“Ölkələrimizin imicini daha gücləndirmiş olacağıq”

canaldze

“Ölkələrimiz arasında nümunəvi əlaqələr mövcuddur”.

Bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər arasında yüksək səviyyəli səfərlər çox əhəmiyyətlidir:

Ötən il Azərbaycan prezidentinin Gürcüstana səfəri əlaqələri gücləndirib, bizim prezidentin də yüksək səviyyəli görüşlər çərçivəsində Azərbaycana səfəri planlaşdırılır”.

M.Canelidze əməkdaşlığın ən vacib sahələrindən birinin enerji sahəsi olduğunu qeyd edib:

“Bizim ölkədə son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı. Enerji haqqında danışanda qeyd etməliyik ki, bu il Bakı-Supsa layihəsinin 20 illiyidir. Bu layihə bir neçə strateji layihənin əsasını təşkil edib”.

Nazir Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də əlamətdar hadisələrin baş verdiyini bildirib:

“Biz bu layihə çərçivəsində də uğurlu əməkdaşlıq edəcəyik. Həmçinin bu əməkdaşlıq nəqliyyat sahəsində də inkişaf edəcək. Bakı-Tbilisi-Qars layihəsi əlavə imkanlar yaradacaq. Bu əməkdaşlığın nəticəsi olaraq yeni yol açılacaq. Bu isə region, ölkələr və özəl sektor üçün faydalı təcrübə olacaq. Biz regionun beynəlxalq səviyyədə təşviq olunması sahəsində də əməkdaşlığı davam etdirəcək, ölkələrimizin imicini daha gücləndirmiş olacağıq”.

M.Canelidze qeyd edib ki, gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir:

“Bu, nəqliyyat koridorunda vacib şərtdir. Dövlətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıqlar da başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bir sıra sənədlər imzalanmalıdır. Ümid edirik ki, komissiyanın iclasında bu sənədlər imzalanacaq”.

Azərbaycanın GUAM-dakı fəaliyyətinə dəstək verməyə hazır olduqlarını bildirən qonaq ölkələrimizin biri-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb:

“Dost və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verməliyik. Delimitasiya məsələsi də artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button