Namərdin balası da namərd olur

aida

Aida Eyvazlı: “Dünən hakimiyyətə daş atan, gördüyü ən yaxşı işə belə qara yaxan, ölkəmizin naliyyətlərini həzm edə bilməyən, özlərini “azadlıq mübarizəçisi” adlandıranlar bu gün iqtidar qoltuğuna sığınır”

Strateq.az-ın “16-1” layihəsində Aida Eyvazlıdır. Aida Eyvazlı uzun illərdir Azərbaycan mətbuatının aparıcı simalarından biridir. Bəzi telekanallarımızın yaradıcı kollektivinin içində yer alıb. Hər zaman əməyi və zəhmətsevərliyi ilə jurnalistikanın adını uca tutanlardan olub. İllərlə Azərbaycan Televiziyasının Orta Asiya Respublikalarında təmsilçisi olub və bu baxımdan, Orta Asiya Respublikalarını və oradakı mətbuatı çox yaxşı tanıyır.

Onunla jurnalistika və oradakı problemlərdən danışdıq. O qədər maraqlı cavablar verdi ki… İstəyirik, o maraqlı cavabları Siz də oxuyasınız, əziz Oxucular…

aida1

O illərin jurnalistləri azadlıq mücahidləri, savaşçılar idilər

Aida xanım, uzun illərdir ki, Azərbaycan mətbuatında “bəsdir” demədən çalışan jurnalistlərimizdənsiniz və hər zaman da zəhmətsevərliyinizlə fərqlənmisiniz. Bildiyim qədərincə də, heç bir zaman fəaliyyətinizdə fasilələr olmayıb. Sizcə, 15 il əvvəlin mətbuatı ilə bu günün mətbuatı arasında ciddi nə kimi fərqlər var?

– 1988-90-cı illərdə Azərbaycanda yeni jurnalist nəsli yarandı. Onlar köhnə tabuları qıraraq öz yollarını müəyyənləşdirə bildilər. Jurnalist yaradıcılığında, dilçilikdə öz qatqılarını dərhal ortaya qoydular, peşəkarlığın yeni modelini cızdılar. Çünki o zaman özündən əvvəlkilərə qeyri-peşəkar demək insafsızlıq olardı. Sadəcə, sovet jurnalistikasının nəfəsi, havası köhnəlmişdi, naftalin qoxusu verirdi. Gənc nəsil isə azad sözün və reformaların carçısı idi. Əqidəsi, məsləyi, prinsipi bəlli idi. O illərin jurnalistləri azadlıq mücahidləri, savaşçılar idilər. Onlar üçün demokratiya söz oyunu deyildi. Sözün məsuliyyəti vardı. İdeallaşdırmıram, bəzi problemlər, bəlkə də elə o zaman bizdən başladı. Keçilməz sədləri biz asanlaşdırdıq, qapıları taybatay elədik. Ondan sonra özlərini jurnalist adlandıran çoxlu həşəratlar basdı mətbuatımızı. Görünür, bəzən bütün qadağaları, tabuları yığışdırmaq, onları bolşevikcəsinə dağıtmaq olmazmış. Çox tezliklə jurnalistikanı bazara döndərdilər. Mən demirəm ki, jurnalistin pulu-parası olmamalıdır. Jurnalist də, həkim də, süpürgəçi də çörəyini vicdanla qazanmalıdır. Jurnalisti gördüyü işə görə dəyərləndirmək, zəhmətinə qiymət vermək lazımdır. Əfsuslar olsun ki, reketçilik özünə geniş meydan qazandı. Bu gün o virusu təmizləmək olmur. Belə hesab edirəm ki, bütün bunların kökü təhsilimizdədir. Cahillik var hamının içində. Həndəsi silsilə şəklində bütün cəmiyyəti ağzına alıb. İndi informasiya, texnologiya əsridir. Jurnalistlərin işləməsi üçün bu qədər asanlıq varkən, bu qədər bəsitlik hardan qaynaqlanır sizcə? İnsan gərək canıyla, qanıyla peşəsinin sahibi olsun. Bu sənətə ikinci qədim peşənin sahibləri epitetini yaraşdıraraq, təlqin edərək doğrudan da onu birinci qədim peşə sahiblərinə çevirdilər. Siz elə bilirsiniz əxlaqsılıq təkcə bədənini satmaqdır? Bilmədiyin, sevmədiyin peşədən ailənə çörək aparmaq, yaxud yaltaqlıq, satqınlıqla bu aləmdə özünə yer eləmək də əxlaqsızlıqdır.

