Nizami Həsənli: “Əvəz Zeynallı azad söz və müstəqil mətbuat ügrunda mübarizə aparır”

06.09.2012

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi hakimlərin məzuniyyətə çıxması səbəbindən təxirə salınmışdı. Növbəti məhkəmə prosesinin sentyabrın 12-də Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcəyi gözlənilir. Baş redaktorun müdafiəsi və məhkəmə prosesinin gedişatı ilə bağlı suallarımıza “Xural” qəzetinin kommersiya direktoru Nizamı Həsənli cavab verir.

Bir azacıq ədalət olarsa, Əvəz Zeynallı bəraət alacaq, yoxsa

 -Əvəz Zeynallının məhkəmə prosesi necə gedir?

 -Belə demək mümkündürsə, yüz faiz qanun pozuntuları ilə. Ə.Zeynallını necə küçədən heç bir qanuni əsas olmadan oğurlayıblarsa, necə qarşı saxta ittihamlar və “cinayət”lər yükləyiblərsə, necə illərlə ona “dost” deyənləri üzünə durmağa məcbur ediblərsə, eləcə də məhkəmə prosesini aparırlar. Hər iclasda Ə.Zeynallı etiraz edir, vəsatətlər verir, qanunsuzluqları ifşa edir, amma dəyirmanın çax-çaxı – məhkəmə öz işindədir. Bir şeyi də qeyd edim ki, bu məhkəmə heyəti Ağır Cinayətlər Məhkəməsinin sifarişli qərarlarını verən heyətdir. Bunu bu ölkədə bilməyən yoxdur. Ə.Zeynallıya qədər onların aparıdığı işlərə baxmaq yetərlidir.

 – Amma bunu sübut etmək də çətindir.

-Kənardan baxanda adama elə gələ bilər. Amma Əvəz Zeynallı bunun belə olduğunu təxminən hər iclasda sübut edir. Heyətdə təmsil olunan Ramella Allahverdiyeva (red.o, həm də sədrdir), və Tamila Nəsrullayeva ömürlük hakimdirlər və əsasən, Prezident Adminstrasiyasının siyasi sifarişləri əsasında hökm çıxarırlar. Ümumiyyətlə, Ağır Cinayətlər Məhkəməsində yazılmamış qanunları var. Onların qaydalarına görə, hansı qurum insanı həbs edibsə, o quruma da yaxın olan hakimlər işə baxırlar. Əvəz Zeynallını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (KQMİ) tutub. Bu qurum birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlıdır və Əvəz Zeynallının həbs olunması qərarını da birbaşa hörmətli Ramiz Mehdiyev imzalayıb. Qərəzli gedən və tamamilə saxta “sübutlar” əsasında aparılan istintaqdan sonra işin bu heyətə veriləcəyi gözlənilirdi. Xırda bir müşahidə aparsaq görərik ki, Ramella Allahverdiyevanın icraatında olan işlərin əksəriyyəti KQMİ-nin, DİXİ-in və R.Mehdiyevə bağlı olan qurumların həbs etdiyi adamların işləridir. Bu sistem iqtidarın ən önəmli sistemidir. Sifariş edir, tutdurur, öz tabeçiliyində olan quruma istintaq etdirir, sonra öz təsir dairəsində olan hakimlərə “iş” verdirirlər. Problem yaranmasın deyə.Yaranmır da. O baxımdan bu heyəti sözsüz-söhbətsiz sifarişli qərarlar verən hakimlər adlandıra bilərik. Hələ o, ayrı məsələdir ki, Ramella Allahverdiyevanın konkret Əvəz Zeynallını həbs etdirən bir yüksək vəzifəli məmurla yaxın qohumluq əlaqələrinin olduğunu söyləyənlər də var…

 – Bəs etirazlarınıza hansı cavablar verilir?

