Nemət Pənahlının ailəsi prezidentə müraciət etdi

nemət pənahlıHəbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ailə üzvləri ölkə prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciəti təqdim edirik:

“Hal-hazırda Azərbaycan Respublikası Milli Azadlıq Hərəkatının lideri, Milli Dövlətçilik Partiyasının başqanı Pənahlı Nemət Əhəd oğlu həbsdədir və onun 6 il azadlıqdan məhrum edilməsi haqda Nəsimi Rayon Məhkəməsində hökm çıxarılmışdır. Nəzərinizə çatdıraq ki, Nemət Pənahlı bu ilin yanvar ayının 8-də maşın müştəriləri adı ilə yaşadığı binanın həyətinə çağırılmış və oradan dərhal Nəsimi Rayon Polis idarəsinə aparılmışdır. Polis İdarəsində ona 1 gün öncə maşın alqı-satqısı ilə əlaqədar olaraq mübahisə etdiyi vətəndaş Eldəniz Rzayevi guya döyməkdə təqsirli bilindiyindən həbs edildiyi söylənmiş, haqqında iki ay həbs qətimkan tədbiri seçilmişdi. Bu müddət ərzində onun evində və maşınında əsassız olaraq axtarış aparılmış, Nemət Pənahlının şəxsi arxivi olan Azərbaycan Milli Azadlıq Hərəkatına aid video kassetlər və disklər müsadirə edilmişdir. İstintaq və məhkəmə prosesləri zamanı Nemət Pənahlının vəkili tərəfindən məhkəməyə belə bir cinayətin baş vermədiyinə dair çox əsaslı dəlillər təqdim edilsə də, vəkilin qaldırdığı heç bir vəsatət təmin olunmamışdır. Üstəlik cinayət haqqında şahidlik etmək üçün məhkəməyə dəvət olunmuş 7 nəfər şahidin 6-sı göstərilən zaman və göstərilən məkanda heç bir adam döymə faktı olmamasına dair izahat versə də bir nəfər vətəndaş Əliyarbəyov Böyükbəy Əliyar oğlu bu «cinayətin» baş verdiyi haqda şahidlik etmişdir. Yeri gəlmişkən nəzərinizə çatdıraq ki, Əliyarbəyov Böyükbəy Əliyar oğlunu şəxsən tanıyan adamlardan aldığımız məlumata görə, bu şəxs ümumiyyətlə Azərbaycana ara-sıra gələn, ilin çox hissəsini isə Dubayda restoran işlədən anasının yanında keçirən bir şəxsdir. Nemət Pənahlının vəkili vətəndaş Əliyarbəyov Böyükbəy Əliyar oğlunun yalançı şahid olduğunu və verdiyi izahatların vətəndaş Eldəniz Rzayevin izahatları ilə qətiyyən üst-üstə düşmədiyini böyük bir professionallıqla sübut etsə də, dövlət ittihamçısı Əsədulla Ramazanov heç bir fakta məhəl qoymadan Azərbaycan Respublikası qanunlarını və qorumağa birbaşa məsul olduğu ədalət mizanını kobud şəkildə pozmuş, Nemət Pənahlıya 7 il 6 ay cəza verilməsini tələb etmişdir. 5 ay davam etmiş, başdan-başa şər, böhtan və rəzalət xarakterli bu istintaq və məhkəmə prosesi, hakim Elman Əhmədovun, dövlət ittihamçısı Əsədulla Ramazanovun atdığı cinayət addımına imza atması ilə nəticələnmiş və hakim, Nemət Pənahlını 6 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdır. Cənab Prezident! Nemət Pənahlının ailə üzvləri olaraq bu müraciəti Sizə yazmağı son vasitə olaraq özümüzə borc bildik. Biz bu ölkənin vətəndaşlarıyıq. Bu məmləkətdə yaşamaq, bu vətənə xidmət etmək və onun nemətlərindən yararlanmaq hamı kimi bizim də ən təbii vəzifəmiz və haqqımızdır. Bu ölkənin rəhbəri olaraq Sizə sayğı ilə yanaşmaq bizim borcumuz olduğu kimi, rəhbərlik etdiyiniz ölkənin vətəndaşları olaraq uğradığımız haqsızlıqları aradan qaldırmaq da sizin vəzifənizdir. Ona görə də biz, bu ölkədə uğradığımız haqsızlıqlara və qanunsuzluqlara qarşı ilk olaraq məhz Sizə müraciət etmək qərarına gəldik. Cənab Prezident! Nemət Pənahlı Azərbaycan tarixində çox önəmli rol oynamış bir şəxsdir. Onun, bu millətin istiqlaliyyəti uğrunda göstərdiyi xidmətlər hər kəsə məlumdur. Azərbaycan tarixinin misilsiz bir dönəmi olan Milli Azadlıq Hərəkatı birbaşa onun adı ilə bağlıdır. O bütün gəncliyini bu millətin 200 illik əsarətdən qurtuluşuna həsr etmişdir. Bu gün Azərbaycanın dövlət bayramları