Novella Cəfəroğlu “Qaynar Qazan”da (III sonuncu hissə): “Əli İnsanova ikinci dəfə iş verəndə o qədər ağladım ki”-VİDEO

Neovella Cəfəroğlu açdı sandığı: “Azərbaycan dövləti istəməsə, mən hansı ermənini…”

 

Azərbaycan QHT-lərinin Xaç Anası – Novella Cəfəroğlu

 

Əbülfəz Elçibəyin İsrailə göndərdiyi yazılarda nələr var?!

Tam da elədir – Xaç Anası. Yaşadığı ömürlə bunu sübut edib də. İndi də telefonlarına zəng edəndə məşhur “Xaç Atası” filminin melodiyası səslənir. Təsadüfi deyilmiş. Bunu yarıciddi-yarızarafat soruşdum, yarıciddi-yarızarafat “mafiyayıq da” dedi. Novella xanım mafiya deyil, amma Azərbaycan vətəndaş cəmiyyətində uzun illərdir sözü keçən, dediyi olan azsaylı adamlardan biridir.

Zaman-zaman haqqında və ətrafında çoxlu söz-söhbətlər dolaşıb. Xüsusilə, siyasi məhbus və vətəndaş cəmiyyəti sahəsində haqqında rəy birmənalı olmayıb. Əsas ittiham da onun hakimiyyətə işləməsi haqqında olub. Yəni iddiaya görə, Novella Cəfəroğlu kritik məqamlarda hakimiyyətin maraqlarından çıxış edir və hakimiyyətin dediyini yerinə yetirir. Bu saat yarımlıq söhbətimizin önəmli bir bölümünü bu söhbətə həsr etdik və çox səmimi cavablar aldıq. “Hakimiyyətə işləyən” bir VC təşkilatının tavanını çökən gördüm. Ofisi zatən əlçatmaz-ünyetməz bir yerdədir. İçərişəhərə girəndən sonra da gərək 10-15 dəqiqə yol gedəsən. Hələ buralarda avtomobil saxlamaq ayrı bir dərd. Gözümüzə o oturmuşdu ki, bir də baxdım, Novella xanım işıqforda dayanıb. Yəni Allah qurtardı bizi. Yoxsa bu “hakimiyyətin adamı”nın “dəbdəbəli” ofisinə yarım saat kameralar və ştativlər daşımalı olacaqdım.

Novella xanımın ofisində çox olmuşam. Amma oranı bu qədər dağınıq və uçulub-tökülmüş halda görməmişəm. Çəkilməlidir. Güman ki, videosüjetlərdə də görünəcək. Tavan uçub-tökülmüş halda və Novella xanımın dediklərindən belə çıxdı ki, bunu düzəltməkdə və ofisi təmtəraqlı saxlamaqda imkanları yoxdur – baxmayın adlarının hakimiyyətə yaxın hallanmasına.

Yaşadığı həyat çox maraqlıdır Novella xanımın. Prezident Əbülfəz Elçibəylə ailəvi dost olublar. Həyat yoldaşı yəhudidir. Oğlanları İsraildə yaşayıb fəaliyyət göstərirlər. Heydər Əliyev onu şəxsən tanıyıb və hətta əri ilə onu birlikdə işə dəvət edib. Atası Naxçıvanın rəhbərlərindən biri olub və hazırda Fəxri Xiyabanda uyuyur. Atası Mircəfər Bağırovla işlədiyindəndir ki, Novella xanımın Mircəfər Bağırov epoxasına da dəxli var. İndi də laqeyd deyil hakimiyyətə. Xüsusilə, Naxçıvanda sərt qarşılamadan sonra Heydər Əliyevin birbaşa tapşırığı olur ki, ona toxunmayın və ona toxunmayıblar, toxunmurlar daha.

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını və ümumiyyətlə, Paşayevlər ailəsini açıq mətnlə dəstəkləyir. O, səmimi qəlbdən inanır ki, Mehriban Paşayeva-Əliyevanın hakimiyyətə gəlişi ciddi islahatların başlanğıcıdır. Buna inanır və Paşayevlər ailəsinin ölkə siyasətinə təsir göstərən fərdlərinin demokrat olduqlarına inanır. Baş verən bütün neqativ olayların və son həbslərin də səbəbini Mehriban xanımda axtarmır Novella Cəfəroğlu. Onun dediklərindən məlum olur ki, indi hakimiyyətin yüksək eşalonlarında ciddi ölüm-dirim savaşı gedir və bütün neqativ hadisələr və baş verən həbslər Birinci xanıma qarşı olan qruplaşma və ya qruplaşmaların başının altından çıxır.

Novella xanımın “Qaynar Qazan”da müsahibəsi sensasion deyilə biləcək məqamlar ehtiva edir. Onun Əbülfəz Elçibəy və Heydər Əliyev haqqında dedikləri o qəbildəndir. Mən ilk dəfə eşidir və bilirəm ki, hələ Milli Azadlıq Mübarizəsi illərindən əvvəl Əbülfəz Elçibəy konkret olaraq Novella xanıma və onun həyat yoldaşına Heydər Əliyevi Moskva mətbuatında yazılarla dəstəkləmək haqqında təlimat verib. Novella xanım və yoldaşı bunu necə edəcəklərini soruşurlar. Əbülfəz bəy materialı özü hazırlayır və yazı Novella Cəfəroğlu və həyat yoldaşının imzaları ilə məşhur Moskva qəzetlərində onların imzaları ilə çap olunur. Bu, sensasion faktdır! Elçibəylə Heydər Əliyevin Milli Azadlıq Hərəkatından daha əvvəldən əlaqələrinin olması haqqında mühüm dəlillərdən biridir. Sayıla bilər. Və maraqlıdır ki, bu haqda Heydər Əliyevə məruzə olunur və o, Novella Cəfəroğlunun atasını tanıyır.