 -Demək olar ki, bütün vəsatətlər rədd edilir. Bir qayda olaraq bütün tələblər geri çevrilir. Təsəvvür edin ki, Əvəz Zeynallının üzünə duran insanların hamısı KQMİ-də ərizə yazıblar. İfadə verənlər verdikləri ifadələrin tam əleyhinə məhkəmə istintaqında ifadələr verirlər.

Bu miqyasda saxtalaşdırma olmaz ki… Bütün “şahid”lər KQMİ-də yazıblar “ərizə”lərini. Bu, necə olur? Vergi o miqyasda saxtakarlıq edib ki, KQMİ-nin eksperti cəriməni 4000 manata qədər endirib. Əvəz Zeynallının adından saxta ərizə ilə onun fəaliyyətini 5 il müddətinə dondurublar. Nərimanov rayon icra məmurları isə bütün 4 illik sənədləri saxtalaşdırıb, saxta arayışlar tərtib edib,saxta protokollar tutublar. Heç birində də Əvəz Zeynallının imzası yoxdur. Bu, hələ mənim dediyim minlərlə saxtalıqlardan bir neçəsidir. Deputat üzə durur, sonra da deyir ki,”mən balaca adamam”, restoran administratoru iddia edir ki, ona rüşvət vermişəm, sonra da özünü bərbad vəziyyətə salıb deyir,”mən kiməm ki, nökərəm də”. Belə etiraflar içərisində də məhkəmə davam edir. Gərginliyə səbəb olan məsələlərdən biri də odur ki, Əvəz Zeynallı hansı məqamın üzərinə gedirsə, hakim və prokuror həmin məqamla bağlı cinayət işini gizlədir. Yeri gəlmişkən, hələ də cinayət işinin bir çox sənədlərini Əvəz Zeynallıya vermirlər. Hətta işlə tanış olmağa da problem yaratmışdılar. İndi də cinayət işinin surətini verməkdən imtina edirlər. Prokuror və hakimlər özlərini üzə duranların vəkilləri kimi aparırlar. Qeyd edim ki, hər prosesdə 50-60 adam iştirak edir, bütün qanunsuzluqlar beynəlxalq təşkilatların nümayəndələrinin gözləri qarşısında baş verir.

 –        Məhkəmə nə zaman yekunlaşacaq?

 – Bəlli deyil. Həm istintaqı uzadırlar, həm də indi məhkəməni əsassız və səbəbsiz yerə uzadırlar. Artıq 4-cü aydır ki, məhkəmə gedir. Cəmi 4-5 iclasa bitiriləcək işi məhkəmənin hakimləri bürokratik addımlarla uzadırlar. Hətta əsas hakim Ramella Allahverdiyeva Əvəz Zeynallının bununla bağlı etirazlarına, tez-tez “Məhkəmə bir il də davam edə bilər, il yarım da” deyərək, Ə. Zeynallını və onun yaxınlarını hədələməkdən çəkinmir. Ümumiyyətlə, məhkəmə prosesi çox maraqlı məqamlarla yadda qalır. Məsələn, prokuror Ramazan Hadıyev Əvəz Zeynallını hədələyir ki, “prosesin sonunda görəcəksən, biləcəksən ki, mən kiməm” deyir. Hakim Əvəz Zeynallını hədələyir ki, istədiyimiz qədər məhkəmə prosesini uzadarıq. Düzdür, Əvəz bəy təxminən hər iclasda vəsatətlər verir, etirazlar edir, prosesin siyasi sifarişlə yürüdüldüyünü diqqətə çatdırır. Baş Prokurora prokurordan, Məhkəmə Hüquq Şurasının sədrinə, Ədliyyə nazirinə məhkəmədən şikayət edir, amma heç bir nəticəsi yoxdur. Onlar ümumi maraqlar naminə qanunsuzluq etməkdən çəkinmirlər. Gözləri, qulaqları hakimiyyətdən, PA-dan gələn sifarişlərdədir. Bunlar obyektiv proses apara bilmirlər. Bilməzlər də…

 –Mətbuatda Əvəz Zeynallının müdafiəsi yetərlidirmi?

