Oğul

Hacı Xaliq Bəşər

(Oğlum Ülvi Bəşərə nəsihət )

Ömrün qışı vardır, payızı vardır,
Çiskini, dumanı, sal buzu vardır,
Səması, günəşi, ulduzu vardır,
Ancaq ötəridir, ötəri, oğul.

Sevirsən bircə yol birini bəzən,
Azırsan həyatda yolunu bəzən,
Gizlət paxıllardan sirrini bəzən,
Sevginə dəyməsin xətəri oğul.

Dostun pisi vardır, yaxşısı vardır,
Nadanı, nankoru, satqını vardır,
İnan ki, dostun da düşməni vardır,
Aldanıb hər kəsə dost demə, oğul.

Gül bəslə, gül yetir, gülün xətrinə,
Söz verib, söz anla, sözün xətrinə,
Sönsə ocaq, dəymə külün xətrinə,
Külü də yaradan ocaqdır, oğul.

Olumu, ölümü yaradan Allah,
Zalımı, zülümü sevməyən Allah,
Atəşi, külünü yaradan Allah,
Yaradıb insanı, sevgini, oğul.

Yolların əyrisi, düzü də vardır,
Dalanı, döngəsi, çuxuru vardır,
Bil ki, həyatın da pis üzü vardır,
Yarını seçəndə yüz ölç–biç, oğul.

Yaşar məhəbbətin sevən yar olsa,
Ay oğul, həyatda sevənin olsa,
Gözəllər gözəli sənə yar olsa,
Daima sınayıb sən də sev, oğul.

Atadır insana dayaq həyatda,
Onsuz bu həyatın mənası yoxdur,
Hörmət qoy atana sağkən həyatda,
Gözlərin yollarda qalmasın, oğul.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button