Bu arada, Novella xanımın israrla atası haqqında danışdığı və çıxarılmasını xahiş etdiyi tarixi faktlar var ki, mən onları çəkilişdən çıxarmadım. Söhbət Novella xanımın atasının ermənilərin Naxçıvandan çıxarılması ilə bağlı kokret gördüyü işlərdən və Mircəfər Bağırovun buna bəslədiyi münasibətdən gedir. Bu haqda bəlkə ayrıca da danışmaq olar, amma burada səslənən faktlar da zamanın qaranlıq labirintlərinin dolambaclı yollarına az da olsa işıq tuta bilər.

Məhz bu səbəblərdən də Heydər Əliyev-Əbülfəz Elçibəy münasibətləri bu deyilənlərin fonunda fərqli mahiyyət kəsb edir. Novella xanım deyir ki, bir gün Heydər Əliyev şəhərin mərkəzində pəncərəsindən Elçibəyin iri portretinin asıldığı bir ofis görür və bu ofisin kimin olduğunu soruşur. Ona ilk baxışdan bunu deməyə cürət etmirlər, amma sonradan məlum olur ki, bu, Novella xanımın ofisidir. Heydər Əliyev bunu eşidincə, nəinki kimisə cəzalandırmaq haqqında düşünür, əksinə, mənalı və tarixi bir söz deyir ki, mənim belə dostlarım olmayıb, sağ olsun ki, dostunu belə qiymətləndirir. Və… təbii ki, Əbülfəz Elçibəyin cənazəsinin başında fəxri keşikdə dayanmasını və onun nəşinə təzim etməsini burada deməyə bilmərəm. Bəli, Əbülfəz Elçibəylə Heydər Əliyevin arasında açıq-gizli bağların olduğu artıq sirr deyil və o pərdənin bir hissəsini də burada Novella xanım araladı.

Hələ Elçibəyin Novella xanım vasitəsilə Kələkidən onun həyat yoldaşına – İsrailə göndərdiyi sənədlər və yazılar məni daha çox maraqlandırdı. Niyə İsrailə? Niyə Novella xanımın yəhudi olan həyat yoldaşına? Oralarda nələr yazılıb görəsən? Təbii ki, bu söhbətin və bu faktların işığında Novella xanımdan Əbülfəz Elçibəyin yəhudi lobbisinə çıxışında onun yoldaşının rolunun olub-olmadığını soruşuram və Novella xanım müsbət cavab verir! Deməli, bizim bilmədiyimiz çox şeylər var hələ və işin qəribə yanı orasındadır ki, Novella xanımın dediyindən belə çıxır ki, Əbülfəz bəyin yazdıqlarını onun özü də oxumayıb. Deməli, yazışmalar, ya da Əbülfəz bəyin göndərdiyi yazılar çox məxfi göndərilib. Hətta Novella xanım özü oxuya bilməyibsə… Və Novella xanım, davam edir ki, yoldaşından soruşanda ki, sən ölüb gedəcəksən, sonrası necə olacaq, cavab alıb ki, oğlum yerini bilir. Tam yəhudi kriptoqramları kimi yəni! Maraqlı və düşündürücüdür. Biz zatən son illərdə baş verənlərin bir çox məqamlarını bilmirik. Görünür, bilmədiyimiz daha çox şeylər var hələ. Amma bütün hallarda Novella xanım söz verdi məni İsrailə aparmağa. Düşünürəm ki, Novella xanımın yoldaşı ilə “Azadlıq Salnaməsi”ndə söhbət etmək Azərbaycan üçün də faydalı olacaq. Qismətdirsə təbii ki…

Hə, ayrıca bunu da deməliyəm ki, Novella xanıma gələn suallar heç də rəvan suallar deyildi. Onu tənqid və ittiham edən suallar da vardı. Amma Novella xanım elə səmimi və normal qarşıladı, elə içtən cavablar verdi ki, belə yanaşmanın bizim siyasətçilərimizdə də olmasını çox istəyərdim. Hər halda, bu da mənim arzularımdan biridir…

Prezidentlərin yaxın dostu, Vətəndaş Cəmiyyətimizin “Xaç Anası”, bir çoxlarının illərdir “Mamaşa” dediyi, bir çoxlarına həqiqətən Analıq edən Novella Cəfəroğlu “Qaynar Qazan”ın 38-ci qonağıdır. Bu tarixi və mənalı söhbəti ilə onu dinləyirik – Novella Cəfəroğlunu…

 

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/novella-c%C9%99f%C9%99roglu-qaynar-qazanda-i-hiss%C9%99-elcib%C9%99yin-tapsirigi-il%C9%99-heyd%C9%99r-%C9%99liyevd%C9%99n-yazi-yazdiq-video/ (Novella Cəfəroğlu “Qaynar Qazan”da (I hissə): “Elçibəyin tapşırığı ilə Heydər Əliyevdən yazı yazdıq”-VİDEO)

II hissəni buradan oxuya bilərsiniz:

Novella Cəfəroğlu “Qaynar Qazan”da (II hissə): “Mirmahmud bəy 22 naxçıvanlı-irəvanlını KXCP-dən çıxardı”

III sonuncu hissə

 

Niyə mənə “mamaşa” deyirlər?

 

– Ağasif Şakiroğlu yazır ki, “Mamaşanı salamlayıram…” Sizə niyə “mamaşa” deyirlər?