 -Ümumiyyətlə, müdafiə yüksək səviyyədə quruldu. Bütün beynəlxalq və yerli təşkilatlar Əvəz Zeynallının müdafiəsində aktiv iştirak ediblər.Təbii ki, Əvəz Zeynallını həbs etdirənlər mətbuatda müdafiənin daha uğurlu qurulmaması üçün əllərindən gələni edir, müxtəlif maddi vədlər müqabilində bəzən bəzi dostlarımızı çəkindirirlər. Amma hər kəs artıq hər şeyi bilir.

Əvəz Zeynallının həbsi bütün beynəlxalq təşkilatların diqqətindədir. Avropa Şurasının siyasi məhbuslar siyahısında onun adı var, onu bir çox qurumlar  siyasi və vicdan məhbusu kimi tanıyırlar. Dünya ictimaiyyəti və yerli qurumlar da bilirlər ki, Əvəz Zeynallını əslində “jurnalist” fəaliyyətinə görə, saxta ittihamlarla həbs ediblər və məqsədləri də günbəgün tirajı artan gündəlik “Xural” qəzetinin bağlanması olub. Bu yaxınlarda çox hörmət bəslədiyim bir qrup ziyalımız, hüquq müdafiəçiləri, tanınmış mətbuat ağsaqqalları Əvəz Zeynallının həbsdən azad olunması ilə bağlı məhkəməyə müraciət etdilər. Həmin müraciətdə onlar Ə.Zeynallının jurnalist fəaliyyətinə görə həbsə atıldığını və bu səbəbdən də cəmiyyət üçün heç bir təhlükə yaratmadığını qeyd etmişdilər. Lakin Əvəz Zeynallının istər məhkəmə prosesi davam edərkən “ev dustaqlığı”na buraxılması ilə bağlı qaldırılmış vəsatətlər, istərsə də bu cür müraciətlər, başqa yumşaldıcı amillər kimi hakim tərəfindən nəzərə alınmadı… Bu da Ə.Zeynallının azad olunması ilə bağlı əsas qərarın onlar tərəfindən deyil, daha ali səviyyədə veriləcəyinə işarədir.

 -Demək, dava əslində söz davasıdır?

