Novella Cəfəroğlu “Qaynar Qazan”da (I hissə): “Elçibəyin tapşırığı ilə Heydər Əliyevdən yazı yazdıq”-VİDEO

Novella Cəfəroğlu ilə “Qaynar Qazan”da müsahibə: “İndi müharibə aşağıda getmir”

Azərbaycan QHT-lərinin Xaç Anası – Novella Cəfəroğlu

Tam da elədir – Xaç Anası. Yaşadığı ömürlə bunu sübut edib də. İndi də telefonlarına zəng edəndə məşhur “Xaç Atası” filminin melodiyası səslənir. Təsadüfi deyilmiş. Bunu yarıciddi-yarızarafat soruşdum, yarıciddi-yarızarafat “mafiyayıq da” dedi. Novella xanım mafiya deyil, amma Azərbaycan vətəndaş cəmiyyətində uzun illərdir sözü keçən, dediyi olan azsaylı adamlardan biridir.

Zaman-zaman haqqında və ətrafında çoxlu söz-söhbətlər dolaşıb. Xüsusilə, siyasi məhbus və vətəndaş cəmiyyəti sahəsində haqqında rəy birmənalı olmayıb. Əsas ittiham da onun hakimiyyətə işləməsi haqqında olub. Yəni iddiaya görə, Novella Cəfəroğlu kritik məqamlarda hakimiyyətin maraqlarından çıxış edir və hakimiyyətin dediyini yerinə yetirir. Bu saat yarımlıq söhbətimizin önəmli bir bölümünü bu söhbətə həsr etdik və çox səmimi cavablar aldıq. “Hakimiyyətə işləyən” bir VC təşkilatının tavanını çökən gördüm. Ofisi zatən əlçatmaz-ünyetməz bir yerdədir. İçərişəhərə girəndən sonra da gərək 10-15 dəqiqə yol gedəsən. Hələ buralarda avtomobil saxlamaq ayrı bir dərd. Gözümüzə o oturmuşdu ki, bir də baxdım, Novella xanım işıqforda dayanıb. Yəni Allah qurtardı bizi. Yoxsa bu “hakimiyyətin adamı”nın “dəbdəbəli” ofisinə yarım saat kameralar və ştativlər daşımalı olacaqdım.

Novella xanımın ofisində çox olmuşam. Amma oranı bu qədər dağınıq və uçulub-tökülmüş halda görməmişəm. Çəkilməlidir. Güman ki, videosüjetlərdə də görünəcək. Tavan uçub-tökülmüş halda və Novella xanımın dediklərindən belə çıxdı ki, bunu düzəltməkdə və ofisi təmtəraqlı saxlamaqda imkanları yoxdur – baxmayın adlarının hakimiyyətə yaxın hallanmasına.

Yaşadığı həyat çox maraqlıdır Novella xanımın. Prezident Əbülfəz Elçibəylə ailəvi dost olublar. Həyat yoldaşı yəhudidir. Oğlanları İsraildə yaşayıb fəaliyyət göstərirlər. Heydər Əliyev onu şəxsən tanıyıb və hətta əri ilə onu birlikdə işə dəvət edib. Atası Naxçıvanın rəhbərlərindən biri olub və hazırda Fəxri Xiyabanda uyuyur. Atası Mircəfər Bağırovla işlədiyindəndir ki, Novella xanımın Mircəfər Bağırov epoxasına da dəxli var. İndi də laqeyd deyil hakimiyyətə. Xüsusilə, Naxçıvanda sərt qarşılamadan sonra Heydər Əliyevin birbaşa tapşırığı olur ki, ona toxunmayın və ona toxunmayıblar, toxunmurlar daha.

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını və ümumiyyətlə, Paşayevlər ailəsini açıq mətnlə dəstəkləyir. O, səmimi qəlbdən inanır ki, Mehriban Paşayeva-Əliyevanın hakimiyyətə gəlişi ciddi islahatların başlanğıcıdır. Buna inanır və Paşayevlər ailəsinin ölkə siyasətinə təsir göstərən fərdlərinin demokrat olduqlarına inanır. Baş verən bütün neqativ olayların və son həbslərin də səbəbini Mehriban xanımda axtarmır Novella Cəfəroğlu. Onun dediklərindən məlum olur ki, indi hakimiyyətin yüksək eşalonlarında ciddi ölüm-dirim savaşı gedir və bütün neqativ hadisələr və baş verən həbslər Birinci xanıma qarşı olan qruplaşma və ya qruplaşmaların başının altından çıxır.

Novella xanımın “Qaynar Qazan”da müsahibəsi sensasion deyilə biləcək məqamlar ehtiva edir. Onun Əbülfəz Elçibəy və Heydər Əliyev haqqında dedikləri o qəbildəndir. Mən ilk dəfə eşidir və bilirəm ki, hələ Milli Azadlıq Mübarizəsi illərindən əvvəl Əbülfəz Elçibəy konkret olaraq Novella xanıma və onun həyat yoldaşına Heydər Əliyevi Moskva mətbuatında yazılarla dəstəkləmək haqqında təlimat verib. Novella xanım və yoldaşı bunu necə edəcəklərini soruşurlar. Əbülfəz bəy materialı özü hazırlayır və yazı Novella Cəfəroğlu və həyat yoldaşının imzaları ilə məşhur Moskva qəzetlərində onların imzaları ilə çap olunur. Bu, sensasion faktdır! Elçibəylə Heydər Əliyevin Milli Azadlıq Hərəkatından daha əvvəldən əlaqələrinin olması haqqında mühüm dəlillərdən biridir. Sayıla bilər. Və maraqlıdır ki, bu haqda Heydər Əliyevə məruzə olunur və o, Novella Cəfəroğlunun atasını tanıyır.