kimi qeyd edilən 17 noyabr-Milli Dirçəliş günü, sərhədlərin dağıdıldığı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, eyni zamanda 20 yanvar – Sovet Ordusuna qarşı Milli Dirəniş günü bilavasitə onun adı ilə bağlıdır. Bütün bunlar Azərbaycan tarixindən silinməsi mümkün olmayan və hər birinə dair yazılı video lentlərin mövcud olduğu bir faktdır. Bu gün bir millətin qəhrəmanlıq tarixinə möhürünü vurmuş, 26 yaşında milyonların iştirak etdiyi bir hərəkata rəhbərlik etmiş bir insanın, 49 yaşında, sizin hakimiyyətiniz dövründə xuliqanlıq maddəsi ilə şərlənərək həbs edilməsi, nə Sizin şəxsiniz, nə Azərbaycan xalqı, nə də tariximiz üçün müsbət hal deyil və heç bir halda Sizə də, Azərbaycan xalqına da, dövlətimizə də başucalığı gətirməyəcək. Bu, təkcə Nemət Pənahlının şəxsinə qarşı deyil, bütün millətə qarşı həqarətdir. Üstəlik, bu gün üzərinə xuliqanlıq çamuru atılmış bu şəxs, 1991-ci ildən mərhum prezident Heydər Əliyevin ən yaxın tərəfdarlarından biri olmuş, 1993-cü ildən 1995-ci ilə kimi prezident aparatında yüksək vəzifə tutmuş, sonradan fərqli siyasi baxışlarına görə vəzifəsindən istefa vermiş bir şəxsdir. O, istefa verdiyi gündən bu günə kimi müxtəlif təzyiqlərə məruz qalmış, ailəsinin gündəlik ehtiyaclarını təmin etmək üçün əl atdığı bütün işlərə bilərəkdən yüksək səviyyədə mane olunmuş, özünün və ona yaxın olan bütün insanların həyatı yaşanmaz hala gətirlimiş, övladlarının ən zəruri tələbatlarını belə ödəyə bilməyəcək duruma salınmışdır. Vətəninə və millətinə sevgisi, sayğısı və sədaqəti səbəbilə bu günə kimi heç bir xarici dövlətə öz dövlətindən şikayət etməmiş, müsbət nəticə əldə edəcəyini bilə-bilə, heç bir xarici ölkə rəhbərliyindən siyasi dəstək istəməmişdir. Bu gün isə, artıq vəziyyət tamamilə fərqlidir. Bu gün səbr kasasının son həddə qədər dolduğu, təzyiqlərin, təqiblərin, iftiraların, bütövlükdə ailəmizə qarşı törədilən şərəfsizlik və ləyaqətsizliklərin dözülməz həddə çatdığı bir gündür. Nemət Pənahlının ailə üzvləri, kiçik yaşlı övladları, ata-anası elə bir haqsızlıqla üz-üzədir ki, buna “dur” deməmək imkansızdır. Nemət Pənahlı cinayətdə ittiham olunur. Əgər vətənini, millətini sevmək cinayətdirsə, onda Nemət Pənahlı ən böyük cinayətkardır. Bütün bunları sizə deməyimizin səbəbi, bəlkə də, sizin bunlardan xəbərsiz olduğunuza dair ümidimizdir. Ona görə də biz Nemət Pənahlının ailə üzvləri olaraq, yenə də bu haqsızlığın durdurulmasını ilk öncə sizdən xahiş və tələb etməyi doğru hesab etdik. Tələbimiz Nemət Pənahlının azadlığa buraxılması, ona iftira atan vətəndaş Eldəniz Rzayevin və yalançı şahidlik edən Əliyarbəyov Böyükbəy Əliyar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozaraq qərəzli hökm çıxardıqlarına görə dövlət ittihamçısı Əsədulla Ramazanov və hakim Elman Əhmədovun qanun qarşısında cavab vermələridir. Ümid edirik ki, Nemət Pənahlının ailəsi və bu millətin övladları olaraq bizi, bu rəzaləti dünya ictimaiyyətinə çatdırmaq, öz ölkəmizdə baş vermiş qanunsuzluqları Avropa Məhkəmələrində müzakirəyə çıxarmaq utancından qoruyacaq, haqq-ədalətin bərqərar olmasını özünüz təmin edəcəksiniz. Əks təqdirdə, biz Azərbaycanın Azadlıq tarixinə imza atmış bir şəxsin ailə üzvləri olaraq bu rəzaləti bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, insan haqları ilə məşğul olan beynəlxalq qurumlara çatdırmaq, Nemət Pənahlıya müstəqil Azərbaycanda yaşamaq haqqı tanınmadığını bəyan etmək, ona yaxın olan bütün insanların salındıqları dözülməz durumu açıqlamaq və bu ölkəni tərk etmək üçün sığınacaq istəmək məcburiyyətində qalacağıq”.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button