– Vallah, o da hərəkatdan başlayıbr. Yəqin yaşımın çoxluğundandır. Bir epizod da danışım sənə, niyə mənə “mamaşa” deyirlər. Ona da güləsən. Türkiyəyə getmişik. 7 nəfərlə, Əbülfəz bəyin vaxtında. Rəhmətlik Tahirdir, Məzahirdir, Arzudur, Ülvidir, Qabildir. 7 uşaq – hamısı da bir-birindən gözəl. Gəlib məndən soruşurlar ki, “mama, bunu nə eləyək, onu nə eləyək?” Türk bayrağının ətrafında Turqut Özal oturub, Süleyman Dəmirəl oturub, Türkeş oturub… Antalyadayıq, çadırın içində daha bilmirik, nə edək. Belə idi e… canfəşanlıq…

– 1992-ci ildə…

– Onda da bir az nazik idim. Arxada əyləşən bir kişi yanındakı qadına dedi ki, “arvad belə olar e, maşallah, oğlanlarına bax, hamısı gözəl-gözəl…” Məndən soruşdu ki, “hamısı sizin oğlanlardır?” Dedim, “hə”. Dedi, “amma heç biri digərinə oxşamır”. Dedim, “hərəsi bir kişidəndir.” (Gülüşmə…) Yanındakı arvad da qayıtdı ki, “mən də sənə belə oğlanlar doğardım, amma ayrı kişidən”. (Gülür…) Aralarında mübahisə düşdü. Yəni mənə “mama”nı o 7 oğlan deyib. Onlardan sonra bütün partiyalarda, o cümlədən AXC-də və Müsavatda da hamı “mama” deyir. O cümlədən jurnalistlər də.  Hətta hamı “mama” deyir.

– Eşq olsun.

– Böyük şeydir, onu qazanmaq da böyük şeydir. Yüz söz desinlər. Bir də görürsən hökumətdən də QHT-çilər var ki, “mama, nətərisən” soruşurlar. Onlar da deyirlər. Yəni bu da çox böyük şeydir.

Bu hakimiyyət də Elçibəy yolunu gedir

– Ağasif Şakiroğlu yazır ki, “Sualım mamaşaya belədir: Bu gün rəhmətlik Elçibəyin adı altında çox partiyalar fəaliyyət göstərir. Elçibəyin yaxın silahdaşı, dostu, sirdaşı olan bir şəxs olaraq siyasi partiyalardan hansını Elçibəy məktəbinin həqiqi davamçısı hesab edir?”

– Hamısı xırda da olsa, davam edirlər də…  Hətta bu hakimiyyət də Elçibəy yolunu gedir. Hansı mənada?  Heydər Əliyev də İlham Əliyev də çıxışlarında deyirlər ki, “50 milyonluq millətik biz”. Bunu ilk dəfə Elçibəy deyib də… Dünya Azərbaycanlılarının həmrəyliyi ilə bağlı. “Dövlətin demokratikləşməsi Avropaya inteqrasiyadır”… Bunu Elçibəy də deyib, bunlar da deyirlər.

– Bunu eynilə İlham Əliyev də deyir ki, “mən 50 milyonluq millətin prezidentiyəm”.

– Deyibdir.

– “İki millət, bir dövlət” də Elçibəyin sözü idi.

– Elçibəyin sözü idi, amma Heydər Əliyev də dedi, İlham Əliyev də dedi.

 – İndi Rusiya ilə münasibətlər gərginləşir, yenə də Elçibəyin dediyinə gəlib çıxırlar.

– Gəlib çıxacaqlar.

– Amma daha Elçibəy hakimiyyətə gəlməyəcək…

– Məsələn, deyirdi ki, rus ordusunu Azərbaycandan çıxardıq, bir daha geri qayıtmamalıdır, ordu qayıtmadı. Bir maraqlı epizod da deyim. Elçibəy Yeltsinlə Moskvada görüşəndə deyib ki, “Абулфаз, ты хороший парень. Давай мои войска будут на твоем границе. Ищйска выйлы, пускай на границе останутся”.  Elçibəy deyib ki, “Давай. Но мои войска будут на финской границе”. Yeltsin soruşub ki, “Почему?” Elçibəy də deyib ki, “А почему твои войска там должны быть?”

– Elçibəy böyük düşünürdü.

– Elçibəy böyük düşünürdü, özü də qəşəng düşünürdü.

– Siz o vaxt Elçibəy Moskvaya gedəndə həmin heyətin tərkibində var idiniz?

– Yox. Mən heç… Ayə, Əbülfəz bəyin vaxtında nə vəzifə dedi, vəzifəyə getmədik, heç yerə getmədik.

– Bax, elə o sualı soruşacam. Bizim tatnınmış jurnalistlərdən Xaqani Səfəroğlu yazır ki, “AXC hakimiyyəti zamanı Novella xanım hansısa vəzifədə çalışıbmı?”

– Heç bir, heç bir vəzifədə olmamışam.

– Bəs, nə elədiniz? Heç siz qadınlar batalyonunda da olmadınız?

– Yox, qoymadılar. Qoymadılar deyəndə, ora çox adam gəlmişdi…

Qadınlar batalyonunu yaratmağı Əbülfəz bəy məsləhət gördü

– Alındı…

– Alındı. Sadəcə olaraq, niyə qadınlar batalyonu? Hərc-mərclik var idi millət arasında. Qadınlar batalyonunu da yaratmağı Əbülfəz bəy məsləhət gördü. Bilirsiniz niyə? Dedi ki, qoy kişilər başa düşsünlər ki, qadınlar batalyon yaradıb. Bu batalyon, ancaq ondan ötəri yaranmışdı. Müharibə əzmini qaldırmaq, belə bir təbliğat aparmaq üçün. Amma mən, Firuzə, Nabat – bütün qadınlarımız, bütün müharibə bölgələrində olmuşuq.

– O dövrdə?

– O dövrdə. Məsələn, Fizuliyə getmişdik, gördük uşaqlar çəkələklə gəzirlər. Amma bilirdik ki, çəkmələr, hər şey var idi. Buradan gəlib çəkmə, isti geyim yığıb maşınlarla Fizuliyə aparmışıq. Yəni bunların hamısını eləmişik.

– Amma vəzifəniz, rəsmi vəzifəniz olmayıb?

– Vəzifə? Vəzifə yox, olmayıb.

– Anri Leman adlı bir profildən sizə sual ünvanlanıb: “Çox-çox xahiş edirəm, soruşun, ermənilərə nə qədər qonorar verir Bakıya gəlməyə? Eyni canfəşanlığı nəyə görə miqrant kimi qürbət ellərdə əziyyət çəkən azərbaycanlılar üçün etmir?