Bu arada, Novella xanımın israrla atası haqqında danışdığı və çıxarılmasını xahiş etdiyi tarixi faktlar var ki, mən onları çəkilişdən çıxarmadım. Söhbət Novella xanımın atasının ermənilərin Naxçıvandan çıxarılması ilə bağlı kokret gördüyü işlərdən və Mircəfər Bağırovun buna bəslədiyi münasibətdən gedir. Bu haqda bəlkə ayrıca da danışmaq olar, amma burada səslənən faktlar da zamanın qaranlıq labirintlərinin dolambaclı yollarına az da olsa işıq tuta bilər.

Məhz bu səbəblərdən də Heydər Əliyev-Əbülfəz Elçibəy münasibətləri bu deyilənlərin fonunda fərqli mahiyyət kəsb edir. Novella xanım deyir ki, bir gün Heydər Əliyev şəhərin mərkəzində pəncərəsindən Elçibəyin iri portretinin asıldığı bir ofis görür və bu ofisin kimin olduğunu soruşur. Ona ilk baxışdan bunu deməyə cürət etmirlər, amma sonradan məlum olur ki, bu, Novella xanımın ofisidir. Heydər Əliyev bunu eşidincə, nəinki kimisə cəzalandırmaq haqqında düşünür, əksinə, mənalı və tarixi bir söz deyir ki, mənim belə dostlarım olmayıb, sağ olsun ki, dostunu belə qiymətləndirir. Və… təbii ki, Əbülfəz Elçibəyin cənazəsinin başında fəxri keşikdə dayanmasını və onun nəşinə təzim etməsini burada deməyə bilmərəm. Bəli, Əbülfəz Elçibəylə Heydər Əliyevin arasında açıq-gizli bağların olduğu artıq sirr deyil və o pərdənin bir hissəsini də burada Novella xanım araladı.

Hələ Elçibəyin Novella xanım vasitəsilə Kələkidən onun həyat yoldaşına – İsrailə göndərdiyi sənədlər və yazılar məni daha çox maraqlandırdı. Niyə İsrailə? Niyə Novella xanımın yəhudi olan həyat yoldaşına? Oralarda nələr yazılıb görəsən? Təbii ki, bu söhbətin və bu faktların işığında Novella xanımdan Əbülfəz Elçibəyin yəhudi lobbisinə çıxışında onun yoldaşının rolunun olub-olmadığını soruşuram və Novella xanım müsbət cavab verir! Deməli, bizim bilmədiyimiz çox şeylər var hələ və işin qəribə yanı orasındadır ki, Novella xanımın dediyindən belə çıxır ki, Əbülfəz bəyin yazdıqlarını onun özü də oxumayıb. Deməli, yazışmalar, ya da Əbülfəz bəyin göndərdiyi yazılar çox məxfi göndərilib. Hətta Novella xanım özü oxuya bilməyibsə… Və Novella xanım, davam edir ki, yoldaşından soruşanda ki, sən ölüb gedəcəksən, sonrası necə olacaq, cavab alıb ki, oğlum yerini bilir. Tam yəhudi kriptoqramları kimi yəni! Maraqlı və düşündürücüdür. Biz zatən son illərdə baş verənlərin bir çox məqamlarını bilmirik. Görünür, bilmədiyimiz daha çox şeylər var hələ. Amma bütün hallarda Novella xanım söz verdi məni İsrailə aparmağa. Düşünürəm ki, Novella xanımın yoldaşı ilə “Azadlıq Salnaməsi”ndə söhbət etmək Azərbaycan üçün də faydalı olacaq. Qismətdirsə təbii ki…

Hə, ayrıca bunu da deməliyəm ki, Novella xanıma gələn suallar heç də rəvan suallar deyildi. Onu tənqid və ittiham edən suallar da vardı. Amma Novella xanım elə səmimi və normal qarşıladı, elə içtən cavablar verdi ki, belə yanaşmanın bizim siyasətçilərimizdə də olmasını çox istəyərdim. Hər halda, bu da mənim arzularımdan biridir…

Prezidentlərin yaxın dostu, Vətəndaş Cəmiyyətimizin “Xaç Anası”, bir çoxlarının illərdir “Mamaşa” dediyi, bir çoxlarına həqiqətən Analıq edən Novella Cəfəroğlu “Qaynar Qazan”ın 38-ci qonağıdır. Bu tarixi və mənalı söhbəti ilə onu dinləyirik – Novella Cəfəroğlunu…

Əvəz Zeynallı

“Qaynar Qazan”

I hissə

Yeni qanun vətəndaş cəmiyyətinin belini qırdı

– Bu gün “Qaynar Qazan”ın növbəti qonağı Azərbaycanın ictimai-siyasi fikrində, Azərbaycanın siyasi mühitində, Azərbaycanın siyasi tarixində görkəmli rolu olan Novella xanım Cəfəroğludur. Düzdür, Novella xanım son illər hüquq müdafiəçisi kimi fəaliyyət göstərib, amma Azərbaycan cəmiyyəti, eləcə də bizim Novella xanıma sual ünvanlamaq üçün etdiyimiz müraciətdən də göründü ki, ondan gözləntilər çoxdur. Bəzi tənqidlər də, bəlkə ona görədir. Novella xanım, xoş gəlmisiniz.

– Çox sağ olun, siz də xoş gəlmisiniz. Çox şadam ki, vaxt tapıb məndən intervyu götürməyə gəlmisiniz. Çox sağ olun.

– Əstəğfürullah, biz bu müsahibəni çoxdan planlaşdırırdıq. Sizinlə söhbət eləməyimiz bu günə təsadüf etdi. Suallar çoxdur. Facebook-da sizə ünvanlanan suallardan əlavə, mənim şəxsimə də suallar gəlib. Əslində, haradan başlayacağımı düşünürəm, amma yaxşı olar ki, gündəmimizdən başlayaq. Azərbaycanda vətəndaş cəmiyyətinin durumu necədir? Siz bunu necə qiymətləndirirsiniz?

