Nardaran dəhşətləri xarici mətbuatda

Azad Avropa Radiosunun analitiki Liz Fuller Nardaran işi ilə bağlı məqalə yazıb. “Azadlıq” qəzeti məqaləni təqdim edir.

Dövlət ittihamçısı Azərbaycan hökumətini devirməyə cəhddə ittiham edilən 18 nəfərə uzunmüddətli həbs cəzası verib. Onlar insan haqları aktivistləri tərəfindən vicdan məhbusu hesab edilir.

18 nəfərin çoxu 2015-ci ilin noyabrında polis reydi zamanı saxlanılıb. Polis reydinin hədəfi 33 yaşlı ilahiyyatçı Taleh Bağırzadə idi. O, 2015-ci ildə qurulan Müsəlman Birliyi Hərəkatının həmtəsisçisidir. Dediyinə görə, hərəkatın məqsədi liderləri xalq tərəfindən seçilən demokratik sekulyar dövlət qurmaqdır.

Bağırzadə reydin keçirildiyi gecə Hərəkatın digər həmtəsisçisi Əbülfəz Bünyadovun evində saxlanılıb.

2 polis zabiti və ən azı 4 Nardaran sakini öldürülüb. Ancaq polis və Bağırzadənin tərəfdarlarının hesablamaları fərqlənir. Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatında deyilir ki, polisə silahdan atəş açılıb və molotov kokteyli atılıb.

Ancaq müttəhimlər bildirir ki, onlar silahsız olub. Onlardan biri, Bəhruz Əsgərovun avqustun 11-də məhkəmədə dediyinə görə, əməliyyat zamanı o, polislərin bir-birinə xəbərdarlıq etdiyini eşidib ki, ehtiyatla nişan alsınlar, bir-birinə xətər yetirməsinlər.

Bağırzadənin işi ilə bağlı tutulanlar arasında ən tanınmışı AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır. Nardaran reydindən 12 gün sonra Fuad Qəhrəmanlı feysbuk postunda bu həbsləri ədalətsizlik kimi qiymətləndirdiyi üçün həbs edilib. O, kütləvi iğtişaş və zorakılığa çağırış etməkdə günahkar bilinib.

İşgəncə faktları

Planlaşdırılmış qətl, terrorizm, kütləvi iğtişaşların təşkili, qanunsuz silah əldə etmə, silahlı birləşmələr yaratma, dini nifrəti alovlandırma, hökuməti devirib hakimiyyəti ələ keçirmək məqsədi ilə dövlət rəsmilərinə qarşı zorakılıqdan istifadə və başqa ittihamlarla avqustun əvvəli 18 nəfərin məhkəməsi başlayıb.

Onların heç biri özünü günahkar saymayıb. Bəziləri deyib ki, istintaq zamanı dəhşətli işgəncəyə məruz qaldığı üçün ittihamları boynuna götürməyə məcbur olub. Bəziləri məhkəmədə bildirib ki, sənədləri oxumadan imzalayıb. Məhkəmə işgəncə faktlarını araşdırmaqdan imtina edib.

Vəkilləri deyir ki, irəli sürülən ittihamlar quraşdırmadır, şahidlərə təzyiq olunub. Oktyabrın ortalarında ifadə verməyə çağırılan beş polis əməkdaşından dördü müttəhimləri tanımayıb.

Daxili işlər naziri Ramil Usubov dövlət televiziyasına müsahibəsində əməliyyatın prezidentin tapşırığı ilə həyata keçirildiyini deyib, ittiham aktında isə əməliyyatın Bağırzadənin çevriliş planlaşdırdığına dair polisə daxil olan məlumat əsasında həyata keçirildiyi qeyd edilir. Bağırzadənin vəkili bu təzadı aydınlaşdırmaqdan ötrü nazir Ramil Usubovun məhkəməyə ifadə verməyə çağırılmasına dair vəsatət qaldırıb. Bundan başqa, Usubov deyib ki, 5 Nardaran sakini öldürülüb, ittiham aktında isə onların sayı 4 göstərilib.

Niyə yerli polis?

İkinci müdafiə vəkili Abil Bayramov sual edib ki, əgər Bağırzadə və onun tərəfdarlarının terror aktı həyata keçirəcəyinə dair polisə məlumat daxil olmuşdusa, əməliyyata niyə daha hazırlıqlı olan Milli Təhlükəsizlik Nazirliyi yox, yerli polis cəlb olunub?

Müsəlman Birliyi Hərəkatının sədr müavini Abbas Hüseynov polisə 25 əl atəş açdığına dair ittihamları rədd edib.

Bağırzadə tələb edib ki, reydin video lenti məhkəmədə nümayiş olunsun.

Avqustun əvvəli məhkəmədə Taleh Bağırzadə Azərbaycan hökumətini qəsdən Nardaranda provokasiya yaradaraq Hərəkatı əzməyə bəhanə yaratmaqda ittiham edib. O, vurğulayıb ki, heç vaxt zorakılıq tərəfdarı olmayıb. Bildirib ki, Müsəlman Birliyi Hərəkatı noyabrın 1-i parlament seçkilərinin aşkar saxtalaşdırılmasını tənqid etdiyi üçün hakimiyyət onlardan qisas alır. Nardaran əməliyyatı “diqqətli şəkildə planlaşdırılmış” qisas xarakteri daşıyır.

Bağırzadə həmçinin qeyd edib ki, ona işgəncə verilərək AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli əleyhinə ifadə almaq istəyiblər, ancaq o, bunu etməkdən imtina edib.

Dekabrın 26-ı dövlət ittihamçısı Bağırzadəyə ömürlük, Fuad Qəhrəmanlıya 11 il, digərlərinə 10-20 il arası həbs istəyib.

Bakı, Gəncə, Lənkəran və digər şəhərlərdə həbs edilən başqa şəxslər də var ki, analoji ittihamlarla məhkəmə prosesinin başlanmasını gözləyirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button