Naməlum şəxslər Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj edir

08.03.2012

Naməlum şəxslər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək cəhdi göstərib. Martın 7-də jurnaslitin ev ünvanına gələn poçtda onun susması tələb olunur, əks halda intim şəkillər yaymaqla onun rüsvay ediləcəyi yazılır.

Azad Avropa/ Azadlıq radioları korporasiyası bəyənat yayaraq Xədicə İsmayılovaya qarşı təzyiqləri kəskin pisləyib. Korporasiyanın prezidenti Steven Korn insidenti “mədəni cəmiyyət üçün yolverilməz olan iyrənc şantaj cəhdi” adlandıraraq, bildirib: “Biz Xədicə ilə fəxr edir, onu və onun fəaliyyətini tam dəstəkləyirik”. S.Korn Xədicə ilə şəxsən görüşmək niyyətində olduğunu da bildirib.

Xədicə İmsayılovanın bəyanatı

Martın 7-də mənim ev ünvanıma təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Mənə, özümü yığışdırmasam, rüsvay olacağımı yazırlar.

Bu təhdid sürpriz deyildi. Uzun müddətdir, jurnalist araşdırmaları aparıram. O cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırmışam, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarmışam, hakim ailənin üzvlərinin ofşor biznesləri barədə gizlinləri açmışam.

Hazırda da ciddi araşdırma mövzuları üzərində işləyirəm. Birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara sorğular göndərmişəm.

Ümumiyyətlə, jurnalist fəaliyyətim hökuməti çoxdan narahat edir. Ardıcıl olaraq hökumət qəzetlərində əleyhimə yazılar dərc edilir, haqqımda böhtanlar yayılır. İndiyə qədər ünvanıma erməni qohum-əqrəba, xarici kəşfiyyatla əməkdaşlıq kimi absurd ittihamlar səsləndirilib.

Buna qədər jurnalist həmkarlarım haqqında şantaj xarakterli məlumatlar yayılıb və mən dövlətin malını, xalqın pulunu və yaxşı yaşamaq imkanlarını yağmalayan adamların mənə qarşı yeni çirkin şantaj metodlarından istifadə edəcəyini gözləyirdim. Bunu göz altına almışdım və buna hazır idim.

Bu gün məktubu alandan sonra bir daha əmin oldum ki, istənilən təbliğat maşınının şantaj kampaniyasına hazıram. Mən işimi davam etdirirəm. Çünki öz peşəsinə hörmət edən jurnalist başqa cür edə bilməz.

Bir daha xatırladım ki, mənə qədər də jurnalistlərə və ictimai fəallara qarşı bu cür şantajdan istifadə ediblər. Bunun motivi ictimaiyyətə tam aydındır – danışan insanları susdurmaq istəyirlər. Bu iyrənc əməllərin arxasında böyük cinayətlər durur.

Mənə qarşı bundan sonra daha iyrənc və daha təhlükəli addımlar atıla bilər. Hökumətin borcu bu hadisələri araşdırmaqdır. İndiyə kimi apardığım araşdırmaların xarakteri və indiyə qədər ünvanıma səslənən tənqid və ittihamların mənbəyini nəzərə alaraq, hər hansı bir hadisənin, eləcə də təhlükəsizliyimin təmin olunmasının məsuliyyətini prezidentin daşıyacağına ümid edirəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button