Ölümsüzləşən doğuluş

Yaxud, azadlığın məhbəsdəki qəhrəmanlığı

 

Ölkəmizdə çox mürəkkəb bir mənzərə yaranıb. Bütün rənglər bir-birinə qarışıb. Göygöz Kosalar hər yerdə tilsim qurub, Həkim babaların əlləri qandallanıb, Simnar xanlar bədbəxtlik vəd edir. Amma bütün dövrlərdə belinə kəmər bərkidə bilən Elşənlər olub və olacaq. Zalımın qarşısında əyilməyən, şərin üzərinə şığıyan, haqqın keşiyində dayanan oğullar var olduqca, şərin mütləq qələbəsi mümkün olmayacaq.

Bu gün biz əfsanəvi qəhrəmanların yox, real qəhrəmanların ömür yoluna şahidlik edirik. Və həmin qəhrəmanlardan birinin bu gün doğum günüdür. Bəli, bu gün AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının dünyaya göz açdığı gündür. Fuad bəy bütün şüurlu həyatını “Qəhrəmanlı” soyadına uyğun yaşadı. O, soyadındakı mənanı həyatının mənasına çevirə bildi. İndi Fuad Qəhrəmanlını təkcə doğulduğu gün deyil, hər gün təbrik edirlər. Onun haqqında hər gün xoş sözlər söyləyirlər, hər gün yazırlar. Çünki Fuad Qəhrəmanlı dəmir barmaqlıqlar arasında da dayanmır. O, hər gün şərin zindanında yeni azadlıq nümunəsi yaradır.

Hökumət Fuad Qəhrəmanlını qondarma “Nardaran işi”nə calaq etdi və onun nümunəsində də terrorçu, cinayətkar obrazı yaratmaq istədi. Amma başa düşmədi ki, bütün mənalarda bütövləşmiş adamı heç yerə calaq etmək olmaz. Fuad bəy bütün “calaq”lardan bütöv çıxmağı bacarıb. Onun məhkəmədəki son sözü isə tarixin qəhrəmanlıq kitabına yazılmalıdır. Əslində, o möhtəşəm çıxışın səsləndirildiyi tarixi də Fuad Qəhrəmanlının doğum tarixi hesab etmək olar. Bəli, şərin zindanı Fuad bəyi yoxa çıxarmadı, kiçildə bilmədi, əksinə o, hər gün yenidən doğuldu, yenidən böyüdü. Fuad Qəhrəmanlı sübut etdi ki, təkcə ali məktəb diplomuna deyil, ləyaqət məktəbinin ali diplomuna da sahibdir.

O, sıradan bir gündə doğuldu, amma doğulduğu günü ölümsüzləşdirə bildi. Deməli, bu gün ölümsüzlüyün doğum günüdür. Deməli, onun yaşadığı hər gün mübarəkdi. Onu susdurmaq üçün dörd divar arasına saldılar, amma o dörd divar arasından qalalar ucaltmağa başladı. Onu böyük meydandan uzaq salmaq istədilər. O isə ən çətin anında ölümə və rejimə meydan oxudu.

Azadlıq eşqin, azad ruhun, ölümsüzləşən doğuluşun mübarək. 42 yaşda əsrdən böyük ömür yaşadığın üçün təbrik edirik.

İlham

 

Redaksiyadan:

Fuad Qəhrəmanlının 42 yaşının tamam olmasını “Xural” ailəsi də təbrik edir və tezliklə Fuad Qəhrəmanlının azadlığa çıxmasını arzulayırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button