Niyə siyasilər cəmiyyətlə işləmir?-SORĞU

Cəmiyyətin ictimai-siyasi fəaliyyət sferalarında müşahidə olunan durğunluq bu gün də müxtəlif parametrlər üzrə təhlil olunmaqla yanaşı, gündəmi tutmaqda davam edir. Siyasilər yaranmış vəziyyəti dünyada cərəyan edən iqtisadi-siyasi kataklizmlərin nəticəsi kimi real hesab etsələr də, ictimai tələb problemin üzərində dayanır və ortaya çıxan suallara cavab tapmağa çalışılır. Gündəmin əsas suallarından birinə çevrilən əsas mövzu ictimai-siyasi təşkilatların nəyə görə cəmiyyətlə işləməməyi ilə bağlıdır.

Nəyə görə siyasilər və ictimai təşkilatlar cəmiyyətlə işləmir?
Versus.Az bu sorğu ilə bağlı bir sıra partiya, media və ictimai təşkilat rəhbərlərinə müraciət edib.

Fuad Əliyev: “Əsas səbəbkarlar partiyalar və onların liderləridir”

ALDP sədri Fuad Əliyev bildirib ki, ictimai-siyasi təşkilatların cəmiyətlə işləməməyi hər iki tərəfin bir-birinə inamsızlığının göstəricisidir. Qeyd edib ki, cəmiyyətdə yaranan inamsızlığa görə əsas səbəbkarlar partiyalar və onların liderləridir:
“Vaxtilə bir çağırışla yüz minlərlə insanı meydanlara yığan müxalifət indi balaca bir stadionu doldura bilmir. Heç təmsil olunduqları partiyanın uzvləri belə, mitinqlərə, tədbirlərə gəlmirlər. Bunun da əsas səbəbi liderlərin vaxtilə verdikləri vədlərə əməl etməmələridir. Ona görə də artıq cəmiyyət bu müxalifətə inanmır, ümumiyyətlə, insanlarda bir ümid qırıqlığı var. Bu üzdən bu gün müxalifətin yeni liderlərinin verdikləri çağırışlara cəmiyyət tərəfindən bir reaksiya verilmir”.

ALDP sədri bildirib ki, bütün bunlara baxmayaraq partiya daim cəmiyyətin içindədir və istənilən problemlə bağlı dərhal öz reaksiyasını verir və vətəndaşlar arasında düzgün maarifləndirmə işləri aparılır:
“Partiyalarla cəmiyyət arasında olan “uçurum” bizi ruhdan salmır. Biz inanırıq ki, aktiv fəaliyyətimiz nəticəsində bu durğunluğu aradan qaldıracağıq”.

Nəsimi Məmmədli: “Cəmiyyətə “uşaqlıq sindromu” hakim kəsilib”

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, ölkədə bütün siyasətçilərin cəmiyyətlə işləmədiyini demək ədalətsizlik olar. Onun təhlillərinə görə, müxtəlif taktiki gedişlərlə buna can atan siyasətçilər olsa da, bu, kütləvi deyil və metodlar effektli nəticə doğurmur.
N.Məmmədli burada üç amilin həlledici roluna nəzər yetirilməsini vacib hesab edib:

Birincisi, bu cəmiyyətin sosial-iqtisadi durumundan qaynaqlanan real situasiyadır. İnsanlar antidemokratik idarəetmənin mənfi təsirləri ilə ictimai-siyasi mahiyyətlərini xeyli itirib. Cəmiyyətə “uşaqlıq sindromu” hakim kəsilib. Mütləq əksəriyyət özlərini ictimai-siyasi həyatda təsəvvür edə bilmir və bu istiqamətə maraq çox zəifləyib. Cəmiyyətdən siyasətçilərə qarşı da hər hansı görünən tələbkarlıq yoxdur. İkincisi, iqtidarda olan bəzi hakimiyyətqollarının yanaşması ilə bağlıdır. Siyasi fəaliyyətin müstəvisi həm qanunvericiliklə, həm də praktik addımlarla elə daraldılıb ki, cəmiyyətlə təmas imkanı yaratmaq olduqca çətinləşib. Belə cəhdlərin qarşısı bütün sərt vasitələrlə və inzibati üsullarla alınır. Üçüncüsü, müxalifətin gələcək siyasi fəaliyyətinin planlaşdırılması ilə bağlıdır. Müxalifətin az bir hissəsi siyasi uğur əldə etmək üçün cəmiyyətlə işləməyi vacib hesab edir, onunla mümkün təmas yolları axtarır. Ancaq mütləq əksəriyyətdə belə qənaət var ki, siyasi uğurun yolu ya iqtidarla anlaşıqlı münasibətlərdən, ya da beynəlxalq qurumlardan keçir. Cəmiyyət o qədər zəifdir ki, onunla işləmək yalnız vaxt itkisidir”.

Əli Orucov: “Belə bir mənzərədə siyasilər cəmiyyətlə necə işləyə bilərlər”

AMİP yetkilisi Əli Orucov bildirib ki, bu gün ölkədə siyasətlə məşğul olmaq və siyasi proseslərə qoşulmaq təhlükəlidir. Onun fikrincə bu, siyasətçinin davamlı təqib və təzyiqlərə, ayrı-seçkiliyə məruz qalınması deməkdir:

“Siyasətçilərin cəmiyyət içərisində olmalarına imkan verilmir. İki dəfə AMİP tərəfindən namizədliyi Milli Məclisə irəli sürülən şəxs kimi çox qısa sürən təbliğat kampaniyası dönəmində seçicilərlə görüş keçirməyimə imkan verilmədi. Hüquq-mühafizə orqanları açıq-gizli qarabaqara məni və seçki komandamı izlədi. Fərdi qaydada da görüşmək mümkün deyil. Çünki insanlar qarşılaşacaqları xoşagəlməz hadisələrdən, təzyiqlərdən, işdən qovulmalardan çəkindiklərindən hətta müxalifətdə olan qohumları ilə adi təmaslardan qaçırlar, salamlaşmaqdan belə, qorxurlar. Belə bir mənzərədə siyasilər cəmiyyətlə necə işləyə bilərlər. Bu sadəcə indiki reallıqlar və şərtlər daxilində mümkün deyil”.