– Bu saat çox pisdir. Çünki siz bilirsiniz ki, 2014-cü ildə bütün qrant məsələləri bağlandı. Vətəndaş cəmiyyəti də nə ilə yaşayır – xaricdən gələn qrantlar hesabına… Yəni donorlar Azərbaycana gəlirlər, layihələri bəyənirlər və ona pul ayırırlar. 2014-cü ildə qüvvəyə minən “Qrantlar haqqında qanun” bütün vətəndaş cəmiyyətinin doğrudan da belini qırdı. Çünki çox vətəndaş cəmiyyəti bağlandı, çoxu da xaricə getdi.

– Hələ də qadağalar var, eləmi?

– İndi yavaş- yavaş düzəlib. Prezidentin fərmanından sonra bir pəncərə açılıb. Milli Platforma yaranıb. Orada Vətəndaş Cəmiyyəti ilə dövlət strukturları arasında dialoq yaranıb. Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və s. ilə dil tapıb nəsə eləmək istəyirik. Çünki bizim indi, bu saat doğrudan da o qrupda Əliməmməd bəy uşaqlarla, Hafizlə, Sahiblə işləyirlər. Suallar verirlər, o sualların cavabını gözləyirik. QHT-lərin qeydiyyata alınmasını tezləşdirmək üçün işlər aparılır. Məsələn, Gürcüstandakı kimi. Gürcüstanda QHT-ni qeydiyyata almaq üçün cəmi bir gün vaxt lazımdır.

– Siz QHT-lərin qeydiyyatdan keçmək məsələsini deyirsiniz…

– Hə, qeydiyyatdan keçmək məsələsi.

– Bu iş alınırmı, Novella xanım? Bu dialoq alınmır axı. İllərdir hökumətlə dialoq məsələsi müzakirə olunur, amma ortada ciddi nəticələr yoxdur.

– Bilirsinizmi, nətəhərdir? Alınır. İstəsək də, istəməsək də… Bilirsiniz, baxın siyasi məhbus məsələsinə… Qabardırlar. Nə qədər adam vardı – 160 nəfəri, 168 nəfəri o siyahıya salıblar. Sırf siyasi məhbuslar kənarda qalıb. Kimi istəyirsən ora salıblar.

Dirənib bunlarla baş-başa getsək, heç nəyə nail ola bilməyəcəyik

– Bütün siyasi məhbusların adı da həmin siyahının içindədir.

– Biz o siyahıdakıların hamısına da baxmışıq. Ona görə də məsələ çətinləşir. Sadəcə… Mən demirəm ki, Azərbaycanda vəziyyət gözəldir. Pisdir. Mən həmişə bunu demişəm, deyirəm də…  O sualların içində bir sual da var idi ki, “rejimə işləyən”. Mən heç Əbülfəz Elçibəyin hakimiyyətində rejimə işləməmişəm.

– Hə, o sualların hamısını verəcəm.

(Gülür…) Yəni  rejimə işləməyən adamlardan biri kimi deyirəm ki, danışa-danışa nəyəsə nail ola bilərik. Amma dirənib, bunlarla baş-başa getsək, heç nəyə nail ola bilməyəcəyik.

– O sual Mobil Xeyrullayev tərəfindən verilib. Mobil bəy yazır ki, “Rejimə xidmət eləməkdən yorulmadı? Bir qadın kimi bu rejimdə xanım olmaq çox-çox çətindir…”

– Vallah, düz deyir. Çox çətindir xanım olmaq. Rejimə qulluq eləmək nə deməkdir?

– Qulluq eləmirsinizmi, Novella xanım?

– Bir dayan da… mən sənə bir söz deyim. Mən yenə də deyirəm ki, mən Elçibəyin vaxtında rejimə qulluq eləmirdim. Elçibəy bizə zəng vururdu…

– Elçibəyə nə vardı ki? Elçibəy fağır bir prezident idi…

– Qulaq as, e… Yox, yox… Elçibəy axşamlar zəng vurub yoldaşımla danışırdı. Mən telefonu götürüb deyirdim ki, “bu çatmır, bunu eləmirlər, onu eləmirlər…” Telefonu atırdı yerə. Sonra da yoldaşıma zəng vurub deyirdi ki, “onun ağzını bağla da… Nə qədər olar bu tənqid…” Yəni mən dünyasında…

Mən dünyasında rejimə qulluq eləməmişən, Azərbaycana qulluq eləmişəm

– Hətta prezident olanda, eləmi?

– Olanda! Prezident Aparatından zəng vurub yoldaşımla danışanda. Mən dünyasında rejimə qulluq eləməmişən, mən Azərbaycana qulluq eləmişəm. İndi də lazım olsa, axıra qədər Azərbaycan dövlətçiliyinə qulluq eləyəcəm. Mən 2-3 dəfə bunlara demişəm ki, bu hakimiyyəti biz qurmuşuq. O bayrağı bizi döyə-döyə biz qaldırmışıq. İndi bu saat çox şey deyə bilərlər. Bayraq parlamentdə qəbul olunurdu, biz küçədə bayraqla gəlirdik. Polislər bizi tutdular, bayrağı qırdılar, o bayraqla da bizi döydülər. Əzizbəyovun heykəlinin yanında bizi döydülər, bəzilərimizi də tutdular, apardılar. Yəni biz bu günləri görmüşük. Ona görə də dövlətçilik baxımından sözümü demişəm. Onlara demişəm, hökumətə də demişəm  ki, bu bayrağın altında siz oturubsunuz, halal xoşunuz olsun, amma milləti incitməyin. Çox adamdan soruşa bilərsiniz. O İşçi Qrupunda olanlardan da… Ən çox danışan mən oluram, ən çox söz deyən də mən oluram. Tənqidi də mən çox edirəm. Bilirlər ki, mənim 70-dən çox yaşım var, özün də bilirsən. Vecimə deyil heç kəs… Heç kəs vecimə deyil! Nə iqtidar, nə müxalifət. Onu bircə bilin, hamınız. Yəni mənim üçün ümumiyyətlə….

