Ölüm cəzası, yoxsa ömürlük həbs – tanınmışların cavabı

Fəhmin Hacıyev: “Ömürlük cəzada məhkumun bəzən bəraət almaq imkanları olur”; Əvəz Zeynallı: “Ömürlük həbsin məntiqi fəlsəfəsi bundan ibarətdir ki, insan yaşayır”

İqbal Ağazadə: “Çıxmayan canda ümid olar deyirlər”

Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra baş verən proseslərin fonunda gündəmə gələn əsas məsələlərdən biri ölüm cəzasının bərpa olunması oldu. 
Türkiyədə edam cəzaları 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə isə tamamilə ləğv olunub. Azərbaycan da üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 1998-ci il, fevralın 10-da edam cəzasını ləğv edib. Qeyd etdiyimiz vaxta qədər ölüm hökmünə məhkum edilmiş lakin cəzaları icra olunmamış 128 nəfər edam cəzasından azad edildi.
Bəs Türkiyədə ölüm hökmü bərpa edilə bilərmi və cəmiyyətin buna reaksiyası necə olar?
Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev Türkiyədə edam cəzasının bərpa edilməsi ilə bağlı səsləndirilən təklifləri musavat.com-a şərh edib.
F.Hacıyev deyir ki, dövlət vətəndaşından törətdiyi cinayətə görə qisas ala bilməz: “Əvvəla onu demək istəyirəm ki, 15 -16 iyul tarixlərində qardaş Türkiyədə bir qrup macəraçı hərbçinin hərbi çevrilişə cəhd etməsi Türkiyənin, türk əsgərinin, türk millətinin nüfuzuna ciddi zərbə vurdu. Əgər qiyam uğurla yatırılmasaydı, Türkiyə və ümumilikdə region uzunmüddətli xaosa sürüklənə bilərdi. Bu, ağır dövləti  cinayəti  törətmiş şəxslər barəsində ədalətli mühakiməni təmin etməklə, dövlətin humanizm prinsiplərini də nəzərə almaqla, törədilmış cinayətlə verilən cəzanın mütənasibliyi təmin olunmalıdır. Cünki dövlət vətəndaşından törətdiyi cinayətə görə qisas ala bilməz. Dövlətə belə bir hüquq da verilməyib”.
 
Belə bir qərarın əhalinin böyük hissəsi tərəfindən narazılıqla qarşılanacağını deyən F.Hacıyev edam cəzasının bərpa ediləcəyinə inanmadığını söyləyir: “Türkiyədə ölüm hökmünün yenidən tətbiqinə icazə verən qanun qəbul edilərsə, bu, dövlətin qisasçılıq mövqeyini ortaya qoymuş olar. Bu isə Türkiyənin beynəlxalq nüfuzuna ciddi ziyan vurar. Türkiyədə vətəndaşların geniş kütləsinin narazılığına da səbəb ola bilər. Hətta bu cür mürtəce qanun qəbul olunsa, beynəlxalq hüquq normaları, türk dövlətinin qanunları yeni qanunun tətbiqinə imkan vermir. Çünki qanunun ağırlaşdırıcı halda geriyə qüvvəsi yoxdur. Əslində belə bir qanunun qəbul olunacağına inanmıram.
Otuz ildən  çox bir müddətdə Türkiyədə on minlərlə insanın ölümünə səbəb olan terrorbaşı Abdulla Öcalanı edam etməyənlərin bir dövləti idarə edənləri, həyatlarının çox hissəsini  türk dövlətinə xidmətə həsr etmiş generalları edam edəcəyinə özündə mənəvi güc tapacağına inanmıram”.
 
Ölüm, yoxsa ömürlük həbs?
Sabiq komandan deyir ki, ömürlük həbs cəzasının üstünlükləri edam cəzasından daha çoxdur: “Ömürlük cəzada məhkumun cəzasını yüngülləşdirmək, hətta bəzən bəraət almaq imkanları olur. Siyasi mötivli cinayətlərə görə isə ən ağır cəzaların verilməsi məntiqsizdir. Peşəkar cinayətkarın törətdiyi cinayətlə siyasi mötivli törədilmiş cinayətlərin səbəb və nəticələri fərqlidir. Siyasi motivli cinayəti törədənlərin sosial statusları da fərqli olur”.
 
