Odadavamlı üzlüklərin çəkilişinə başlanılıb
Bakı Şəhər İcra Hakimiyyəti indiyə qədər 258 binanın üzlüklərini söküb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
Onun sözlərinə görə, tez alışan poliuretan üzlüklərin yerinə müxtəlif odadavamlı materiallar çəkilir.
“Məsələn, Mətbuat prospekti, Ziya Bünyadov küçəsində üzlüklər keramika qranitdən qoyulur. Fövqəladə Hallar Nazirliyinin bu üzlüklə bağlı razılığı var. Bəzi binaların üzü ağ daşdandır, amma balkonlar həmin o yanan material ilə üzlənib. Onların yerinə fibro beton üzlüklər qoyulur ki, ona da FHN öz razılığını verib. Digər tərəfdən, Nobel prospekti, Suraxanı, Sabunçu, Nəsimi rayonlarındakı binaların üzlükləri tamamilə sökülüb, ayın 10-a qədər o binaların fasadları Almaniya, Finladiya və ABŞ-dan gətirilmiş xüsusi boyalarla rənglənəcək.
Publika.az-ın sosial şəbəkələrdə binaların üzünə vurulan yeni materialın konserogen maddə tərkibli asbest olmasıyla bağlı iddialar barədə sualını cavablandıran Hacıbala Abutalıbov bu məlumatı təkzib etdi. O deyib ki, asbestin istehsalında zərərli maddələrdən istifadə edilir və ona görə ziyansız hesab edilmir. “Üzlüklər üçün, əsasən, fibro betondan istifadə edirik ki, o da çox yüngül materialdır və yanmır. Nobel prospektində 8 bina fibro beton ilə üzlənəcək”.