 

aida5

“Şərəf ordeni var, şərəfsizin də…”

Adam kişi olar!

 

– Bu gün Azərbaycan mətbuatında hakimiyyətin yüksək adlarını qazanan jurnalistlərimiz var. Onların bəziləri cəmiyyətdə qınaqla qarşılanır. Çoxları hesab edirlər ki, əgər hər hansı bir jurnalist hakimiyyətin yüksək titulunu qəbul edibsə, artıq onun müstəqilliyindən söhbət belə gedə bilməz. Bəziləri isə əksinə, bu mükafatları prestij və zəhmətinin yüksək dəyərləndirilməsi kimi qəbul edir. Siz necə düşünürsünüz, müstəqil jurnalistlərin mükafata ehtiyacı varmı?

– Bilirsiniz, cəmiyyət hamının kim olduğunu yaxşı bilir. Gözəl bir şairimiz var Ayaz Arabaçı. Yazır ki, “Şərəf ordeni var, şərəfsizin də…” İnsanın öz mənliyi olmalıdır, özü bilməlidir ki, Allah və bəndə qarşısında, ətrafındakı adamlar qarşısında hansı xidmətləri var. Şornan yağın qiymətinin eyni olduğu məmləkətdə yaşayırıq. Dünən hakimiyyətə daş atan, ən azı hər addımına, gördüyü ən yaxşı işə belə qara yaxan, ölkəmizin naliyyətlərini həzm edə bilməyən, özlərini “azadlıq mübarizəçisi” adlandıranlar bu gün iqtidar qoltuğuna sığınır. Siz elə bilirsiniz, onlar sadiqdirlər? Allah eləməsin, bir hadisə baş versə, dərhal deyəcəklər ki, bu bizim haqqımız idi, başqa yol yox idi yaşamağa, haqqımızı almağa. Adam kişi olar! Bir şeyi bu yaşımda tam yəqin etmişəm, heç vaxt heç kim islah olunmur, xislətləri dəyişmək mümkün deyil. Şərəf və ləyaqət hamiləlik kimi bir şeydir. O ya var, ya da yoxdur. Qismən hamilə olan qadın yəqin ki, görməmisiniz. Mövqelərini gündə 360 dərəcə dəyişənləri kişi saymıram. Rəhmətlik Heydər Əliyev deyirdi ki, bizdə layiqli müxalifət yoxdur. Onun bu sözü hər zaman aktualdır. Çünki həmin o müxalifət düşüncəsi olanlar, bilirsiniz sözə, dosta, insanlara xəyanət edib nə qədər pullar qazanıblar? İqtidar cəbhəsində də kifayət qədər buqələmunlar var ki, burdakıların haqqını yeyir, donos verir, həqiqi söz adamını, sadiq vətənpərvəri üzə çıxmağa qoymurlar. Nə etməli, bizim başqa ölkəmiz, başqa xalqımız yoxdur. Bu gün Azərbaycanda yaşayan bir neçə millətin əmələ gətirdiyi xalq bundan ibarətdir. Ayrıntılara girmək istəmirəm, çünki bu ayrı mövzunun söhbətidir.

aida4

…ən azı, ürəyimizi partlamağa qoymurlar

– Azərbaycan mətbuatında öz dəsti-xəttilə seçilən jurnalistlərdənsiniz. Bir telereportajın hazırlanması zamanı nə qədər əziyyət çəkdiyinizin şahidiyik. İnformasiyanı tamaşaçıya əhatəli çatdırmağa çalışardınız. Bəzən günlərlə reportajınızın efirə buraxılmasını şəxsən əngəlləyər, qarşı tərəfin mövqeyini öyrənmədən efirə buraxmazdınız. İndi vəziyyət dəyişib. Belə bir vəziyyətdə işləmək sizin üçün nə kimi çətinliklər yaradır?

