyə çatmışdır. Quranda bəzi qövmlərin tarixdən silindiyi yazılmaqdadır. Bu silinmə bir gündə, on ildə olmamışdır. Bir sürəc içində, yüz illər boyunca ortaya çıxmışdır. Səfəvi nəfəsi ilə zəhərlənməyə başlayan bölgə bu rejimin tətbiqatı ilə kulminasiya nöqtəsinə çatmışdır.

İran rejimində insan haqları deyə bir anlayış yoxdur, şiə haqları var

– İranda Xomeyni rəhbərliyindəki inqilabın Qərb planı olduğunu düşünürsünüz. Bu inqilabın gələcək nəticələrini necə dəyərləndirirsiniz?

– İrandakı şiə üsyanı insanları gələcəksizləşdirmə zehniyyətinə sürükləməkdədir. Çünkü bu üsyanın ideoloji bilgilərinə görə, artıq heç bir dəyişiklik və inkişaf olmayacaq və şiənin Mehdisi gələnə qədər bunlar iqtidarda qalaraq xalqları sömürəcəklər. Rejimin bütün hərbi, təhlükəsizlik və polis gücləri bu məntiqlə xalqlarla rəftar etməkdədir. Dəyişimdən yana olanlar təqib edilir, zindanlara atılır, cinsi təcavüzə məruz qalırlar. Yəni bu rejimdə insan haqları deyə bir anlayış yoxdur. Şiə haqları var. Şiə ideologiyasının şiə olmayanları tarixdən silmə hərəkətləri var. Məsələn, Tehranda ən son sünni məscidini də yıxdılar. Yəni İŞİD və şiə üsyanının yöntəmləri tamamən eynidir.

Səfəvilər, Qacarlar, Pəhləvilər – Nadir Şah, yoxsa Şah İsmayıl?..

– İrandakı Xomeyni hərəkatını gələcəksizləşdirmə olaraq dəyərələndirirsinizsə, o zaman ölkədə nə kimi anti-tezislər ortaya çıxa bilər? Çünkü heç vaxt bir ideologiya özünə anti-tezis yetişdirmədən həyatına davam edə bilməz. Adətən də anti-tezis o hakim tezisi ortadan qaldırar. Bu məntiqlə İranda nələr ola bilər?

– İranda iki iç-içə olan paradiqma mövcud olmuşdur. Ari irqçiliyi və şiəlik. Hər ikisi də Səfəvilərdən sonra meydana çıxmışdır. Çünki səfəvilik Sasani nostalgiyası üzərinə və Firdovsinin “Şahnamə”də bəyan etdiyi görüş üzərinə qurulmuşdu. Qacarlar və Pəhləvilər özbəöz türk olsalar da, bu paradiqmaların dışına çıxa bilmədilər. Sadəcə, Nadir Şah qısa sürəliyinə bu paradiqmaların dışına çıxdı, onu da öldürdülər. Nadir Şah minlərcə din tüccarı olan molla öldürdü. Bütün mollalar qorxularından qoyub qaçmışdılar Səfəvilər zamanında gətirildikləri yerə, yəni Livana. Nadir Şahın ölümündən sonra Qacarlar Nadir yolu deyil, Səfəvi yolunu izlədilər və fərari mollaları yenidən ölkəyə doldurdular. Nadir yolu davam etsəydi, indi İranda milli türk dövləti var idi. Sırf bu üzdən keçən əsrin əvvəllərində M.Ə.Sabir, N.Nərimanov kimi ziyalılar birləşdirici tarixi şəxsiyyət kimi, Şah İsmayılı deyil, Nadir şahı öz əsərlərində önə çıxarırdılar. Sovet vaxtında bilincli olaraq Nadirin yerinə, sovet ideologiyasına xidmət edən Şah İsmayılı soxdular. Bu şəkildə fars milliyətçiliyi mərkəzli İran kimliyinin arxasında iki paradiqmanın, yəni ari irqçiliyinin və şiəliyin arxasında dövlət dəstəyi durdu. Pəhləvilər ari irqçilikli şiəlikdən yanaydılar. İndiki rejim şiə mərkəzli ariçilikdən yanadır. Çünki dünyada şiələrin tam əksəriyyəti Sasani qalıqlarıdır. Bu paradiqmalar son 500 ildə sizin də dediyiniz kimi tezis olaraq siyasəti yönləndirdi. Lakin hər iki paradiqma artıq çökmüşdür. Bütün İran aydınları ölkədən qaçaraq xaricdə dünyəvi bir yönətim biçiminin ədəbiyyatını yaradırlar. İran günümüzdə ateistlərin ən çox olduğu ölkədir. Çünkü şiəlik molla-kapitalist əlində xalqı sömürən bir ideologiya olduğundan, ona qarşı xristianlaşma və ateistləşmə anti-tezisi meydana çıxmışdır. Xristianlaşaraq İrandan xaricə qaçanların sayı yüz minləri aşmış, milyonlara çatmaqdadır. Çünki şiəliyə görə xristianlaşma mürtədlikdir və cəzası da ölümdür. Anti-tezis aktivitələr siyasi şiəliyin və ari irqçiliyinin ortadan qalxması ilə nəticələnərək zaman axışı içində bu rejimin tarixdən silib yerinə, bütün millətlərə və məzhəblərə eşit məsafədə duran demokratik və sekulyar rejim təsis ediləcək.