– Yəni siz hər zaman belə olubsunuz…

– Hə!

– Həmişə də belə olmusunuz…

– Həmişə də belə olmuşam.

– Elşən Əlisoy soruşur ki, həbsxanada dünyasını dəyişən Mehman Qələndərovun ölümündən sonra aydın oldu ki, onu bəzi hüquq-müdafiə təşkilatları siyasi məhbus siyahısına belə salmayıblar. Ümumiyyətlə, sizin təşkilatınız Mehman Qələndərovu sağlığında siyasi məhbus imi tanımışdımı?

– Bilirsinizmi, nətəridir? Siyasi məhbus məsələsini biz necə siyahıya salırıq. Vəkillər bizə həbs olunan adamın işlərini gətirirlər. Ya advokatı, ya yoldaşı, ya ailə üzvlərindən kimsə o işləri bizə təqdim edir. Baxırıq. Əgər o iş doğrudan da siyasidirsə, – bizim də kriteriyalarımız var – onu salırıq siyahıya. Bizə bu adamın nə məktubu gəlib, nə ailəsi gəlib, nə advokatı gəlib. Düzdür, o öləndə biz çox pis olduq. Onun da məsələsini çox ciddi qaldırmışıq Ədliyyə Nazirliyinin qarşısında…

Xəstəxanaya verməyə pulum çatmadı

– Amma Mehman Qələndərovun  yas mərasiminə də gəlmədiniz…

– Birincisi, mən burada yox idim, o öləndə. Mən Türkiyədə əməliyyatda idim. Türkiyədən təzə gəlmişəm. 40 faiz qanla Türkiyəyə konfransa getmişdim. Özüm də bilmədən halım xarab oldu, “Acıbadəm” hospitalına apardılar. Onu danışacam sizə… Deməli, “Acıbadəm”ə aparandan sonra, yoxladılar və dedilər ki, “40 faiz qanı var, ümumiyyətlə, bu, bura necə gəlib?” Sağlığınız, litr yarım türk qanı vurdular mənə. “Acıbadəm”də də bilirsiniz, hamısı türklərdir, Atatürkçülərdir. 3 nəfər ora getmişdik, 3 nəfərdən kifayət qədər pul yığılmadı ki, mənim xəstəxana məsrəfimi ödəyək. Təzədən Bakıya zəng vurmuşuq, buradan da kiməsə zəng vurublar, onlar da bizə pul gətiriblər, məni xəstəxanadan buraxıblar.

– Niyə, ay Novella xanım?

– Çox adam eləcə danışır…

– Yəni pulunuz o qədərmi azdır?

– Yoxdur. Bizdə bilirsinizmi nətərdir? Cəmiyyətdə biz 20 nəfərə qədər adam saxlayırıq. Rayonlara gedirik, orada bizim seminarlarımız olur. Orada kadr saxlayırıq, jurnalist saxlayırıq ki, yazsın. Nağd 10 nəfər də buradan məvacib alır. Hər dəfə də kiminsə kimisə xəstədirsə və ya xəstəxanaya düşürsə, kimin pula ehtiyacı olur, gəlir ki, “Novella, balam xəstədir…” Bax, mən necə edim? Uşağı xəstədir, ona pul verməyim?

Qorxularından ofisimizi də alan yoxdur

– Ofisinizə də baxıram, ofisiniz də belə təmtəraqlı ofis deyil. Sadə və dağınıq…

– Bəs, demirsiniz ki, hökumətə işləyirik? Baxın, tavan tökülüb, yaxşı ki, heç kəs ölməyib. Tavanı təmir elətdirə bilmirik. Ofisimizi satmaq istəyirik ki, bir ayrı ofis alaq. Qorxularından bunu da alan yoxdur. Bu gündəyik biz. “Hökumətə işləyir”,- deməklə deyil ha… Mən yenə də deyirəm ki, Azərbaycana axır qanım da olsa işləyəcəm. Bu söz deyil, e… Onu da sənə sual veriblər. Mənim üç oğlum var.

– Hə, var.

– Üçü də İsraildədir. Biri Təl-Əviv universitetinin professorudur. Özü də çox təhsil akademiyalarının müxbir üzvüdür. O, ingilis dilindən Azərbaycan dilinə geofizika haqqında kitab tərcümə eləyib. Azərbaycan haqqında məlumatları bütün dünyaya yayıbdır. Vaxtında AXC-nin üzvü olub. O biri uşaqlar da ölürlər, can atırlar ki, gəlib Azərbaycanda bir iş görsünlər.

– Azərbaycan dilində bilirlər, eləmi?

– Niyə bilmirlər, hamısı bilirlər.

– Hamısı İsraildə işləyir?

– Biri riyaziyyat ixtisası üzrə professordur. Biri geofizikdir, o da professordur. Kiçik oğlum da həkimdir.

– Yoldaşınız da oradadır, Novella xanım?

– Bəli, yoldaşım da professordur.

– O da elə o vaxtdan ora gedib? Deyəsən, Elçibəydən sonra getdi?

– Elçibəy Kələkiyə gedəndən sonra, o da bizi…. Ümumiyyətlə, orada çox məsələlər oldu. Elçibəylə orada görüşdü və dedi ki, “mən burada qala bimərəm”. Elə o vaxtdan da çıxıb getdi İsrailə. Elə o vaxtdan da orada qaldı. Hamı elə bilirdi ki, Elçibəy bir ildən sonra hakimiyyətə gəlir. (Gülür…)

– Elə bilirdilər…

– Hə. (Gülür…) Hamımız elə bilirdik ki, bir ildən sonra Elçibəy gəlir, biz də hakimiyyətə gələcəyik. Ümumiyyətlə, başımıza çox oyun gəlib. Əgər mən də, uşaqlarım da Azərbaycanı sevməsəydik… Hamısı deyir ki, otur orada. Heç biri demir e… Hərdən yoldaşım deyir ki, “ayə, bəsdirin də, nə qədər orada otursun?” Deyirlər ki, “o orada olanda biz Azərbaycandan qopmuruq”.

