“Oliqarxgeyt” yoxsa uğursuz idarəetmə sistemi-ANALİZ

oliqarxqeytİri biznesmenlərin dindirməyə çağırılması davam edir. Hər gün onların dindirilməsi, bu və ya digər iri sahibkarın, bankirin saxlanması  barədə məlumatlar gəlir. Lakin hüquq-mühafizə orqanları heç bir rəsmi açıqlama vermirlər.

Yalnız dövlət başçısı 16 mərtəbəli binanın yanmasının səbəblərinin araşdırılması  üzrə Dövlət Komissiyasının iclasında söyləyib ki, bəzi məmurlar və biznesmenlər böyük mənimsəmələrə yol veriblər və buna görə cavab verəcəklər. “Vaxtı çatanda ictimaiyyətə məlumat veriləcək”, – o qeyd edib.

Dindirilənlər isə bildirirlər ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onlardan tələb edirlər ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri krediti qaytarsınlar. Hətta 2016 və 2017-ci illərdə ödəniləcək kreditləri də qayarmaq lazımdır. Bunu hansı əsaslarla və hansı formada etməyin lazım gəldiyi heç kimi maraqlandırmır. Faktiki olaraq ABB ilə əməkdaşlıq edən hər kəs girova çevrilib.

Maraqlı budur ki, ABB-nin keçmiş rəhbərliyi kənarda qalıb, indiyədək məsuliyyətə cəlb olunmayıb. Belə olan vəziyyətdə hakimiyyətin məntiqini anlamaq çətindir.

Borcların tələb edilməsi prosesi hələlik iqtisadi duruma mühüm təsir göstərmir. Lakin uzunmüddətli perspektivdə bu, həmin oliqarxların müəssisə və obyektlərinin bağlanması, ölkədən kapital axını, investisiya mühitnin pisləşməsi və sahibkarlara inamın itməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə iş yerinin itirilməsi deməkdir.

Demək olar ki, bütün dünya şahid oldu ki, illərlə ölkənin ən iri bankından yüz milyonlarla vəsait mənimsənilib və hakimiyyət bunu görməyib. Bu talanın iştirakçıları dövlət məmurlarının özləri və hakimiyyətə yaxın oliqarxlardır. Yəni, hakimiyyət nümayəndələrindən ibarət mütəşəkkil cinayətkar qrup!

Bu cür qalmaqal fonunda dövlət başçısı bəyan edir ki, qanunsuz villaların kimlər tərəfindən tikildiyini araşdıra bilmir. Bu sözlərin səmimiliyinə inanmaq çətindir. Belə ki, birinci şəxsin ətrafının bu cür qanunsuzluqla məşğul olmasını etiraf etməsi qanun əsasında deyil, şifahi sərəncamlar əsasında fəaliyyət göstərən  dövlət sisteminin legitimliyini sual altına alır. Xülasə, bu, oğurluq edən məmurlar yox, sistemli dövlət böhranı məsələsidir.

16 mərtəbəli binada yanğının baş verməsi də bu sistemli böhrana  daha bir sübutdur. İcra hakimiyyəti və dövlət qurumlarının necə işlədiyini ortaya qoydu. Bütün bunların nəticəsində isə JEK rəisləri və ya oliqarx şirkətlərinin “saxta” rəhbərləri həbsə alınır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button