“Normal xəstəxanaya yerləşdirilsəydi, bəlkə də oğlum sağ qalardı”

 RAMELLA08.04.2015

İcra başçısının oğlunun məhkəməsində sensasion faktlar açıqlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü İlham Əsgərlinin və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən və barələrində ev dustaqlığı qətimkan tədbiri seçilən hər iki şəxs məhkəmədə iştirak edib.

Prosesə sədrlik edən hakim Ramella Allahverdiyeva məhkəmə istintaqının başlandığını elan edib və ittiham aktının nəticəvi hissəsini elan etmək üçün dövlət ittihamçısına söz verib.

Prokuror bildirib ki, ötən il ötən il sentyabrın 29-da İlham Əsgərlinin sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes S500” markalı avtomobillin Zığ-aeroport yolunda yük maşını ilə toqquşaraq qəza törətməsi nəticəsində özü və Pərvin Fətullayev xəsarət almış, Sənan Mirzəyev isə xəstəxanada dünyasını dəyişib. Belə ki, “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb. Hadisə ilə bağlı təqsirləndiriləm şəxslərə 263.1. (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və  263.2-ci (263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ititham irəli sürülmüşdür.

Hakimin sualına cavab olaraq, təqsirləndirilən şəxslər ittihamın mahiyyətinin aydın olduğunu, lakin özlərini təqsirli bilmədiklərini bildiriblər.

“Sənanın həmin gün evdən çıxmaq fikri olmayıb”

Daha sonra hadisədə dünyasını dəyişmiş Sənan Mirzəyevin atası Maqsud Mirzəyev zərərçəkmiş şəxs qismində ifadə verib. O, hadisə baş verən gün ABŞ-da – Nyu-York şəhərində olduğunu, hadisədən bir neçə saat sonra xəbər tutaraq, dərhal ilk təyyarə ilə Bakıya qayıtdığını bildirib. “Həmin gün Sənan evdə olub və heç hara çıxmaq fikri olmayıb. İlham Əsgərli telefonla zəng edərək, onu Şüvəlana – “Paint-bal” oynamağa dəvət edib. Sənan isə bildirib ki, sürücüsü yoxdur və buna görə evdən çıxa bilməz. Amma İlham deyib ki, mən səni öz sürücümlə gəlib aparacam. Bundan sonra İlham Əsgərli iki sürücüsü ilə bizim evimizə gəlib, Sənan da götürərək gedib. Sənana da məhz maşını sürücü idarə etdiyi üçün icazə verilib. Yolda sürücünün biri işi çıxdığı üçün gedib. Daha sonra, mənim bildiyimə görə, İlham Əsgərlinin istəyi ilə sürücü idarəetməni ona verib. Yolda isə məlum hadisə baş verib. İlham maşını böyük sürətlə idarə etdiyindən bu cür hadisə baş verib” – deyə mərhumun atası bildirib.

“Normal xəstəxanaya yerləşdirilsəydi, bəlkə də oğlum sağ qalardı”

M.Mirzəyev ən çox narazı qaldığı məqamı da açıqlayıb. “Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü “Semaşko”ya, İlhamı isə oradan təcili olaraq Türkiyəyə, İstanbula müalicəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. Sənanı normal xəstəxanaya, tibb mərkəzinə aparsaydılar, bəlkə də sağ qalardı. Oğlumu təcili yardım maşınında aparıblar. Həmin maşında heç nəfəs aparatı da olmayıb. Hadisə baş verəndən sonra oğlum şok vəziyyətində olub, küçədə, asfaltın üstündə qalıb. Oradan isə Sabunçu xəstəxanasına aparılıb. Heç olmasa, vaxtında bizə xəbər verə bilərdilər. Biz isə saatlar sonra xəbər tutmuşuq. Saat 6-dan sonra qayınanam – Sənanın nənəsi zəng etsə də, telefona cavab verən olmayıb. Bir neçə saatdan sonra özünü təqdim etməyən şəxs telefona cavab verərək, Sabunçu xəstəxanasına gəlmələrini istəyib. Qayınatamla qayınanam ora gedəndə isə xəstəxanada heç kim olmayıb. Süpürgəçi onlara birbaşa morqa getməli olduqlarını deyib. Halbuki o xəstəxanaya aparılanda sağ olub, bunu şahidlər də deyir. Normal xəstəxanaya yerləşdirilsəydi bəlkə o da indi sağ idi. Mən hadisədən sonra 3-4 dəfə o xəstəxanada olmuşam. Orada təmir gedir, hər tərəf pis gündədir. Otaqlarda xəstəyə yardım etmək üçün heç bir normal avadanlıq yoxdur. Halbuki onu Sabunçudan daha yaxın olan Əhmədlidə yerləşən Neyrocərrahiyyə xəstəxanasına, yaxud da “Babək”prospektinin sonunda yerləşən özəl klinikaya aparmaq olardı. Əgər oğlum normal bir xəstəxanaya yerləşdirilsəydi, yardım göstərilsəydi və bundan sonra dünyasını dəyişsəydi, ürəyim rahat olardı ki, lazım olan edilib. Necə ki, digər şəxslər normal xəstəxanalara yerləşdirilib. İlhamın sürücüsü deyib ki, Sabunçu bizim səviyyəmizə uyğun deyil. Belə çıxır ki, Sabunçu xəstəxanası mənim oğlumun səviyyəsinə uyğun olub, amma İlham Əsgərlinin səviyyəsinə yox? Ona görə də oğlumun ölümünə səbəb olanlara layiqli cəza istəyirəm” – deyə M.Mirzəyev bildirdi.