 -Təbii ki, söz davasıdır. Azərbaycan hakimiyyəti sözün davasını Ağır Cinayət hesab edir və Ağır Cinayət Məhkəməsində mühakimə edirlər. Təsəvvür edin ki, Əvəz Zeynallının üzünə duranlar 2006-2008-ci illərdə baş verib yekunlaşan məhkəmə işlərinin nəticəsində geri çəkilən və ya qəzeti cəzalandıran adamlardır. Yəni, 2006-2008-ci illərdə “Xural”ı məhkəməyə verib, cəza kəsdirib, ya da cinayətləri rədd olunanlar indi PA-nın sayəsində bir mərkəzə toplaşıblar. Bunların hamısının işi mülki qaydada cəlbetmə müddətini keçib, yenidən meydana çıxmaları da keçmiş qəzəblərinin qisasını almaq, guya Ə.Zeynallının onlardan rüşvət tələb etməsi ittihamlarını irəli sürməkdir. Halbuki əgər həqiqətəndə “rüşvət” amili var idisə, nə üçün bu adamlar məsələləri məhkəmə yolu ilə həll etməyə çalışırdılar. Adi məntiqdir. Pul verilsəydi, ortada onlara qalan hansı problem olardı ki? Deməli “rüşvət” məsələsi sadəcə bu oyunun bir parçasıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, Əvəz Zeynallı rüşvətxordur və dəfələrlə rüşvət alıb. Cəmiyyət isə bu adamları yaxşı tanıyır. Onların özləri səlahiyyət sahibləridirlər və tutduqları vəzifədən yetərincə öz mənfəətləri üçün istifadə ediblər, edirlər də… Ə.Zeynallı bir qəzetin baş redaktorudur və onun əlində hansı səlahiyyətləri var ki? Topu yox, tüfəngi yox. Jurnalistdir. Yazdığı jazılardan da imtina etmir və hər zaman da qarşı tərəfin mövqeyini dərc edib. O zaman rüşvət verdiklərini, Əvəz bəyin onlardan rüşvət tələb etdiyini iddia edənlər nədən narahatdırlar? Ümumiyyətlə, nədən narahat olublar ki, baş redaktorun “rüşvət tələb etməsinə” o saat razı olublar. Əgər ədalət varsa, qanunlar alidirsə, o adamların özlərinin fəaliyyəti istintaq tərəfindən araşdırılmalıdır. Çox təəsüflə qeyd edim ki, belə hallar hətta faktlar əsasında mətbuata çıxsa da bu adamlara “gözün üstündə qaşın var” deyən yoxdur. Elə bunun özü də bir daha sübut edir ki, onlar kimə işləyirlər.   Bu gün də həmin adamlar Əvəz Zeynallıya rüşvət verdiklərini iddia edirlər. Bütün iddialar rədd olunmalıdır. Çünki bir dəfə məhkəmə predmeti olan işlər qanunla daha ağır formada cinayət məsuliyyəti yarada bilməz. Görünür, istintaq və PA Əvəz Zeynallının üzünə durmağa adam tapmayıb və “zəif bəndlər” axtarıblar. Deputatın cinayətindən isə danışmağa dəyməz. Burada hər şey saxtadır – sübutlar da, istintaqa verdiyi ifadə də, məhkəmə qarşısında danışdıqları da – ortaya qoyduğu hər şey saxtadır.  Diqqət edin, guya baş redaktor bu adamdan pul tələb edib, sonra da ondan qaçmağa başlayıb, telefon zənglərinə, mesajlarına cavab verməyib. Niyə? Tələb etmişdisə, çox rahatlıqla onunla görüşməli və rüşvəti də almalı idi. O zaman onun əlində pul həbs edərdilər. Belə şey oldumu? Yox. İddia edir ki, səsini yazmışam. Niyə 11 aydır o səsyazısı cəmiyyətə açıqlanmır? Çünki həmin yazıda deputatın özü rüşvət təklif edib, baş redaktor isə ona, “sizin heç nəyiniz bizə lazım deyil” deyib. Heç belə də “hədə-qorxu ilə rüşvət tələbetmə” olar? Ortada pul yox, rüşvət məsləsi təsdiqlənmir, danışıq saxta, əldə edilən “sübut” uydurulmuş. Soruşan da yoxdur ki, ay deputat, sən niyə narahat olurdun? Əgər əməlin düzdürsə, nə yazırdı, yazaydı. Bu qədər əl-ayağa düşməyinə səbəb nə idi? Təsəvvür edin, evdə və redaksiyada eyni zamanda axtarış gedir və əməliyyatçılar konkret olaraq bu deputata aid olan disk axtarırlar. Dəfələrlə bildirdik ki, əziyyət çəkməyin, çünki söhbətin hansı diskdən getdiyini belə bilmirdik. Tapmadılar da… Ə.Zeynallının üzərinə qoyulmuş “hədə-qorxu, şantaj” kimi ittihamlar özünü doğrultmadı Bu gün də məhkəmələrdə bütün bunlar sübut olunmur. Min cür nağıl uydurub, hakimin qarşısında danışmağa nə var ki. Gərək bu nağıllar da həqiqətə, ən azı məntiqə söykənsin. Bu adamlar bir də Azərbaycanın qanunvericiliyinə cavabdehdirlər. Gülməyəsən, neyləyəsən?  Qısası, rüşvət alan, ya da istəyən adama rüşvəti verib sübut etmək istintaq orqanları üçün o qədər də çətin iş deyildi. Bunu dəfələrlə başqalarına ediblər. Əvəz Zeynallının içində isə sadəcə, ehtimallar və fərziyyələr var. İstintaqın ən böyük “kəşf”i isə odur ki, Əvəz Zeynallı rüşvət “vədini qəbul edib”.  Ehtimal və fərziyyələrlə də bir jurnalisti, gündəlik qəzetin baş redaktorunu bir il həbsdə saxlamaq “siyasi sifariş” deyilsə, bəs nədir? Absurd bir vəziyyətlə üz-üzəyik. İttiham aktı isə məhəllə qadınlarının dedi-qodusuna bənzəyir.