– Bilirsən, mən o suala baxdım. Sual bir az… Axı, mən kiməm ki, erməniləri Bakıya gətirim? İndi onlar məndən xahiş edirlər ki, mənim adımı de. Dövlət istəməsə…

Azərbaycan dövləti istəməsə

– Təbii ki…

– Azərbaycan dövləti istəməsə, mən hansı ermənini… Qarabağ naminə bu gün Qarabağın 5 rayonunu almaq, sabah Şuşanı almaq naminə hökumət mənə nə desə, onu da eləyəcəyəm. Bu gün mənə zəng vurub deyirlər ki, “biz istəyirik, gələk Bakıya…” Hökumətə deyirəm ki, “bu adamlar Bakıya gəlmək istəyir, köməklik eləyin“. Onlar da yoxlayırlar o tərəfini, bu tərəfini, gətirirlər. Bilirsən nətəridir?

– Onların yol pulunu-zadı bizim hökumət ödəyir?

– Mən haradan… Mən kiməm, ay qurban olum?

– Baxın, bu adam da deyir ki, onlara nə qədər qonorar verirsiniz?

– Onlara kimdir qonorar verən?

– Axı, qonorarın bu məsələyə nə dəxli var?

– Nə dəxli var? Gəlirlər bura…

– O ermənilərin bəziləri gəlirlər. Eynulla Fətullayevin də saytında işləmək üçün bir erməni gəldi. Buna cəmiyyətdə birmənalı olaraq münasibət yaxşı deyil. Siz bu məsələlərə necə baxırsınız?

– Normal baxıram. Niyə? Çünki biz bütün dünyaya göstəririk ki, Azərbaycan həm müharibəyə qadir bir dövlətdir…

– Həm də sülhsevərdir?..

– Həm də sülhsevərik. Ermənilər niyə partlayırlar ki, o biriləri Bakıya gəlir. Bir yerdə hətta onarı söyürlər də. Niyə partlayırlar? Ondan ötrü ki, erməni Bakıya gələndən sonra oradakı erməniləri söyür. Bura gələn erməni deyir ki, “Qarabağ bunlarındır”, gedir Xocalı abidəsinin qarşısında baş əyir. Bunun nəyi pisdir. (Gülür…) Niyə bunda məni suçlayırlar, başa düşmürəm. Yox, nəyi pisdir bunun? Bütün dünyaya göstəririk ki, biz müharibə eləməmişik. Onlar bizim torpaqlarımızı alıblar. Amma qadirik – müharibəyə də qadirik, sülhə də qadirik. Mən məsələn, Akif Nağı ilə niyə dostluq edirəm? Deyirəm, qardaş, mən sülh deyəndə, sən də müharibə deyirsən.

– Əslində bu normaldır da…

– İkisi də normaldır.

– Əslində o da olmalıdır, bu tərəfi də olmalıdır.

– Əlbəttə.

– Riyad Əliyev də yazır ki, “bəy, reytinqi aşağı salırsan, Novella Cəfəroğlu maraqlı deyil.”

– (Çiyinlərini çəkir)…

– Hə… Belə də deyənlər var.

– Desinlər də…

– Amma başqa cür də deyənlər var…

– A, yox… Qoyun desinlər. Elə insanlar da olur. Bəlkə məni başa düşmürlər, bəlkə heç bilmirlər mən kiməm, kiminsə sözü ilə deyirlər. Desinlər, nə olar?

– Amma sağ olun ki, sualların hamısına belə demokrat, böyük ürəklə cavab verirsiniz.

– Başqa necə ola bilər?

– Bir çoxları var ki, tənqiddən xoşları gəlmir.

– A, yox e… Bir insan hamı tərəfindən sevilə bilməz.

– Burada təqdiredici suallar çoxdur, onları da səsləndirəcəm. Bu da bizim tanınmış yazarlarımızdandır. Dilqəm Əhməd soruşur ki, “memuar yazmaq kimi bir planı varmı?” Amma siz yazsanız, memuarınız maraqlı olar.

– Bir yerdə hamımız memuarla bağlı fikirləşirik. Yazaq e. Çünki indiyə qədər heç kəs qadın hüquqları müdafiə cəmiyyətinin fəaliyyətindən yazmayıb. 20 yanvarda bu qadın hüquqları müdafiə cəmiyyəti üzvlərinin nə qədər böyük fəaliyyəti olub.

– Çox maraqlıdır. 20 yanvarla bağlı sizinlə “Azadlıq Salnaməsi”ndə də danışarıq. Yəni 20 yanvarda sizin gördüyünüz işlər var, eləmi?

– 20 yanvarda hamımız orda olmuşuq, qurban olun sənə. Baxın, bu Nabat Qəniyeva əlində bizim bayraq, düz Dubinyakın üstünə getmişik. 3-4 min nəfərə yaxın qadın qara paltarda orada toplaşmışdıq.

– Hə, Xanım Xəlilova bu haqda həmişə Ankarada danışırdı.

– O da var idi. Amma bayrağı bu aparırdı. Bizim cəmiyyətdə qadınların fədakarlığı çox olub. Məsələn, Ermənistan qaçqınlarını necə qəbul eləmişik, Qarabağ qaçqınlarını nətəri qəbul eləmişik. Necə onları yerləşdirmişik.

 

Elçibəyin yəhudilərlə olan xətti…

– Novella xanım, danışırsınız, ağlıma bilirsinizmi nə gəlir? Əbülfəz Elçibəyin yəhudi təşkilatları ilə münasibətləri yaxşı idi.

– Normal idi.

– Amerikada yəhudi təşkilatlarının nümayəndələri ilə görüşmüşdü. Məsələn, yəhudi lobbisi ilə Əbülfəz bəyin münasibətlərinin normal olduğunu mən bilirəm.   

– Normal idi.

– Bu məsələdə sizin də yoldaşınızın xətti olmadı?

