Nüşabə Ələsgərli jurnalistləri söydü…

“Mən heç kimi hərləmirəm” – bunu da müğənni deyib…

Fevralın 27-də, gecə saat 22:30 radələrində «Üç nöqtə» qəzetinin redaktoru Elməddin Muradlı və bir qrup jurnalist Bakıdakı «Lido» restoranının qarşısında müğənni Nüşabə Ələsgərlinin yol polisi əməkdaşları tərəfindən saxlanılmasının şahidi olublar. “Qafqazinfo”nun məlumatına görə, jurnalistlər hadisə yerinə yaxınlaşaraq müğənnidən nə baş verdiyini soruşduqda Nüşabə Ələsgərli mətbuat nümayəndələrini ağır söyüşlərlə təhqir edib. E.Muradlının sözlərinə görə, jurnalistlər N.Ələsgərlinin oturduğu «Mercedes ML» markalı, 10 LZ 101 dövlət nömrə nişanlı avtomaşında müğənninin fotoşəkillərini çəkərkən avtomaşını idarə edən idmançı görkəmli bir nəfər jurnalist ona hücum edərək, jurnalistə əllə xəsarətlər yetirib və vəsiqə tələb edib. Sonra müğənni Nüşabə Ələsgərli də maşından düşərək E.Muradlıya hücum çəkib və onun vəsiqəsini əlindən almağa çalışıblar. Nəticədə vəsiqə cırılıb. Polis əməkdaşları aranı sakitləşdirəndən sonra Nüşabə Ələsgərli avtomaşına minərək yenidən jurnalistlərin ünvanına nalayiq sözlər işlətməyə başlayıb: “Siz kimsiniz mənim şəklimi çəkirsiniz, küçük, get öz işinlə məşğul ol. Yol polisi məni nahaq yerə saxlayıb. Mən toya tələsirəm. Rədd olun burdan. Mən heç kimi hərləmirəm”. E.Muradlının sözlərinə görə, mətbuat nümayəndələri müğənniyə qarşı olduqca mülayim davranıblar və ona məhz jurnalistlərin hesabına tanınıb məşhur olduğunu xatırlatdıqda, Nüşabə Ələsgərli yenidən jurnalistləri təhqir etməyə başlayıb: “Qələt eləyir jurnalistlər. Mən jurnalistlərin hesabına yox, öz halal zəhmətimlə tanınmışam”. Qeyd edək ki, müğənni yol polisinə heç bir sənəd təqdim etməyib və telefonla harasa zəng edərək yol polislərinin ünvanına da nalayiq sözlər işlədərək telefonla danışdığı adamdan kömək istəyib. Vəziyyətin gərginləşdiyini görən jurnalistlər isə oradan uzaqlaşıblar. Lakin müğənni və onun sürücüsü tərəfindən təzyiqə məruz qalan jurnalistlər öz hüquqlarını qorumaq üçün Mətbuat Şurasına və Daxili İşlər Nazirliyinə müraciət etməyə hazırlaşırlar. Jurnalist Elməddin Muradlı bildirib ki, N.Ələsgərlinin hərəkətləri KİV haqqında qanunun tələblərinə ziddir və onun cəzalandırılması üçün müvafiq instansiyalar qarşısında məsələ qaldırılacaq: «Bu gün təkcə Nüşabə Ələsgərli yox, ondan da tanınmış şou ulduzları var ki, yol polisini, jurnalistləri təhqir edirlər, ələ salırlar. Mən dəfələrlə yol polisi əməkdaşlarından eşidirəm ki, müğənnilər əmrə tabe olmurlar, hətta maşını saxlayanda da düşüb yol polisini ələ salırlar. Güman edirəm ki, bu hadisə sonuncu olacaq və bu sahədə ciddi tədbirlər görüləcək». Azərbaycanın Əməkdar Jurnalisti Tahir Aydınoğlu baş vermiş bu hadisəyə münasibət bildirərkən qeyd edib ki, hər şeydən öncə fakt ətraflı araşdırılmalıdır. Əgər doğrudan da belə bir hadisə baş veribsə və bu zaman həm qanun keşikçiləri, həm də peşə fəaliyyətini yerinə yetirən mətbuat işçisi təhqir olunubsa, müğənni qanunamüvafiq şəkildə cəzalandırılmalıdır. Əks təqdirdə o, kütləvi informasiya vasitələrində ictimai qınaq obyektinə çevrilə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button