İraq, tarixi Sasani ölkəsidir

– Maraqlı bir iddiada bulundunuz. Deyirsiniz ki, şiələrin tam əksəriyyəti Sasani qalıqlarıdır. Bu, çox ciddi iddiadır. Bunu nəyə dayanaraq deyirsiniz?

– Tarixçilərin verdiyi bilgilərə görə, Sasani imperatorluğunun əhalisi 30-35 milyon arasında olmuşdur. O günün şərtlərinə görə az rəqəm deyil. O zaman Sasanilərin mərkəzi ərazisi də indiki İraq idi. Çünki bütün dönəmlərdə əhali başkənd və çevrəsində daha çox yaşar. Sasanilərin başkəndi də Bağdadın yanında Tisfon idi. İkinci Xəlifə Ömər Sasaniləri devirdikdən sonra ölkədə heç bir soyqırım gerçəkləşdirmədi. O zaman bu milyonlarla əhaliyə nə oldu? Hara getdilər? Bunlardan yazıb-oxuması olan məcusilərin bir qismi Hindistana qaçdı. İndi də orada yaşamaqdalar. Yerdə qalan əhalinin hamısı öz yurd-yuvalarında həyatlarına davam etdilər. Lakin daha sonra Əməvilərin şovinist politikasına qarşı bunlar Sasani xatirələrinə sarıldılar. Zamanın axışı içində Sasani xatirələri ideologiyalaşaraq şiəliklə bütünləşdi. Abbasilər ortaq fars-ərəb dövləti idi. Sasanilərin mərkəzi ərazisindəki farslar və digər bu kimi Sasani qalıqları xalqlar şiəlik ətrafında bütünləşdilər. İraqdakı şiə ərəblər ərəbləşmiş Sasani qalıqlardır. Soy olaraq ərəb deyillər. Çünki İraqda heç vaxt ərəb olmamışdı, ərəblərin sayı çox az idi və Ərəb yarımadasında yaşayırdılar. İraq, tarixi Sasani ölkəsidir. Hətta 16-ci əsrə qədər Sasani ölkəsini iki anlayışla tanıdardılar: İraqi-ərəb, yəni ərəbləşmiş sasanilər ölkəsi və İraqi-əcəm, yəni ərəbləşməmiş sasanilər ölkəsi.

Şah İsmayıl fətrəti qapatdı – nədir fətrət?..