– Yoldaşımın da xətti var idi. Onun ən yaxın dostu İrina Lasota (Red. -Şərqi Avropa Demokratiya İnstitutunun direktoru) idi. Tanıyırdınız da onu?

– Bəli, amma Lasota ilə də sonuncu dəfə Amerikada baş tutan görüş deyəsən, alınmamışdı?

– Yox, çox yaxşı olmuşdu.

– Deyirlər ki, həmin görüşdən Əbülfəz bəy çox əsəbi çıxıb.

– Yox.

– Hirslənmişdi.

– Yox, hər şey normal keçmişdi. Hər şey…

– Yeri gəldi, o haqda da soruşum. Mən Əbülfəz bəylə bağlı sizinlə ayrı bir söhbət eləyəcəm. Əbülfəz bəyin ölümündəki müəmmaları siz də görürsünüzmü?

– Vallah, Türkiyədən görmürəm. Azərbaycandan görürəm…

– Çox maraqlıdır…

– Bunu da sonra deyərəm.

 

Atam Səfəvi, anam Bektaşilərdəndir – Hacı Bektaşinin nəslindənəm

– Yaxşı, bu haqda danışarıq. Rəşad Qədirli maraqlı bir sual verib: “Niyə roman, povest yox, novella?” Maraqlıdır.

– Qoyun deyim sizə. Mənim anam…

– Bir də Hicran Baycan soruşur ki, “hansı millətdəndir bu Novella xanım? İsim türk ismi olmadığı üçün merak etdim sadəcə…”

– Mən sizə deyim ki, təmiz türklərdənəm. Bu yaxınlarda da İstanbul xəstəxanasında mənə litr yarım təmiz türk qanı vurublar. (Gülür…) Qoyun indi deyim. Atam tərəfi Səfəvilərdəndir. Anam tərəfi Bektaşilərdəndir – Ələvilərdən. Hacı Bektaşinin nəslindəndirlər. O babam da Naxçıvana gəlib, bu biri babam da Naxçıvana gəlib.

– Hə, Bektaşilər də Ələvilərdir.

– Hə, hamısı Ələvilərdir. Anamın nənəsi irəvanlıdır. Onların hamısı İrəvandan Noraşenə gəliblər, oradan da Naxçıvanın özünə gəliblər.

– Oğuza?

– Naxçıvanın Noraşeninə. Murtuz Ələsgərovun, Heydər Əliyevin arvadı Zərifə xanımın bütün ailəsi İrəvandan Noraşenə gəliblər. Onların hamısı Noraşendəndirlər. Onların hamısı İrəvandan gələnlərdəndir. Babalarının hamısı İrəvandan gələnlərdəndir. Noraşendə olanların hamısı İrəvandan gələnlərdirlər. Bu bir. İkincisi də, təmiz türkəm.

 

Adım Möpassanın “Novellalar”ından gəlir, amma…

 

– Bəs, adınız?

– Anam mənim yüksək ali təhsilli qadın idi. Çox intellektual qadın olub. Möpassanın “Novellalar”ını oxuyurmuş. Mən anadan olmam ərəfəsində. Atama deyib ki, “qızımın adını Novella qoyacam”. Atam da anamdan ötəri ölürdü. Çünki çox gözəl qadın olub. Deyib ki, “nə istəyirsən qoy. Novella istəyirsən Novella olsun”.

– Deməli, adınız Möpassanın “Novellalar”ının şərəfinə qoyulub.

– Hə.

– Özünüz də Mopassan kimisiniz, maşallah.

– Hə…. (Gülür…) Həmişə bu haqda qızlara da deyirəm. Nənəm də Novella adını qulağıma oxuya bilməyib, Fatimə oxuyub. Ona görə deyirəm ki, Əzrayıl axtarır, amma tapa bilmir. Əzrayıl da fikirləşə-fikirləşə qalıb, Novella kimdir, Fatimə kim… (Gülür…) Fatiməni axtarır, Novella yoxdur.

– Deməli, adınız əslində Fatimə olmalı idi?

– Hə, mənim qulağıma Fatimə adını oxuyublar, amma Novella mamamın qoyduğu addır..

– Novella xanım, cəmiyyətdəki durumunuz bəllidir. Hətta sizə “kişi kimi qadın” deyənlər də var. Mən telefonunuza zəng edəndə, gördüm ki, telefonunuzun zəngi “Xaç Atası” filminin musiqisidir. Bilərəkdəndir, yoxsa?..

Mafiya ölmür. (Zarafatla…) Bilərəkdən, təbii ki. Bizdə qadın mafiyasıdır.

– Tanınmış hərəkatçı-müsavatçılardan Yeganə Hacıyevanın da bir sualı var: “Öncəliklə salamlarımızı, sayqı və sevgilərimizi catdırın. Mən Novella xanımın cox az inasana məlum olan xüsusiyyəti haqqında danışmaq istəyirəm. Siyasi, ictimai aktiv gənclər üçün uzun illər cəkdiyi zəhməti danılmazdır. Gənclər üçün bəzi zaman ödədiyi xarici səfərlərin yol xərci, bəzi zaman təhsil xərci, texniki vəsəitlərin alınması üçün çəkdiyi xərclər, gənclər təşkilatlarının kommunal xərcləri v.s. o gənclərin personal inkşafında və ən əsası da yaddaşında silinməz izlər buraxıb. Sualım isə belədir: Əksəriyyətin bu sahədə özünə saxta tarix yazdığı bir zamanlarda, gördüyünüz bu işlər haqqında niyə bir dəfə də olsun danışmırsınız? P.S. Sizi sevirik, Novella xanım!”

– İnsan elədiyi işlər haqqında danışmaz. Bilirsən nətərdir? İnsan əgər yaxşılıq eləyibsə, onu danışmamalıdır. Allahla öz arasında qalmalıdır. Bütün bunlar boş şeylərdir.

– Gülağa Əliyev yazır: “Bu vəzifədən istefa vermək barədə düşünürmüsünüz?”

