ÖLÜMƏ TƏLƏSƏN ADAM! – MƏNİ BAĞIŞLA, ATA!

Elxan ŞÜKÜRLÜ

2009-cu ildə tanınmış jurnalistimiz Elçin Səlcuq dünyasını dəyişəndə onun xatirəsinə bir yazı yazmışdım – “Ölümün xilas etdiyi adam”… İxtisasca jurnalist olmadığımdan, “525-ci qəzet”də yanında işə başladığım Elçin Səlcuqu həmişə bu sahədə özümə müəllim sayırdım və insafən, o da yaxşı jurnalist kimi yetişməyimdə əməyini əsirgəmirdi. Odur ki, 2009-cu ilin dekabrında onun qəfildən dünyasını dəyişməsi xəbərini, həqiqətən, dərin sarsıntı və kədər hissiylə qarşılamışdım…


Heç ağlıma gəlməzdi ki, üstündən 3 il keçəcək və mən yenə də ölüm haqda nəsə yazmaq istəyəcəm. Bu dəfə də səbəb müəllim itkisi olacaq! Özü də elə bir müəllim ki, həm məni tərbiyə edib, mənə təhsil verib, mənə həyatda necə yaşamağı öyrədib, həm də mən onun ruhundan qopub belindən gəlmişəm! Allah mənim bu dünyaya onun vasitəsiylə gəlməyimi hökm edib! İnsan valideynini özü seçmir ki…


Yenə ölüm haqda yazmaq istəyirəm… Ancaq bu dəfə “Ölümü sevdirən Adam” barədə…


3 il əvvəl olduğu kimi, yenə düşünürəm ki, “…Yaradılışın qarşısında aciz qaldığı yeganə bir məfhum var – ÖLÜM!

Böyük mütəfəkkirlər ölümün özünü öldürən, ona qalib gələn yeganə vasitə kimi insan yaradıcılığını saysalar da, həyat göstərir ki, bu, təsəlli üçün uydurulan gözəl ifadədən başqa bir şey deyil. Əsl həqiqətdə isə, ölümə qalib gəlmək hələ heç bir canlıya və yaxud canlının özünün yaratdığına nəsib olmayıb, olmayacaq da! Çünki həyatın mənasını anlayanlar üçün ölümün təyinatı, mahiyyəti, gözəlliyi də elə budur – onu qorxutmaq, ondan qaçmaq, ondan yayınmaq, ona təslim olmamaq mümkünsüzdür, o, əbədi qalibdir!


Axirətə – o biri dünyanın varlığına inanmayanlar üçün ölüm elə həyatın sonu deməkdir: “İnsan ölür və elə o andaca hər şey bitir.” Bu cür düşünənlər üçün ölümü xatırlamaq belə, dəhşətli bir hissdir. Təsəvvür edin: Gecənin bir yarısında ayılırsınız və elə həmin andaca ölə biləcəyiniz yadınıza düşür. Gənc bir ailə başçısısınızsa, ağlınızdan keçənlər aydındır; daha mışıl-mışıl yatan körpələrinizin necə böyüdüklərini, dəcəl oğlunuzun yuxuda da içinizə sevinc bəxş edən şıltaqlıqlarını – yorğan təpikləməyini, uzunsaç qızınızın yatanda mehriban, məsum çöhrəsinə səpələnmiş, ağzının suyundan islanmış hörüklərini, sizə sevgisini bütün həyatının əzablarıyla birgə yumulmuş gözlərində gizlətmiş xanımınızın xoş, ilıq nəfəsini və yaşadığınız dünyanın digər gözəlliklərini bir daha görməyəcək, duymayacaq, eşitməyəcəksiniz!!! Hamısına əlvida!!! Valideynləriniz, qardaş-bacılarınız durursa və üstəlik, sizdən uzaqdadırlarsa, bir azca da ölümünüzün onlara necə təsir edəcəyini düşünün: sizi özünə oxşadan atanızın, sizi bətnindən yer üzünə gətirən və sizə canını, ömrünü qurban verməyə hazır yeganə varlıq olan ananızın, həmişə ümid yeriniz olan qardaşlarınızın, sevgiylə qayğınızı çəkmiş bacılarınızın halını bircə anlığa tabutunuzun başında təsəvvür edin!!! Bir qədər də məzarınızın harada, kimin yanında qazılacağını düşünün… Dəhşətdir, əzabdır, deyilmi?! Bəli, ölümü son bilənlər üçün bu hiss həqiqətən, dəhşətdir, ən böyük işgəncədir!


Ancaq əksəriyyətin sonsuz dəhşət hissiylə xatırladğı ölüm, Allaha, onun varlığına, axirətə inananlar üçün qorxu yox, həm də bir zövq, ləzzət mənbəyidir. O dünyanın varlığına inananlar “ölüm” anlayışına sadəcə səni yeni və sonu olmayan, bitmək bilməyən başqa bir həyata aparan başlanğıc, təzə yola açılan yeganə qapı kimi baxırlar.