– O zaman Azərbaycan şiələri də Sasani qalıqlarıdırmı?

– Azərbaycanda türklər heç vaxt şiə olmamışlar. Şah İsmayılın soyqırım törətməsi ilə şiəlik Azərbaycanda yayqınlaşmışdır. Doğru, Azərbaycanda fars kökənli millətlər şiə olmuşlar, lakin türklər heç vaxt şiə olmamışlar. Bu üzdən də İranda fars tarixçiləri Şah İsmayılı fətrəti qapadan şəxs kimi təqdim edərlər.

– Nə deməkdir fətrət? 

 

– Ərəbcə bir sözdür və iki zaman arasındakı məsafə anlamındadır. İran-fars tarixçilərinə görə, Sasanilər və Səfəvilər arasında 900 illik bir zaman dilimi mövcud olmuşdur və bu uzun zaman sürəsi içində İran Sasanilər zamanında olduğu kimi bir inanc ətrafında bütünlüyünü qoruya bilməmişdir. Bu zaman boşluğunu Şah İsmayıl qapadaraq İranın bütövlüyünü bərqərar etmişdir. Məncə də çox haqlıdırlar. Məsələn, baxın, Əfqanıstan və Tacikistan da fars dillidir. Ancaq onlar Səfəvi ideologiyasına təslim olmadıqları üçün İrandan qaçar, İranı sevməzlər. Lakin Azərbaycan Səfəvi ideologiyasının basqısı altında tarixi kimliyini itirdiyi üçün daha çox irani kimlikdən yanadır. İranın Əfqanıstan və Tacikistanda heç bir təsiri yoxkən, Azərbaycan Respublikasında necə təsirli olduğunu görürsünüz. Çünki Azərbaycan inanc kimliyi zəminində Tacikistanın və Əfqanıstanın tərsinə olaraq İran kültür hövzəsinin bir parçasıdır. Azərbaycanda yetişən mərsiyəxanlar, İslam adına xurafə danışanlar harada yetişir, ya da haradan gəlirlər? İrandan!

Allahşükür Paşazadənin ağlı Tehrandan yönləndirilir

– Maraqlı bir yerə gəldik. O zaman Azərbaycan-İran münasibətlərini necə dəyərləndirirsiniz?

– Azərbaycan inanc zəminində nə yazıq ki, İran kültür hövzəsinin daxilindədir. İraq kimi. Diqqət etsəniz, çoxu şiə olan İraq əhalisi İrandan qurtuluş bəkləməkdədirlər. Azərbaycanda da sosial psixologiya inanc zəminində o istiqamətdə inkişaf etməkdədir. Azərbaycanın mərsiyəxanlarının hamısı İrandan gəlir. Ən dəhşətlisi də İran ayətullahlarını təqlid edirlər. Məsələn, A.Paşazadə açıqca “mənim təqlidim Xamnəiyədir” deyir və Azərbaycan dövləti də belə bir şəxsi ölkənin dini işlərindən sorumlu şəxs kimi vəzifə başında tutmaqdadır. Bu, nə deməkdir? Yəni Paşazadənin ağlı Tehrandan yönləndirilir. Müxalifət tərəfində də durum eyni şəkildədir. Qaçaq yolla gedib İranda təhsil almış, İrançı kimlik zəminində kadrlaşmış adamlar indi müxalifət düşərgəsində siyasi liderlərlə bir yerdə “plan” hazırlayırlar. Çünki Azərbaycanın dini kadrlar yetişdirmə ocaqları yoxdur. Din də elmlə olan bağlarını qopardığında toplumun uyuşdurucu maddəsinə dönüşər. Bizim dinimizin ilk söz “oxu”dur, “ağla!” deyil. Qurani-Kərim möhkəm ayətlə təqlidi yasaqlamışdır. 17-ci surənin 36-cı ayətində buyurur: “Elmin olmayan bir şeyin arxasınca getmə, eşitmə, görmə və idrak düşüncədən sorumludur.”