– Əvvəllər istedadlı jurnalistləri önə çəkirdilər. İndi dəyərlər dəyişib. İstedadı, qələmi olan jurnalisti baltalayırlar. Keçmişi, jurnalistikada imzası olmayan birisini gətirib hansısa “xidmətlərinə görə” rəhbər qoyurlar. O da özünün olmayan qələminin acığını dəsti-xətti, imzası olan jurnalistdən çıxr. Əslində əqidəsi, mərdanəliyi, pul qazanmaqda deyil, qələmdə fərasəti olan jurnalistlər əziyyət çəkirlər. Bu gün sözün dəyərdən düşdüyü bir vaxtda, sözün başına dolanan jurnalistlər üçün yaşamaq çox çətindir. Bəən özlərinin, şər-böhtan taktikasına da keçirlər. Öz çirkin oyunlarına bulaşdırmaq istəyirlər. Ancaq yaxşı ki, bəzi dost həmkarlarımız var ki, qələmimizə, şərəfimizə dəyər verib yazılarımızı dərc edir, ən azı, ürəyimizi partlamağa qoymurlar.

aida3

Özbəkistanda mətbuat Sovet İttifaqındakı kimi dayanıb

– Uzun illərdir ki, Azərbaycan mətbuatını Orta Asiyada təmsil edirsiniz. Bu ölkələrdə mətbuatla bağlı vəziyyət necədir? İnformasiyanın əldə edilməsi, çatdırılması problemlər yaratmır ki? Ümumiyyətlə, Azərbaycan mətbuatı ilə Orta Asiya dövlətləri mətbuatları arasında nə kimi fərqlər mövcuddur?

– Bu, əla sualdır. Özbəkistanda mətbuat Sovet İttifaqındakı kimi dayanıb. Hərdən fikirləşirəm ki, bəlkə elə belə yaxşıdır? Kimsə ağzına gələni yazıb mühitin havasını dəyişmir. Əslində güclü senzura mövcuddur. Bilirsiniz, insan çox azad olanda da çaşır, ondan ötrü birinci azadlığa hazır olmaq lazımdır. Bu gün Özbəkistanda elə qəzetlər var ki, 40 min tirajla çıxır və oxunur. Telefonla, məktubla heç bir idarədən, müəssisədən hansısa xəbəri birmənalı şəkildə öyrənə bilməzsən. Bütün informasiyalar bir mərkəzdən yayımlanır. Qırğızıstanda və Tacikistanda isə media nisbətən azaddır, hakimiyyətin nəzarəti də hiss olunur. Qazaxıstanda olan media nə qədər azad olsa da, etik qaydalar yüksək səviyyədə gözlənilir. Ölkə daxilindəki heç bir sayt dövlət əhəmiyyətli şəxs haqqında təhqiredici yazılar, şantajlar yazmır. Neçə il Qazaxıstanda işlədim, bir dəfə də olsun o qəzet bolluğunda ölkə başçısını aşağılayan yazı görmədim. Hər bir yazar və vətəndaş bilir ki, Prezident ölkənin atributudur. Hətta müxalifət belə öz oyun qaydalarını gözəl bilir. Bir də fərq ondadır ki, Qazaxıstan televiziyasında hər hansı televiziyanın xəbər departamentinin rəhbəri ən azı 3.000 dollar aylıq alır. Ən məşhur dərgilərdə belə jurnalistlərin aylıqları çox yüksəkdir. Mən orada qapı-qapı dolanıb, dilənçilik edən jurnalist, müxbir görmədim. Yəni ortabab jurnalist bir ayda 1.000 dollar maaş almaq imkanına malikdir.

