Obamanın vida turnesi –ABŞ Yaxın Şərqi əldən verməməyə çalışır – Təhlil

Obama-Salman

İsmayıl Kapan

Turkiye gazetesi (Türkiyə), 22.04.2016

Əksər müşahidəçi və şərhçilərin xarici siyasət baxımından “Amerikanın son dövrlərinin ən biçimsiz prezidenti” adlandırdığı Barak Obama altıgünlük turneyə çıxıb. Onun ilk dayanacağı Səudiyyə Ərəbistanıdır

Müəyyən hallarda Amerika prezidentlərinə münasibətdə “topal ördək” ifadəsi işlədilir… Bu,  siyasi liderin öz vəzifəsini tərk etməyə hazırlaşdığı və yaxud müxtəlif səbəblər üzündən öz vəzifəsini daha icra etməyə qabil olmadlığı hallara işarə edir. Yaxın noyabrdakı seçkilərin nəticələrinə görə 2017-ci ilin yanvarında işi öz varisinə təhvil verəcək Obamaya uyğun olaraq bu ifadəni çox tez işlətməyə başlayıblar. Səbəb – Barak Obamanın bir çox mühüm məsələlər, hər şeydən öncə xarici siyasət sahəsi üzrə mövqeyindən məyusluqdur…

O, Suriya böhranı üzrə qətiyyətsiz, çəkingən və qeyri-müəyyən mövqeyinə görə Rusiyanın normal şəraitdə bu cürü asanlıqla əldə edə bilməyəcəyi üstünlükləri faktiki olaraq boşqabda ona təqdim etdi… ABŞ-ın Suriya məsələsi üzrə mövqeyi və İranın nüvə proqramına yanaşması Səudiyyə Ərəbistanının səksən ildən artıq bir dövrdə olduqca diqqətlə saxladığı Səudiyyə-ABŞ münasibətlərində ciddi gərginlik törətdi.

Bundan başqa, Səudiyyə Ərəbistanının ünvanına 2001-ci il 11 sentyabr teraktına dəxli olması ittihamı və bu ölkəni məsuliyyətə cəlb edə biləsi qanun layihəsinin Konqresdən keçməsi ilə bağlı iş  fonunda münasibətlər daha da tarımlaşdı. Həm də o qədər ki, bəlkə də, Səudiyyə Ərəbistanı əvvəllər əl atmadığı aşkar və birbaşa hədələri işə saldı…

Səudiyyə Ərəbistanı qarşı tərəfə rəsmən xəbərdarlıq etdi ki, bu qanun layihəsi Konqresdən keçsə, ABŞ FES-nin 750 milyard dollarlıq istiqrazlarını satacaq. Bunun Amerika iqtisadiyyatı üçün nə demək olduğunu bilən və durumun bütün ciddiliyini görən Obama bildirməyə məcbur oldu ki, qanun layihəsi hətta Konqresdən keçsə də, buna icazə verməyəcək. Lakin, görünür, həmçinin sezdi ki, təkcə bu cür bəyanat yetərli deyil… Obama Səudiyyə Ərəbistanına ikigünlük səfərinin gedişində Kral Salmanı və onun komandasını şəxsən əmin etməyə və sakitləşdirməyə cəhd edir.

Səudiyyə Ərəbistanı hər şeydən öncə ABŞ-ın silah sənayesi üçün mühüm bazardır. ABŞ son bir ildə Yaxın Şərqə 30 milyard dollar dəyərində silah satıb. Səudiyyə Ərəbistanına 21 milyard dollarlıq… Əslində, böyük orduya sahib olmayan bu ölkənin müdafiə büdcəsi olduqca böyükdür. Bunu rəqəmlərlə dəyərləndirsək, 56 milyard dollardır. Ki, bu da Böyük Britaniyanın müdafiə büdcəsinə bərabərdir! 

Bu arada qeyd edək ki, dünyada silah idxalının 75%-i Yaxın Şərqin payına düşür. Bu qayda ilə daha aydın olur ki, neftdən əldə edilən gəlirlərin azman hissəsi hara gedir…

Obama Səudiyyə Ərəbistanına səfərin gedişində həmçinin Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Fars körfəzinin yeganə gəliri neft və təbii qazdan olan ölkələri (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, BƏƏ, Oman) neft qiymətlərinin düşməyinə görə son zamanlar ciddi problemlərlə üzləşib. Məsələn, Səudiyyə Ərəbistanı beynəlxalq banklardan kreditlət götürməyə hazırlaşır…

Gözləməyinə dəyməz ki, Amerika prezidentinin vida turnesinin Səudiyyə Ərəbistanı və Fars körfəzinin başqa ölkələri üçün hansısa bir effekti olacaq. Lakin hər necə olsa da, bu səfərin nəticəsi olacaq. Yaxın Şərq, xüsusən də Fars körfəzi ölkələri ABŞ-ın heç cür hansısa başqa bir kürəsəl gücə vermək istəmədiyi bölgədir. Ancaq bu, ayrıca bir məqalənin mövzusudur. Lap yaxın keçmişlə (xüsusən soyuq müharibədən sonrakı dövrlə) müqayisədə kürəsəl fövqəldövlət kimi ABŞ-ın durumu dəyişilib. ABŞ bir tərəfdən Çin kimi artan gücün əsas rəqib kimi çıxış etdiyi Sakit okean bölgəsində strateji savaşı gücləndirməyə çalışır, digər tərəfdən Yaxın Şərqdə bu və ya digər qüvvənin kök atıb ağalıq etməyinə yol verməməyə cəhd edir. Bu xüsusda olduqca müxtəlif proqnoz və dəyərləndirmələr var.

Səudiyyə Ərəbistanında 1953-cü ildən qorunub saxlanan qardaşlar sultanlığı tezliklə ikinci nəslə keçəcək. Bu gələcək dəyişikliklər və başqa hadisələrin ölkələr arsındakı münasibətə necə təsir edəcəyini zaman göstərəcək. Lakin bu gün meydana çıxmış gərginlik hər biri üçün diqqətli siyasəti davam etdirməyin zəruriliyindən xəbər verir…

Obamanın sonrakı səfərləri də diqqət çəkir. Amerika lideri əvvəlcə Böyük Britaniyaya, sionra Almaniyaya yola düşəcək. Zahirən, demək olar, hiss olunmasa da, ABŞ və Böyük Britaniyanın münasibətlərində də müəyyən soyuqluq hökm sürür.  

Tərcümə Strateq.az-ındır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button