 

– Bu haqda sualları daha da davam etmək istərdim. Azərbaycanda meydana gələn sosial məzhəbi psixologiya İran-Azərbaycan münasibətlərini necə təsirləndirə bilər?

– Azərbaycan enerji qaynaqları ilə zəngin olan bir ölkədir. Bu üzdən də Azərbaycanın bütünüylə İran kültür orbitinə yuvarlanıb həzm edilməsini önləyən böyük dövlətlər var. İran bunu bildiyi üçün Azərbaycan xalqının məzhəbi psixologiyasından sui-istifadə etməyə çalışır.

İran Azərbaycan gənclərinə tank sürmək öyrədir

– Sui-istifadə edib yaxın, orta və uzaq vədədə İran nə edə bilər?

– İran rejimi İraqdakı təcrübələrini indi Azərbaycan üzərinə də tətbiq etməkdədir. Öncə xatırlarsınızsa, hərbi təcavüzlə Azərbaycanı qorxutdu və İran savaş uçaqları Bakıya qədər gəldilər. 2000-ci ildə Türkiyə savaş uçaqları gəlib Azərbaycanın yanında olduqlarını açıqca sərgilədilər. İran Azərbaycana hərbi təcavüz də etmək istər, çünki Azərbaycan adında bir dövlətin bölgədə olmasını istəmir. Lakin bu zaman Türkiyə ilə qarşı-qarşıya gələcəyini bilir. Türkiyə Azərbaycanın güvənliyi üçün İranın hərbi təcavüzünə qarşı kəsinliklə savaşa girər. İran bunu dəqiq olaraq bilməkdədir. Bu üzdən də fərqli bir yöntəm, İraqdakı yöntəmini yürürlüyə qoymaqdadır. Səddam zamanından başlayaraq İraqdan qaçaq yolla İrana qaçan şiə gənclərinə İran xəfiyyəsi hərbi, ideoloji təlimlər verib on minlərcə olan bu kütləni öz uzaq vədəli strateji planları üçün hazır duruma gətirdi. Onlara ağır silahları istifadə etməyi öyrətməklə bərabər, zehinlərini də ələ keçirdi. Bu böyük kütlənin çoxu İran-İraq savaşında ya əsir olaraq yaxalanan əsgərlər, ya da qaçaq yolla İrana sığınan inanclı şiələr idi. Eyni planı İran Azərbaycan üzərinə də uyqulamaqdadır. Minlərlə Azərbaycan vətəndaşı gənc adam qaçaq yolla İrana gedərək orada zahirən dini təhsil alırlar. Əslində isə bu, məsələnin zahiri tərəfidir. Bu gəncləri müxtəlif sahələrdə yetişdirirlər. Səsi gözəl olanları mərsiyəxan, digərlərini də Qumda, Məşhəddə və digər şəhərlərdə siyasi-dini kadr kimi yeişdirir, onlara ən ağır silahları istifadə etməyi də öyrədirlər. Hətta tank sürməyə qədər onlara təlim verilir. İndi İranda yetişib geri dönənlər Azərbaycanda müxalifət edən, dünyəvi rejimə qarşı İransayağı rejimdən yana olanların həyatları incələnərsə, onların çoxu top, tank və digər bu kimi silahlar qullanmağı da başarırlar. Bunların sayı az deyil və Azərbaycan dövləti bunları kontrol edə bilmir. Çünkü İranla çox uzun sərhəddi var. Çoxu oraya gedib mərsiyəxan olaraq geri dönüb xalqı ağladaraq və aldadaraq pul qazanmaq istəyir. Lakin orada ETTELAAT-ın əlinə keçdikdən sonra İranın uzun vədəli planlarına görə kadrlaşmaq zorundadırlar.

