Nemət Pənahlıdan anlamlı şeir: “Daha dar ağacın seçən yox, Qağa!”

Nemət Pənahlı

 

Xalq Azadlıq Hərəkatının liderlərindən, keçmiş siyasi məhbus Nemət Pənahlı zaman-zaman yazdığı şeirlərlə siyasi gündəmi dəyərləndirir. Bu günlərdə Nemət Pənahlı bu cür şeirlərindən birini paylaşıb. Şeir sanki siyasi düzənə etirazın nəzm formasında inikasıdır. Xural.com Nemət Pənahlının şeirini Oxucularına təqdim edir:

 

GEDİB ASILMAĞA İKİ AĞAC VAR,
ÇÖRƏK AĞACIDIR, DAR AĞACIDIR!
SƏMƏD QARAÇÖP

Çörək ağacından hamı asılıb,
Daha dar ağacın seçən yox, qağa!
Millət ağıllanıb, dəli qalmayıb,
Daşan Kür, Arazı keçən yox, qağa!

Minib çapan yoxdu dəli dayları,
Vurub keçən yoxdu coşqun çayları,
Doğrayıb ulduza qatdıq ayları,
Misri qılıncımı çəkən yox, qağa!

Yaxamız qalıbdı nadan əlində,
Ərənlər qəribdi doğma elində,
Kəsir danışanın cəllad dilin də,
Dərd-qəm zəmisini biçən yox, qağa!

Qalmışıq od ilə su arasında,
Çox gördük qılıncla söz yarasın da,
Milləti oynadır namərd yasında,
Vətən, millət dərdi çəkən yox, qağa!

Qalıb alpərənlər aciz, avara,
Vurublar millətə sağalmaz yara,
Qızılquş oylağı verilib sara,
Hələ pərvazlanan beçən yox, qağa!

Basır dağ üstündən dağ yaramıza,
Fitnə-fəsad salıb şər, aramıza,
Bizi əsir edib öz yarımıza,
Yaxşını yamandan seçən yox, qağa!

Qurunun oduna yandı yaşın da,
Düşmənə çevrildi dost, yoldaşın da,
Kəmfürsət turp əkir türkün başında,
Bundan qatı zülmət gecən yox, qağa!

Qənimdir baltanın, sapı özünə,
Xalqın mil çəkilir görən gözünə,
Əgər inanmasaz şair sözünə,
Baxın, ta savaşçı çeçen yox, qağa!

Astarı min dəfə üzündən baha,
Meydan oxuyurlar bunlar Allaha,
Yetər, Aşiq Nemət, susduğun daha,
Sən tək eşq şərabı içən yox, qağa!

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Millətin evini yıxan kəs indi “yanılı-yanılı” millətin “qeyrətini çəkir”!…

    Şair ictimai problemlər haqqında yaza bilər, lakin şair siyasi tribunaya çıxıb özünü siyasətçi kimi aparanda nəticəsi həmişə fəciəli olur!…

    Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Xəlil Rza, Bəxtiyar Vahabzadə və bu kimi şairlər qələt edib siyasi tribunaya qalxıb bilmədikləri, dərk etmədikləri məsələləri millətə sıramasaydılar, öz odlu-alovlu çıxışları ilə yüz minlərlə insanları zombiləşdirməsəydilər nə 20 Yanvar qırğını olardı, nə də Qarabağ əldən gedərdi, nə də indiki hakimiyyət qayıdıb taxta oturmazdı…

    Odur ki, şairdi-mayirdi nədir özü bilər, lakin getsin öz şeyirlərilə məşğul olsun – siyasətlə işi olmasın!…

    Emosiya partladırsa getsin öz şair enerjisini sublimasiya etsin…

    Freydin nəzərdə tutduğu sublimasiyaya imkan yoxdursa getsin öz poetik pafosunu stəkanda fırtına yaratmaqla istifadə etsin, bunu nəticəsində uzaq başı stəkan partlayıb sınacaq!… Partlasa da – cəhənnəmə partlasın!…

    Öz enerjisini cəmiyyətə, xalqa, insanlara sublimasiya edəndə isə sözsüz ki, bunun sonu qırğınlarla nəticələnir…

    Cəmiyyət stəkan-zad deyil! Cəmiyyət partlayanda insan taleləri sınır, insanlar məhv olur!…

    Cəmiyyətin, xalqın, insanların taleyilə zarafat etmək olmaz!…

    Oqtay Ataxan

    13.07.2017

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button