“Namus Natiqdir, Seymurdur…”

Aynur İmran

Keçən həftəsonu tanınmış iqtisadçı, ReAL hərəkatının icra katibi Natiq Cəfərli həbs edildi. Yenə həftə sonu, yenə oğurlanaraq aparılıb məhkəməyə çıxarmaq. Bu hökümət üzvləri neçə illərdir heç cür özlərini dövlət qulluqçusu kimi aparmağı öyrənə bilmədi. Hələ də insanları gecələr oğurlayıb marığa yatıb təqib edib, şər atıb həbs etməyə davam edirlər. İllər əvvəl Azərbaycanda hamının anlatdığı bir rəvayət vardı, yəqin ki, çoxunuz xatırlayır. Guya padişah qaraçı qızı ilə evlənir, o isə gecələr gedib gizli bir otaqda taxçalara çörək qoyaraq, əl açıb onları dilənirmiş. Hadisənin nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirəm, amma insan xarakterini açmaq baxımından mükəmməl örnəkdir. Yəni kimisə qaldırıb status verməklə deyil, xislət dəyişmir. Oğru oğruluğunda, dilənçi dilənçiliyində, quldur quldurluğunda qalır.

Natiq Cəfərli əla iqtisadçı, dövrümüzün ən yaxşı təhlilçilərindəndir, son bir neçə ildə neftin dəyər itirməsi, devalvasiya məsələlərində hər kəs onun proqnozlarını izləyirdi. Amma düşünmürəm ki, onun həbsi iqtisadi proqnozlara görə olsun. Bu hökümət ekonomik söbətləri heç vaxt ciddiyə almayıb. Bu hökümət sadəcə siyasi söhbətləri ciddiyə alır. Deməli, məsələ ReAL və onun referendumla bağlı fəaliyyətidir. Mətbuatı və son dönəm hadisələri izləməyənlər üçün deyim ki, ReAL referendumla bağlı ciddi fəaliyyətə başlamışdı. Artıq qrupar yaradılmış, sosial şəbəkələrdə aktiv təbliğata start verilmişdi. Yaxşı, bəs bizim ölkənin insanları heç görəsən özünə sual verirmi, hökümət niyə siyasi məhbuslar problemini qabardır? Əgər bildiyini edirsə, əgər xalqdan qorxmursa, niyə xalqın gözünü açmağa çalışanları həbs etməyə davam edir? Deməli, qorxur, həm də çox qorxur. Pul azaldıqca, neft dəyər itirdikcə daha da qorxacaq. Bəs onda biz nədən çəkinirik? 5-10 nəfərin həbsindən? Mənasız söhbətdir. Hesab edirəm ki, Xədicə İsmayılın, İlqar Məmmədovun və başqalarının həbsxanadakı örnək davranışından sonra ordan qorxanların sayı qat-qat azalıb. Biz milli məsələni, demokratiya və insan haqları məsələsini fərdi qorxularımızdan öndə tutmağı bacarmalıyıq. Anlamalıyıq ki, bu məsələlər aktual olmadıqda bizim fərd kimi təhlükəsizlik problemimiz daha böyükdür.

Biz uşaq olanda deyərdilər ki, Vətən namusdur. Amma Vətənin nədən ibarət olduğunu öyrətmirdilər. Çünki Vətən mücərrəd məfhumdur. Onu əslində dərk eləmək üçün Vətəndə nələrin birləşdiyini də qəbul eləməliyik. Vətən millətdir, yaxşı təmin edilmiş, maariflənmiş, sağlamlığı, gələcəyi, əxlaqi dəyərləri qorunmuş millət. Və bunun üçün mübarizə aparanlardır Vətən. Daim insanların gözünün açılması, öz həyatına, cəmiyyətin durumuna, ölkənin taleyinə laqeyd qalmaması üçün insanları maarifləndirənlərdir.

Susmayanlardır Vətən… Yəni namus Natiqdir. Namus Seymurdur. Namus Fuaddır, İlkindir, Muraddır. Namus susmamaqdır. Susmağa davam etməksə….

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button