Məhkumluq həyatı yaşamış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ölüm hökmünə qarşı olanlardandır. Ə.Zeynallı deyir ki, ömürlük həbs cəzası almış insanlar son bir ümid olaraq nə zamansa həbsdən çıxacaqlarına inanırlar. Həbsdə olduğu müddətdə ömürlük həbs cəzası almış məhkumlarla bağlı xatirəsini bölüşən Ə.Zeynallı bunları danışır:
 
 
“Həbsdə olanda nənəsini və babasını öldürən şəxslə birlikdə məhkəməyə gəlmişdik. O, mənə həyatını danışdı və ağladı. Onun etdiklərindən peşman olduğunu, belə bir həyat yaşamaq istəmədiyini gördüm. Ömürlük cəza odur ki, insan yaşayır. Özü ölmədiyi kimi ümidi də ölmür. Dövr dəyişə, amnistiya verilə, əfv ola bilər deyə ümid edir. Həbsxanada olarkən ömürlük həbs cəzası alan başqa bir şəxslə söhbət etmişdim. O, 25 il idi ki, həbsxanada idi. Mənə anasının ona toy edəcəyi günü gözlədiyini, gəlinlik aldığını, toya hazırlaşdığını elə həvəslə danışırdı ki. Məni də toyuna çağıracağını həvəslə söyləyirdi. Görürsünüzmü, insan ömürlük həbs cəzası alıb, amma ümidlidir, yaşayır, yaşamaq istəyir. Bütün hallarda ömürlük həbs də yaşamaqdır. Oranın da öz qaydaları var. İnsanlar ən azından ailələrini görür, hətta bəziləri orada ailə həyatı belə qururlar. Mən hesab edirəm ki, nə zamansa ömürlük həbs cəzası almış insanlarla bağlı prezident tərəfindən də müəyyən addımlar atılacaq. Azərbaycanda və ya Türkiyədə edam cəzasını bərpa etmək ölkəni orta əsrlərə geri qaytarmaqdır. Edam qərarı sivil ölkələr üçün xas olan bir addım deyil. Edam cəzasının bərpa olunduğu bir günü görmək istəmərəm. Bizim üzümüzə durub həbs ediblər. Kiminsə də üzünə durub, onun da ölümünə fərman verə bilərlər. Qətiyyən ölüm hökmünə qarşıyam”.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə də edam cəzasının bərpasına qarşıdır. Türkiyədə baş verən hadisələrin fonunda gündəmə gələn edam cəzasının qüvvəyə minməsi məsələsini qəbuledilməz hesab edən İ.Ağazadə günahkar və məhbus belə olsa, insanın yaşamaq haqqının əlindən alınmasına qarşı olduğunu deyir: “Edam cəzasının qüvvəyə minməsi geriyə qayıdışdır. Edam cəzalarının olduğu ölkələrdə belə çalışılır ki, insanın yaşamaq kimi doğal haqqını əlindən ala biləcək cəza mexanizmi olmasın, aradan qaldırılsın. Bəzi inkişaf etmiş, Avropa ölkələrində də bu cəza var. Lakin onlarda məhkəmə və prokurorluq sistemi o qədər müstəqildir ki, qərarlar da doğru və dürüst verilir.
Çıxmayan canda ümid olar deyirlər. İnsan ölməyibsə, amnistiya, əfv gözləyir. Cəzasının bitə biləcəyini, yeni yanaşmanın ola biləcəyini gözləyir. Bu ümidlərlə həbsdə olduğu halda bir ömrünü başa vuran insanlar da var. Ömürlük həbsin məntiqi fəlsəfəsi bundan ibarətdir ki, insan yaşayır. Edam cəzası isə insandan doğal haqqı olan yaşamaq haqqını əlindən alır.
Türkiyə kimi bir ölkədə hakimlər, prokurorlar tutulursa, bu tipli məsələlər ortaya çıxırsa, edam cəzasının bərpa olunması nəticə etibari ilə rəqiblərə qarşı addımlar və qeyri-qanuni hüquqi nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Mən Türkiyənin belə bir vəziyyətə gəlib düşməsini istəmərəm. Türkiyə bu son olaylarda olduqca böyük itkilərə məruz qaldı. Ən başlıcası Türkiyə müasir dünya şablonunu itirdi”.
 
İ.MURADOV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button