aida2

Dilqəm, Şahbaz, Həsən …mənim çox ağrıyan yerimdir

– Siz Azərbaycan mətbuatında heç kəsin addım atmadığı bir ilkə imza atdınız. Sübut etdiniz ki, Vətən oğulları üçün bu torpağa özünü əvvəl düşmən, sonra isə dost elan edənlərə də müraciət etmək olar. Söhbətin Jirinovskidən getdiyini yəqin ki, bildiniz. O, sizin məktubunuzu cavablandırdı. Lakin öz torpaqlarımızda əsir götürülən həmvətənlərimizin geri qaytarılmasında məqbul sayıla biləcək heç bir addım atmadı. Ona müraciət etməyə dəyərdimi?

– Jirinovski çox arif adamdır. Türkoloqdur. Türkü, azərbaycanlını yaxşı tanıyır. Mən məktubumda ona əslində ölkəsinin törətdiyi həqiqətləri yazmışdım. Bundan əlavə, eyni vaxtda mən Barak Obamaya da müraciət etmişdim. Jirinovskidən cavab aldım, Barak Obamadan Qurbanəli bəy kimi, indiyə kimi cavab gözləyirəm. Jirinovski məhbusların sənədlərini istəyirdi… o zaman mən işləmirdim, bildim ki, sorğuma kimsə cavab verməyəcək. Topladığım sənədlərin də bəzisini dostum Elşad Eyvazlı tapdı. Sənədlər az olduğundan, heç bir iş görə bilmədim. Bir az keçmiş Jirinovskini Bakıya dəvət etdilər. Görüşlərdə belə təlimat var idi ki, kimsə ona sual verməsin. Mən onun olduğu görüşlərə də düşə bimədim. Dilqəm, Şahbaz, Həsən …mənim çox ağrıyan yerimdir. Qeyrətimə təsir edir… Bu işin peşini buraxmamışam, Moskvaya yolum düşsə, mütləq onlara görə qapıları döyəcəm.

 

aida6

Elə bil ki, bir qara əl, mən döyən qapıları bağlayır

 

– Gözəl şeirləriniz var. Ara-sıra oxuyuruq və çox bəyənirik. Ümumiyyətlə, jurnalistikanı tam olaraq nə vaxtsa ədəbi mühitlə dəyişmək haqqında düşünmüsünüzmü? Və ya kitab çap etdirmək kimi düşüncələriniz varmı?

– Şeirlərim ümumi ruh halımdır. Bu haqda fikirləşməmişəm. Mən kiminlə söhbət edirəmsə, bütün söhbətlərim müsahibə kimi alınır. Bütün insanlarda qeyri-adi nəsə tapıram. Çox istəyirəm ki, yenə də ölkəmizin televiziyalarında çalışım. Elə bil ki, bir qara əl, mən döyən qapıları bağlayır. Məni işlə təmin etmək istəmirlər. Nə qədər layihələrim var, nə qədər bildiklərim var. Gənc nəslə öyrədə bilərəm. Rəqsanəni veriliş aparmağa çağırırlar, bizi yox, it dəyib də bizə.

Bu yaxınlarda Rusiyanın məşhur Beynəlxalq Media Holdinqlərindən biri Özbəkistanda onların 25-30 nəfərdən ibarət bir heyətin rəhbəri olmamı istəmişdi. Bütün sənədlərimi alıb göndəriblər Özbəkistanın Xarici İşlər Nazirliyinə. Hələ ki cavab yoxdur… Əgər ürəyim istəyən iş tapmasam, ola bilər ki, ölkəni tərk edib gedəcəm… özümə və sözümə heyfim gəlir. Gedib hansısa bir ölkədə Azərbaycan mətbəxini yayaram. Tanrım məni çox sevir, nə başlasam gözəl olur sonu. Yəni dəyişsəm də belə dəyişə bilərəm. Lakin yaradıcılığımdan, jurnalistliyimdən əl çəkmərəm. Yazılarımı yığıb kitab çap etdirməyə vaxt tapmıram. Sonra da ki, utanıram… Deyirlər ki, kitab çıxarsam bestseller olacaq. Bu dəqiqə hamı kitab çap edir… Bəlkə nə vaxtsa, ailəm üçün yazılarımı bir yerə toplayacam.