İranın Azərbaycana qarşı təşkil etdiyi şiə fundamentalizmini Rusiya və Çin də dəstəkləyir

– Bunlar Azərbaycan üçün ciddi təhdid ünsürləridir, bu təhdidi İran Azərbaycana qarşı gerçəkdən istifadə edə bilərmi?

– Bölgə və dünya şərtləri uyğun olarsa, edər. Zatən bu hazırlıqları İran dərhal yürürlüyə qoymaq üçün etmir. İran öz mənafeyi istiqamətində yeri gələrsə, dünya və bölgə şərtləri icab edərsə bunları istifadə edər. Bəlli tarixi fürsət və tarixi zaman üçün edilən hazırlıqlardır bunlar. Elə bir zaman gəlsə, Azərbaycan dövlətinə qarşı ən ağır silahları istifadə edəcək ordular ölkə içində birdən baş qaldıraraq Rusiyanın və Çinin Orta Asiya planları və mənafeləri istiqamətində İranın bu planını yürürlüyə qoyar. Çünki Türkiyə və Qərb ölkələri mənafeyi qarşısında İran-Çin-Rusiya mənafeləri örtüşməkdədir. Yəni İranın Azərbaycana qarşı təşkil etdiyi şiə fundamentalizmini Rusiya və Çin də dəstəkləməkdədir.

Çin müsəlmanları şiələşdirir

– İranın istifadə etdiyi şiə geopolitikasından Çinin də yana olduğunumu düşünürsünüz?

– İranın bölgə dış politikasında yürürlüyə qoyduğu şiə geopolitikası Rusiya və Çinin mənafeyinə xidmət edir. Bilirsiniz, Doğu Türkistan daxil olmaqla Çində on milyonlarla müsəlman var. Çin onları şiələşdirmək üçün İrandan ideoloji dəstək istəməkdədir. Çində İranın mollaları üçün bürolar açılıb. Çin öz içində olan müsəlmanların şiələşməsi üçün külli miqdarda para xərcələməkdə və mütəxəssisləri də İrandan gətirməkdədir.

Çin bu işi nə üçün edir?

– Uzun vədəli təhlükəsizliyi üçün. Çünki şiələşən müsəlman kütləsi savaş ruhunu itirər. Öz əzadarlığı ilə, zəncir vurmağı ilə məşğul olaraq Çin imperializmi üçün təhdid olmaqdan çıxar. Beləcə, məsələn, Doğu türküstanlıların Türk islam tarixi xatirələri ilə bütün bağları qopar. Yeni kimlik inşa etmək üçün də yüzillər zaman lazım. Bu müddət ərzində də əriyib yox olub gedərlər. Eynən İrandakı türklər kimi. Diqqət etsəniz, bütün Türk-islam Dünyasında keçən yüzildən başlayaraq böyük milli hərəkətlər meydana çıxarkən, İran türkləri bu hərəkətlərin tam tərsinə olaraq İrançı kimliyin modernizasyonu üçün çox böyük fədakarlıq etdilər.

 

“Qüdsün yolu Kərbəladan keçir” dedilər, indi də “Qarabağın yolu Kərbəladan keçir” deyirlər…

 

– İranın Azərbaycanda bu kimi təxribatının əlamətlərini görürsünüzmü?

– İran-İraq savaşında Xomeyni “Qüdsün yolu Kərbəladan keçir” deyə bir söyləm ortaya atmışdı. İndi bilirsiniz, Kərbəla demək olar İranın əlində və ya tamamən təsiri altındadır. İranda yetişib geri dönən irançı şiələr indi “Qarabağın yolu Kərbəladan keçir” deyə Xomeyni sayağı bir şüar ortaya atıblar. Komik deyilmi? Qarabağın Kərbəla ilə nə əlaqəsi? Kərbəla işğal altındamı? İraq şiə dövləti bu gün Kərbəlada hakim deyilmi? Bunlar İran tərəfindən hazırlanıb cahil xalqın şüuraltına yerləşdirilir. Ölkədə bu zehniyyətlə yaşayan insanda vətənsevərlik ruhu olmaz. Bizim İraqla ortaq mənafeyimiz yoxdur. İraq başqa müstəqil bir ölkədir. Bizim ərazimiz ermənilər tərəfindən işğal edilmiş və Kərbəla ilə də heç bir əlaqəsi yoxdur. Əlaqəsi olmayan bir durumu əlaqədarmış kimi təqdim etmək ölkədə milli kimlik və milli mənafe anlayışını məhv etmək deməkdir.

