Novella Cəfəroğlu dedi, İsa Qəmbər açıqlama verdi

SONY DSC19.06.2013

Hüquq müdafiəçisi partiyadan çıxarılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi

Müsavat başqanının müşaviri Yadigar Sadıqov Hüquq müdafiəçisi və Müsavat partiyasının üzvü Novella Cəfəroğlunun partiya sıralarından çıxarılmasının vacibliyi ilə bağlı açıqlama verib.

Xatırladaq ki, N.Cəfəroğlu  “Freedom House”  təşkilatının Azərbaycanla bağlı son hesabatını sərt tənqid edərək, “Freedom House” qələt edir” kimi təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyib.

Bununla bağlı Moderator.az-a açıqlama verən Novella Cəfəroğlu hesabatı Müsavat üzvü kimi yox, hüquq müdafiəçisi kimi tənqid etdiyini deyib:

“Mən Müsavat partiyasının üzvüyəm və hər zamanda bunun belə olmasını istərdim. “Freedom House”  Təşkilatının hesabatına münasibətim isə Müsavat partiyasının yox,  mənim bir hüquq müdafiəçisi kimi mövqeyimdir. Əgər Müsavat Partiyası mənim üzvlükdə qalıb-qalmamağımla bağlı hansısa qərar qəbul edəcəksə, həmin qərara da hörmətlə yanaşacam”.

isaMüsavat başqanı: “Novella xanımın mövqeyi ilə razı deyiləm”

Müsavat başqanı İsa Qəmbər iyunun 19-da “Media forum” saytına danışaraq hüquq müdafiəçisi, Müsavat Məclisinin üzvü Novella Cəfəroğlunun “Freedom House” təşkilatının hesabatı ilə bağlı fikirlərinə münasibət bildirib: “Novella xanım yenidən açıqlama verib və yazılan bəzi fikirlərin ona aid olmadığını bildirib. Amma istənilən halda Novella xanımın açıqlaması nə məzmun, nə də üslub baxımından məqbuldur. Biz təcrübəli hüquq müdafiəçisindən məsələlərə daha ölçülü-biçili, prinsipial mövqe gözləyirik.

Məsələ mahiyyət baxımından da düzgün deyil. Novella xanım açıqlamasında qeyd edib ki, Azərbaycanda insan haqları pozulub, yəni “Freedom House” təşkilatının bu barədə dediklərini təkzib etməyib. Narazılıq edib ki, başqa ölkələrdəki vəziyyəti niyə demirlər. Mən bunu düzgün yanaşma hesab etmirəm. Əvvəla, başqa ölkələrdə vəziyyət necə olur olsun, Azərbaycandakı vəziyyət düzgün ifadə olunubsa, biz bunu obyektiv bir mövqe kimi qiymətləndirməliyik.

Başqa ölkələrdəki vəziyyətin guya Azərbaycandan pis olması tezisi ilə də mən razı deyiləm. Obyektiv təhlil Azərbaycanın keçmiş sovetlər məkanında Belarus, Özbəkistan səviyyəsində sıralanmasına gətirib çıxarır. Bu da günümüzün gərçəkliyidir. Bu baxımdan Novella xanımın mövqeyi ilə razı deyiləm. Hesab edirəm ki, bu cür açıqlamalar Azərbaycanda insan haqlarının qorunmasına xidmət etmir. Novella xanım təcrübəli hüquq müdafiəçisidir. Ümid edirəm ki, bu məsələdə yanlış mövqe tutduğunun özü də fərqindədir”.

İsa Qəmbər bəzi müsavatçıların Novella Cəfəroğlunun partiyadan uzaqlaşdırılması təkliflərinə də toxunub: “Sosial şəbəkələrdə müsavatçılar Novella xanımın açıqlamasına sərt reaksiya verdilər. Aydın məsələdir ki, müsavatçıların əksəriyyətinin bu məsələdə mövqeyi birmənalıdır. Bu tipli məsələlərdə fərqli təkliflər ola bilər. Amma ayrı-ayrı müsavatçıların təklifləri sadəcə müzakirə edilə bilər. Bu o demək deyil ki, kim nə təklif edirsə, avtomatik olaraq qəbul olunmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button