– Nə?

– “Bu vəzifədən istefa vermək barədə düşünürmüsünüz?”

– Hansı vəzifədən?

– Bilmirəm.

– Cəmiyyətdən?

– Hər halda cəmiyyəti nəzərdə tutub. Bəlkə də elə bilir ki, siz dövlət məmurusunuz, hakimiyyətə yaxın adamsınız?

– Bu, bizim Gülağadır?

– Bilmirəm, Gülağa Əliyev.

– Yox.

– Sizinki Gülağa Aslanlıdır.

– Hansı vəzifəni mənə veriblər ki, mən də indi istefa verməliyəm? Məni qızlar seçirlər. Qızlar da… Hələ canımda can varsa, işimin başındayam. Olmayanda da, onsuz da özləri idarə eləyirlər.

Dissident kimi bir şey idik

– Bizim tanınmış jurnalistlərimizdən Taleh Zəfərli yazır: “Novella xanıma salamlar! O, bizim hamımızın mənəvi ağbirçəyidir. Həm yaxşı, həm də pis günümüzdə yanımızda olmuş, əlimizdən tutmuş, yıxılmağa, büdrəməyə qoymamış, bizləri balası kimi sinəsinə çəkmiş gerçək bir dava adamıdır. Zahirən mən Novella xanıma kimlərinsə sual verməsinin əleyhinəyəm. Kimin onun bu vətənə, millətə xidmətləri müqabilində sual verməyə haqqı var ki? Amma dərindən baxanda, Novella xanımdan daha çox öyrənmək, ondan – tariximizin canlı şahidindən gələcək nəsillərə daha çox bilgi saxlamaq üçün mümkün qədər çox suallar verilməlidir. Odur ki, Novella xanıma bir sual da mən vermək istəyirəm. Amma ondan öncə elə onun özünün mənə sevdirdiyi bu misraları xatırladacam, müəllif E.Evtuşenkodur. Sualım: Azərbaycan insanı nə zaman bütöv olacaq?” Burada bir şeir də yazıb. Taleh bəy hesab edir ki, hətta sizə sual da vermək olmaz.

– Bir dəfə onunla danışanda Yevtuşenkonun şeirlərini demişəm. Demişəm ki, biz Yevgeniy Yevtuşenko, Voznesenskinin şeirləri ilə… O vaxt bilirsinizmi necə idi? Biz dissident deyildik, amma dissident kimi bir şey idik. Okudjavanın, Bella Axmadulinanın şeirlərini dinləyirdik. Buradan bilet alıb Moskvaya gedirdik ki, onların şeirlərini dinləyək. O zamanlar onlar Sovet hökumətinə qarşı idilər. Biz tələbə vaxtından, mən tələbə vaxtından bunların şeirlərini öyrənirdim. Bu şeir də bilirsinizmi, nə haqqındadır?

– Yəni “mən hər şeyi tam istəyirəm.”

– Hə, tam istəyirəm, yarımçıq yox.

– Yəni yarımçıq heç nə istəmirəm…

– Hə, deyir ki. mən hər şeyi tam istəyirəm, bircə o yastığı yarımçıq istəyirəm ki, onun yarısında sən olasan və sənin əlində mənim üzüyüm olsun. Yəni o səadəti ancaq o halda istəyirəm. Amma qalan, göydür, yerdir, dövlətdir, millətdir, hamısını tam istəyirəm. Çox qəşəng şeirdir.

– Hə, çox yaxşı şeirdir. Taleh bəy də onu soruşur ki, “Azərbaycan insanı nə zaman bütöv olacaq?”

– Bütöv olacaq?

– Hə.

– O bizdən asılıdır da. Siz gənclərdən asılıdır. Mən hesab edirəm ki, mənim missiyam bundan sonra bəlkə 1-2 il də davam edə bilər. Qalan missiya sizindir, cavanlarındır. Sizlərindir. Bizim nəsil nə var idi, eləmişik. Məhbusları buraxmışıq. Bu gün çox adam siyasi məhbuslardan danışır, amma bizə qədər bir dənə də olsun təşkilat siyasi məhbuslardan danışmayıb. Monitorinq Qrupunu nəzərdə tuturam. Biz altı nəfərik – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Mirvaridir, mənəm. Yəni bizlər öz işimizi indiyə qədər tam eləmişik. Yadınızdan çıxıb? Heydər Əliyevin vaxtında 714 siyasi məhbus var idi, biz onları buraxdırdıq. 2003-cü ildə siyasi məhbus siyahısını Strasburqa aparan bizlər olmuşuq. Biz hətta olmayan işlər də görmüşük. Mitinqlərdə döyülmüşük. Heç vaxt yadımdan çıxmaz. Mitinqlərin birində Sabir Rüstəmxanlı arvadı Tənzilə Rüstəmxanlı ilə durublar. Bir də gördüm polis gəlir bunların üstünə. Heç vaxt yadımdan çıxmaz, Axundov kitabxanasında… Tez onu arxadan tutdum ki, polis birdən bunun arvadını Sabirin yanında vurar, kişidir də, kişi xellağıdır, düzgün olmaz. Özü də mən onlardan o vaxt yaşlı idim. 50 neçə yaşım var idi. Tez özümü qabağa verdim, polis kürəyimdən elə vurdu ki, belim “xırç” elədi. Ondan da qabaq belim ağrıyırdı. Polis də vurandan sonra belim elə bil ki, düz yerinə düşdü. Dönüb polisə dedim ki, “Oğlum, çox sağ ol. Belim nə gözəl oldu”. Dedi, yəqin bu dəlidir e… Çünki belim yerinə düşdü və normal oldum.

– Ağrıyırdı, yerinə düşdü, ağrı kəsildi.

– Hə, yəni belə məqamlar olub ki, məsələn bizi döyüblər də, söyüblər də, amma ona baxmayaraq, kimi tuturdularsa, gedib polis idarəsinin yanında dururduq. 2003-dən sonra da bizə kömək edib daxili işlər naziri.