İranın başı nə zaman dərdə girmişsə, şiə türklərə ehtiyac duyub onları ölümə göndərmişlər

İranın bu kimi planlarına qarşı Azərbaycan da İrana qarşı bir planlar hazırlaya bilərmi? Məsələn, müttəfiqləri ilə bir yerdə İrandakı türk milli hərəkətini dəstəkləyə bilərmi?

– Azərbaycan bunu heç vaxt edə bilməz. Edə biləcək gücü və ideologiyası yoxdur. İranın quzeyində yaşayan türklərin sosial psixologiyasında da belə bir ehtiyac yoxdur. Yəni orada milli hərəkat heç vaxt dünyadan dəstək alacaq qədər güclənib beynəlxalq bir cərəyana dönüşə bilməz. Çünkü o hərəkəti yaradacaq olan milli ruh Səfəvilərdən günümüzə qədər mərhələ-mərhələ öldürülmüşdür. Fiziki ölüm deyil, sosial ölüm hadisəsi baş vermişdir. Azərbaycanda uydurulan “Qəhrəman Güney Azərbaycan” yalanı sovet zamanı bəlkə bu xalqa lazımmış, ancaq bu, sadəcə olaraq yalandır. Orada milli hərəkat yaradacaq dərin fəlsəfəsi olan milli kimlik bilgiləri, kitabları və dünyagörüşü olmamışdır, yoxdur. Öncə bunun kitablarını yazmaq lazımdır. İranın başı nə zaman dərdə girmişsə, şiə türklərə ehtiyac duyub onları ölümə göndərmişlər. İraq savaşında yüzminlərcə türkü ölümə göndərdilər. İndi Suriyada savaşmaq üçün də Azərbaycan türklərinə ayətullahlar müraciət edirlər. Suriyə ilə bizim nə işimiz? İnsan bu qədər öz həyatını necə dəyərsizləşdirə bilər? Həftədə, ayda, Suriyada könüllü olaraq gedib savaşaraq ölən savaşçıların cənazəsi gəlir türk şəhərlərinə! Ağıl yox, milli şüur yox, öz həyatına dəyər vermə bilinci yox. Türk sürüsünü molla-kapitalıist sinif öz mənafeyi yolunda qullanır.

 

İranda son 500 ildə türklüyün elitası və aristokrat sinfi olmamışdır

 

– Güntay bəy, sizin yazıları oxuyanda adama elə gəlir ki, siz ümumiyyətlə İranda ya türklük hərəkətini görmürsünüz, ya da istəmirsiniz. Bu məsələyə bir açıqlıq gətirə bilərsinizmi?