– Onda tez-tez gedirsiniz İsrailə?

– Tez-tez yox, amma ildə iki dəfə gedirəm, hə. Bir aylıq gedirəm.

– Bəs, bir-birinizdən ötrü darıxmırsınız?

– Darıxırıq. Hamısı gündə zəng vururlar, danışıram. İndi bu saat telefonlar da elədir ki, danışanda üzlərini də görürəm. Nəvələrimin hamısını.

– Amma Novella xanım, belə deyim, siz çox maraqlı şəxsiyyətsiniz. Baxın, həm yoldaşınız yəhudidir, İsraildə yaşayır. Burada da deyirlər ki, oğlu orada professordur. Əbülfəz Elçibəylə dost olmusunuz…

– Əbülfəz bəy bizimlə ən yaxın dost olub.

Hamı Heydər Əliyevi Moskvada söyəndə, Əbülfəz bəy mənimlə yoldaşımı çağırdı ki…

– Sonra Heydər Əliyevin sizə qarşı çox yaxşı münasibəti olub.

– Mənə?

– Hə.

– Qoy deyim, niyə yaxşı münasibəti olub. Hamı Heydər Əliyevi Moskvada söyəndə, Əbülfəz bəy mənimlə yoldaşımı çağırdı. Bilirsən də, 1974-cü ildə Əbülfəz bəy həbs olunanda Heydər Əliyev hakimiyyətdə idi.

– Hə.

– Dedi ki, “bir türk oğlunu qoymurlar orada otursun. Baxın, gürcü var, erməni var, bir türk oğlu gedib ora”.

“Московские Новости” qəzetində Heydər Əliyevdən yazı yazdıq – Elçibəy özü yazdı…

– Əbülfəz bəy dedi?

– Əbülfəz bəy dedi ki, “bir türk oğlu Moskvaya gedib, onu hər tərəfdən vururlar. Onun haqqında bir dənə məqalə yazın, müdafiə edin”. Dedik ki, “axı biz nə yazaq, biz nə bilirik ki?” Dedi sizə material verərəm. Bizə bir material verdi ki, Heydər Əliyev Azərbaycanda nə eləyib, biz də o məqaləni hazırladıq. Moskvada “Московские Новости” qəzetində Şvelyov soyadl bir dostumuz var idi. Həmin məqaləni ona göndərdik.

– Əbülfəz bəy sizə nə material verdi?

– Özü yazdı, biz də tərcümə elədik.

– Neçənci ildə?

– İlini dəqiq bilmirəm, amma Heydər Əliyevi artıq Siyasi Bürodan çıxarmışdılar. Haqqında da nələr-nələr yazmırdılar ki…

– O zaman 1987-ci il olub. Çünki oktyabr ayında Heydər Əliyevi vəzifəsindən çıxardılar, 1988-ci ildə də bu hadisələr başladı.

– Mən sizə deyim. O zaman biz bir məqalə yazdıq.

– Yəni Qarabağ hadisələri başlamamışdan əvvəl?

– Hə, Qarabağ hadisələri başlamamışdan əvvəl. Heydər Əliyev haqqında bir məqalə getdi.

– Çox maraqlıdır.

– “Московские Новости” qəzetində yoldaşımla mənim – ikimizin imzası getdi. Aparıb həmin məqaləni ona göstəriblər. Soruşub ki, “bunlar kimdirlər?” Deyiblər ki, “Cəfərin uşaqlarıdır”. Atamı tanıyıb.

Əbülfəz bəy dedi ki, bir türk oğlu var orda, onu da qoymurlar işləsin…

– Onu da Əbülfəz bəyin tövsiyəsi ilə elədiniz… 

– Əbülfəz bəy dedi ki, “bir türk oğlu var orda, onu da qoymurlar işləsin”.

– O zaman Heydər Əliyev sizin atanızı tanıyıb, eləmi?

– Mənim atam öləndə Heydər Əliyev, Abbas Zamanov onun Dəfn Komissiyasının sədri idilər. Onlar basdırıblar. Atamın məzarı Fəxri Xiyabandadır.

– Kimdir atanız?

– Atam Naxçıvan Ali Sovetinin sədri, Baş naziri olub. Azərbaycanda komsomol katibi işləyib.

Atamı Kreml xəstəxanasında ermənilər öldürdülər

– Yəni Heydər Əliyevin vaxtında vəzifədə olub?

– Bağırovun vaxtında işləyib, yox, atam Heydər Əliyevin vaxtında işləməyib. Heydər Əliyevdən əvvəl Bağırovla, Mustafayevlə işləyib. Mərkəzi Komitənin katibi vəzifəsində ölüb. Onu da Fəxri Xiyabanda dəfn ediblər. Bu haqda mən çox danışmışam. Kreml xəstəxanasında onu ermənilər öldürdülər.

– Atanızı?

– Hə, atamı. Başında əməliyyat var idi. Orada cuhud həkimi anama demişdi ki, “siz niyə o həkimin əlinə verdiniz onu?” Naxçıvan məsələsi idi.

– Ona görə bunu sizdən soruşdum, Novella xanım. Əbülfəz Elçibəylə dost olmusunuz, Heydər Əliyevlə də yaxşı münasibətləriniz olub…

– Heydər Əliyev mənim başıma olmayan İmam Hüseyn müsibəti gətirdi.

– Niyə? Heydər Əliyev siz Naxçıvana gedəndə xüsusi tapşırıq vermişdi ki, “Novella xanıma dəyməyin.”

– Sən nə danışırsan? Döydülər, öldürdülər məni Naxçıvanda…

– O zaman siz döyüləndən sonra bu tapşırığı vermişdi?

– Döyüləndən sonra demişdi ki, “o qızla işiniz olmasın”.