“Bu hadisənin əsas səbəbkarı sənsən”

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan sürücü Pərvin Fətullayev ifadə verib. O, bildirib ki, özəl şirkətdə sürücü işləyib və vəzifəsi İlham Əsgərliyə sürücülük etmək olub. “Hadisə baş verən gün özünü pis hiss etdiyi üçün maşını idarə etməyi İlham Əsgərliyə həvalə edib. “Sənanı evlərindən götürdük və Şüvəlana gedərkən bu hadisə baş verdi. Təxminən 100 sürətlə gedirdik. İşıqla “marqat” edərək yük maşınından ötmək üçün yol istədik. Yol vermədiyinə görə sağdan keçmək istəyərkən, maşın sola döndü və hadisə baş verdi” – deyən P.Fətullayev bildirdi ki, həmin vaxt o qabaq oturacaqda, Sənan Mirzəyev isə arxada əyləşib və heç biri təhlükəsizlik kəmərindən istifadə etməyib. Hakim ondan təcrübəli sürücü kimi hansı adddım atdığını soruşdu.

P.Fətullayev:

– Mən artıq təhlükəni hiss edəndə, sükanı sağa çəkdim

Hakim:

– Nəyə görə sağa çəkirdin, bəlkə İlham özü elə soldan rahat keçə biləcəkdi?

P.Fətullayev:

– Ola bilər…

Hakim:

– Bu hadisənin əsas səbəbkarı sənsən. Özsünü pis hiss edirdinsə, başqa sürücü çağırmalı idin. İş materialalrına görə sən qabaq oturacaqda yox, arxada oturmusan.

P.Fətullayev: Şəkillər var, orda hər şey məlumdur.

Daha sonra vəkillərin və nümayəndələrin sualalrını cavablandıran Fətullayev bildirdi ki, hadisə baş verdikdən sonra olanları tam xatırlamır. O, kənar şəxslərin köməyi ilə maşından çıxarıldıqlarını və ilk olaraq Sənanın, ardınca isə özünün Sabunçu xstəxanasına aparıldığını deyib.

Təqsirləndirilən Əhliman Süleymanovun vəkili isə bildirib ki, P.Fətullayev istintaqa əvvəlcə özünün sükan arxasında olduğunu desə də, sonradan ifadəsini dəyişib. Fətullayev isə bildirdi ki, o, hadisədə özünü günahkar hesab etdiyi üçün belə bir ifadə verərək, öz boynuna götürmək istəyib. Vəkilin “sən istintaqa yalan ifadə vermisənsə, biz burada sənin dediklərinə necə inana bilərik?” sulaına İlham Əsgərlinin vəkli etiraz edib.

Daha sonra hadisənin baş verdiyi avtomobilin məxsus olduğu şirkətin nümayəndəsi Ceyhun Əliyev zərərçəkmiş şəxs qismində ifadə verib. O, heç bir şikayət və tələblərinin olmadıını bildirib.

Proses 15 aprel saat 10.00-da davam edəcək.

Qeyd edək ki, Qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button