Nardaranda qanlı polis əməliyyatı: Tale Bağırzadə və adamları həbs edildi; 6 nəfər öldü FOTO VİDEO

Rəsmi məlumata görə, Nardaran hadisələrində 2-i polis olmaqla 6 nəfər ölüb. Amma DİN və Baş Prokurorluğun birgə məlumatında (aşağıda oxu) ölənlərin kimliyi açıqlanmır.

DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Azadlıq Radiosunun ölənlərin kimliyi ilə bağlı sualına cavabı belə olub: “Rəsmi məlumatda nə varsa, onunla da kifayətlənin. Əlavə məlumatımız hələki yoxdur”.

Nardaran kənd sakinləri İmam Hüseyn meydanına toplaşıblar. Onlar noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyata etiraz edirlər. Rəsmi məlumata görə, əməliyyat nəticəsində 2 polis əməkdaşı, 4 dindar ölüb, 14 nəfər həbs edilib.

Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, kəndin daxili yollarında daşlar tökülüb, nə üçün istifadə olunacağı bəlli olmasa da, kəndə maşınlarla daş gətirilir. Sakinlər bunu özlərini müdafiə üçün etdiklərini deyiblər. Onlar İmam Hüseyn meydanında ocaq qalayaraq, ətrafına toplaşıblar.

Nardaranlılar ATV, İTV kanallarının çəkilişinə mane olub, əməkdaşlarına xəsarət yetiriblər. Onların sözlərinə görə, hakimiyyət kanalları hadisə ilə bağlı doğru məlumat vermədiyindən onların çəkilişinə mane olublar. “Biz ancaq namaz qılırıq, ibadət edirik. Namaz qılmaq nə vaxtdan cinayət olub? Onlar gedib bizi başqa cür təqdim edirlər. Ona görə də çəkiliş aparmasınlar” – deyə kənd cavanları etiraz edir.

Əməliyyat kənd sakini  Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər: “Heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər”.

Hadisə yerində olan kənd qadınları deyir ki, əməliyyatçılar Ə.Bünyatovun evində kimisə axtarıblar. Nəticədə mənzilin içərisi dağıdılıb. Divarda, pəncərə və şkafda güllə izləri var.

“Bizi vəhhabi, İŞİD-çi bilirlər, ona görə üstümüzə gəliblər. Polislər hətta qadınlara da əl qaldırdılar” – bunu kənddəki qadınlardan biri deyir.

“Belə getsə, biz qadınlar da ayağa qalxacağıq. Nardaranın kişiləri necə cəsarətlidirlərsə, qadınları da o cürdür. Bizə niyə bu cür davranırlar? Biz ibadətdən başqa nə edirik? Onlar bizim çadramızın açılmasını istəyirlər. Amma biz bunu etməyəcəyik”  – kənd sakinlərindən olan başqa bir qadın deyir.

Əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiyini deyən qadınlar polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyirlər: “Bizim kənddə heç kimdə silah yoxdur. Polisləri bizimkilər öldürməyib”.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hakimiyyətin yanlış addım atdığını deyir: “Mən bilmirəm hadisə nəyə görə baş verib. Məsələnin daha dinc yolla həll olunmasını istəyirdim. Hökumət çox tələsdi, bu, naşılıqdı”.  Ancaq o, jurnalistlərin “hansı məsələnin dinc yolla həll olunmasını istəyirdiz” sualına cavab vermək istəməyib: “O zaman Talenin müavini həbs olunanda Sabunçu Polis İdarəsinin qarşısında narazılıq oldu. O zaman demişdik ki, bu cür davranmaq olmaz. Məsələni dinc yolla həll edək. Ancaq onlar davam etdilər və çox tələsdilər. Problem bu cür həll olunmur”.

Hadisənin şahidi olan Nardaran sakinlərindən biri Azadlıq qzəetinə telefonla bildirib ki, əməliyyata gələnlər 5 yaşlı uşağın üzərinə silah çəkib Tale Bağırzadənin yerini soruşublar. Qorxudan uşağın dili tutulub. Onlar həmçinin, yaşlı bir qadının da üzərinə silah çəkiblər.

Mənbənin sözlərinə görə, polislər bir neçə evi atəşə tutublar. 4 nəfər yerli sakin həlak olub. Onlardan ikisinin adı bəlli olub – Fərayim Zeynalabdin oğlu və Abbas Hüseyn.

***

Hazırda Nardaranın mərkəzi meydanında etiraz aksiyası başlayıb.

***

Nardarandakı atışma şahidlərindən birinin  Azadlıq Radiosuna verdiyi məlumata görə, qarşıdurmada 4 yerli sakin həlak olub.

Onlardan birinin adı Abbas Hüseyndir.

Hələlik həlak olanlar haqda rəsmi məlumat yoxdur. Amma xəbər verir ki, qarşıdurmada 4 polis əməkdaşı öldürülüb.

“Onlar zibil maşınlarında gəldilər. Həyətə girib atmağa başladılar”.