Məni türmədən həmişə Riçard Mans qurtarırdı

– Ay sağ olun, ondan sonra da sizinlə heç kimin işi olmadı…

– Qoy, mən sizə deyim, niyə işi olmadı. Mənim evimə gecə saat 3-də polis də gəlib, axtarışa. Məni döyüblər də, məni türməyə də salıblar. Məni sadəcə həmişə qurtaran ABŞ-ın Azərbaycandakı fövqəladə səfiri Riçard Mans idi. Amerika səfiri Elçibəy prezident olanda bizim evdə olmuşdu, Əbülfəz bəylə bizim evdə görüşüblər. Orada çox maraqlı məqamlar var idi. Mən də orada tərcüməçi kimi oturmuşdum. Əbülfəz bəy prezident idi, o da səfir idi. Aralarında danışanda dedi ki, “sən öz üzərinə olmayan şeylər götürürsən – rus ordusunun Azərbaycandan çıxarılması, İran məsələsi…” Əbülfəz bəy də dedi ki, “axı mən deməsəm, kim deyəcək?” Onda səfir dedi ki, “bunları deyəndən sonra səni xaric edəcəklər”. Əbülfəz bəy də dedi ki, “mən vəzifədən ötəri gəlməmişəm. Mən hakimiyyətə iki məsələdən ötrü gəlmişəm – rus qoşunları Azərbaycandan çıxarılsın, Bütöv Azərbaycan məsələsi qaldırılsın.” Yəni bu olub. Məni türmədən həmişə Riçard Mans qurtarırdı. Bizim keçmiş “Zevin” küçəsində bir ofisimiz var idi.

– Hə.

– Ofisin pəncərəsində Əbülfəz bəyin böyük portreti asılmışdı. Hakimiyyətdə də mənim dayım qızının yoldaşı rəhmətlik Zahid Dünyamalıyev və bir də yaxın qohumum Nazim Nağıyev işləyirdilər.

– Səbail rayonunun polis rəisi?

– Bəli.

– O zaman Əli Nağıyev də sizin qohumunuzdur?

– Hə, bəli. Əli Nağıyev də qohumumdur. Bir gün Heydər Əliyev Daxili İşlər naziri Ramil Usubovla oradan keçəndə həmin böyük pəncərədə Əbülfəz bəyin şəklini görür, soruşur ki, “bura kimin yeridir?” Usubov da onlara deyir ki, “cavab verin də, kimin yeridir? Sizin qohumdur.” Onlar da deyirlər ki, “Şuranın, Cəfər Cəfərovun qızı Novellanın ofisidir”. Qayıdıb deyib ki, “kişi qızıdır, o ki dostuna bu qədər qiymət verir. Mənim belə dostum olmadı. Onunla işiniz olmasın”. Əbülfəz bəy onda Kələkidə idi.

– Allah-Allah….

– Hə, bu hadisə olub.

Heydər Əliyev mənimlə yoldaşımı işə çağırdı

– Yəni “mənim belə dostum olmadı”.

– Hə, Heydər Əliyev mənimlə yoldaşımı işə çağırdı. Demişdi ki, “gəlsinlər, onlara iş verim”. Onda yoldaşım İsrailə getdi. Mən də dedim ki, “bir ildən sonra hakimiyyətə gələcəyik, nə iş?” Yəni Heydər Əliyev tanıyırdı məni, işimi də bilirdi. İndi də hamı bilir ki, mənim cəmiyyətim işləyən cəmiyyətdir. Biz heç zaman naxələflik etməmişik. Sözümüzü həmişə demişik. Heç vaxt sözümüzdən geri qalmamışıq. Amma dünyasında da “podxalimlik” (yaltaqlıq) eləməmişəm. İndiyə qədər mən heç kimə yaltaqlanmamışam. Xırda insanlara eləyərəm – gedib könlünü alaram, o yanına, bu yanına keçərəm. Deyərəm ki, “bağışlayın, bunu bilməmişik, belə eləmişik” və s. Amma böyüklərə heç vaxt “podxalimlik” eləməmişəm. Heç vaxt.

Əbülfəz bəylə də ailəvi olaraq uzun müddət dostluğunuz var.

– İndi də ailəsi ilə dostam. O birilərinə baxmış, onun bütün dostlarının içində mən yeganə adamam ki, həmişə gedirəm, gəlirəm, necədirlər, öyrənirəm.

– Əbülfəz bəyin də dostları etibarsız çıxdı, eləmi?

– Etibarlı, bilirsən nətəridir… Ay qurban olum sənə, indi bu saat etibarlı kim var axı…

– Yoxdurmu, Novella xanım?

– Etibarlı insan varmı? (Pauza…) Mənim cəmiyyətim mənə etibarlıdır, məsələn. Çünki 25 ildir biz bir yerdəyik. Hələ bir az da çox. 1988-ci ildən biz bir yerdəyik. Niyə biz dağılmırıq? Çünki 87-88-ci illərdən bir yerdəyik. Söyüblər, döyüblər, pulsuz qalmışıq… Məsələn, Nabat bir qazan yemək bişirirdi. Cəbhənin uşaqları da gəlirdilər bizə – Əbülfəz bəy Kələkidə olanda – onu yeyirdik, bir yerdəydik. Yəni pul düşkünü olmamışıq. İndi bu saat QHT-çilərin evlərinə baxın. Evləri, maşınları. Bir də gəlin mənim evimə baxın. İki otaqlı mənzilim var, Geoloqların Evində. Üç otağım var idi, satdım. Həm cəmiyyəti saxlamağa, həm özümü saxlamağa. Həmin o Geoloqlar Evində iki otaqlı mənzilə köçdüm. İkiotaqlı mənzilim var. Nə daçam, nə də maşınım var. Amma camaat… Ondan da artıq olsun. Sevinirəm. Uşaqların maşını da olsun, evi də.

– Bəs niyə bütün bunları onlar eləyir, siz eləyə bilmirsiniz?

