“Nardaran işi” üzrə prosesdə yenə işgəncələrdən danışılıb

Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə proses davam edib.

Bu gün daha dörd müttəhim çıxış edib, onlar ibtidai istintaqa verdikləri etirafedici ifadələrdən imtina ediblər, saxlanılarkən və DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində amansız işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Onlar silahları olmadığını və müqavimət göstərmədiklərini, iki polisin isə öz həmkarlarının əli ilə həlak olduğunu qeyd ediblər.

Təqsirləndirilən şəxslərdən biri Şamil Abdullayev bildirib ki, xüsusi əməliyyat zamanı ona üç güllə dəyib. Amma polis əməkdaşları Sabunçu xəstəxanasının həkimlərinə bu güllələri çıxarmağa icazə verməyiblər və o, iki aya yaxın karserdə bu vəziyyətdə qalıb.

“Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə ğzü ölkə telekanallarının öz reportajlarında onları terrorçu adlandırmasına etiraz edib.

“Bizim terrorçu, casus kimi qələmə verilməyimiz dövlət başçısının köməkçisi Əli Həsənovun sifarişidir”, deyə Bağırzadə bildirib. “Biz nə Əli Həsənovdan, nə İlham Əliyevdən qorxmuruq, – deyə Bağırzadə sözünə davam edib. – Onlar uzun illərdir xalqa zülm edir. Nə vaxtsa bunun sonu gələcək. Biz demokratiya uğrunda mübarizə aparırıq və bilirik ki, siz sizə diktə olunan hökmü elan edəcəksiniz”, deyə o bildirib.

* 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışmada ikisi polis olmaqla, altı nəfər həlak olub. Bu iş üzrə ümumilikdə 70-ə yaxın insan, əsasən “Müsəlman Birliyi” hərəkatının üzvləri və tərəfdarları məsuliyyətə cəlb olunub. Onları CM-in konstitusiya dövlət quruluşunu zorla dəyişdirməyə cəhd, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və digər maddələri ilə ittiham olunur. AXCP sədr müavini Fuad Qəhrəmanlı dövlət əleyhinə çağırışlarda, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışda ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button