Mütəllim Rəhimli: “Doğrudur, cəmiyyətlə iş zəif gedir”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli hesab edir ki, siyasilərin, ictimai təşkilatların cəmiyyətlə işləməməyi barədə qəti höküm vermək düzgün deyil. Onun fikrincə, məsələyə “siyasətçilərin işinin nəticəsi yoxdur” kimi yanaşılsa daha yaxşı olar:

“Doğrudur, cəmiyyətlə iş zəif gedir. Cəmiyyətin özünün yaşadığı sosial, iqtisadi, psixoloji faktorlar, daxili və xarici təsirlərə inam səviyyəsi də buna təsir edən amillər sırasındadır. Bütün bunlar indiki situasiyanı formalaşdırıb. Görünür, siyasətdə zamanlama məsələsi də vacibdir”.

Zəminə Dünyamalıyeva: “Cəmiyyətdə siyasətə və siyasətçiyə qarşı bir aqressiya yaranıb”

Keçmiş deputat Zəminə Dünyamalıyeva hesab edir ki, cəmiyyətlə işləmək üçün gərək cəmiyyətin də buna marağı, istəyi olsun. Onun sözlərinə görə, cəmiyyətlə siyasi cəhətdən intellektual olan siyasilərə işləmək imkanı verilməlidir:

“Cəmiyyət üzvləri bu gün öz haqlarını tanımır, yaxud tanımaq istəmirlər. Cəmiyyətdə siyasətə və siyasətçiyə qarşı bir aqressiya yaranıb. Çünki siyasilər “xoxan” kimi təqdim olunur. Əsas məsələ odur ki, elə bir anormal cəmiyyət formalaşıb ki, heç hakimiyyətdəkilər də onunla işləmir. Nə zaman kimisə təhqir etmək, bir sözlə, həyatına son qoymaq istəyirlərsə, müəyyən təlxəkləri efirə çıxarıb danışdırırlar və deyirlər ki, bu cəmiyyətin münasibətidir”.

Məhluqə Rəhimova: “Cəmiyyətin üzdə olan təbəqəsi əlillərə diqqətli yanaşmalıdır”

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova bildirib ki, əksər hallarda cəmiyyət öz vəzifəsindən sui-istifadə edən məmurlar tərəfindən durğunlaşdırılır. Onun fikrincə, məmurların özbaşınalığı cəmiyyətdə hökumət orqanlarına qarşı bir inamsızlıq yaratdığı üçün o, susqunlaşır:

“Biz Azərbaycanda Əlil Qadınların hüquqlarını qoruyan, onlara dəstək verən böyük təşkilatıq. Cəmiyyətin öz əlilinə münasibətini görürük. Bəzən valideynlərin öz qız övladına necə biganə yanaşmasının şahidi oluruq. Cəmiyyətimizdə bugünkü münasibətlər nə qədər sərin olsa da, bu əlillərə münasibətdə özünü göstərməməlidir. Cəmiyyətin üzdə olan təbəqəsi imkansız olan əlillərə qarşı diqqətli yanaşmalıdır”.
M.Rəhimova bildirib ki, ictimai təşkilatların gördüyü bütün işlərin arasında böyük bir siyasət dayanır:

“Biz əlil qadınların problemlərini qaldırırıq. Sosial-iqtisadi məsələlərlə yanaşı, ölkəmizə qarşı beynəlxalq müstəvidə aparılan əks təsirlərə qarşı siyasi tələblərimiz də öz yerini alır. Bu gün Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altındadır. Bizim düşmənin silahlı təzyiqinə məruz qoyularaq əlillik qazanan çoxsaylı insanlarımız var. Bu gün o əlillər də ayağa qalxaraq öz haqlarının müdafiəsi üçün dünyaya səslənməlidir. Bir sözlə, cəmiyyətin bütün fəaliyyət sahələrində siyasət var və bu gün ondan doğru-düzgün yararlanmaq lazımdır”.

M.Rəhimova eyni zamanda bildirib ki, bu gün ictimai təşkilatların cəmiyyətlə işləməməsi əlaqələndirici vasitələrin, eləcə də medianın əsas təbliğat vasitəsi olaraq maarifləndirmə işini düzgün aparmaması ilə də bağlıdır.

Əvəz Zeynallı: “Cəmiyyət və onu idarə edən qüvvələrin dayanması mövcud durğunluğu yaradır”

Xural.com saytının redaktoru, təhlilçi yazar Əvəz Zeynallı bildirib ki, siyasi müxalifət ənənələşib və zaman keçdikcə mübarizə apardıqları hakimiyyətə oxşamağa başladığı üçün bu vəziyyət yaranıb:

“Siyasilərin yeni axtarışları, yeni mübarizə üsulları yoxdur. Təbii ki, hakimiyyət də bütün gücü ilə onsuz da imkanları məhdud olan müxalifətin üzərinə yeriyir. Maraqlıdır ki, o, ənənəvi müxalifəti sıradan çıxarmır. Bu da günümüzün Azərbaycanını ortaya çıxarır. Bir sözlə, bu gün cəmiyyət və onu idarə edən qüvvələrin dayanması mövcud durğunluğu yaradır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button