–        Sonrakı proseslərdə nə olacaq? Məhkəmədən nə gözləyirsiniz?

 –        Bilmirəm və ədalətli olacağı ilə bağlı da heç nə gözləmirəm. Onu bizdən çox bu həbsin “sifarişçiləri” bilərlər. Biz təbii ki, heç nə bilə bilmərik və bu gedişat da elə nikbin olmağa əsas vermir. Amma Əvəz Zeynallı mübariz adamdır və onun necə döyüşdüyünü məhkəmə iclaslarında iştirak edən hər kəs görür. Bu boyda iş quraşdırıblar, Əvəz Zeynallı isə onu darmadağın edir. Azca ədalət olacaqsa, Əvəz Zeynallı ən azı bəraət alacaq. Yox, tikilən bu deşikli, yamaqlı torbaların ağzını bağlayıb Əvəz Zeynallıya həbs qərarı verəcəklərsə, bir daha Azərbaycan məhkəmələrinin sifariş əsasında qərarlar çıxarması sübut olunacaq. Onsuz da tam əminliklə deyə bilərəm ki, bu iş Avropa Məhkəməsindən bəraət alacaq. Əvəz Zeynallı müstəqil təfəkkürlü, xalqına və millətinə işləyən dövlətçi adamdır. O heç bir zaman Azərbaycanın adının belə məslələrdə hallanmasını istəməyən bir insandır. O işi və əməli ilə dəfələrlə dövlətçiliyimizə xidmət etdiyini sübut edib. Ancaq nə edək ki, hakimiyyət və onun dövlət səlahiyyətini mənimsəyən məmurları bizə – Əvəz Zeynallıya başqa yol tanımırlar. Haqq nazilər, amma üzülməz. Biz jurnalistlik fəaliyyətimiz dövründə nələrə şahid olmadıq ki. Zirvələri fəth etdiyini düşünən elə məmurlar oldu ki, hər an mətbuatın üstündən tapdayıb keçməyə, onu əzməyə hazır oldular. Bu gün onların müstəqil və azad mətbuata ehtiyacları hava və su qədərdir. Bu da bir tarixdir. Mətbuatın tarixi.

 –        Növbəti məhkəmə iclası nə zaman olacaq?

 – Hakimlərin üzünmüddətli məzuniyyətə çıxması səbəbindən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı. Qeyd edim ki, Cinayət Prosessual Məcəlləsinə əsasən, ən çoxu 15 gün fasilə verilə bilər. Qanuna görə, icra altında prosesi olan hakim məzuniyyətə gedə bilməz. Qanun növbəti dəfə pozulub və proses təxminən 40 gün təxirə salındı. Təsəvvür edin, 40 dərəcə istinin altında, qapalı təcridxanada yüzlərlə günahsız insan hakimlərin istirahətinin qurbanı olurlar. Növbəti məhkəmənin müddəti isə sentyabrın 12-nə salınıb. Saat 14.00-da Ağır Cinayətlərə dair Məhkəmədə işə baxılacaq. Bir daha diqqətə çatdırmaq istəyirəm. Əvəz Zeynallının müdafiəsi, həm də azad sözün, müstəqil mətbuatın müdafiəsidir. Mətbuatda öz sözünü deməkdən çəkinməyən bütün cəsarətli jurnalistlərimizi məhkəmə prosesini izləməyə dəvət edirik. Əsl həqiqət ordadır. Bir iclasda iştirak etmək, kifayət edir ki, məsələnin nə yerdə olduğu anlaşılsın.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button