Notariusun 150 faizlik “ASAN” xidmət haqqı

rusvet

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10.18-ci maddəsinə görə,sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə),sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,5 manat rüsum tutulmalıdır.

Amma notariat kontorları əlavə səhifəsi olmayan sənədlərdən surət və çıxarışların təsdiqi üçün yuvarlaq 5 manat alırlar. Bağlantılı dövlət qurumlarına,Ədliyyə Nazirliyinə edilən müraciətlərə isə ya cavab verilmir,ya da qanundakı uyğunsuzluğu “xidmət haqqı”  ilə bağlayırlar. Heç demə,”Notariat haqqında” Azərbaycan Respublikası qanunun 29-cu maddəsində sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların təsdiqi üçün də eyni miqdarda,yəni 2 manat və sənədlərdən çıxarış və surətlərin təsdiqi üçün hər səhifəyə görə əlavə 0,5 manat göstərilən notariat xidmətinə görə haqq tutulması təsbit olunub.

Başqa sözlə,sözügedən notariat hərəkətinə görə ödənilən dövlət rüsumu həcmində -100 faizlik xidmət haqqı da tutulur! Görəsən,bu xidmət haqqı nə ilə əsaslandırılb? Digər notariat hərəkətlərinin aparılması zamanı tutulan xidmət haqqı ödənilən rüsumun 15 faizini keçmədiyi halda adi sənəddən çıxarışın təsdiqinə görə rüsum məbləğinin 100-150 faizi miqdarında haqq tutulması nədən qaynaqlanır?

Bir dildən başqa dilə sənədin tərcüməsinə haqq ödənilməsini birtəhər anlamaq olar,amma axı tərcümənin özünü də notariusda yox,əlavə xərc hesabına vətəndaş özü edir. Elə sənədlərdən surət çıxarılmasına görə də! Əlavə səhifə olmadığı halda (tələbə bileti,şəxsiyyət,veteran,qaçqın vəsiqələri,diplom),əhalinin daha çox aztəminatlı təbəqəsinin yararlandığı sənədlərdən surət çıxarmaya görə xidmət haqqı adı ilə əlavə 3 manatın (rüsum məbləğinin 150 faizi) alınmasına hüquq mühafizə orqanları niyə hüquq qiyməti verməkdən imtina edir?

Fikir verin,əmlakın özgəninkiləşdirilməsinə görə tutulan rüsum 200 manat, xidmət haqqı isə bunun 15 faizi miqdarında, yəni 30 manat olduğu halda,məsələn 30 səhifəlik hərbi biletdən, yaxud əmək kitabçasından çıxarışın təsdiqi üçün,ödənilməli olan 20 manatlıq rüsumun 100 faizi həcmində, yəni 20 manat xidmət haqqı (toplam 40 manat) tutulur! Niyə? Necə olur, şəxsiyyət vəsiqəsi itəndə, dəyişdiriləndə cəmi 1 manat rüsum ödənilməsi qanunla təsbit olunub, amma onun surətinin təsdiqinə 5 dəfə çox,yəni 5 manat haqq tələb olunur!(??)

Əhaliyə göstərilən “asan” 150 faizlik “xidmət” haqqının nədən qaynaqlandığına Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsindən aldığımız cavab isə “vətəndaş istənilən sənədin surətini heç bir rüsum və haqq ödəmədən onu verən orqanda təsdiq etdirə bilər” oldu.Bu isə o deməkdir ki,”ASAN XİDMƏT” mərkəzlərində vətəndaş sənədin surətini təsdiq etdirmək üçün notariat kontorunun yox,müvafiq dövlət qurumunun (DİN,ƏƏSMN, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və b.) nümayəndəsinə üz tutmalıdır. (Eynilə dövlət qurumları vətəndaşdan hansısa sənədin təsdiq olunmuş surətini tələb etməli deyil,özü dövlət qurumu kimi sənədi onun əsli ilə tutuşdurub düzgünlüyünü təsdiq etməlidir.Yoxsa,dövlət qurumuna işə düzəlmək istəyən,yaxud orada çalışan işçilərdən diplomun ,nigah haqında sənədin,uşaq doğulanda doğum haqqında şəhadətnamənin (bu şəhadətnamə verilərkən rüsum və haqq tutulmur)  şəxsiyyət vəsiqəsinin və s. təsdiq olunmuş surətlərinin tələb olunması hansı məntiqə uyğundur?)

Görəsən,vətəndaşı “ASAN XİDMƏT”də niyə düzgün yönəltmirlər?Bir də ƏN-in sözügedən cavabı niyə qanuna salınmayıb?Yəqin, bağlantılı dövlət qurumları sorğularımıza aydınlıq gətirəcəklər.

M.Ağsu

Xural.com-un e.poçtundan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button