 

aida7

2 ilə yaxın işsiz qaldım… 30 illik dostlarımdan bir telefon zəngi almadım…

 

– Siz Azərbaycana dəyər verdiyiniz qədər də, öz soy-kökünə dərin bağlı olan insansınız. Bədii janrda yazdığınız mənsum şeirlərdə, hekayələrdə bu, hiss olunur. Sevdiyiniz insanlara dəyər verməyi bacarırsınız. İnsanlara sadiq qalmağı da. İndiki zəmanədə bu cür qalmaq çətinliklər yaratmır ki?

– Mən elə həmən sadiqəm. Bəlkə də dəyişə bilmədiyimdəndir ki, məni bəzi dairələrdə “görməməzliyə vurdular” və ya yaxına buraxmadılar. Ancaq 2 ilə yaxın işsiz qaldığım vaxtlarda, 30 illik dostlarımdan bir telefon zəngi almadım. Kreslolarını itirməkdən qorxdular. Elə bil ki, vətən xaini idim. Sadəcə, işsiz qalmışdım. Süfrə, ürək, can dostlarım var idi ki, bu il anam rəhmətə gedəndə onun yas yerinə az qala gizlin gəlib-getdilər. Hətta telefonla da halımı xəbər almadılar. Mən isə onlar üçün canımdan, varımdan, evimdən keçmiəm… O qədər işlərini aşırmışam ki… Namərdin balası da namərd olur. Bu gün namərdlik edənin balası da atasından, anasından öyrənir. Ona görə də yaxşıların sayı azalır. Mənə elə gəlir ki, dünya heç zaman bu qədər cılız, yazıq olmayıb. Qızım da elə mənim kimidir. Qızım üçün də çətindir bu mühitdə.

 

aida8

Mənim ailəm dünyaya qız övladı gətirdiyimə görə pozulub

 

Ailə və jurnalistika. Qızınız Ləman xanım bu mühitin içərisində boya-başa çatsa da, tamam başqa profil üzrə ixtisaslaşdı. Ona siz mane oldunuz, yoxsa özü seçim etdi?

– Jurnalistika əksər hallarda ailəni darmadağın edir. Mənim ailəm dünyaya qız övladı gətirdiyimə görə pozulub. Ancaq özümü xoşbəxt sayıram. Çox xoşbəxtəm ki, Ləman hüquqşünasdır. Şükür Allaha ki, savadlıdır. Bu yaxınlarda Astanaya getmişdik. Bir çanta kitab alıb gətirib. Sevinirəm ki, oxuyur, özü də dəyərli əsərləri oxuyur. Gözəl qələmi var. O yazmağa başlasa, gərək mən qələmi yerə qoyum. Ancaq yazmır. Bu günə qədər də onun üçün bütün seçimləri özüm edirəm. Bütün işlərini məndən soruşmadan, məsləhət almadan görmür. Hüquqşünas olmağı da mən məsləhət gördüm. Peşəsindən razıdır.

aida9

Türk dünyasının Birliyini arzu edirəm

Gələcək planlarınız… Varmı?

– Arzusuz, plansız olmur ki… Gecəni səhərə qədər arzu edib yatırıq. Çox gözəl layihələrim var, onları yəqin ki, həyata keçirəcəyəm. Gələcəyə ümidlə baxıram. Bir də ki, Türk dünyasının Birliyini arzu edirəm. Onda biz hamımız güclü olardıq. Dini dövlətdən ayrı, başı türbansız-çadrasız olan bir Türk Dünyası istəyirəm.

 

Hazırladı:

Əvəz Zeynallı

Məlahət Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button