Öldürdülər bir şəhəri-XOCALIYA ŞEİR

sabir abdinovSabir Abdinov

 

Öldürdülər bir şəhəri

 

Öldürdülər bir şəhəri,

Məzarını göylər qazdı.

Külə döndü dağı, daşı,

Başdaşını özü yazdı.

 

Öldürdülər bir şəhəri,

Gec eşitdik xəbərini.

Qaranlıqda diri-diri

Dəfn etdilər səhərini.

 

Öldürdülər bir şəhəri,

Dünya niyə susdu görən?

Şəhid oldu bircə anda

Neçə igid, neçə ərən.

 

Orda Günəş doğmur daha,

Üfüqlərdə şəfəq yanmır.

Baharında çiçək açmır,

Çəmənində gül oyanmır.

 

Öldürdülər bir şəhəri,

Yerin, göyün səsi batdı.

Mürgüləyən zirvələri

Dağdan ağır dərd oyatdı.

 

Bu şəhərin adı qalıb,

Nağılında söz üşüyər.

Perik düşən ellərini

Aradıqca göz üşüyər.

 

Öldürürdülər bir şəhəri,

Haray dünya, haray insan!

Yer üzündə gəlməz saya

Bu vəhşilik, tökülən qan.

 

Qarabağa yaz gəldi

 

İşğal altında inləyən Qarabag torpaqlarına ağı

 

Çəmənində gül yandı,

Ocağında kül yandı,

Qəlb odlandı, dil yandı,

Qarabağa yaz gəldi.

 

Bulaqları kor olan,

Dərələri gor olan,

Obası tar-mar olan,

Qarabağa yaz gəldi.

 

Şimşəyi nur cığırı,

Gözə dəymir axırı,

Dərdimizin ağırı,

Qarabağa yaz gəldi.

 

Dağı-daşı qaralıb,

Çölü-düzü saralıb,

Ağacları yaralı…

Qarabağa yaz gəldi.

 

Bənövşənin xalı yox,

Göz açmağa halı yox,

Durnaların yolu yox,

Qarabağa yaz gəldi.

 

Göy tabutdu çəməni,

Torpaq uddu zəmini,

Gəl göyərmə səməni,

Qarabağa yaz gəldi.

 

Sızlar əlimdə qələm,

Sinəmdə dil açar qəm,

Bəndim, bərəm bağlıdır.

Necə deyim, bilmirəm,

Qarabağa yaz gəldi…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button