Gözəl əxlaq, rifah və qurtuluş dini sayılan İslam ehkamlarınca, bir gün bu qapıdan mütləq və mütləq hər kəs keçəcək və bu tayda etdiklərinə görə, o biri üzdə mütləq və mütləq cavab verəcək. Elə buna görə də, İslamın əziz peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.v) insana ən böyük nəsihətin, faydanın ölüm haqda davamlı düşünmək olduğunu, bir gecədə azı 20 kərə ölümü xatırlayanların Hesab Günü şəhidlərlə birgə sorğu-sual olunacağını bildirib…


Həqiqətən də, axirətə inanaraq ölümü düşünmək insanı naqis əməllərdən çəkindirəcək, heyvani hisslərdən, davranışlardan uzaq saxlayacaq ən yaxşı vasitə, beyinlərdə həyatın bir andaca bitəcəyi qorxusunun, ani yoxluğun yaratdığı dəhşəti ləzzətə çevirəcək ən yaxşı təsəlli, qəlblərə daxili rahatlıq bəxş edəcək ən gözəl duyğu, hissdir. Bu hissi, bu mənəvi zövqalmanı isə yalnız inancında kamil insanlar – həqiqi sevgisi Allaha olanlar keçirə, yalnız onlar yaşaya bilərlər…”.


Düz üç il əvvəl bu sətirləri “Ölümün xilas etdiyi adam”da yazsam da, baxıram ki, ölüm haqda düşüncələrimdə heç nə dəyişməyib. Əksinə, indi ölüm barəsində daha çox düşünməyə, hətta onu sevməyə başlamışam. Çünki Atamın ölümüylə bir daha anladım ki, ölüm qədər gerçək və ölüm qədər insana yaxın heç nə yoxmuş! Həm də indi o, haçansa məni Atama götürəcək yeganə yol kimi qarşımda durub!


…Yox, yaxşısı budur ki, “Ölümü sevdirən Adam” barədə hələ yazmayım. Çünki yazmaqla yox, yalnız Atam kimi yaşamaqla, yaxşı əməl sahibi olmaqla bu haqqı qazana və sonda Ona qovuşa bilərəm!


… Axı Sən bu dünyada öz əməllərinlə – dürüstlüyün, təmizliyin, əyilməzliyin, həlimliyin, səbrin və kamil imanınla Cənnəti qazanmısan, Ata! Sənin kimi insanların mükafatını verməyəcəksə, daha O, Allah olmaz ki?! Məgər biz – dörd oğlun, eləcə də övlad kimi baxdığın saysız şagirdlərin valideynlərinə və Vətəninə sonsuz sevgi və hörməti, dürüstlüyü, hər işdə halallığı gözləməyi Səndən öyrənmədikmi?! Allahın Peyğəmbərimiz vasitəsiylə buyurduqlarını Sən öz davranışlarınla bizə çatdırmadınmı?! Allahın mərhəməti və mükafatı Sənə də olmayacaqsa, daha kimə olacaq ki?!


Mən daha təsadüflərə inanmayacağam, Ata! Səni öz atanın ayaqları altında dəfn ediblər! Qəbr evin düz Babamın – o qeyrət mücəssəməsi olan kişinin məzarının önunə düşüb! Bu, hər övlada nəsib olmur ki, Ata! Görəsən, biz də Sənin kimi yaşaya, Sənin ayaqların altında dəfn olunmağa layiq görüləcəyikmi?!


İndi son aylardakı hər hərəkətini, hər sözünü xatırladıqca, ölümü duyduğunu, onun yaxınlaşdığını bildiyini və ona necə tələsdiyini dərk edirəm. Canından çox sevdiyin övladlarına əziyyət verməyəsən, onlar sıxılmasın deyə, ağrılarını içində çəkdin, o boyda dərdə əyilmədin, yıxılmadın, sızlamadın, yatmadın və elə yeriyə-yeriyə də səbrlə ölümə tələsdin!!! Səndən başqa kim belə olub və kim belə olar ki?!


Hər gün görüşə, bir yerdə yaşaya, son nəfəs anında yanında ola, Səni çiynimdə məzar evinə yola sala, qəbrinin tozuna bulaşa bilməməyimin baiskarı kimi indi bu alçaq və mənfur rejimi ha söysəm, qınasam da, bunun da təsadüf olmadığına inanıram! Görünür, Allah qədərimizi bu cür yazıb və Sənin də ölüm anını mənə göstərmək istəməyib! İstəyib ki, həmişə yadımda elə ayaq üstə, dik, vüqarlı, səbrli, üzündən təbəssümü əskik olmayan Atam, əsil Müəllimim kimi qalasan!


… Böyük qardaşım “Uşaqları da götür, gəl Naxçıvana, Atanın səhhətində problem yaranıb” deyən vaxt tələsik pencəyimi götürüb aeroporta gedəndə cibimdən 2010-cu ildən qalan bir kart düşdü. Götürüb baxdım, 2010-cu ildə Məşhəddə qaldığm otelin kartı idi. Üstündə öz xəttimlə tarix yazılmışdı: “17 sentyabr 2010-cu il”… Tüklərim biz-biz oldu. İlahi, bu nə hikmət?! Yadıma düşdü ki, həmin tarixdə İmam Rzanın məzarını ziyarət edərkən, oradakı mühit məni çox təsirləndirmiş, hətta namaz qılıb ata-anama dua edərkən xeyli ağlamışdım da. Və ağladığım tarix yadımda qalsın deyə, kartın üstündə qeyd aparmışdım… Sən demə, mən həm də iki ildən sonra növbəti dəfə ağlayacağım tarixi qeyd edirmişəm…


17 sentyabr 2012-ci il Səni doğma kəndimizə gələndə görə bilmədiyim və vücudumun, ruhumun ağladığı tarix oldu, Ata!


Bağışla məni!

P.S. Atamın ölümüylə bağlı mənə, ailəmizə telefon və ya mətbuat vasitəsi ilə başsağlığı verən, uzaq bir yol qət edib yas mərasiminə qatılan, dərdimizə şərik olan hər kəsə minnəttdarlığımızı bildiririk.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button