Atəşma şahidi bunu deyərək əlavə edir ki, onun özü kənddəki dindarlardan birinin evində namaz qılırmış. Bu zaman bayırdan atışma səsələri gəlib:

“Xidməti maşında olsaydılar, kənd camaatı heç girməyə qoymazdı. Zibil, mebel maşınında gəliblər. Biz içəridə namaz qılırdıq. Bayırdan gələn güllə səslərinə çıxdıq. Onlar sağa-sola avtomatdan atəş açmağa başladılar. Biz içəriyə girdik. Onlar da ata-ata içəri girdilər. Nalayiq ifadələr işlədərək bizi “dubinka” ilə vurmağa başladılar. Hacı Talehi qoruyurduq ki, ona toxunmasınlar. Kənd cammatı toplaşmağa başlamışdı. Bundan qorxuya düşdülər. Zor tətbiq edərək Hacı Talehi aldılar və arxaya atəş ata-ata gəldikləri maşınlara doluşub getdilər. 3 nəfər öldü, 15 yaralı oldu. 20-yə yaxın adamı da apardılar özləri ilə”.

Baş Prokurorluq və DİN bu gün Nardaranda baş vermiş silahlı insidentlə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:

“Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.

Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”.

***

İslamazeri.az-a dəqiqləşdirilməyən məlumat daxil olub. Belə ki, hadisə zamanı naməlum şəxs (Nardaran qəsəbə sakini olmayan) avtomatdan hara gəldi atəş açıb. Həmçinin meyidlərdən birinin Nardaran sakini olmadığı da məlumatda qeyd olunur. Bundan sonra olay qızışıb və atışma başlayıb.

Buna oxşar məlumatı BizimYol portalı da yayıb. Məlumatda deyilir: ” Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb”.

***

Hazırda Sabunçu polis idarəsinin qarşısına gedən yollar bağlanıb. İdarənin qarşısına Daxili Qoşunların əsgərləri gətirilib. Ərazi polis mühasirəsindədir.

Ərazidə olan jurnalistlər müşahidə edir ki, idarəyə davamlı şəkildə polis və təhlükəsizlik qüvvələri gətirilir, eyni zamanda oradan harasa (ehtimallara görə Nardarana) yola salınır.

Bu arada yaralıların aparıldığı 3 saylı Klinik Xəstəxanaya girişin bağlandığı haqda məlumat yayılıb. Bildirilir ki, xəstəxana polis nəzarətindədir. Hətta həkimlər də yoxlamadan keçirilir.

Musavat.com məlumat verir ki, dindarlardan ölənlər Sarvan və Abbas adlı şəxslərdir. Qeyd edilir ki, Abbas adlı şəxs Hacı Talenin sürücüsüdür.

***

Atışmada yaralandığı deyilən rəis müavini S.Heydərov danışdı. “Saytlarda mənim adım yaralılar arasında qeyd olunub, amma bu, belə deyil, hazırda iş başındayam”.

Bu sözləri Axar.az-a Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinin rəis müavini Sadiq Heydərov Nardarandakı atışmada yaralanması haqda yayılan xəbərlərdən danışarkən deyib. O, hadisə yerində olduğunu təsdiqləyib:

“Nardaranda insident baş verən ərazidə olmuşam. Həmkarlarım barədə yayılan məlumatları DİN mətbuat xidmətindən ala bilərsiniz. Amma özüm heç bir xəsarət almamışam”.

Qeyd edək ki, yayılan məlumatlarda Nardaranda keçirilən əməliyat zamanı baş verən silahlı insidentdə 2 polis əməkdaşının həlak olduğu və 10 yaralının olduğu bildirilir.

***

Hazırda Nardaran sakinlərinin “İmam Hüseyn” meydanına toplaşdığı deyilir.

***

Son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır. Onlardan üçünün polis olduğu deyilir.

***

Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.

Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.

Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.

***

Bakıda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən əməliyyat keçirildiyini təsdiqləyiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.

***

Yaralılardan birinin verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb. (Bizimyol.info)

***

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, xəstəxanaya daxil olan yaralıların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir. (virtualaz.org)

***

Hadisə şahidlərinin verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.

Sabunçu rayonunda baş vermmiş silahlı insident nəticəsində Sabunçu Rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sadiq Həsənov yaralanıb. (Femida.az)

***

Nardaran dindarlarından daxil olan məlumata görə, bu gün Nardaranda Rəhimə xanım ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə 2 nəfər ölüb, bir neçə nəfər də yaralanıb. (İslamazeri.az)

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı virtualaz.org-a təsdiq ediblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilməyib.

Şahidlərdən birinin azadliq.info-ya bildirdiyinə görə isə Sabuncu rayon polis idarəsinin qarşısına bir avtobus polis, bir hərbi maşın, bir suvuran maşın, 5-6 post-patrul xidməti maşını gətirilib.

Hadisəni diqqətdə saxlayacağıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button