– İbni-Sina “heç kimsə görmək istəməyən qədər kor deyildir” demiş. Bir hərəkətə qatılan kişi gerçəkləri görməzsə, həyatını heçliklərə fəda edər. Mən də Bakıda uydurulan saxta və irançı tarix və sosial bilgilərin təsirində idim. Lakin həqiqəti axtarışım çox şeyləri mənə öyrətdi və Bakı yalanlarını ifşa etdi. Həqiqət də insanı yalnızlaşdırar. Həqiqəti bildikdən sonra ya bir köşəyə çəkilib tək-tənha yaşamağa məhkum olmalısan, ya da həqiqəti söyləmə cəsarətini əldə etməlisən. Məsələn, təsəvvüf və irfan tarixinə baxsanız, çoxları yalan siyasi və dövlət İslam anlayışını idrak etdikdən sonra inzivaya çəkilib yaşamışlar. Mənsə yazılarımla xalqın gələcəyini qaranlığa gömən Bakı yalanlarını ifşa etməyə qərar verdim. İndi İranda türklük hərəkətinin nə yerdə olduğunu söyləmək istəyirəm. İranda son 500 ildə türklüyün elitası və aristokrat sinfi olmamışdır. Elitası olmayan bir hərəkətin də bəri başdan başqa hərəkətlər tərəfindən istifadə olunacağı məlumdur. Bir nümunə söyləyəcəyəm. Keçən əsrin əvvəllərində İranda Almaniya türk milliyətçiliyini, İngiltərə də fars milliyyətçiliyini dəstəkləyirdi.

 

Ənvər Paşanın Türküstanı fəth etmə xəyalı ilə Almaniyanın Asiya politikası örtüşməkdə idi

 

– Niyə, Almaniyanın marağı nə idi?

– Bilirsiniz, 19-cu əsrdə Almaniya paramparça idi. Başı qarışmışdı bütöv milli dövlət qurmağa. Bismark bunu başardı. Almanlar gördülər başları milli və sənayeləşmiş dövlət qurmağa qarışarkən, başqa böyük dövlətlər dünyanın enerji qaynaqlarını ələ keçirmişlər. Hər iki dünya savaşının Almaniya tərəfindən başlamasının da səbəbi bu idi. Yəni Almaniyanın özünə müstəmləkə ölkələr araması. İngiltərə, Fransa kimi dövlətlər çox inkişaf etmişdilər. Lakin inkişaf etməmiş, çox böyük bir imperatorluq var idi, Rusiya imperatorluğu. Ayrıca, Rusiya imperatorluğu böyük enerji qaynaqlarını da ələ keçirmişdi. Almaniya rus müstəmləkələrini işğal etmək istədi. Bu üzdən də türkoloji elmi Almaniyada inkişaf etdi. Çünki Rusiyada yaşayan xalqların çoxu türksoyluydular və o xalqları öz yanına almaq istəyirdi. Rusiya ilə sərhəddi ölkələrdə də türk milli kimliyinin inkişafını istəyirdi. Bu ölkələri Rusiyaya qarşı savaş zamanı öz müttəfiqi etmək niyyətində idi. Osmanlıda da türkçülük şüurunun doğmasında Almaniyanın rolu oldu. Şəhid Ənvər Paşanın Türküstanı fəth etmə xəyalı ilə Almaniyanın Asiya politikası örtüşməkdə idi. Osmanlı Almaniyanın yanında Dünya Savaşına qatıldı. Almaniya İranda da milli türk dövləti qurulmasından yanaydı. Səttar Xan zamanında Almaniyanın casusları Təbrizdə və digər türk şəhərlərində türklük kimliyinin İngiltərəyə qarşı şəkillənməsi üçün girişimdə bulundular. Lakin türk kimliyi yolunda təşkilatlanacaq, ya da düşünücək bir tək kadr tapa bilmədilər. Bütün elita və yazıb-oxuması olan türklərin hamısı səfəvizədə türk düşmənləri idi. Bu üzdən də Almaniya İranı ideolojik zəmində İngiltərəyə qapdırdı. Bakıda uydurulan Səttar Xan, Xiyabani yalanları bəlkə sovet şərtləri içində lazım olmuş, ancaq Bakının uydurduğu bütün bilgilər irançılığa xidmət etmiş, bizi, hətta müstəqil Azərbaycanı da İrançı kimliyə məhkum etməkdədir.

İranda milli ruh Türkiyə ilə oyanacaq

O zaman sizə görə İrandakı türklərin azadlıq problemi necə çözüləcək?

