Ölkə vəd edilən islahatları gözləyir

Hakimiyyətətrafı dairələr aylardır hakimiyyətin seçkilərdən dərhal sonra start veriləcək ciddi islahatlar hazırladığı barədə məlumat “sızdırır”.

İndi müşahidəçilər söhbətin nədən getdiyini təxmin etməyə çalışırlar. Hələlik bu il 83 yaşı tamam olan baş nazir Artur Rasizadənin istefası ehtimalına yer verilir. Amma pensiyaçının pensiyaya çıxmasını islahat hesab etmək olarmı?

Göründüyü qədər, ictimaiyyətə islahat kimi təqdim ediləcək müəyyən yerdəyişmələr hazırlanır: bir neçə nazir vəzifədən azad ediləcək, yeniləri təyin ediləcək. Amma siyasətdə dəyişiklik gözləməyə dəyməz, hadisələrə bədbinliklə baxanlar belə hesab edirlər.

Bunun dolayı təsdiqi geniş əfv həyata keçirmək və bütün siyasi məhbusları azad etmək vədlərinin yerinə yetirilməməsidir. Bu barədə vədlər Novruz ərəfəsində, daha sonra isə prezident seçkiləri ərəfəsində eşidilirdi.

Bu vəziyyətdə islahatlar deyil, kadr dəyişiklikləri daha maraqlıdır. Kimi çıxaracaqlar, kimi gətirəcəklər? Ən mühüm məsələlər bunlardır. Analitiklər səbrsizliklə Naxçıvan klanına zərbə vurulmasını və Paşayevlərin möhkəmlənməsini gözləyirlər.

Ən mənfur fiqurlar dəyişdirilmədən hakimiyyətin imicini dəyişdirmək çətin və hətta qeyri-mümkün olacaq.

Aprelin 12-də beynəlxalq müşahidəçilər missiyasının hesabatının təqdimatında birinci klanın nümayəndələrinin təşkil etdiyi “tamaşa” bunun əlavə təsdiqidir.

Yaxın gələcək dövlət başçısının nə dərəcədə qətiyyətli olduğunu və kimin üzərindən oynayacağını göstərəcək. İlk addımlar Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması zamanı atıla bilər. Qanuna əsasən, Nazirlər Kabineti prezident seçkilərindən sonra istefa verir. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button