– Özlərindən soruş da…

– Hakimiyyətlə də münasibətləriniz yaxşıdır.

– Hakimiyyətlə münasibətlər yaxşıdır deyəndə ki, bəyəm hakimiyyət mənə pul verir? Hakimiyyətlə münasibətlərimin nəyi yaxşıdır?

– Pis deyil ki, ay Novella xanım.

– Mən hakimiyyətlə münasibət qururam ki, nəsə, kiməsə köməklik eləyim. Hakimiyyətlə münasibət yaratmıram ki, mənim cəmiyyətimə nəsə eləsinlər. Gedib deyə bilərəm. Çox adam var ki, gedib deyə bilərəm ki, gəlin mənim bu cəmiyyətimi “remont” eləyin. Onu mən dünyasında heç kəsə deməmişəm. Gedib deyə bilərəm ki, “ə, hamınız ordasınız, mənə beş otaqlı bir mənzil verin. Uşaqlarım bura gələndə mehmanxanada qalırlar”. Verərlər də. Gedib deməmişəm.

– Uşaqlarınız gələndə mehmanxanada qalırlar?

– Hə. İkiotaqlı evə hamısı gələndə harada qalsınlar? Məcbur mehmanxanada qalırlar.

– Onların orada pulu yoxdur ki, sizə burada yaxşı bir ev alsınlar?  

– Bilirsən nətəridir? Ala bilərlər, amma özüm istəmirəm. Sözün düzü, özüm istəmirəm. Neyləyirəm, mən tək adamam. Onlar da ildə bir dəfə gəlirlər, qoy mehmanxanada qalsınlar.

– Həmin Vətəndaş Cəmiyyətindən söhbət edirik də. Həmin o vətəndaş cəmiyyətinin üzvlərini deyirsiniz – evləri var, maşınları var. Allah bol eləsin, çox eləsin.

– Bol eləsin.

– Amma bununla belə vətəndaş cəmiyyətinin problemləri də həll olunmur axı, ay Novella xanım.

– Əlbəttə, həll olunmur.

100 ərizədən 75-ni biz uduruq

– Bizim baş redaktorları xatırladır. Hökumət pulu çox verdikcə, mətbuatın azadlığı azalır. Elə bil bunların pulu çoxaldıqca, ictimai fəaliyyətləri azalır.

– Vallah, o birilərini bilmirəm. 2014-cü ildə bizim pulumuz da qurtaranda biz öz işimizi eləyirdik. İndi aşağı düşəndə mən sizə göstərərəm. Hər gün neçə insan ümid yeri kimi bura gəlir. Ərizə ilə. Neçə qadını biz məhkəmədə müdafiə edirik. Bir burada yox ha… Bizim qızlarımız Gəncəyə gedirlər, Yevlaxa gedirlər, Masallıya gedirlər…

– Yəni bütün Azərbaycanı əhatə edirlər?

– Bütün Azərbaycanda hüquq müdafiəçisi, ictimai müdafiəçi kimi gedib, onların hüquqlarını müdafiə edirlər. Özü də, mən sizə deyim, yeganə təşkilatdır ki, məhkəməyə gələndə, deyirlər ki, “Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti müdafiə edirsə, deməli, bunların işlərini qaytarmaq olmaz”. Bizi qaytarmırlar. 100 ərizədən 75-ni biz uduruq.

– Dilarə Əliyeva deyəndə yadıma düşdü. Bəs, Xanım Xəlilova haradadır? Elə Türkiyədə də qaldı?

– Türkiyədə qaldı.

– Münasibətləriniz necədir?

– Gəlir, gəlir. Yox, münasibətlərimiz də normaldır. O da orada öz işini görür. Məsələn, bütün bu Xocalı soyqırımını, Qarabağ məsələsini rayonbarayon gəzib, danışır. Adamın Allahı var.

– Yəni Novella xanım, siz bir yerdəsiniz, yoxsa ayrı-ayrılıqda fəaliyyət göstərirsiniz?

– Yox, o ayrı fəaliyyət göstərir. Bura da gəlir. Həmişə gözümüz üstündə yeri var. Həmişə də sevirik onu, hörmət də eləyirik. Biz dostlarımızı yarı yolda heç vaxt buraxmamışıq.

Mehriban Əliyevanın vitse-prezident olması daha yaxşı oldu

– Bayaq verdiyim sualın bir məntiqi davamı da var. Hakimiyyətlərlə münasibətlərinizdə… Türkel Azərtürk yazır ki, “Qonağınızı salamlayıram. Novella xanım, bir müddət əvvəl demişdiniz ki, Hesab edirəm ki, Mehiban Əliyeva gələn il seçkilərdə namizədliyini verməlidir. Güman edirəm ki, məhz Mehriban xanımın hakimiyyətə gəlməsi reformaların olmasına səbəb olacaq. Məncə, onun hakimiyyəti dövründə yaxşılığa doğru çox şey dəyişəcək”.  Bunu siz demisiniz…

– Mən demişəm.

– İndi Türkel Azərtürk soruşur: “Amma Mehriban Əliyeva Birinci vitse-prezident təyin ediləndən ölkədə vəziyyət daha da pisləşib. Məsələn, müxalif saytlar biabırçı məhkəmə qərarı ilə bloklanıb, fəallara təzyiqlər daha da artıb, internetə giriş məhdudlaşdırılıb və.s. Hətta vəziyyət o yerə gəlib ki, indi ictimai-siyasi fəalları şərləyərək həbs edib, içəridə öldürə də bilirlər”.  Mehman Qələndərov məsələsinə işarə edir. “Yenə də Mehriban Əliyevanın prezident olacağı təqdirdə ölkədə hər şeyin düzələcəyinə ümid edirsinizmi?”