– İrandakı türklər öz tarixi təcrübələri və bilgiləri ilə ancaq farslaşa bilərlər. Çünki son 500 ildə bütün fəaliyyətimiz fars milliyətçiliyi mərkəzli irançılığa həsr edilmişdir. İrandakı türklərdə milli kimlik bilinci dünya türkləri, özəlliklə Türkiyə ilə ilişkilər bağlamında şəkillənə bilər və bu, belə də olacaq. Bunun başqa yolu yoxdur.

 

– Bu, necə ola bilər?

– 1991-ci ildə sovetlər dağıldıqdan sonra “Avrasiyanın ortaq dili hansı dil olmalıdır” deyə dartışmalar başladı. Farsca, ingilizcə, rusca və türkcə üzərində duruldu. Bu dörd dildən biri Avrasiyanın ortaq ilətişim dili olma şansına sahibdir. İran çox böyük təşəbbüslərdə bulundu. Çünki yüzillər boyunca bu coğrafiyanın ədəbiyat dili farsca olmuşdur. Lakin bu, yüzillər öncə idi və artıq şərtlər dəyişmişdir, ayrıca, farscanın arxasında şiə fanatizminə dayanan terorist bir dövlət vardır. Bu üzdən farsca bu yarışma meydanından öz-özünə kənarlaşdırıldı. İngilizcənin bu coğrafiyalarda kökü yoxdur. Bir də ingilizcə ilətişim dili olmaqdan daha çox uzmanların dilidir, çünki bölgədə ingilis xalqı yox. Kiminlə ilətişim qurulacaqdır? Rus dili və mədəniyyəti sovet sonrası öz içinə çəkilməyə başlamışdır. Avrasiyada yaşayan türk xalqlarının dini və dili ilə rus mədəniyyəti və dili uyum içində deyildir. Qaldı sadəcə türk dili. Türkiyənin dünyəvi dövlət olması və TV-lərinin Çin türklərindən İrana, Əfqanıstana qədər izlənməsi türkcənin ortaqlaşmasına öz-özünə zəmin yaratmaqdadır. Türkcəni duyduqca türk xalqlarının öz tarixi xatirələri də oyanmağa başlayır. Diqqət etsəniz, Azərbaycan Cümhuriyyətində bugünkü danışılan dil 25 il öncəki dil deyildir. Türkiyədən minlərcə söz dilimizə giribdir. İranda, Əfqanıstanda və digər türk ölkələrində də belə olacaq. Türkcənin İran türklərinə təsiri xalqda zaman içində dünyəvi zehniyyət də formalaşdıracaq. Dünyəviləşməyən İranda türklər əskidən olduğu kimi Səfəviyyətin xurafələrinə yem olarlar. İndi İranda Türkiyə türkcəsinə çox böyük bir təmayül var, çünki İran şiə rejiminin basqıları altında türkcə, özəlliklə türklər üçün həm əyləncə, həm də dünya ilə xəbərləşmə dilidir. Ayrıca, türkcə vasitəsi ilə Türkiyədəki demokratikləşmə təcrübəsini də müşahidə edirlər. Belə böyük bir türklük oyanışı içində İrandakı türklərdə Səfəvilərdən sonra məhv edilən milli ruh oyana bilər.

 

Hazırladı:

Məlahət Zeynallı

Əlaqəli məqalələr

1 şərh

  1. Bu manqurdun kimlərə xidmət etmasi ayın çözülür.! Şah ismayil hakimiyata on ikiyə yaxin tayfanın dəstəkilə galmişdi bu tayfaların yarısı sünü tayfaları idi üç əsirə yaxın hakimiyatdə olmuş Səfəvi nasli nəyisə ifrat dərəcədə etdilər ki dövlət dağıldı? O ki qaldı farsların hakimiyyətə kimlərin gətilməsinə o geniş mövzudu. Bu yazar farsdarnan eyni fikirdədir….!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button