 

2003-cü ildə Ramil Usubov bizə çox kömək elədi

 

– Ramil Usubov?

– Ramil Usubov. Mən bunu necə yaddan çıxarım? 2003-cü ildə həbs olunan 2-3 min nəfəri bir gecədə evinə buraxdırdıq. Ramil Usubovla, prokurorla oturub onların işinə baxırdıq. Biz eləyirdik də. Deyirlər ki, hökumətlə işləyir. Bəs, mənə zəng vurub deyirsən ki, “Mənim oğlumu türmədə döyüblər.” Bununla əlaqədar kimə zəng vurmalıyam? Hökumətə zəng vurmalıyam da… Əgər mən hökumətlə işləməsəm, sənin oğlunu orada xəstəxanaya qoydura bilərəm? Mən hökumətə söz deməsəm, necə olar? Belə işləyirik hökumətlə. Amma hökumət də bir dəfə baxanda beş dəfə baxmır, qurban olum sizə. O artıq bizdən asılı deyil.

– Novella xanım, son iki sualımı da verim…

– Gedək çay içək.

– Hə, çay içərik. Qoşqar Nurəliyev yazır ki, “Allah Novella xanımı qorusun.” Azər Həsrət yazır ki…

– Hə, Azər Həsrətdir, Talehdir…

– …“Novella xanımın yeri hər zaman gözümüzün üstündədir…”

– Hə, onlar çox qəşəng uşaqlardır. Həmişə məni müdafiə edirlər, sağ olsunlar. Hamısına sağ ol deyirəm, təşəkkür edirəm.

– Davam edir ki, “Sual vermirəm. Hər zaman onun belə gumrah və sağlam qalmasını arzulayıram”.

– Mən sizə bir söz deyim. Bu gün bütün sual verənlərə – yaxşı sual verənlərə də, pis sual verənlərə də minnətdarlığımı bildirirəm. Ayrıca, sizlərə minnətdarlığımı bildirirəm. Yəni bu suallar olmalıdır, pisi də olmalıdır, yaxşısı da… Kiminsə ürəyində nəsə vardısa, deyə bilmirdisə, bəlkə sizin hesabınıza bunu deyə bilir. O pis suallar da ürəkdən gələn suallardır, sağ olsunlar ki, verirlər. Aydınlıq edirlər də özlərinə ki, nə var, nə yox. Niyə də olmasın.

– Ayrıca, mən sizə təşəkkür edirəm ona görə ki, mən uzun illər həbsdə olarkən həmişə dəstəyinizi hiss eləmişəm.  Bəlkə o dərəcədə olmayıb, bəlkə siz hakimiyyətlə münasibətlərə görə, o dərəcədə müdafiə edə bilməmisiniz, amma həmişə sizin siyahı real siyahı olub. İndi bilmirəm, siyahınızda neçə adam var? Sizin siyahıda olan adamların buraxılacağına potensial olaraq, hamı inanıb. Düzdür, o siyahının sayı ilə mən heç bir zaman razı olmamışam. Amma mən onu da anlayıram ki, bu hakimiyyətin, indiki dövrün, indiki rejimin yaratdığı çərçivədə siz vətəndaş cəmiyyəti üçün çox böyük işlər görürsünüz. Allah sizin ömrünüzü uzun eləsin. Həmişə belə dinamik, gənc qalın. Hələ siz Azərbaycana lazımsınız.

– Siz sağ olun. Doğrudan da yaxşı şeydir. Mən sizin verilişlərə baxıram və xoşuma da gəlir. Bilirsinizmi nətəridir? Yenə də ürəyi açan yerdir. Allah sizi saxlasın, yaxşıdır ki, sizlər varsınız. Çünki öz sözünü deməyə yer var. Məsələn, qəzetdə öz sözünü belə açıq deyə bilmirsən. Qəzetdə birini deyirsən, üçünü yazırlar, dördünü özündən çıxarıb yazırlar. Burada canlı olaraq danışmaq, doğrudan da çox vacib şeydir. Siz sağ olun ki, bu rubrikanı açmısınız. Həmişə də işləyin. Çox şadam.

– Sağ olun.

– İkinizə də şadam. Amma sənin məsələni də – çox nahaq elə fikirləşirsən – hər dəfə qaldırmışıq. Hər dəfə sənin məsələni qaldırmışıq.

– Yox, mən elə də fikirləşirəm. Sadəcə ümumi siyahı baxımından yanaşıram.

– Çox şey eləmişik. Bilən bilsin, bilməyəni də Allah xoşbəxt eləsin.

 

Əli İnsanova ikinci dəfə iş verəndə o qədər ağladım ki

 

– Novella xanım, indi yadıma düşdü. Bəlkə bu da bizim söhbətimizin P.S.-i olsun. Əli İnsanovun məsələsinə münasibətiniz necədir?

– Çox pisdir e. Sən bilmirsən, o qədər ağladım ona ikinci dəfə iş verəndə… Bu dərəcədə də haqsızlıq olmaz.

– Bu dərəcədə də olmaz!

– Bu dərəcədə də olmaz. Bu dərəcədə haqsızlıq olmaz. Bu dərəcədə…

– Bununla bağlı nə eləmək olar?

– Çox pis hökmdür. Doğrudan da bizə çox pis təsir eləyib. Qızlarla oturub fikirləşmişik ki, necə eləyək, nağayraq? Bircə əlacımız qalıb, gedək yanına deyək ki, “ay kişi, birdən daha 8 il iş verərlər sənə, götür, nə istəyirsən yaz da. Yaz ki, bağışlayın məni.” O da eləmir e. Yüz dəfə yanında olmuşuq, deyib, eləməyəcəm. O qədər… Mən sizə deyim ki, bu siyasi məhbusların içində yeganə Əli İnsanovu görmüşəm. (Pauza…) Bilirsən, nətəri? O yaşda adam, 70 yaşına çatıb həbsdə…

– 70 yaşını keçdi.