– Mən vitse-prezident məsələsində israrlıyam ki… Yəni siz də bilirsiniz ki, o vitse-prezidentliyə başqa heç bir adam gedə bilməyəcəkdi. Ortalıqda elə bir adam heç yox idi də. Mehriban Əliyevanın getməsi daha yaxşı idi. Mən Mehriban Əliyevanın əmisi Hafiz Paşayevi çox yaxşı tanıyıram. Hafiz müəllimi…

– Ona həm də Əbülfəz Elçibəyin kadrı demək olar.

– Hə, onun kadrıdır. Hafiz müəllim Elçibəyin kadrı olub. ADA-da da mənim çox qohumlarımın uşaqları oxuyur. Çox gözəl də oxuyurlar, bir manat da pul vermirlər. ADA-da yüksək kvalifikasiyalı adamlar təhsil verirlər.

– Orada təhsil haqqı çox yüksəkdir, axı. Sizə görə o zaman pul vermirlər?

– Kim əlaçıdır onlar pul ödəmirlər.

– Əlaçılar pulsuz oxuyurlar?

– Hə. Yəni orada çox yüksək təhsil verilir. Onu tanıyıram. O biri universitetlərə baxanda, məsələn, uşaqlara baxanda ADA məndə daha yüksək fikir yaradır. Neçə dil bilirlər. Hafizi də mən qəşəng tanıyıram. Hafiz Azərbaycanın ABŞ-da səfiri olarkən də onunla orada görüşmüşük. Hətta Heydər Əliyev hakimiyyətdə olan vaxtı. Bizə qarşı münasibəti hər zaman çox yaxşı idi. Baxmayaraq ki, biz buradan müxalifətçi kimi gedirdik, orada bizi qəbul edirdi. Çox gözəl də münasibətimiz var idi. Nərgiz xanım Paşayeva Azərbaycanda MDU-nin filialını yaradıb. Orada təhsil alan tələbələrdən soruşun. Orada nə cür dərslər keçirilir. Tələbələrə qarşı orada nə cür münasibət var.

Paşayevlər ailəsində demokratik ab-hava görürəm

– Söhbət bilirsinizmi, nədən gedir?

– İndi mən də deyəcəm. Sözümü də elə ona gətirirəm. Mehriban xanımın üzərinə gətirirəm.

– Hə.

– Yəni mən bu ailənin içində demokratik ab-hava görürəm. ADA-da, MDU-da olan demokratik mühitə baxaraq…

– Yəni demək istəyirsiniz ki, onların şəxsiyyətləri də demokratikdir?

– Mən indi də bircə ona ümid edirəm ki, Mehriban xanım çox şeyi dəyişə bilər. O qədər nazirlərin yerinə bir xanım rəhbərin gəlməsini alqışlayıram. Bir xanım gəlib. Mən həm də Qadın hüquqları Müdafiə Cəmiyyətinin rəhbəriyəm. Xanımın hakimiyyətə gəlməsi məni sevindirir.

– Novella xanım, Türkiyəni Tansu Çillərə təslim elədilər, sonra Türkiyəni onun əlindən ala bilmirdilər.

– Türkiyəyə Baş nazir gələnlərin hamısından ən yaxşısı Tansu Çillər idi. Sən də onu yaxşı bilirsən, çünki Türkiyədə oxumusan. Tansu Çillərin Azərbaycana elədiyini heç kəs eləməyib. Əbülfəz bəy Kələkidə qalanda Tansu Çillər bizə köməklik edirdi də…

– O zaman çevriliş planının arxasında da Tansu Çillər dururdu.

– Yox, yox. Onun arxasında Süleyman Dəmirəl dururdu. Sən nə danışırsan? Hamısını bilirəm. Əbülfəz bəy elə qəşəng şeylər yazıb ki. Onun yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O da mənə hətta oxumağa belə vermir. Deyir, “vaxtı, zamanı gələndə verəcəm…”

– Bir dəfə İsrailə gedək, “Azadlıq Salnaməsi” üçün yoldaşınızla bir söhbət edək.

– Gedək. Amma o demir axı…

– Desə, çox maraqlı olar.

– Heç bir şey demir.

– Mən danışdıraram.

– Heç kimə heç nə vermir. Deyirəm ki, “ə, ölüb gedəssən, bu yazılar batacaqdır”. Deyir, “oğlun bilir haradadır”.

– Əbülfəz bəy, çox şey verib ona?

– Hə, çox şey verib. Özüm öz əlimlə aparmışam. Al, oxu da…

– Surətini də çıxarmadınız?

– Heç surətini də çıxarmadıq. Məndə o xasiyyət yoxdur da.

– Görün, nə qədər etibar eləyib də.

– Əlbəttə, etibar eləyirdi.

– Kələkidən göndərmişdi, yoxsa Bakıdan?

– Kələkidən… O vaxt Kələkidən hamısını yazıb göndərmişdi.

– Gələk, bu hadisələrə. 5 sayt bloklandı. Vətəndaş Cəmiyyətinin üzvləri yenə həbs olunur.

– Bəli.

İndi bu saat müharibə aşağıda getmir

– Bunu da haqlı və təbii olaraq Mehriban xanımın adına yazırlar. Çünki bütün bunlar Mehriban xanımın təyinatından sonra baş verib.

– Mən sizə bir söz deyim. İndi bu saat müharibə aşağıda getmir.

– Yuxarıda gedir?

– Bəli.

– Hakimiyyətdaxili qruplaşmalarda gedən müharibəni nəzərdə tutursunuz?

– Hə də… Həmin o qruplaşmaların hesabına da bu olur. İndi məsələn, elə işlər olur, çox əcaib işlər… Adi məmur heç nəyə tabe olmur. Adi məmur. O işi ki, biz bilirik ki, eləyə bilərik, bunu eləməliyik, sadəcə olaraq məmurlar qıcıqlandırırlar.

– Novella xanım, deməyinizdən belə çıxır ki, Mehriban xanım gəlib deyə, ola bilərmi ki, başqa bir hakimiyyətdaxili qrup bu hadisələri eləsin…

I hissənin sonu

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button