Ölkənin qida sənayesini «Azərsun»un inhisarına verirlər!

İqtisadçı ekspertlərin verdiyi rəylər və ictimayyətin gözləntiləri özünü doğrultmağa başlayıb. Artıq iqtidardakı iri biznes sahibləri Azərbaycanı tam paylaşdırmaq və bütün gəlirli sahələrdə inhisarlarını betonlaşdırmaq üçün əməli fəaliyyətə başlayıblar. Seçkilərdən dərhal sonra Azərbaycanın hər yerində ərzaq buğdası, un və un məmulatlarının qiymətində kəskin bahalaşma baş verdi. Paralel olaraq digər qida məhsullarının da qiymətində bahalaşma müşahidə olundu. Bütün bu baş verənləri hökumət təmsilçiləri sadəcə olaraq dünyada baş verməsi proqnozlaşdırılan ərzaq böhranının elementləri ilə əlaqələndirmək istədilər. Lakin gerçək və ortada olan iqtisadi analizlərin məntiqi nəticəsi hökumətin bu cavabının vəziyyətin yaranmasına adekvat olmadığını çılpaqlığı ilə ortaya qoydu. Məsələn, Azərbaycanda yumurtanın bir ədədinin qiyməti seçkilərdən dərhal sonra 11-12 qəpikdən 18 qəpiyə qədər yüksəldi. Hansı ki, Azərbaycanın idxal etdiyi yumurta ilə bağlı dünyada qiymətlərin yüksəlməsi faktı qeydə alınmamışdı.
Üstəlik də ortada daha bir fakt var ki, Azərbaycanın ilin sonuna qədər olan ərzaq buğdası ehtiyatları kifayət qədərdir. Bu ehtiyatlar həm daxili, həm də idxal imkanları hesabına formalaşıb və formalaşma mərhələsi dövründə qiymətlər bahalaşmayıb. Yəni buğda tədarükü dövründə hökumət ehtiyat fondu üçün ərzaq buğdası alanda qiymətlər 1 ton ərzaq buğdasına görə, 180 azn-dən yüksək deyildi. Bu qiymət son iki ay ərzində 220 azn-ə qədər yüksəlsə də, bunun Azərbaycanın əlində olan və gələn ilin sonuna qədər bəs edəcək buğdasına heç bir aidiyyatı yox idi. O zaman «qiymətlər niyə yüksəldi» sualı ortaya çıxır.
Daha çox üzərində dayanılan əsas məqam monopolistlərin etdikləri cəhdlərlə bağlı məqamdır. Lakin heç bir halda bu monopoliya cəhdlərini pərakəndə və ayrı-ayrı fərdlərin təşəbbüsləri kimi qəbul etmək mümkün deyil. Xatırlada bilərik ki, hələ 2004-cü ildə ölkədə çörək böhranı yaranmışdı. O zaman İlham Əliyev yenicə prezident seçilmişdi və qiymətlərin yüksəlməsinin qarşısı hökumət tərəfindən cəmi 24 saat ərzində alındı. Eyni zamanda 2004-cü ildə dünya bazarında ərzaq buğdasının qiyməti kifayət qədər aşağı idi və Azxərbaycanın daxili bazarında qiymətlərin yüksəlməsinə heç bir ehtiyac yox idi. Deməli, 2010-cü ildə də xüsusi bir səbəb olmadan çörəyin bahalaşması sadəcə olaraq qrupların və vahid mərkəzdən idarə edilən güclərin şüurlu şəkildə etdikləri fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Aldığımız məlumatlara əsasən, bu siyasətin arxasında Azərbaycanda çörək biznesini tam olaraq ələ keçirmək, bu sahədə də standartlarını diqtə etmək üçün şirkətlər müəyyən edilir.
Bu gün şərait daha çox ölkənin ərzaq bazarını ən yüksək həcm göstəricisi üzrə ələ keçirə bilən «Azərsun» Holdinqin inhisarçılığına yaradılan zəmin kimi qiymətləndirilir.
Məlumatlara əsasən, bu holdinqin ölkənin bir sıra regionlarında iri çörəkbişirmə zavodları inşa etməklə bağlı nəhəng investisiya proqramı var. Bu proqram hökumətə təqdim edilib. Əlbəttə, şirkət sadəcə kağız halında deyil, bu kağızların altındakı iri məmurlara çatacaq paraları ilə təsdiqlənməsini gözləyir. Lakin kifayət qədər böyük investisiya layihəsi olduğuna görə, həmçinin də Azərbaycanın bazar iqtisadiyyatının şərtlərinə riayət edən bir ölkə imicini zədələməmək üçün birdən-birə çörək biznesini tam alıb «Azərsun»a vermək mümkünsüzdür. Məlumatlara əsasən, bu prosesi başlatmaq üçün dövlət qurumları kifayət qədər aktiv şəkildə iştirak edə bilərlər.
Məsələn, Azərbaycanın daxili bazarında duz istiehsalı ilə bağlı bu praktikadan istifadə edilib. Bakının Masazır kəndində eyniadlı gölün sahilində duz zavodu tikildikdən sonra İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi konkret fəaliyyətə başlayaraq ölkənin xırda və orta duz istehsalçılarını müxtəlif rəsmi bahənələrlə sıradan çıxarmağa başladılar. Bir neçə il əvvəl də bu prosses baş vermişdi. Azərbaycanda şəkər istehsalı və satışı məsələləri birbaşa «Azərsun»unun inhisarına verilmişdi. O zaman da İmişlidə şəkər zavodu istifadəyə veriləndən dərhal sonra Azərbaycanın hər yerində xırda şəkər istehsalı və satışı ilə məşğul olan iş adamlarına qarşı təzyiqlər göstərilməyə başlandı.
Lakin iri oliqarx məmurların «Azərsun»la işbirliyi bununla yekunlaşmır. Nəzərdə tutulan plana əsasən, qida sənayesi sahəsində daha çox rentabelli olan bütün sahələrin qeyri-rəsmi olaraq rəsmi dairələrin dəstəyi ilə inhisara alınması planı üzərində işlənir.
«XuralTAC-a daxil olan məlumatlara görə, çörək biznesindən sonra günəbaxan tumlarının istehsalı və satışı da bu şirkətin inhisarına veriləcək. Məlumatlara əsasən, artıq ayrı-ayrı sahibkarlara qarşı süni əngəllər yaradılır və onlara rəsmi dairələrdən mesajlar yollanır ki, yaxın zamanlarda günəbaxan tumlarının istehsalı ilə bağlı inhisar tam olaraq «Azərsun»a veriləcək.
Ekspertlərin fikirincə, ölkənin qida sənayesini bilərəkdən bir şirkətin inhisarına vermək çox təhlükəlidir. Azərbaycanın «Ərzaq təhlükəsizliyi haqqında» proqramının müvafiq bəndləri burada kobud şəkildə pozulur. Eyni zamanda istənilən anda bu şirkətin sıradan çıxması nəticəsində ölkənin ərzaq təminatı ciddi təhlükə altına düşə bilər. Hər halda bu barədə «Azərsun»la əlbir olaraq milyardlarla dollar qazanan bir neçə iri oliqarx məmur və konkret ölkə rəhbərliyi az da olsa düşünməlidir…

İl:9, say: 045(405)

“Xural” qəzeti, 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button