– Hə, 70 yaşını keçdi. O boyda qürurlu olasan, o boyda möhkəm olasan. Heç kəs o cəzaya dözə bilməz.

– Bu məsələ ilə bağlı prezident İlham Əliyev sizi qəbul eləməz, eləmi?

– Demişik. Əli İnsanovun məsələsi ilə bağlı Mehriban xanım Əliyevaya birinci vitse-prezident kimi məktub yazmışıq. Yazmışıq ki, “çox xahiş edirik ki, bu məsələyə çox ciddi baxın. Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı”. O deyib ki, “gəlin, mənim evimdə qalın.” Heydər Əliyevin Bakıya gəlməyində o, çox əziyyət çəkib. Yəni bu adam ömrü boyu Heydər Əliyevə sədaqətlə qulluq edən adam olub. Onun o əzab-əziyyətlərini yadınızdan çıxarmayın.

– Allah Əli İnsanovun qapısını açsın. Allah Heydər Əliyevə də rəhmət eləsin.

– Gedəyin, çay içəyin.

– Sağ olun.

 

SON

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Mən artıq öz FB səhifəmdə yazmışam ki, bu əbülfəzçilər tək bə tək danışanda çox yaxşı insan təəssüratı bağəşlayırlar, lakin bunların əmməllərinə nəzər yetirəndə bunların əsl mahiyyəti üzə çıxır.

    Yəgin ki, Novella Cəfər gızı, çox adamlara kömək edib, lakin axı onun da onun cəmiyyətin də fəaliyyəti axı heç zaman təmənnasız olmayıb. Qoy Novella x. lap əzəldən açsın hər digər fondları demirəm, elə bir dənə SOROS fondundan onun təşkilatı neçə dənə qrant alıb və hərəsi neçə on minlərlə dollar həcmində… Aşar? Dünyasında açmaz!…
    Novella x. etiraf edir ki, əzəldən onun ABŞ səfiri ilə əlaqəsi gözəl olub, o burada İrəna Losotanın adını çəkir və deyir ki, İrəna Əbülfəzin ən yaxın dostu idi, və aydın olur ki, o Novella xanım da İrenanı çox gözəl tanıyıb, etiraf edir ki, dünyanın yəhudi dairələrilə Əbülfəzin yaxın əlaqələri olub və etiraf edir ki, həmin əlaqələrin qurulması o cümlədən onun yəhudi olan ərinin vasitəsilə olub..

    Əslində bilən adam üçün artıq Novella x. özü haqqında da, əbülfəz haqqında da, ümumiyyətlə AXC hərəkatı haqqında da ən açıq etiraflar edır… Lakin axı kütlə onun bu dediklərinin arxasında nəyin dayandığını başa düşmür və az qalır bunların hamısını çıxarsın dağ başına…

    Kimdir İrena Losota? – ABŞ-ın Mərkəzi Kəşfiyyar İdarəsinin kadrlı kəşfiyyatçısı…

    Kimdir İrena Losota? – ABŞ-ın Mərkəzi Kəşfiyyar İdarəsinin Şərqi Avropa üzrə rezidenti…

    Kimdir İrena Losota? – ABŞ-ın Mərkəzi Kəşfiyyar İdarəsinin kəşfiyyatçısı kimi Əbülfəz Əliyevin və onunla yanaşı AXC-nin aparıcı rəhbərlərinin kuratoru…

    Əbülfəzin il mərasimində Həyat regensdə əsas məruzəçi kim idi! – İrəne Losota!…

    İrena Losota öz çıxışını nəyin üzərində qurmuşdu? – Agentin psixoloji portreti üzərində… Və həmin tədbirdə iştirak edənlər və bundan əvvəl Əbülfəzin ABŞ MKİ-nin agenti olduğunu bilməyənlər həmin çıxışdan çox bötük daxili sarsıntı yaşamışdılar…
    Bu da faktdır!…

    Və bu agentura şəbəkəsinə axı illərlə elə-belə yüz minlərlə qara, boz, ağ qrantlar vetməyiblər – bunların əksəriyyəti təsir agentləridir və faktiki “millət”, “vətən”, “demokratiya” və s. şüarları arxasında sadəcə ABŞ-ın milli maraqlarına uyğun və cavab verən hökumət və dövlət qurmaq və ya müxalif olduğu dövlətdə ABŞ-ın milli maraqlarına uyğun və cavab verən müxalifət siyasəti aparmaqdır…

    Sadə camaat sadəlövhcəsinə bunların bütün dediklərini səti qəbul edir və alt mənaları dərk edə bilmir, elə bilir ki, həqiqətən bunların elədikləri ilk növbədə Azərbaycanın maraqlarına cavab verir, lakin kütlə başa düşmür ki, bunların ideoloji əsasları, bunların siyasi, tarixi baxışları nəinki ABŞ-ın milli maraqlarına uyğun və cavab verən siyasətdir, ideologiyadır, baxış, hətta son nəticədə Azərbaycan millətinə, onun tarixinə, onun mədəniyyətinə düşməncəsinə zidd olan yoldadır və məhz bu cür düşmən istiqamətdə bunlar tərəfində hərəkət edilir…

    Bunu siyasətdə naşı olan insanlar heç cür başa düşmür və başa düşmək istəmir, çünki siyasi cəhətdən savadsız və biliksizdirlər, lakin həqiqət məhz belədir!

    Və “gözəl insanlar” kimi görünən bu insanlar əslində azərbaycan millətinin haylardan da betər qənimləridir! Çünki haylar bu millətin başına nə gətirsələr bu millət bilir ki, haylar düşməndir, lakin Əbülfəz, Novella və bu kimi insanlar bu millətin başına gətirən müsibətlərin müsibət olduğunu dərk edə bilmir, çünki həmin müsibətlər “milli maraqlar uğrunda mübarizə” kimi qələmə verilir, halbuki taç əksinədir!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button